Məhkəmə qərarları › İş №2(3-9)-21/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-21/2026

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-21/2026 10.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimi Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət məhkəmə tərkibində, İsazadə Salman Raqif oğlunun katibliyi, Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli 2(049)-2983/2025 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxıb MÜƏYYƏNETDİ: Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2023-cü ildə doğulmuş, atası Cavabdeh, anası İddiaçıdır. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh xx.xx.2021-ci ildə Lənkəran şəhərində anadan olmuş vətəndaş İddiaçı doğulmuş X4 atası hesab edilmiş, Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydi kitabında xx.xx.2021-ci ildə Lənkəran rayon qeydiyyat şöbəsində 527 №-li akt qeydi tərtib edilmişdir. Atalıq müəyyən edildikdən sonra uşağın soyadı, adı və atasının adı “X7” qeyd edilmişdir. Lənkəran rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X1 xx.xx.2023-cü ildə Lənkəran şəhərində anadan olmuş vətəndaş İddiaçı doğulmuş X5 atası hesab edilmiş, Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydi kitabında xx.xx.2023-cü ildə Lənkəran rayon qeydiyyat şöbəsində 321 №-li akt qeydi tərtib edilmişdir. Atalıq müəyyən edildikdən sonra uşağın soyadı, adı və atasının adı “X8” qeyd edilmişdir. “AZEMİS” EİS-dən əldə olunmuş Çıxarışdan görünür ki, Cavabdeh 80 manat məbləğində pensiya alır. “AZEMİS” EİS-dən əldə olunmuş Çıxarışdan görünür ki, Cavabdeh ********** saylı “VÖEN”i mövcuddur. İDDİATƏLƏBİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlə birgə nikahından xx.xx.2021-ci il tarixdə doğulmuş X7 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavabdehdən xx.xx.2025-ci il tarixdən başlayaraq hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment tutulub onun xeyrinə verilməsi, xx.xx.2023-cü il tarixdə doğulmuş X2 üç yaşınadək özü üçün hər ay 100 manat məbləğində aliment, mediasiya təşkilatına müraciət üçün ödədiyi 60 manat dövlət rüsumunun cavabdehdən tutulаraq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə 2021-ci ildə faktiki nikah münasibətlərinə daxil olmaqla ailə qurmuş və o, cavabdehin valideynlərinin yaşadığı evə köçmüşdür. Onların birgə nikahından xx.xx.2021-ci il tarixdə X7 və xx.xx.2023-cü il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə bir müddət birlikdə mehriban yaşamışlar, lakin sonradan xasiyyətləri uyğun gəlməmiş, cavabdeh xx.xx.2025-ci il tarixdə onu döyüb evdən qovduğu üçün o da iki uşağı ilə birgə öz valideynlərinin evinə getmişdir. Cavabdeh onu döydüyünə görə inzibati məsuliyyətə də cəlb edilərək cərimə edilmişdir. Həmin vaxtdan uşaqlar onun himayəsindədir və birlikdə yaşayırlar. Cavabdehlə ayrıldığı vaxtdan sonra o, uşaqlarla maraqlanmamış, onlara maddi yardım etməmişdir. Cavabdeh dülgərdir və yüksək qazanc əldə edir. O, gördüyü bütün işləri özünə məxsus “Tiktok” səhifəsi olan “Lənkəran-552” və instagram səhifəsi olan “mecidrauf” səhifələrində paylaşır. Gördüyü işlərdən də kifayət qədər qazanc əldə edir, lakin uşaqların saxlanması, onların təminatı üçün ona heç bir köməklik etmir. O, isə uşaqları təkbaşına saxlamaqda maddi cəhətdən çətinlik çəkir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli 2(049)-2983/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh xx.xx.2021-ci il tarixdə doğulmuş X3 və xx.xx.2023-cü il tarixdə doğulmuş X2 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, alimentin tutulmasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanması, iddia tələbinin tərəflərin birgə nikahından xx.xx.2023-cü il tarixdə doğulmuş X8 adlı uşağın üç yaşına çatana qədər İddiaçı üçün Cavabdeh hər ay 100 manat sabit pul məbləğində alimentin tutulmasına dair hissəsinin təmin edilməməsi, İddiaçı məhkəməyə müraciət etməzdən əvvəl ilkin mediasiya sessiyası üçün ödədiyi 60 manat mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi, Cavabdeh əlavə olaraq 8 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin alimentin tutulmasına dair hissəsinin dərhal icraya yönəldilməsi qət edilmişdir. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin qismən dəyişdirilməsini, hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.375 misli miqdarında alimentin tutulub iddiaçının xeyrinə ödənilməsi və alimentin hesablanmasının məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə qəbul edərkən iddiaçı tərəf məhkəməyə heç bir sübut təqdim etmədiyi halda məhkəmə hansı meyarlarla və ya sübutlarla onların maddi və ailə vəziyyətlərini, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan uşaqların əvvəlki təminat səviyyəsini müəyyən edərək alimentin qeyd olunan miqdarda təmin etdiyini əsaslandırmamışdır. Qeyd olunan halları mübahisənin düzgün həlli üçün əhəmiyyətli hesab etsə də, məhkəmə tərəfindən həmin hall araraşdırılmadan qeyd olunan nəticəyə gəlmişdir. Məhkəmə qeyd etmişdir ki, tərəflərin maddi və ailə vəziyyətini, onların birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların mənafeyini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması imkanlarını, 2025-ci ildə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumun iddiaçının cavabdehdən tələb etdiyi alimentin miqdarının uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu ilə müqayisədə kifayət qədər aşağı məbləğ olduğunu, habelə, uşaqların maddi ehtiyaclarının təmin olunmasının hər iki valideynin vəzifəsi olduğunu nəzərə alıb cavabdehdən hazırkı vəziyyətdə hər ay hər uşaq üçün 200 manat-cəmi 400 manat sabit pul məbləğində aliment tutularaq tərəflərin birgə nikahından doğulmuş uşaqların yetkinlik yaşına çatana qədər saxlanmaları üçün iddiaçıya verilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Hansı ki, hazırda heç bir yerdə işləmir və heç bir qazancı yoxdur. Qanunvericiliyin tələbinə görə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər və 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Göründüyü kimi qanuna əsasən bir ayda bir uşağın saxlanması üçün ölkə üzrə 246 manat müəyyən edilmişdir. Maddənin tələbinə görə isə valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Valideynlərin uşaqlarını saxlamaq vəzifəsi tərəflər üçün bərabərdir, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər qarşılamalı, uşağın saxlanması üçün zəruri olan xərcləri tərəflər bərabər olaraq ödəməlidirlər. Bütün bunlara baxmayaraq məhkəmə uşaqların saxlanması üçün nəzərdə tutulan 246 manat olan bütün xərci tərəflər arasında bərabər bölməyərək, həmin məbləğin ödənilməsinin çox hissəsini onun üzərinə qoymuşdur. Məhkəmə qətnamə qəbul edərkən İddiaçı münasibətdə onu daha üstün tutmuş və valideynlik borclarının həyata keçirilməsində ona daha çox üstünlük hüququ vermişdir. T Ə R Ə F L Ə R İ N İ Z A H A T L A R İ: İddiaçı və cavabdeh qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən iddiaçı və cavabdehin iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. TƏLƏBİN QANUNİ ƏSASİ: Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. 20 noyabr 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşaqların hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. Həmin Qanunun 8-ci maddəsinə görə isə hər bir uşaqların yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial-hüquqi və digər tədbirləri görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə valideynlərin uşaqların tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşaqları sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşaqların qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərinin əsas vəzifələridir. Valideynlərin uşaqlar barəsində hüquq və vəzifələrinin həyata keçirilməsinə dövlət orqanlarının qarışmasına yalnız qanunla nəzərdə tutulmuş hallarda və uşaqların maraqları naminə yol verilə bilər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Habelə “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikası Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılar üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, təyin edilmiş alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.5 misli həddində sabit pul məbləğində müəyyən edilməsi işi müəyyən edilmiş faktiki hallarına və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarında ehtiva edilən göstərişlərə uyğundur. Belə ki, məhkəmə tərkibi “AZEMİS” EİS-dən Cavabdeh vergi məlumatlarına dair Çıxarış əsasında müəyyən etmişdir ki, Cavabdeh ********** saylı “VÖEN”i mövcuddur. Göründüyü kimi, Cavabdeh vergi ödəyicisidir və vergi uçotuna alınmışdır. Bu isə onun sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq imkanına malik olduğunu təsdiq edir. Odur ki, alimentin minimum əmək haqqının 0,5 misli kimi təyin olunması həm uşaqların təminat mənafeyinə, həm də tərəflərin real maddi imkanlarına uyğun olmaqla ədalət prinsipinə cavab verir. Bununla yanaşı, onu nəzərə almaq yerinə düşər ki, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu” haqqında Azərbaycan Respublikasının Qanununa əsasən uşaqlar üçün yaşayış minimumu 2026-cı il üçün 260 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərkibi alimentin hesablanmasının məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq alimentin tutulmasının əvvəlinin xx.xx.2025-ci il tarixdən hesablanmasına dair yekun nəticəyə gəlmişdir. Belə ki, birinci instansiya məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2025-ci il tarixdən sonra uşaqları ilə birgə cavabdehdən faktiki olaraq ayrı yaşasa da, o, uşaqların saxlanmaları üçün aliment tələb etmək niyyəti ilə mediasiya təşkilatına həmin vaxtdan uzun müddət keçəndən sonra müraciət etmiş, tərəflər mediasiya prosesində iştirak etmiş və mediasiya təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixdə ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmişdir. AM-in 100.3-cü maddəsinin tələbinə görə məhkəmə iddiaçının aliment almaq üçün məhkəməyə müraciət edənədək tədbirlər gördüyünü, lakin aliment ödəməli olan şəxsin onu verməkdən boyun qaçırması nəticəsində alimentin alınmadığını müəyyən edərsə, əvvəlki dövr üçün aliment 3 illik müddət həddində verilə bilər. Beləliklə də ,alimentin tutulmasının əvvəlinin məhkəməyə müraciət edildiyi vaxtdan deyil, mediasiya təşkilatı tərəfindən müvafiq arayışın verildiyi vaxtdan, yəni xx.xx.2025-ci il tarixdən hesablanmasına dair birinci instansiya məhkəməsinin mövqeyi də qanuni və əsaslıdır. Qeyd edilənlərlə yanaşı, məhkəmə tərkibi tərəflərin diqqətinə çatdırmağı zəruri hesab edir ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, iddiaçının verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən, dispozitivlik və prosessual qənaət prinsiplərini rəhbər tutaraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin 20 oktyabr 2025-ci il tarixli 2(049)-2983/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar