Məhkəmə qərarları › İş №2(3-9)-259/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-259/2026

14.05.2026 · Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-259/2026 14.05.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Novruzova Aytən Nazim qızı və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi ilə, İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər cavabdeh1 və Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı-satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsindən iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər İsmayılova Rəvanə Tarif qızına və Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, iddanın təmin edilməsi, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Tələb onunla əsaslandırmışdırlar ki, cavabdeh və onun mərhum yoldaşı onların etibarından sui istifadə edərək guya kredit götürmə vədi ilə onların səhhətində olan problemlərdən istifadə edərək onlara ümumiyyətlə düzgün məlumat vermədən aldatma yolu ilə Astara rayon Şiyəkəran kəndində yerləşən 0,022 ha torpaq sahəsinə dair alqı-satqı aparılmışdır. Bundan narazı olduqlarına görə qanunla müəyyən edilmiş qaydada aidiyyəti üzrə məhkəməyə müraciət edərək ******* nömrəli alqı-satqı müqaviləsini etibarsız hesab edərək ləğv edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi ilə (hakim Şəfiqə Meybullayeva) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir; İş materiallarında olan: Yaşayış yeri barədə Astara rayon İHB-nin Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ##### 2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, iddiaçı2 Astara rayonu Şiyəkəran kəndində yaşayır. Yaşayış yeri barədə Astara rayon İHB-nin Şiyəkəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən verilmiş ## ##### 2025-ci il tarixli, *** saylı arayışdan görünür ki, iddiaçı1 Astara rayonu Şiyəkəran kəndində yaşayır. ## ###### 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı2, iddiaçı1, X4, X1 və X3 rayonu Şiyəkəran kəndində yerləşən 0.0915 ha olan torpaq sahəsindən 0.022 hisəsini cavabdeh1 satmış, qalan 0.0695 ha torpaq sahəsi isə mülkiyyətçilərdə qalmışdır. ## ####### 2025-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı iddiaçı1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ## ###### 2017-ci il tarixində iddiaçı2, iddiaçı1, X4, X1 və X3 rayonu Şiyəkəran kəndində 0.0915 ha olan torpaq sahəsindən 0.022 hissəsini cavabdeh1 satmışlar. Məhkəmə hesab etmişdir ki, mübahisəli daşınmaz əmlaka dair alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildir, həmçinin iddiaçı tərəfindən iddia qaldırılması üçün müddət ötürülmüşdür. Belə ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, alqı-satqı müqaviləsi mülki qanunvericiliyin tələblərinə uyğun formada bağlanılmış, mübahisə predmeti olan torpaq sahəsinə dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Həmçinin, iş üzrə müəyyən olunmuşdur ki, iddiaçılar öz sərbəst iradəsini ifadə edərək mülkiyyətlərində olan torpaq sahəsinin alqı-satqısına dair razılıq vermiş, müqavilənin formal xarakter daşıması, yaxud əqd bağlanması məqsədilə aldadılmalarına dair öz dəlillərini sübuta yetirə bilməmişlər. Belə ki, iddiaçılar cavabdehə kredit verilməsi adı ilə aldadıldıqlarını bildirsələr də, iş materiallarından da görünür ki, iddiaçılar və digər mülkiyyətçilər olan iddiaçıların övladları tərəfindən alqı-satqı müqaviləsi imzalanmışdır. Beləliklə, cavabdehin iddiaçıları aldatmasının nədən ibarət olduğu, əqdin bu fakt olmadan bağlana bilməyəcəyinin nədən ibarət olması sübuta yetirilə bilməmişdir. Bundan baqa iddiaçıların və onların vəsatəti əsasında məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrindən məlum olmuşdur ki, sözügedən torpaq sahəsi iddiaçılar tərəfindən cavabdehin mərhum həyat yoldaşı Kamrana təndirxana tikmək məqsədi ilə verilmişdir. Həmin hissədə təndirxana tikilmiş, iddiaçı iddiaçı2 hətta gündəlik muzd müqabilində həmin təndirxanada işləmişdir. İddiaçılar təndirxananın tikildiyi torpaq sahəsi üçün cavabdehin həyat yoldaşından torpaq sahəsini istifadəyə verdikləri üçün hər hansı haqq almadıqlarını bildirmişlər. Məhkəmə hesab etmişdir ki, iddiaçılar ifadələrində səmimi olmamış, özlərinə məxsus torpaq sahəsində təndirxananın tikilməsinə icazə vermələrinə və torpaq sahəsindən istifadəyə görə haqq almamalarına səbəb torpaq sahəsini alqı-satqı müqaviləsi əsasında satmaqları olmuşdur. Əks təqdirdə iddiaçının özünə məxsus torpaq sahəsində yerləşən təndirxanada gündəlik muzd müqabilində işləməsi, lakin, öz torpaq sahəsində yerləşən təndirxanaya görə heç bir icarə haqqı almaması ağlabatan deyil. Həmçinin məhkəmə qeyd etmişdir ki, mübahisə edilən əqdlərlə bağlı etibarsızlıqda iradəsi zədələnmiş tərəf əqdi mübahisələndirənə qədər həmin əqd etibarlı sayılır və müvafiq hüquqi nəticələrə səbəb olur. Bununla belə, əqd bağlanarkən iradəsi zədələnmiş tərəfə yanılma halında şəxsin yanıldığını bildiyi andan bir ay, digər hallarda isə müvafiq olaraq, aldadılmanın məlum olduğu, zorakılıq və ya hədənin aradan qalxdığı andan bir il ərzində əqdi mübahisələndirmək, bununla da əqdi etibarsız etmək hüququ verilir. Tərəf bu hüququndan qeyd olunan zaman kəsiyində istifadə etmədikdə əqdi mübahisələndirmək imkanını birdəfəlik itirdiyi üçün həmin müddətlər kəsici müddətlər hesab edilir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur. Beləliklə, hazırkı alqısatqı müqaviləsi 2017-ci ildə bağlanıldığından, iddiaçılar məhkəmə iclasında aldadıldıqlarının, yəni iddia etdikləri halların onlara 2024-cü ilin sentyabrında məlum olduğunu etiraf etdiklərindən məhkəmə hesab etmişdir ki, bir illik kəsici müddət tətbiq edilməklə iddiaçıların əqdi mübahisələndirmək imkanını itirdikləri hesab olunmalı, iddia tələbi rədd edilməlidir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni həmçinin Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 324.1, 324.2, 324.4, 331.1, 337.1, 337.4, 339.1, 339.2, 347.1, 354.2-ci maddələri, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin ## ##### 2021-ci il tarixli Qərarı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” ##.##.2006-cı il tarixli Qərarı, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 124.2, 217.4-cü maddələri, “Mahmudov Rusiyaya qarşı” iş üzrə ## #### 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı iddiaçı1 apellyasiya şikayəti verərək Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Astara Rayon Məhkəməsinə ## ###### 2026-ci il tarixdə ərizə ilə müraciət edərək lazımı sorğuların verilməsini və aidiyyəti üzrə məlumatların olmamasının müəyyən edilməsini xahiş etmişdir. Çox təəsüf ki, buna heç bir əhəmiyyət verilməmişdir. Ona görə də təkrarən bununla bağlı xahiş edir ki, aidiyyəti üzrə sorğular və lazım olan ekspertiza təyin edilsin. Bildirir ki, cavabdeh və onun mərhum yoldaşı onların etibarından sui istifadə edərək guya kredit götürmə vədi ilə onun və digər səhhətlərində olan problemlərdən isifadə edərək cavabdeh2 əməkdaşları ilə birlikdə onları aldatmış ümumiyyətlə düzgün məlumat verməyərək aldatma yolu ilə onlara məxsus 0,022 ha torpaq sahəsinə dair alqı-satqı aparmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, apellyasiya şikayətində qeyd edilənlər tamamilə yalandır. Cavabdeh cavabdeh1 ilə iddiaçılar və onların digər ailə üzvləri arasında notarial qaydada alqı-satqı müqaviləsi bağlanmış, cavabdeh1 tərəfindən haqqı ödənilməklə həmin torpaq sahəsi alınmışdır. Həmin torpaq sahəsində cavabdeh1 tərəfindən təndir inşa edilmişdir. İddiaçılar cavabdehdən həmin obyekti alıb özləri işlətmək istəyirlər. Buna görə əsassız iddia da qaldırmışlar. Əgər həqiqətən də aldadılmış olsaydılar alqı-satqı müqaviləsinin bağlanmasından 8 ildən sonra iddia qaldırmazdılar. Cavabdehin əri rəhmətə getdiyindən, onun kimsəsiz qaldığını düşündüklərindən ərinin rəhmətə getməsindən istifadə edib ona məxsus torpağı ələ keçirmək istəyirlər. Cavabdeh həmin yerdən gəlir əldə etməklə atasız uşaqlarını təkbaşına böyüdür. Əgər qeyd etdikləri kimi həqiqətən də aldanmış olsaydılar bu müddət ərzində iddia qaldırardılar. Hazırkı gündə iddiaçılar cavabdehə maneə olmaqla torpağından istifadə etməsinə belə imkan vermirlər. Məhkəmə icraatı iştirakçılarının izahatları Tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etmirlər. Cavabdeh cavabdeh1 nümayəndəsi və vəkili Əsədullayev İrfan İlyas oğlu məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh Astara rayon Notariat ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 4.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilənin məzmununu müəyyənləşdirə bilərlər.Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 394-cü maddəsinə əsasən bir tərəfin daşınmaz əşyaya mülkiyyəti digər tərəfə vermək və ya əldə etmək barədə öhdəlik götürdüyü müqavilə notariat qaydasında təsdiqlənməlidir. 324.5-ci maddəsinə əsasə iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. 404.1.2-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. 404.2.2-ci maddəsinə əsasən bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. 337.1-ci maddəsinə əsasən bu məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Əgər tərəflərdən biri, aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair ## ##### 2021-ci il tarixli qərarı; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 372.1-ci maddəsində göstərilir ki, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 384-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; qətnaməni dəyişdirə bilər; qətnaməni tamamilə və ya qismən ləğv edə bilər, iş üzrə icraata xitam verə və yaxud ərizəni baxılmamış saxlaya bilər. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Astara Rayon Məhkəməsinin ##.##.2026cı il tarixli, *(***)-****/**** saylı qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. İddia tələbi təmin edilməyindən iddiaçı qətnaməni tam mübahisələndirir. Ona görə də məhkəmə tərkibi Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində-iddia tələbinin təmin edilməmiş ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi hissəsində tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni maddi hüquq normalarının tələbləri baxımından düzgün əsaslandırmış, mübahisədə iştirak edən tərəflərə münasibətdə ədalətli məhkəmə araşdırmasını təmin etmiş, iş materiallarında olan sübutları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin tələblərini nəzərə alaraq iddianı düzgün olaraq rədd etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 2005-ci il ## ###### tarixli, ** nömrəli qərarının 17-ci bəndində göstərilir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İddiaçılar iddiaçı1 və iddiaçı2 cavabdehlər İsmayılova Rəvanə Tarif qızına və Astara rayon Notariat ofisinə qarşı “daşınmaz əmlakın alqı satqı müqaviləsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi ilə Astara Rayon Məhkəməsinə müraciət edərək, ******* nömrəli alqı-satqı müqaviləsinin ləğv edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmiş və iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh və onun mərhum yoldaşı onların etibarından sui istifadə edərək guya kredit götürmə vədi ilə onların səhhətində olan problemlərdən istifadə edərək onlara ümumiyyətlə düzgün məlumat vermədən aldatma yolu ilə Astara rayon Şiyəkəran kəndində yerləşən 0,022 ha torpaq sahəsinə dair alqı-satqı aparılmışdır. Cavabdeh isə iddia tələbinə etiraz edərək bildirmişdir ki, alqı-satqı müqaviləsinin bağlanmasından artıq 8 ildən çox müddət keçmişdir. Əgər qeyd etdikləri kimi həqiqətən də aldanmış olsaydılar bu müddət ərzində iddia qaldırardılar. Bütün bunlar əlavə pul almaq məqsədi güdməkdədir. Cavabdeh cavabdeh1 sözügedən torpaq sahasində təndir yeri işlətməklə dolanışığını təmin edir. Hazırkı gündə iddiaçılar cavabdehə maneə olmaqla torpağından istifadə etməsinə imkan vermirlər. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi qanunvericiliyin tələblərinə uyğun bağlanmış, tərəflər səlahiyyətli və fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi düzgün formalaşmış və əqdin forma və məzmununda hər hansı qüsur aşkar edilməmişdir. İddiaçıların aldadılmaları barədə irəli sürdükləri dəlillər sübuta yetirilməmiş, əksinə, torpaq sahəsində təndirxananın tikilməsi və istifadə olunması kimi hallar əqdin real xarakter daşıdığını göstərmişdir. Bundan əlavə, məhkəmə müəyyən etmişdir ki, iddiaçılar əqdin etibarsızlığı ilə bağlı qanunla nəzərdə tutulmuş kəsici müddəti ötürmüşlər. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə maddi hüquq normaları düzgün tətbiq edilmişdir. Məlum olduğu kimi məhkəmələrdə əqdə əsaslanan müxtəlif növ iddialara baxılır. Bu xarakterli mübahisələrin ortaq cəhəti irəli sürülən tələblərin və ya etirazların əsasını hər hansı əqdin təşkil etməsidir. Ona görə də, belə mübahisələr üzrə işin düzgün həlli üçün tərəflərin istinad etdikləri əqdin mövcud olub-olmaması, əqd bağlandığı halda isə onun etibarlı olubolmaması mütləq qaydada müəyyən edilməlidir. Bunun üçün mülki prosesdə tətbiq edilən dispozitivlik, çəkişmə, hüquqi həqiqət kimi prinsip və şərtlər də nəzərə alınmaqla məhkəmənin həmin xüsusatlar üzrə araşdırma aparması zəruridir. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Odur ki, bu xarakterli mübahisələrə baxılarkən tərəflərin söykəndikləri əqdin hüquqi nəticə yaradıb-yaratmaması müəyyən edilməlidir. Əqdin hüquqi nəticə doğurması onun etibarlı olmasından asılıdır. Əqd etibarsız olduqda isə tərəflər üçün hüquq və öhdəlik əmələ gətirmir. Maraqlı tərəflər arasında əqdin etibarsızlığı və ya onun nəticələri ilə bağlı yaranan mübahisələrə dair məhkəmə tərəfindən verilən qərar əqdin etibarsızlığı faktının mövcud olub-olmadığını təsdiq etməklə tərəflər arasındakı hüquqi mübahisəni həll edir. Məhkəmə əqdə əsaslanan mübahisəyə baxarkən tərəf iradəsinin zədələnməsini və buna görə əqdi mübahisələndirməsini sübut etdikdə, yaxud məhkəmə işin halları əsasında bunu müəyyən etdikdə, etibarsızlıq nəticəsini xüsusi bir iddia tələbinin irəli sürülməsindən asılı olmayaraq nəzərə almalı və ona görə qərar verməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair# ##### 2021-ci il tarixli qərarı) Hazırkı mülki iş üzrə iddiaçılar tərəfindən alqı-satqı müqaviləsinin ləğv edilməsinə əsas verən halların, xüsusilə iradələrinin zədələnməsi, aldadılma və ya digər qanunda nəzərdə tutulan halların mövcudluğu nə inandırıcı, nə də kifayət qədər sübutlarla təsdiq olunmuşdur. Məhkəmə tərkibinin qənaətinə görə iddiaçılar verdikləri iddialarında səmimi deyildirlər. İş materiallarında olan ## ###### 2017-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, iddiaçı2, iddiaçı1, X4, X1 və X3 rayonu Şiyəkəran kəndində yerləşən 0.0915 ha olan torpaq sahəsindən 0.022 hisəsini cavabdeh1 satmış, qalan 0.0695 ha torpaq sahəsi isə mülkiyyətçilərdə qalmışdır. Məhkəmə tərkibi iddiaçının iddia ərizəsiylə eyni məzmunlu apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd edir ki, ## ###### 2017-ci il tarixində iddiaçılar və digər mülkiyyətçilər öz sərbəst iradələri ilə torpaq sahəsinin bir hissəsini cavabdehə satmış, müqavilə notariat qaydasında rəsmiləşdirilmişdir. Bundan sonra torpaq sahəsində cavabdehin ailəsi tərəfindən təndirxana tikilmiş və istifadə edilmiş, hətta iddiaçılardan biri həmin təndirxanada muzdla işləyərək faktiki olaraq bu vəziyyəti qəbul etmişdir. İddiaçıların öz mülkiyyətlərində olan torpaq sahəsində tikilinin inşa edilməsinə uzun müddət ərzində səssiz qalmaları, həmin tikilidən istifadə olunmasına etiraz etməmələri və buna görə hər hansı icarə və ya istifadə haqqı tələb etməmələri onların iddialarında səmimi olmamaqlarına dəlalət edir. Çünki mülkiyyətçi şəxs öz torpağından başqasının əvəzsiz istifadə etməsinə, xüsusilə də tikilinin inşasına səbəbsiz razılıq verməz. Bu hal iddiaçıların əslində torpaq sahəsini könüllü şəkildə özgəninkiləşdirdiklərini göstərmişdir. Uzun müddət 2017-ci ildən 2024-cü ilə qədər iddiaçılar müqaviləyə etiraz etməmiş, nə aldatma, nə də hər hansı hüquq pozuntusu ilə bağlı iddia qaldırmamışlar. Yalnız illər keçdikdən sonra aldadıldıqlarını iddia etmələri onların əvvəlki davranışları ilə ziddiyyət təşkil etməklə hər hansı bir sübutla dəstəklənməmişdir. Məhkəmə tərkibi hesab edir ki, mübahisəli alqı-satqı müqaviləsi mülki qanunvericiliyin imperativ tələblərinə uyğun olaraq bağlanmışdır; belə ki, əqd bağlanarkən tərəflər hüquq qabiliyyətinə və fəaliyyət qabiliyyətinə malik olmuş, onların iradə ifadəsi azad və şüurlu şəkildə formalaşmış, iradə ilə onun xarici ifadəsi arasında uyğunsuzluq müəyyən edilməmiş, həmçinin əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə tam cavab vermişdir. İş materialları ilə də təsdiq olunmuşdur ki, iddiaçılar mülkiyyət hüququna malik olduqları torpaq sahəsinin özgəninkiləşdirilməsinə öz sərbəst iradələri ilə razılıq vermiş və müqaviləni imzalamışlar. İddiaçıların əqdin formal xarakter daşıması və ya aldatma nəticəsində bağlanması barədə irəli sürdükləri iddialar isə sübutetmə yükünü daşıyan tərəf kimi onların üzərinə düşməsinə baxmayaraq, müvafiq və inandırıcı sübutlarla təsdiqini tapmamışdır. Xüsusilə, aldatma halının hüquqi baxımdan mövcud sayılması üçün zəruri olan əqdin həmin təsir olmadan bağlanmasının mümkünsüzlüyü müəyyən edilməmiş, cavabdehin aldadıcı davranışının konkret məzmunu və hüquqi əhəmiyyəti aşkar edilməmişdir. Apellyasiya şikayətin sorğuların göndərilməsi və ekspertiza təyin edilməsi barədə dəlillərinə münasibətdə məhkəmə tərkibi qeyd edir ki, sorğuların verilməsinin zəruri olduğu göstərilməmiş, sorğuların predmeti və iş üzrə əhəmiyyəti izah olunmamışdır. Eyni zamanda, ekspertiza təyin edilməsinə dair vəsatət də ümumi xarakter daşımaqla hansı məsələlərin ekspert araşdırmasına ehtiyac yaratdığı və bunun mübahisənin həlli üçün necə təsir edəcəyi əsaslandırılmamışdır. Məhkəmə tərkibi qeyd edir ki, birinci instansiya məhkəməsi iddianın əsassız olması qənaətinə gəldiyindən, iddia müddətinin tətbiqi məsələsinə ayrıca hüquqi nəticə kimi istinad edilməsinə zərurət qalmamışdır. Belə ki, iddia tələbi mahiyyəti üzrə sübuta yetirilmədiyi və iddiaçının hüququnun pozulması faktı müəyyən edilmədiyi halda, iddia müddətinin tətbiqi məsələsi ikinci dərəcəli xarakter daşıyır. Bu baxımdan, hazırkı iş üzrə iddia tələbi məhz əsassız olduğu üçün rədd edilir və iddia müddəti ilə bağlı mülahizələr nəticəyə təsir edən həlledici əsas kimi çıxış etmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 387.1-ci maddəsinə əsasən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Həmin Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə nəticəyə gələrkən mübahisəyə qanunvericiliyin tələbləri baxımından düzgün hüquqi qiymət vermiş, mübahisənin maddi və prosessual hüquqi əsaslarını düzgün müəyyən edilmiş, gəldiyi nəticəni iş üzrə müəyyən edilmiş həqiqi hallara uyğun əsaslandırmış, təqdim edilmiş sübutlara sübutetmənin əsaslarını müəyyən edən qanunvericiliyin tələbləri baxımından qiymətləndirmiş və həqiqəti müəyyən etmək vəzifəsini yerinə yetirmişdir. Ona görə də iddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi Qət etdi: İddiaçı iddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Astara Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(***)-****/**** saylı qətnaməsi iddiaçı iddiaçı1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamədən, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər onlara rəsmi qаydаdа verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyаsı vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyаsına kassasiya şikayəti verə bilər. Qətnamədən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar