Məhkəmə qərarları › İş №2(3-9)-19/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-19/2026

05.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-19/2026 05.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair mülki iş üzrə Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızının onun yanında saxlanılması nəzərə alınaraq, hər bir uşağa görə 250 manat, cəmi 500 manat alimentin təyin olunaraq, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Kürdəmir Rayon Məhkəməsinin 04 iyul 2018-ci il tarixli, 2(041)-433/2018 saylı qətnaməsinə əsasən, cavabdehlə aralarında olan nikah pozulmuş, birgə nikahdan olan 3 övladları ananın yanında saxlanılmış və qazancının yarısı miqdarında aliment təyin olunmuşdur. Bundan sonra cavabdehlə aralarında barışıq əldə olunmuş və bir müddət nikah bərpa olunmadan bir yerdə yaşamışlar və 4-cü uşaqları doğulmuşdur. Bundan sonra yenə aralarında narazılıq yaranmış, onlar ayrılmış və halhazırda ayrı yaşayırlar. Ayda 940 manat əmək haqqından aliment tutularaq cavabdehə ödənilir. 18 noyabr 2022-ci ildən oğlu xx.xx.2010-cu il təvəllüdlü X10 və qızı xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızı onun yanında daimi yaşamağa başlamışlar. Onlar analarının yanına getmək istəmirlər. Yanında daimi yaşayan hər iki övladının yanında saxlanılması barədə Kürdəmir Rayon Məhkəməsinə ərizə vermiş və Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsi ilə, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və qızı xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızı ataları iş üzrə İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X5 anaları iş üzrə Cavabdeh yanında saxlanılmışdır. Daha sonra məhkəmə qətnaməsini Kürdəmir rayon İcra və Probasiya Şöbəsinə təqdim etmiş və aliment ödənişinin dayandırılmasını xahiş etmişdir. Lakin yanında qalan 2 uşağa görə aliment ödənişinə görə məhkəmə qətnaməsinin olmasını bildirmişlər. Birinci instansiya məhkəməsində icraat Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsi ilə (hakim Rahid Mehdiyev) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarına əlavə edilmiş : - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(041)-433/2018 saylı qətnaməsindən görünür ki, X6 ilə İddiaçı arasında 07 iyul 2009-cu ildə tarixdə bağlanmış və Kürdəmir RİHB-nın Mollakənd İcra Nümayəndəliyində 10 nömrə ilə qeydə alınmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il tarixdə doğulmuş X10, xx.xx.2012ci il tarixdə doğulmuş X8 və xx.xx.2015-ci il tarixdə doğulmuş Nümayəndə Yaşar qızının anaları X2 yanında saxlanılması, xx.xx.2010-cu il təvəllüdlü X10, xx.xx.2012-ci il təvəllüdlü X8 və xx.xx.2015-ci il təvəllüdlü Nümayəndə Yaşar qızının yetkinlik yaşına çatanadək maddi təminatları üçün azyaşlı uşaqların cavabdeh İddiaçı alındığı vaxtdan onun qazancının (başqa gəlirlərinin) yarısının tutularaq Kurdəmir rayonu, Carlı kəndində yaşayan X4 ödənilməsi qət edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-35/2024 saylı qətnaməsindən görünür ki, xx.xx.2014-cü il tarixdə anadan olmuş Nümayəndə Yaşar qızının atası İddiaçı alınaraq anası X2 himayəsinə verilməsi, xx.xx.2010-cu il tarixdə anadan olmuş X7 anası X1 alınaraq atası İddiaçı himayəsinə verilməsi qət edilmişdir. - Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızının ataları, iş üzrə İddiaçı, xx.xx.2011-ci il təvəllüdlü X8 və xx.xx.2021-ci il təvəllüdlü X3 anaları, iş üzrə Cavabdeh yanında saxlanılması qət edilmişdir. - xx.xx.2010-cu il tarixli, AZ-İİ 415796 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2010-cu il tarixdə X10 doğulmuşdur. - xx.xx.2014-cü il tarixli, AZ-İİİ 304300 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2014-cü il tarixdə Nümayəndə Yaşar qızı doğulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iş üzrə iddiaçı məhkəməyə müraciət edərək birgə nikahdan doğulmuş iki uşağının saxlanılması üçün cavabdeh-uşaqların anasından aliment tələb etsə də onun maddi vəziyyəti, zəruri vəsaitə malik olması barədə hər hansı bir sübut məhkəməyə təqdim etməmişdir. Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsi ilə verilmiş sorğulara əsasən də cavabdehin, yəni uşaqların anasının maddi vəziyyəti və gəlirləri barədə məlumat aşkar edilməmişdir. İş üzrə toplanmış sübutlar və iddiaçının nümayəndəsinin izahatları əsasında müəyyən edilmişdir ki, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulduqdan sonra, tərəflərin birgə nikahlarından doğulmuş uşaqlar - X10, X8 və Nümayəndə Yaşar qızının anaları X2 yanında saxlanılması və onların yetkinlik yaşına çatanadək cavabdeh İddiaçı qazancının (başqa gəlirlərinin) yarısının tutularaq X4 ödənilməsi müəyyən edilmişdir. Sonradan Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə X10 və Nümayəndə Yaşar qızının atalarının yanında, X8 və tərəflərin nikahlarının pozulmasından sonra doğulmuş xx.xx.2021-ci il təvəllüdlü X3 isə anaları Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində və nümayəndəsi məhkəmə iclasında verdiyi izahatlarda göstərmişdir ki, əvvəllər üç uşağa görə cavabdehin qazancının (başqa gəlirləri də daxil olmaqla) yarısı aliment kimi tutulmuşdur. Sonradan uşaqlardan ikisinin atasının himayəsinə verilməsi səbəbindən həmin hissədə alimentin dayandırılması tələb olunur. Bununla belə, iddia tələbində uşaqların atasının himayəsinə verilməsinə baxmayaraq, həmin uşaqlara görə ödənilən alimentin dayandırılması deyil, əksinə iki uşağa görə aliment tutulması istənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Ailə Məcəlləsinin 16, 99, 78.1, 76.2, 78.2-ci maddələri, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək Kürdəmir Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsini ləğv edilməsini, iddianın tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsnini xahiş etmişdir. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hakim cavabdehdə qalmış olan uşaqların mənafeyinin dövlət tərəfindən qorunmasını tam olaraq təhlil edir, amma onun yanında saxlanılan uşaqlarınsa hüquqları tapdalansa da, onların hüquqlarını heçə saymış və heç bir ədalətli araşdırma aparmamışdır. Qətnamədə cavabdehin gəlirləri barədə heç bir informasiya və ya digər resurslarda hər hansısa bir işlə məşğul olunmasına rast gəlinməməsi, onun uşağı üçün alimentin ödənilməməsinə rəvac yaratmamalıdır. Qətnamədə iddiaçının nümayəndəsinin fikirlərini qeyd etməklə, cavabdehin himayəsində qalmış olan digər 2 övladı üçün ödəmiş olduğu alimentin dayandırılması dedikdə, onun fikrini tam olaraq mənimsəməməklə, fikirinə aydınlıq gətirməməklə, nümayəndənin demək istədiyi də məhz iddiaçının himayəsində olan uşaqlara da həmin qədəri ilə alimentin kəsilməsini istədiyini ifadə etmiş, təəssüflər olsun ki, guya ki, iddiaçının fikiri alimentin dayandırılması olmuş və bu səbəbdən də, aliment hissəsinə qiymət verməyərək iddia tələbini təmin etməmişdir. Hazırkı iş üzrə ümumiyyətlə tələb edilən iddia tələbini tam olaraq təmin etməməklə və həmin maddəyə istinad etmək, hesab edir ki, tərs mütənasibdir. Həmin maddəyə istinad ediməklə cavabdehdə qalan övladlarının normal yaşayış tərzinin düzəldilməsi üçün və valideynlərin eyni hüquqi bərabərliyinin olduğu təqdirdə, hazırkı işdə isə bərabərliyin pozulduğu və maddəyə istinad edilməklə mahiyyəti etibarı ilə uzlaşmayan halların baş verdiyi üçün istinad edilməsi yol verilməzdir. Həmin iş üzrə iddiaçı tərəfindən verilmiş olan iddia tələbinin tam aydın şəkildə olmasına baxmayaraq, iddiaçının nümayəndəsinin çıxışı zamanı cavabdehdən də iddiaçıda qalan uşaqların saxlanması üçün alimentin tutulması və uzlaşdırılması barədə fikirlərini bildirməsinə düzgün qiymət verməyərək, sanki iddia tələbini düzgün qoyulmaması kimi qəbul etmiş və işə düzgün hüquqi qiymət verilməmişdir. Aellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bildirmişdir ki, apellyasiya şikayətini müdafiə edir. Hal-hazırda alimentin dayandırılmasını istəyir. Uşaqlarından ikisi onun yanındadır, digər ikisi isə anası ilə qalır. X9 və Nümayəndə Yaşar qızı hal-hazırda onunla qalır. Bununla belə də ondan çox aliment tutulur. Məhkəmə qətnaməsində belə uşaqlara görüş təyin olunsa da artıq o uzun müddətdir ki, öz uşaqlarının üzünü görə bilmir. Ona görə də o da qarşı tərəfdən aliment tələbi barədə müraciət etmişdir. Bunları nəzərə alaraq apellyasiya şikayətinin təmin edilməsini xahiş edir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməyərək səhhətində yaranan problemlə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, apellyasiya şikayəti üzrə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinə əsasən uşaqlara qayğı göstərmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən alimentin ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəfindən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarı dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını nəzərə almaqla aliment ödəməkdən azad edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Kürdəmir Rayon Məhkəməsinin 26 sentyabr 2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsini ləğv edilməsini, iddianın tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsnini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətlərinin dəlilləri həcmində-tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını araşdırıb hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il 24 noyabr tarixli, 04 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Kürdəmir Rayon Məhkəməsinə müraciət edərək Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(041)-1334/2024 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2010-cu il təvəllüdlü X10 və xx.xx.2014-cü il təvəllüdlü Nümayəndə Yaşar qızının onun yanında saxlanılması nəzərə alınaraq, hər bir uşağa görə 250 manat, cəmi 500 manat alimentin təyin olunaraq, Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı iki uşağa görə cavabdeh anadan aliment tələb etsə də, onun maddi vəziyyəti və gəlir əldə etməsi barədə sübut təqdim etməmiş, elektron sistem üzrə də bu barədə məlumat aşkar olunmamışdır. Bundan başqa əvvəlki qətnamə ilə üç uşağa görə atadan aliment tutulmuş, sonradan iki uşaq atanın yanında saxlanılmışdır; buna baxmayaraq, iddiaçı alimentin dayandırılmasını deyil, cavabdehdən iki uşağa görə aliment tutulmasını tələb etmişdir. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki apellyator qeyd edir ki, birinci instansiya məhkəməsi uşaqların mənafelərini hərtərəfli və ədalətli araşdırmamışdır. Həmçinin nümayəndənin çıxışına düzgün hüquqi qiymət verilməmiş, alimentin dayandırılması ilə bağlı mövqe yanlış şərh olunaraq iddia tələbinin mahiyyəti təhrif edilmiş və nəticədə iddia əsassız olaraq təmin edilməmişdir. İddiaçı cavabdehin gəlirləri barədə rəsmi məlumatın olmamasını aliment öhdəliyindən yayınma üçün əsas kimi qəbul etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ailədə uşaqların hüquqlarının və mənafelərinin müdafiəsinin və bununla bağlı digər məsələlərin tənzimlənməsinin hüquqi əsasları Ailə Məcəlləsində təsbit olunmuşdur. Ailə Məcəlləsinin 16-cı fəslinə uyğun olaraq valideynlər yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir (Ailə Məcəlləsinin 75.3, 75.4 və 75.5-ci maddələri). Ailə Məcəlləsinin 78.1-ci maddəsinin tələblərinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanılması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə görə, həmin Məcəllənin 76.1-ci maddəsində göstərilən payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Hazırkı mülki işdən görünür ki, iddiaçı əvvəlki qətnamə ilə hal-hazırda himayəsində olan uşaqlar üçün cavabdehin xeyrinə aliment tutulduğunu bildirir və uşaqlar onun yanında qaldığından hər bir uşaq üçün 250 manat alimentin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə tərkibi qeyd edir ki, iddia tələbi təmin edilə bilməz. Belə ki, Ailə Məcəlləsinin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hazırkı işdə hər 2 tərəfdə 2 uşaq qalıb, ona görə də bir valideyndən az təminatlı digər valideynin xeyrinə aliment tutula bilər. Göründüyü kimi iddiaçı cavabdeh anadan aliment tələb etsə də, onun maddi vəziyyəti və gəlir əldə etməsi barədə sübut təqdim etməmiş, elektron sistem üzrə də bu barədə məlumat aşkar olunmamışdır. Birinci instansiya məhkəməsi haqlı olaraq iddianı rədd etmişdir. İddia təmin ediləcəyi halda isə nəticədə aliment ödənilməsi pul alıb-qaytarma əməliyyatına çevrilə bilərdi: ana ataya 500 manat verməli, ata isə qazancının yarı hissəsini anaya verməlidir. Məhz bu kimi halların qarşısını almaq üçün qanunda qeyd olunmuşdur ki, hər 2 tərəflə uşaq qaldıqda yalnız bir tərəfdən (daha çox təminatlıdan) digər tərəfin (daha az təminatlının) xeyrinə aliment tutulmalıdır. Qeyd edilməlidir ki, uşaqların hüquq və mənafelərinin qorunması ailə qanunvericiliyinin əsas prinsiplərindəndir. Aliment institutu valideynlər arasında qarşılıqlı pul öhdəlikləri yaratmaq üçün deyil, uşağın normal yaşayış səviyyəsinin təmin edilməsi məqsədi daşıyır. Əgər tərəflərin hər biri ilə uşaq qalmışdırsa və hər iki valideyndən qarşılıqlı qaydada aliment tutulması müəyyən edilərsə, bu halda aliment öhdəliyi faktiki olaraq formal pul mübadiləsinə çevrilər və qanunvericiliyin tələblərinə uyğun olmaz. Çünki belə vəziyyətdə valideynlər arasında mexaniki ödəniş balansı formalaşar ki, bu da uşağın üstün mənafeyi prinsipinə cavab vermir. Həmçinin qeyd edilməlidir ki, iddiaçı faktiki və rəsmi olaraq onun himayəsində olan iki uşaq üçün aliment ödəməməli olduğunu bildirirsə, həmin uşaqlara münasibətdə aliment öhdəliyinə xitam verilməsi barədə və ya uşaqlardan ikisinin onun yanında saxlanılması nəzərə alınmaqla alimentin azaldılması barədə iddia qaldıra bilər. Bütün yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Beləliklə məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Ona görə də İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 382, 384, 392-393, və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kürdəmir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(041)-1861/2025 saylı qətnaməsi İddiaçı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası AliMəhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar