Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-229/2026 16.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş üzrə məhkəmələr arasında aidiyyətlə bağlı yaranmış mübahisəyə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi ilə Lənkəran Rayon Məhkəməsinə müraciət edərək, onunla Cavabdeh ilə xx.xx.2011-ci il tarixdə 2273 saylı Rusiya Federasiyası Yakutsk şəhəri üzrə 1 saylı Saxa Respublikası Yakutiya hökümət yanında VVAQ şöbəsində bağlanmış nikahın pozulması və birgə nikahdan olan xx.xx.2011-ci il təvəllüdlü X1 onun yanında saxlanılması və xx.xx.2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay hər uşağa 200 manat sabit pul məblğində aliment Cavabdeh tutularaq onun xeyrinə verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3159/2024 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi icraata qəbul edilmişdir. İddiaçı xx.xx.2024-cü il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, hazırda yalnız nikahın pozulmasını tələb etdiyini bildirmişdir. Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2(049)-66/2025 saylı qərardadı ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair mülki iş aidiyyəti üzrə baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 04 fevral 2026-cı il tarixli, 2(5-113)-137/2026 saylı qərardadı ilə Lənkəran Rayon Məhkəməsindən ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərilmiş İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair iddia ərizəsi üzrə 2(5-113)-137/2026 nömrəli mülki işin ərazi aidiyyətinin müəyyən edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Lənkəran Rayon Məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 36.1 və 36.5-ci maddələrinə istinad edilməklə, “cavabdehin sonuncu yaşayış ünvanı ünvan 1şağının olması və ya səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkməsi barədə hər hansı bir sübutunu iddia ərizəsinə əlavə etməməsi, eləcə də, məhkəmə hazırlıq iclasına gələrək onları məhkəməyə təqdim etməməsi” ilə əsaslandırmışdır. Beyləqan Rayon Məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mülki prosessual qanunverciliyin tələblərinə əsasən alimentin alınması haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər və iddiaçı məhkəməyə müraciət edən zamanı nikahın pozulması ilə yanaşı, aliment tələbi ilə də Lənkəran Rayon Məhkəməsinə müraciət etmiş və daha sonra xx.xx.2024-cü il tarixdə iddia tələbini alimentin tutulması hissəsində müdafiə etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Eyni zamanda onu da qeyd etmişdir ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(049)-3159/2024 saylı qərardadı ilə mülki iş Cavabdeh sonuncu yaşayış yerinin Beyləqan rayonunun Birinci Şahsevən kəndi olması əsası ilə Beyləqan Rayon Məhkəməsinə göndərilsə də, mülki iş materiallarında bununla hər hansı bir sənəd yoxdur. Məhkəmə tərkibi Beyləqan Rayon Məhkəməsinin mövqeyi ilə razılaşır və bu mövqeyə gəlməsini aşağıdakılarla izah edir. Konstitusiyanın 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Bu normada nəzərdə tutulmuş “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, qanuni məhkəmə tərkibinin mövcudluğunu və s. subyektiv elementləri ehtiva edir. Konstitusiyanın bu maddəsinə uyğun olaraq məhkəmə aidiyyəti qanunvericiliklə dəqiq müəyyən edilməli və bu norma məhkəmə vasitəsindən istifadə edən subyektlər üçün aydın olmalıdır. Məhkəmə aidiyyətinin qanunla dəqiq müəyyən edilməsi hər kəsin hüquq və azadlıqlarının məhkəmə təminatı hüququnun səmərəli həyata keçirilməsinə zəmanət yaradır. Eyni zamanda məhkəmə sistemi daxilində mülki işlərə mahiyyəti üzrə tez bir zamanda baxılıb həll edilməsinin təmin olunması üçün məhkəmə aidiyyəti qaydalarına riayət edilməsi müstəsna əhəmiyyət kəsb edir (Konstitusiya Məhkəməsi Plenumunun M.A.Muradovun şikayəti üzrə 2004-cü il 28 aprel tarixli və “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-cu maddəsinin şərh edilməsinə dair” 2013-cü il 28 mart tarixli Qərarları). Konstitusiyanın norma və prinsiplərini inkişaf etdirən Mülki Prosessual Məcəllənin 4-cü Fəsli ərazi aidiyyəti qaydalarını müəyyən etməklə işlərə ədalət mühakiməsinin həyata keçirilməsi şərtlərinə uyğun olaraq tam, hərtərəfli və vaxtında baxılmasının təmin edilməsinə yönəlmişdir. Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi: - şəxslərin məhkəməyə əlçatanlığının; - işlərə ağılabatan müddətdə baxılmasının; - prosessual qənaət prinsipinin; - ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, hazırki işdə məhkəmələr arasındakı fikir ayrılığı ərazi aidiyyəti ilə bağlıdır. Lənkəran Rayon Məhkəməsi hesab edir ki, cavabdehin sonuncu yaşayış yerinin sonuncu yaşayış ünvanı ünvan 2 uşağın olması və ya səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkməsi barədə hər hansı bir sübutunu iddia ərizəsinə əlavə etməməsi əsası ilə işə Beyləqan Rayon Məhkəməsində baxılmalıdır. Beyləqan Rayon Məhkəməsi isə əksinə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməli olması əsası ilə özünü işə baxmağa səlahiyyətli saymır və hesab edir ki, işə məhz iddiaçının qeydiyyat yeri üzrə Lənkəran Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 35.1-ci maddəsinə görə qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 36.3-cü və 36.5-ci maddəsində alimentin alınması və atalığın müəyyən iddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də, nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilməsi müəyyən edilmişdir. 44.1-ci maddəsinə əsasən aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. 44.2-ci maddəsinə əsasən məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.1. əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə; 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa; 44.2.3. hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa; 44.2.4. iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;[76] 44.2.5. hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə;[77] 44.2.6. bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda. Məhkəmə tərkibi hazırkı ərazi aidiyyatı ilə bağlı mübahisəyə münasibət bildirərək hesab edir ki, mülki işin Lənkəran Rayon Məhkəməsindən Beyləqan Rayon Məhkəməsinə göndərilməsi üçün hər hansı bir əsas mövcud olmamışdır. Belə ki, iddia ilkin olaraq nikahın pozulması ilə yanaşı aliment tələbi ilə birlikdə iddiaçının yaşadığı yer üzrə məhkəməyə təqdim edilmiş və həmin məhkəmə tərəfindən aidiyyət qaydalarına riayət edilməklə icraata qəbul edilmişdir. Sonradan iddia tələbinin bir hissəsindən imtina edilməsi işin ilkin aidiyyətini dəyişdirən hal kimi qiymətləndirilə bilməz. Mülki Prosessual Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, aidiyyət qaydalarına uyğun qəbul edilmiş iş sonradan başqa məhkəməyə aid olsa belə, mahiyyəti üzrə həmin məhkəmədə baxılmalıdır. İş materiallarında isə Məcəllənin 44.2-ci maddəsində nəzərdə tutulan və işin başqa məhkəməyə verilməsinə imkan yaradan hər hansı hal müəyyən edilməmişdir. Bu səbəbdən mülki işin Beyləqan Rayon Məhkəməsinə göndərilməsi qanunun məqsəd və məzmununa uyğun olmayaraq prosessual qənaət və məhkəməyə əlçatanlıq prinsiplərinə zidd olmuşdur. Belə olan halda Lənkəran Rayon Məhkəməsi yuxarıda qeyd edilən halları nəzərə almadan cavabdehin sonuncu yaşayış ünvanına istinad etməklə işi ərazi aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsinə göndərməklə səhvə yol vermişdir. Bu səbəbdən də mülki prosessual qanunvericiliyin tələblərinə əsaslanaraq məhkəmə tərkibi yekun olaraq hesab edir ki, mülki işin məhkəmə aidiyyəti qaydasında baxılması üçün Beyləqan Rayon Məhkəməsinə göndərilməsi barədə Lənkəran Rayon Məhkəməsinin 07 yanvar 2026-cı il tarixli 2(049)-66/2025 saylı qərardadı qanuni və əsaslı deyildir, ona görə də İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş Lənkəran Rayon Məhkəməsinə mahiyyəti üzrə baxılması üçün göndərilməlidir Mülki Prosessual Məcəllənin 45.4-cü maddəsinə əsasən bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1, 44.1, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “nikahın pozulması” tələbinə dair mülki iş mahiyyəti üzrə baxılması üçün Lənkəran Rayon Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-229/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-229/2026
16.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver