Məhkəmə qərarları › İş №2(3-9)-273/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-273/2026

01.04.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-273/2026 01.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Qətnamə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri Kərimov Tale Suliddin oğlunun sədrliyi və məruzəsi ilə, İmanov Cahid Fehruz oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əliyev Kamran Sabir oğlunun katibliyi ilə, iddiaçı Qurbanov Zeydulla Şahverən oğlunun cavabdeh Qurbanova Arzu Zeydulla qızına qarşı “cehiz əşyaların evdən çıxarılması", birləşdirilmiş iş üzrə iddiaçı Qurbanova Arzu Zeydulla qızının cavabdehlər Qurbanov Elşən Zeydulla oğlu, Qurbanov Zeydulla Şahverən oğlu və Qurbanova Nailə Qəzənfər qızına qarşı “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələblərinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli e-2(050)-3569/2025 saylı qətnaməsindən (hakim Elşən Hüseynov) iddiaçı və cavabdeh Qurbanova Arzu Zeydulla qızı tərəfindən verilmiş apellyasiya şikayətinə, apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Qurbanov Zeydulla Şahverən oğlu cavabdeh Qurbanova Arzu Zeydulla qızına qarşı “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək cavabdehə məxsus aşağıda sadalanan cehiz əşyalarının 1) Televizor (LG markalı) - 1 ədəd 2) Uqlavoy divan - 1ədəd 3) Masa - 2 ədəd 4) Stul - 6 ədəd 5) Yataq dəsti (1 ədəd çarpayı, 2 ədəd tumba, 2 ədəd kamot, 1 ədəd dolab) - 1 ədəd 6) Çarpayı - 2 ədəd 7) Qorka - 1ədəd 8) Tozsoran - 1 ədəd 9) Yorğan - 3 ədəd 10) Döşək - 3 ədəd 11) Döşəkçə - 10 ədəd 12) Ütü - 1 ədəd 13) Ütü stolu - 1 ədəd 14) Paltar aslıqan - 1 ədəd 15) Mətbəx mebeli - 1 ədəd 16) Yemək bişirmək üçün qaz peçi - 1 ədəd 17) Karniz - 6 ədəd 18) Pərdə - 6 ədəd 19) Hündür güldan - 1 ədəd 20) Qazan - 4 ədəd Tefal 21) Qazan - 2 ədəd çuqun 22) Qazan - 5 ədəd alüminium 23) Çaynik - 1 ədəd 24) Çaynik - 1 ədəd elektirkli tefal 25) Qəfədan - 1 ədəd 26) Çömçə nabor - 1 ədəd 27) Padnos - 4 ədəd 28) Şirə çəkən - 1 ədəd 29) Termus - 2 ədəd 30) Tava - 5 ədəd 31) Aş süzən - 2 ədəd 32) Bıçaq nabor - 1ədəd 33) Ləyən - 1 ədəd çuqun 34) Ləyən kauçuk - 1 ədəd 35) Teşt -1 ədəd 36) Kuruşka - 4 ədəd 37) Samovar - 1 ədəd 38) Zibil vedrəsi - 1ədəd 39) Aftafa ləyən - 1 ədəd 40) Su priboru - 1 ədəd 41) Ləpə çəkən - 1 ədəd 42) Bulud - 2 ədəd 43) Taraş Stəkan - 2 qutu 44) Armudu stəkan - 2 qutu 45) Limon qabı - 2 ədəd 46) Nəlbəki 2 qutu 47) Meyvə qabı - 1 ədəd 48) Tort vilkası - 1 ədəd 49) Balaca nəlbəki - 2 qutu 50) Çuqun vedrə - 2 ədəd 51) Qəndqabı - 8 ədəd 52) Kruşka - 2 ədəd 53) Külqabı -1 ədəd 54) Nahar dəsti - 1 ədəd 55) Badə - 24 ədəd 56) Şəffaf rumka - 10 ədəd 57) Konfet qabı - 2 ədəd 58) Güldan - 2 ədəd 59) Qənd qabı - 2 ədəd 60) Çərəz qabı - 2 ədəd 61) Şirniyyat qabı - 1 ədəd yumru, 2 ədəd uzun 62) Meyvə qapı - 1 ədəd 63) Şəffaf çaşka dəsti - 6 ədəd 64) Konfet qabı - 6 ədəd 65) 3 mərtəbə şirnayyat qabı - 1 ədəd 66) Tort buludu - 6 ədəd 67) Torq qabı - 1 ədəd 68) Şəffaf ayaqlı şirniyyat qabı - 1 ədəd 69) Şəffaf çərəz qabı - 6 ədəd 70) Şiş - 8 ədəd 71) Çörək qabı 4 ədəd 72) Duz qabı - 2 ədəd 73) Konfet qabı - 6 ədəd 74) Ədva qabı - 1 ədəd 75) Kəbkirdəsti 76) Yuxa yayan - 1 ədəd 77) Kasa - 24 ədəd 78) Fincan - 12 ədəd 79) yemək kasası - 18 ədəd sahibi olduğu Masallı rayonu, Çaxırlı kəndində yerləşən evdən çıxarılması, mediasiya xidmət haqqı olaraq ödədiyi 60 manat, dövlət rüsumu olaraq ödədiyi 50,40 manat və hüquqi xidmətlərin göstərilməsi üçün ödədiyi 320 manatın cavabdehdən xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdehlə oğlu Qurbanov Elşən Zeydulla oğlu 21 iyun 2018-ci il tarixdə nikahlarını qeydə aldırmışlar. Birgə nikahlarından 2020-ci il təvəllüdlü Qurbanova Nilay və 2022-ci il təvəllüdlü Qurbanova Elşən anadan olmuşlar. Nikahları Masallı Rayon Məhkəməsinin 5 sentyabr 2023-cü il tarixli, 2(050)-2675/2023 saylı qətnaməsi ilə pozulmuşdur. Nikahlarının pozulmasına baxmayaraq cavabdeh uşaqlarla birlikdə onların evində yaşamışdır. İlk əvvəl düşünmüşdür ki, bəlkə aralarında olan münasibətlər yenə bərpa olunar, amma zaman keçdikcə cavabdeh onunla, həyat yoldaşı ilə, o cümlədən oğlu ilə olan münasibətləri gündən-günə pisləşmişdir. Onlara təhqiramiz sözlər işlətməyə başlamış, o, da bir neçə dəfə buna etiraz etdikdə, özünü öldürməklə hədələmiş, onlar da, bundan qorxaraq həyatlarını davam etdirmişlər. Amma artıq dözmək olmur. Bu ilin sentyabr ayında oğlu ona ya münasibətlərini qaydasına salaraq ər-arvad kimi bərpa etməyi, yadaki, qanuni ayrıldıqları kimi, faktiki də, ayrılmağı təklif etmişdir. Cavabdeh qonşu Alışanlı kəndindən anasıgildən evə qayıtmış, evə çatdıqda qab-qacaq qalmamış, hamısını pəncərədən həyəta atmışdır. Oğlu evə gəldikdə özünü vurmağa başlamış, özünü qapıya, divara çırpmışdır. Sonra 102 polis xidmətinə müraciət etmiş, Masalı rayon Polis Şöbəsindən əməliyyatçılar, təhqiqatçı gəlmiş, oğlundan, ondan və yoldaşından izahat almışlar, cavabdehi isə təcili tibi yardım maşını ilə xəstəxanaya aparmışlar. Onlar artıq bütün qonşular içində biabır olmuşlar. Hazırda cavabdehin hərəkətləri ucbatından sağ əli və ayağının fəaliyyəti tamamilə zəifləyib, normal hərəkət belə edə bilmir. Bunlardan sonra qərara gəlmişdir ki, oğlu istəyirsə onunla münasibəti davam etdirsin, amma cavabdeh onun evinə daxil ola bilməz. Ona görə qərara gəlmişdir ki, evini bağlasın, ona aid olan cehiz olaraq özü ilə gətirdiyi əşyaların çıxarılması barədə məhkəməyə müraciət etsin. Hal-hazırda yaşadığı və cehiz əşyaların yerləşdiyi yaşayış sahəsi rəhmətlik anası Kərimova Gülsarə Kərim qızının adına verilmiş torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında tikilmişdir. Anası sağlığında hər hansı vəsiyyətnamə tərtib etməmiş, dünyasını dəyişənə qədər ounla birlikdə həmin evdə yaşamışdır. Artıq 22 ildir vəfat etməsinə baxmayaraq, onun ölümü ilə bağlı vərəsəlik işi açılmamışdır. Qardaşlarından kimsə həmin evə dair iddia tələbi yoxdur. Hər kəsin öz evi var, yaşadığı evi də, onun evi kimi qəbul edirlər. Yaşayış sahəsinin işıq, qaz sayğacları onun adınadır. Mübahisənin məhkəməyə qədər mediasiya qaydasında həll etmək istəsə də, cavabdeh (və ya onun nümayəndəsi) mediasiya sessiyasına gəlməmişdir. Birləşdirilmiş iş üzrə iddiaçı Qurbanova Arzu Zeydulla qızı cavabdehlər Qurbanov Elşən Zeydulla oğlu, Qurbanov Zeydulla Şahverən oğlu və Qurbanova Nailə Qəzənfər qızına qarşı “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələbinə dair iddia ərizəsi ilə Masallı Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərə məxsus Masallı rayonunun Çaxırlı kəndində yerləşən 0,15 ha torpaq sahəsində tikilmiş tək mərtəbəli, 4 otaqlı və 1 zalı olan evin günçıxan istiqamətində yerləşən, gəlin köçdüyü evə köçürülməsi və yaşayış hüququnun təmin olunması, həmçinin məhkəməyə rüsumu kimi ödədiyi 110 (bir yüz on) manat məbləğin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Masallı rayonu, Çaxırlı kənd sakini Qurbanov Elşən Zeydulla oğlu ilə 2018-ci ilin may ayında el adəti ilə ailə həyatı qurmuş, cavabdehlərin Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0,15 ha torpaq sahəsində inşa olunmuş 4 otaqlı 1 zalı olan 1 mərtəbəli evində gün çıxan otağa gəlin köçmüş, cehiz əmlaklarını həmin otağa yerləşdirmişdir. Nikahlarını isə 21 iyun 2018-ci il tarixdə 337 nömrə ilə Masallı rayon qeydiyyat şöbəsində rəsmiləşdirmişlər. Birgə yaşadıqları dövrdə 13 dekabr 2020-ci ildə Qurbanova Nilay Elşən qızı və 29 iyun 2022-ci ildə Qurbanova Aylin Elşən qızı adlı iki uşaqları doğulmuşdur. Bir müddət mehriban yaşasalar da, sonradan ailə münasibətləri pisləşməyə başlamışdır. Nikahları Masallı Rayon Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli, 2(050)- 4508/2023 saylı qətnaməsinə əsasən öz razılıqları əsasənda pozulmuş, uşaqların saxlanılması üçün hər uşağa 100 manat aliment kəsilsə də, gəlin köçdüyü evdə yaşamağa davam etmişdir. Sonradan cavabdehlər onu və iki körpə qızını 8 sentyabr 2025-ci il tarixdə həmin evdən zorla çıxarmışlar. Hazırda gəlin köçdüyü evə cavabdehlər onu buraxmırlar. O və iki uşağı müvəqqəti olaraq Masallı rayonu, Alışanlı kəndində atası evində yaşayırlar. Azyaşlı uşaqları ilə birlikdə evə köçürülmələri və yaşayış hüquqlarının təmin olunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Birləşdirilmiş iş üzrə iddiaçı Qurbanova Arzu Zeydulla qızının iddiasına qarşı cavabdeh Qurbanov Zeydulla Şahverən oğlunun vəkili, eyni zamanda nümayəndəsi Əbilov Şəhriyar Telman oğlu yazılı etiraz təqdim edərək təmin olunmamasını xahiş etmişdir. Etraz onunla əsaslandırılmışdır ki, şəxsin başqasının mülkiyyətində olan mənzilə istifadə hüququnun tanınması və mənzilə köçürülməsinin qanunvericilikdə iki halı nəzərdə tutulmuşdur: 1) Şəxsin mənzilin mülkiyyətçisinin ailə üzvü olması; 2) Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış istifadə hüquqları olan digər şəxs kimi. Mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və yaşayış sahəsi kimi istifadə olunur. Bunu tərəflərin heç biri mübahisələndirmir. İddiaçı həmin evin təmir işlərində iştirak etdiyini qeyd etsə də, buna dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Əksinə işdən, o cümlədən məhkəmə iclası zamanı iddiaçı özüdə bildirdi ki, mübahisəli ev cavabdeh Qurbanov Elşənlə nikaha girməmişdən əvvəl cavabdehlər tərəfindən inşa edilmişdir. Evin yerləşdiyi torpaq sahəsi Torpağın mülkiyyətə verilməsi haqqında şəhadətnaməyə əsasən cavabdeh Qurbanov Zeydullanın mərhum anasının birgə mülkiyyətində olduğundan, mübahisəli tikiliyə cavabdehlərin gözlənilən hüququ vardır. Torpağın mülkiyyətə verilməsinə dair JN228A, KOD 80525018 şəhadətnamədən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli 034 saylı qərarı ilə cavabdeh Qurbaov Zeydullanın mərhum anansının mülkiyyətinə verilmişdir. Anası 2001-ci ildə vəfat etməsinə baxmayaraq, onun ölümü ilə notariat orqandan verilən cavabdan görüldüyü kimi şəxsin ölümü ilə bağlı vərəsəlik işi açılmamış və qanun üzrə vərəsələri müəyyən olunmamışdır. Hüquqlarını müdafiə etdiyi şəxsdən başqa digər qardaş-bacıları həmin evə hər hansı iddiaları yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid təcrübə yaradan qərarları ilə müəyyən edilmişdir ki, vahid mülkiyyət qaydasına uyğun olaraq, mübahisəli ev və onun yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir, dolayısıyla onlar vahid daşınmaz əmlak hesab edilir. Mübahisəli ev yerləşdiyi torpaq sahəsinin tərkib hissəsidir. Əşyanın tərkib hissələri mürəkkəb əşyanı təşkil edən elə bitişik əşyalardır ki, onlar olmadan mürəkkəb əşyanın əmələ gəlməsi və iqtisadi baxımdan ondan gözlənilən faydanı verməsi mümkün olmur. Tərkib hissələr əsas əşya ilə bir bütün – vahid əşya əmələ gətirmək üçün birləşən və bununla da meydana gələn yeni obyektə mürəkkəb əşya olma xüsusiyyətini verən parçalardır. Məsələn, ekran, düymələr, plastik qapaq, çiplər və s. əşyalar birləşərək kompyuteri; yaxud torpaq, daş, qum, armatur, qapı, pəncərə, dam örtüyü birləşərək fərdi yaşayış evini meydana gətirirlər. Sadalanan tərkib hissələrin əsas əşyadan ayrılması əşyanın maddi bütünlüyünü və iqtisadi funksiyasını pozmadan mümkün olmur. Beləliklə, bir iqtisadi məqsəd üçün birləşmiş müxtəlif növlü əşyalar vahid (mürəkkəb) əşya hesab olunurlar. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusiya əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Vətəndaşın sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısı dövlətin sosial sahədə konstitusiya məqsədləri sırasında göstərilməsi və Konstitusiyada heç kəsin yaşadığı mənzildən qanunsuz məhrum olunmasının mümkünsüzlüyünün müəyyən edilməsi mənzil münasibətləri sahəsində dövlətin siyasətinin vacibliyinə və konstitusiya əhəmiyyətli olduğuna dəlalət edir. Buna görə, konstitusiya əsasları olan dövlətin mənzil siyasəti üzrə qəbul edilən qərarlar Konstitusiyadan irəli gələn şərtlərə riayət olunmaqla, mülkiyyət hüququnun məhdudlaşdırılması üçün əsas kimi çıxış edə bilər. Lakin hər bir halda belə məhdudiyyət qarşıya qoyulmuş məqsədə ağlabatan şəkildə mütənasib olmaqla mülkiyyətçinin üzərinə fərdi və həddən artıq yük qoymamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 21 dekabr 2012-ci il tarixli Qərarı). Bu hüquqi mövqelərə əsaslanaraq qeyd olunmalıdır ki, yaşayış sahəsinə mülkiyyət hüququnun qanunverici tərəfindən tənzimlənməsi yaşayış sahəsinin mülkiyyətçisinin ailə üzvləri də daxil olmaqla müvafiq hüquq münasibətlərinin bütün iştirakçılarının hüquq və maraqlarının ədalətli və ağlabatan tarazlığı əsasında həyata keçirilməlidir. Bu konstitusiya məqsədinə çatmaq üçün belə tənzimləmə həm də məhkəmələr tərəfindən konkret işin faktiki hallarının müəyyənləşdirilməsi və araşdırılması, bu halların əsasında yaranan və ya yarana biləcək müxtəlif halların nəzərə alınması və nəticə etibarilə konstitusiya hüquq və azadlıqlarının əsassız və həddən artıq məhdudlaşdırılmaması məqsədilə differensasiyalaşdırılmış (fərqli) yanaşmanın tətbiq edilməsini mümkün etməlidir. Bundan əlavə, müvafiq hüquq münasibətlərinin iştirakçılarının maraqlarının ədalətli və ağlabatan tarazlaşdırılması qüvvədə olan hüquqi tənzimetmə sisteminin əsasında, bütün hüquq sahələrinin normaları nəzərə alınmaqla həyata keçirilməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 8 oktyabr 2013cü il tarixli Qərarı). Qanunvericiliyin mənasına görə mülkiyyətçinin ailə üzvlərinin (ərinin, arvadının, valideynlərinin və uşaqlarının) yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün onunla yalnız ailə əlaqələrinin mövcud olması zəruri olduğu halda, digər ailə üzvlərinin, o cümlədən gəlininin mənzildən istifadə hüququnun yaranması üçün mülkiyyətçinin razılığı, həmin razılığın notariat qaydasında təsdiq olunması və daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zəruridir. Bununla bağlı, məhkəmə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 11 iyul 2014-cü il Qərarındakı hüquqi mövqelərə əsasən mübahisənin hüquqi həlli ilə bağlı onun qeyd edilməsini zəruri hesab edirəm ki, iddiaçı mübahisəli evə köçərkən ev mülkiyyətdə olmasa da, torpaq sahəsi birgə mülkiyyətdə olmuşdur. Hazırkı iş üzrə mübahisəli hüquq münasibətləri 2018-ci ildə yarandığından iddiaçı ilə cavabdehlər arasında olan münasibətlərə Mənzil Məcəlləsinin 30.4-cü maddəsi tətbiq olunmalıdır. Mənzil Məcəlləsinin 30.4-cü maddəsinə əsasən Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. İşin hallarından o cümlədən iddiaçının verdiyi izahatdan da görüldüyü kimi, iddiaçı ilə cavabdehlər arasında dəfələrlə mübahisələr olmuş, hətta iddiaçının bildirdiyinə görə cavabdeh Qurbanov Elşən ona bədən xəsarəti yetirmişdir. Bu barədə 102 xidmətinə də, zəng etmişdi. Müvaiq araşdırma da aparıldığını da bildirmişdir. İddiaçnın həmin evə köçürüləcəyi təqdirdə mübahisələrin davam etmə ehtimalının olacağı bu halın uşaqların psixologiyasına mənfi təsir göstərəcəyi, həmçinin iddiaçının hal-hazırda Masallı rayonu Alışanlı kəndində anasının sahibliyində olan 0.06 ha torpaq sahəsi və onun üzərində tikilən 80 kv.metr 2 mərtəbəli yaxın yaşayış sahəsində yalnız ikisinin yaşadığı nəzərə alınmalıdır. Ümumiyyətlə oxşar mübahisələrlə bağlı bütün instansiya məhkəmələrinin hüquqi mövqeyi demək olar ki, bir-birinə yaxındır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli e-2(050)-3569/2025 saylı qətnaməsi ilə iddiaçı Qurbanov Zeydulla Şahverən oğlunun iddiası qismən təmin olunaraq cavabdeh Qurbanova Arzu Zeydulla qızına məxsus 1 ədəd “LG” markalı televizor, 1 ədəd künc divanı, 2 ədəd masa, 6 ədəd stul, 1 ədəd yataq dəsti (1 ədəd çarpayı, 2 ədəd tumba, 2 ədəd kamot, 1 ədəd dolab), 2 ədəd çarpayı, 1 ədəd qorka, 1 ədəd tozsovuran, 3 ədəd yorğan, 3 ədəd döşək, 10 ədəd döşəkçə, 1 ədəd ütü, 1 ədəd ütü stolu, 1 ədəd paltar asılqanı, 1 ədəd mətbəx mebeli, 1 ədəd yemek bişirmək üçün qaz peçi, 6 ədəd karniz, 6 ədəd pərdə, 1 ədəd hündür güldan, 4 ədəd tefal qazan, 2 ədəd çuqun qazan, 5 ədəd alüminium qazan, 1 ədəd çaynik, 1 ədəd elektirkli tefal çayniki, 1 ədəd qəfədan, 1 ədəd çömçə dəsti, 4 ədəd padnos, 1 ədəd şirə çəkən, 2 ədəd termus, 5 ədəd tava, 2 ədəd aş süzən, 1 ədəd bıçaq dəsti, 1 ədəd çuqun ləyən, 1 ədəd kauçuk ləyən, 1 ədəd teşt, 4 ədəd kuruşka, 1 ədəd samovar, 1 ədəd zibil vedrəsi, 1 ədəd aftafa ləyən, 1 ədəd su dəsti, 1 ədəd ləpə çəkən, 2 ədəd bulud, 2 qutu taraş stəkanı, 2 qutu armudu stəkan, 2 ədəd limon qabı, 2 qutu nəlbəki, 1 ədəd meyvə qabı, 1 ədəd tort çəngəli, 2 qutu balaca nəlbəki, 2 ədəd çuqun vedrə, 8 ədəd qəndqabı, 2 ədəd kuruşka, 1 ədəd külqabı, 1 ədəd nahar dəsti, 24 ədəd badə, 10 ədəd şəffaf rumka, 2 ədəd konfet qabı, 2 ədəd güldan, 2 ədəd qənd qabı, 2 ədəd çərəz qabı, 1 ədəd yumru, 2 ədəd uzun şirniyyat qabı, 1 ədəd meyvə qabı, 6 ədəd şəffaf çaşka dəsti, 6 ədəd konfet qabı, 1 ədəd 3 mərtəbə şirniyyat qabı, 6 ədəd tort buludu, 1 ədəd tort qabı, 1 ədəd şəffaf ayaqlı şirniyyat qabı, 6 ədəd şəffaf çərəz qabı, 8 ədəd şiş, 4 ədəd çörək qabı, 2 ədəd duz qabı, 6 ədəd konfet qabı, 1 ədəd ədviyyat qabı, kəfkir dəsti, 1 ədəd yuxa yayan, 24 ədəd kasa, 12 ədəd fincan və 18 ədəd yemək kasasından ibarət cehiz əşyalarının Masallı rayonu, Çaxırlı kəndi ünvanında yerləşən Qurbanov Zeydulla Şahverən oğlunun yaşadığı yaşayış sahəsindən çıxarılması, cavabdeh Qurbanova Arzu Zeydulla qızından ödənilmiş mediasiya xərcinin əvəzi kimi 50 (əlli) manat pulun, mediasiya xidməti ilə bağlı ödənilmiş 10 (on) manat məbləğində pulun, məhkəməyə iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 50 (əlli) manat pulun və 0,40 (qırx) qəpik məhkəmə xərcinin tutularaq Qurbanov Zeydulla Şahverən oğluna ödənilməsi, birləşdirilmiş iş üzrə iddiaçı Qurbanova Arzu Zeydulla qızının cavabdehlər Qurbanov Elşən Zeydulla oğlu, Qurbanov Zeydulla Şahverən oğlu və Qurbanova Nailə Qəzənfər qızına qarşı “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələbinə dair iddiasının rədd edilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən iddiaçı və cavabdeh Qurbanova Arzu Zeydulla qızı apellyasiya şikayəti verərək ləğv edilməsi və Qurbanov Zeydulla Şahverən oğlunun “cehiz əşyaların evdən çıxarılması” tələbinə dair iddiasının rədd edilməsi, “evə köçürülmə və yaşayış hüququnun təmin olunması” tələbinə dair iddiasının təmin edilməsi barədə yeni qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti birləşdirilmiş iş üzrə iddia ərizəsinin yuxarıda şərh olunan məzmunu ilə oxşar məzmunda əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia tələbi təmin edilərək həmin evə köçürülməlidir. Qurbanov Zeydulla Şahverən oğlunun iddiası isə rədd olunmalıdır. Məhkəmə işə düzgün baxmamış, hüquq normalarını düzgün tətbiq etməmiş, digər şəxslər kimi həmin evə köçürülərək, evdə həmin şəxslər kimi istifadə hüququnun olduğunu nəzərə almamışdır. Həmçinin cavabdehin oğlu ilə arasında olan nikahı məqsədyönlü pozdurmuşlar. Belə ki, ailənin dolanışığını təmin edə bilmədikləri üçün sosial yardım almaq məqsədi ilə boşanmışlar. Məhkəmə isə işə baxan zaman bu halı nəzərə almamışdır. Eləcədə yaşadıqları evin onun vəsaiti hesabına təmir olunması məsələsinə məhkəmə hüquqi qiymət verərək, bu halı sübut edəcək sübutlarının olmadığını qeyd etmişdir. Lakin cavabdehlərin məhkəmə iclasında verdikləri izahatlarından görünür ki, onların pensiyadan başqa heç bir gəlirləri yoxdur. Reallıqda isə alınan pensiya bir ailənin dolanışığını doğru düzgün təmin etmir, nəzərə alınsa ki, əgər pensiya alan şəxsin hər hansı bir xəstəliyi vardırsa, o zaman almış olduğu pensiya ümumiyyətlə onun aylıq xəclərini ödəməyəcəkdir və həmin şəxs yarıyox yarıac yaşayacaqdır. Həmdəki, əgər həmin şəxslərin belə imkanları var idisə, o zaman nə üçün gedib sahələrdə fəhllik edirdi. Həmdə ev özbaşına tikilidir və cavabdehlər qədər həmin evdə yaşamaq və həmin evdən istifadə etmək hüququ vardır ki, bununla bağlı geniş izah vermişdir. Hansı ki, məhkəmə həmin halları araşdırmamışdır. Gözlənilən hüquqa gəldikdə isə həmin mülkə təkcə Qurbanov Zeydulla Şahverən oğlunun deyil, digər şəxslərində gözlənilən hüquqları vardır ki, məhkəmə işə baxan zaman ancaq birtərəfli mövqedən çıxış edərək Qurbanov Zeydulla Şahverən oğlunun gözlənilən hüququnu nəzərə almışdır. Məhkəməyə təqdim edilmiş sübutlar düzgün araşdırılmışdır ki, yeni sübutlarada ehtiyac duyulsun. Hazırda yeni sübutu yoxdur, işə apellyasiya instansiyasında baxılan zaman əgər ortaya yeni sübutlar çıxarsa, o zaman təqdim edəcəkdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Məhkəmə iclasının keçirilməsinin vaxtı və yeri barədə məlumatlandırılmış tərəflər hər hansı bir üzürlü səbəb olmadan məhkəmədə iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan apellyasiya şikayətinə əsasən mülki işə baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırki halda iddiaçı və cavabdeh Qurbanova Arzu Zeydulla qızı apellyasiya şikayətində qətnamənin ləğvini, birinci iddianın rəddini, iddiasının isə təminini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Ona görə də, məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri üzrə tam yoxlanılmasını düzgün hesab edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayətinin dəlilləri üzrə tədqiq edərək belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin apellyasiya qaydasında ləğvinin əsasını təşkil edə bilməz. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər ətraflı araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından ilk iddia üzrə cavabdeh, birləşdirilmiş iş üzrə iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Bundan əlavə “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər. İş materiallarında olan sənədlərlə tarix ardıcıllığı ilə aşağıdakılar müəyyən olunur. IIl-ЖГ seriyalı 362075 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu 23 oktyabr 1957-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında Qurbanov Şahverən Ağaxan oğlu, anası qrafasında Kərimova Gülsurə Kərim qızı qeyd edilmişdir. JN-228A Kod 80525018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin surətindən görünür ki, Masallı rayon Aqrar İslahat Komissiyasının 24 iyul 1998-ci il tarixli, 034 nömrəli qərarı ilə fərdi yaşayış evi, həyətyanı sahə, fərdi kollektiv və kooperativ bağlar, dövlət bağçılıq təsərrüfatının bağına aid 0.13 hektar torpaq sahəsi Masallı rayonu, Çaxırlı kənd sakini Kərimova Gülsurə Kərim qızının və Kərimova Səfurə Kərim qızının mülkiyyətinə verilmişdir. AZ-Il seriyalı 530002 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Kərimova Gülsurə Kərim qızı 30 sentyabr 2003-cü il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 08 oktyabr 2003-cü il tarixdə 23 nömrə ilə qeyd edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 24 sentyabr 2025-ci il tarixli ölüm haqqında arayışın surətindən görünür ki, Kərimova Safura Kərim qızı 04 yanvar 2010-cu il tarixdə ölmüşdür, bu barədə ölüm haqqında akt qeydləri kitabında 01 fevral 2010-cu il tarixdə 04 nömrə ilə qeyd edilmişdir. Masallı regional “ASAN xidmət” mərkəzində notariat ofisinin 18 noyabr 2025-ci il tarixli, 1801 nömrəli məktubunun surətindən görünür ki, “Elektron notaiat informasiya sistemində” baxış keçirildiyi zaman 30 sentyabr 2003-cü il tarixdə vəfat etmiş mərhum Kərimova Gülsurə Kərim qızının və 04 yanvar 2010-cu il tarixdə vəfat etmiş mərhum Kərimova Safura (Səfurə) Kərim qızının adına açılmış vərəsəlik işi və onlar tərəfindən notariat qaydada qoyulmuş vəsiyyətnamə aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, Kərimova Gülsarə Kərim qızının adı 19 sentyabr 2025-ci il tarixdə verilən ölüm haqqında şəhadətnamədə Gülsurə olaraq qeyd olunmuşdur. Masallı rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 9 sentyabr 2025-ci il tarixli, 708 nömrəli arayışın surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatdadır. Çaxırlı ərazisində yaşayır və yaşadığı evdə təsərrüfatın başçısıdır. Ailə tərkibiarvadı-Qurbanova Nailə Qəzənfər qızı-1960, oğlu-Qurbanov Elşən Zeydulla oğlu-1985. Masallı rayon İcra Hakimiyyəti Başçısının Çaxırlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2025-ci il tarixli, 5-66-6/2-88/2025 nömrəli arayışdan görünür ki, Çaxırlı kənd sakinləri Qurbanov Elşən Zeydulla oğlu, Qurbanov Zeydulla Şahverən oğlu, Qurbanova Nazilə Qəzənfər qızı Masallı rayonu, Çaxırlı kəndində qeydiyyatdadır və hal-hazırda Çaxırlı kəndində yaşayırlar. “Azəriqaz” ASC-nin Bildiriş xəbərdarlığından görünür ki, Masallı rayonu, Çaxırlı kəndində 284403300105840 nömrəli abonent kodunun sahibi Zeydi Qurbanovdur. 8 sentyabr 2025-ci il tarixli “mpay” ödəniş sistemi vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, “Azərişıq” ASC-nin hesabına 448580502500251 abunə nömrəsi üzrə abonent Qurbanov Zeydulla Şahverən oğlu tərəfindən 5 manat ödəniş edilmişdir. “Home Finance Bank Olmayan Kredit Təşkilatı” MMC ilə Qurbanov Zeydulla Şahverən oğlu arasında bağlanmış 18 oktyabr 2024-cü il tarixli, OMD-299-0054-24 nömrəli Nisyə alğı-satqı müqaviləsinin surətindən görünür ki, “Home Finance Bank Olmayan Kredit Təşkilatı” MMC tərəfindən müqavilənin ayrılmaz tərkib hissəsi olan Təhvil-Təslim aktında qeyd edilmiş malları Qurbanov Zeydulla Şahverən oğluna satmışdır. 18 oktyabr 2024-cü il tarixli ödəniş cədvəlinin surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu 18 oktyabr 2024-cü il tarixli müqavilə üzrə 18 noyabr 2024-cü il tarixdən 18 oktyabr 2025-ci il tarixədək, 12 ay müddətinə 537 manat ödəniş etməlidir. “Home Finance BOKT” MMC ilə bağlanılan nisyə alğı-satqı müqaviləsi üzrə malların siyahısına və nağd satış qiymətinə dair 18 oktyabr 2024-cü il tarixli aktın surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu 429,04 manat dəyərində 21 adda tikinti materialları almışdır. “Home Finance BOKT” MMC tərəfindən verilmiş 03 dekabr 2025-ci il tarixli maliyyə arayışının surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlunun 18 oktyabr 2024-cü il tarixli müqavilə üzrə heç bir öhdəliyi qalmamışdır. Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 21 sentyabr 2025-ci il tarixli nikah haqqında arayışın surətindən görünür ki, Qurbanov Elşən Zeydulla oğlu və Nərimanova Arzu Zeydulla qızının nikahı haqqında 21 iyun 2018-ci il tarixdə 337 №li akt qeydi tərtib edilmişdir. Nikah Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində qeydə alınmışdır. Nikah bağlandıqdan sonra arvada “Qurbanova” soyadı verilmişdir. AZ-IV seriyalı 532344 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanlı Nilay Elşən qızı 13 dekabr 2020-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında Qurbanov Elşən Zeydulla oğlu, anası qrafasında Qurbanova Arzu Zeydulla qızı qeyd edilmişdir. AZ-lV seriyalı 762979 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Qurbanova Aylin Elşən qızı 29 iyun 2022-ci il tarixdə anadan olmuşdur. Atası qrafasında Qurbanov Elşən Zeydulla oğlu, anası qrafasında Qurbanova Arzu Zeydulla qızı qeyd edilmişdir. Masallı Rayon Məhkəməsinin 2(050)-2675/2023 saylı, 05 sentyabr 2023-cü il tarixli qətnaməsindən görünür ki, Qurbanov Elşən Zeydulla oğlu ilə Qurbanova Arzu Zeydulla qızı arasında 21 iyun 2018-ci il tarixdə Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsində 337 nömrə ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş 13 dekabr 2020-ci il təvəllüdlü Qurbanlı Nilay Elşən qızı və 29 iyun 2022-ci il təvəllüdlü Qurbanova Aylin Elşən qızının anası Qurbanova Arzu Zeydulla qızının yanında saxlanılması qət edilmişdir. AZ-l seriyalı 456583 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən və Masallı regional “ASAN xidmət” mərkəzində Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16 sentyabr 2025-ci il tarixli arayışın surətindən görünür ki, Masallı Rayon Məhkəməsinin 05 sentyabr 2023-cü il tarixli qətnaməsinə əsasən Qurbanov Elşən Zeydulla oğlu ilə Qurbanova Arzu Zeydulla qızının nikahına 19 oktyabr 2023-cü il tarixdə xitam verilmiş, bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 01 noyabr 2023-cü il tarixdə 400 nömrə ilə qeyd edilmişdir. Masallı rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 13 noyabr 2025-ci il tarixli, 5-66-25/2-68/2025 nömrəli arayışdan görünür ki, 09 noyabr 1998-ci il təvəllüdlü Qurbanova Arzu Zeydulla qızı Alışanlı kəndində qeydiyyatda olmasına baxmayaraq hal-hazırda Çaxırlı kəndində yaşayır. Masallı rayon İcra Hakimiyyəti Başçısının Birinci Səmidxan kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 11 dekabr 2025-ci il tarixli, 5-66-25/2-70/2025 nömrəli arayışın surətindən görünür ki, Masallı rayonu, Alışanlı kənd sakini Qurbanova Arzu Zeydulla qızı hal-hazırda Alışanlı kəndində anası Nərimova Şahsənəm Habil qızına məxsus 737 saylı təsərrüfatın şəxsi hesabına əsasən 0.06 ha həyətyanı torpaq sahəsində tikilimiş 80 kv.m olan 2 mərtəbəli evdə yaşayır. Evin şəraiti normaldır. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 03 oktyabr 2025-ci il tarixli MŞM/MT036/2025-00974 saylı arayışın surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu 03 oktyabr 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Qurbanova Arzu Zeydulla qızı iştirak etməmişdir. Qurbanov Zeydulla Şahverən oğlu ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 27 oktyabr 2025-ci il tarixli MŞM/MT036/2025-01047 saylı arayışdan görünür ki, Qurbanova Arzu Zeydulla qızı 27 oktyabr 2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmiş, Qurbanov Elşən Zeydulla oğlu iştirak etməmişdir. Qurbanova Arzu Zeydulla qızı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 60 manat mediasiya xərcini ödəmişdir. 09 oktyabr 2025-ci il tarixli, EM-2519VK-55875/25 saylı Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, müraciət edən və hüquqi yardım göstərilən (müdafiə edilən) şəxs Qurbanov Zeydulla Şahverən oğlu Ailə münasibətləri üzrə hüquqi yardım göstərilməsi üçün vəkil Əbilov Şəhriyar Telman oğlu ilə müqavilə bağlamışdır. Hüquqi yardıma görə haqq 321 manat müəyyən olunmuşdur. 09 oktyabr 2025-ci il tarixli “PulPal” ödəniş sistemi vasitəsi ilə ödənilmiş qəbzin surətindən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu tərəfindən Əbilov Şəhriyar Telman oğluna hüquqi yardıma görə 321 manat məbləğində ödəniş etmişdir. 09 oktyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Qurbanov Zeydulla Şahverən oğlu məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu və 0,40 qəpik xidmət haqqı ödəmişdir. 14 noyabr 2025-ci il tarixli qəbzdən görünür ki, Qurbanova Arzu Zeydulla qızı məhkəməyə müraciət etmək üçün 50 manat dövlət rüsumu ödəmişdir. Mülki işə tətbiq edilən hüquq Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin IV hissəsinə əsasən, heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsi: Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə və qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 222.1. Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Maddə 1133.1. Ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Maddə 1133.2. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Maddə 1145. Miras fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açılır. Maddə 1151.1. Mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Maddə 1159.1.1. Ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu birinci növbədə vərəsədirlər. Maddə 1243.1. Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Maddə 1243.2. Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Maddə 1243.3. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Maddə 1246 Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Azərbaycan Respublikasının mülki qanunvericiliyində Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən Mülki Məcəllənin 1246 və 1273-1-ci maddələri ilə bağlı 26 dekabr 2023cü il tarixində qərər qəbul edilən tarixədək yaranan münasibətlərdə mirasın qəbul edilməsinin iki üsulu müəyyənləşdirilmişdir: formal üsul və qeyri-formal üsul. Formal üsul mirasın hüquqi cəhətdən qəbul edilməsi, qeyri-formal üsul isə mirasın faktiki cəhətdən qəbul edilməsidir. Mirasın qəbul edilməsinin formal üsulu dedikdə, vərəsənin notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verməsi başa düşülür. Vərəsə ərizəni yazılı formada verməlidir. Mirası qəbul etmək barədə ərizə nümayəndə vasitəsilə də verilə bilər. Bu halda nümayəndənin vərəsəlik işinin aparılması barədə notariat qaydada təsdiqlənmiş etibarnamə olmalıdır. Mirasın qəbul edilməsinin qeyri-formal üsuluna əsasən vərəsənin konkret hərəkətləri və rəftarı onun mirası qəbul etmək niyyətini açıq-aşkar təsdiqləyir və sübut edir. Bu hərəkətlərin məzmunundan belə bir nəticə çıxarmaq mümkündür ki, vərəsə mirası qəbul etmək məqsədi güdür. Faktiki sahiblik etmə üsuluna əsasən vərəsə ölən şəxsin əmlakını faktiki cəhətdən ələ keçirir və ona sahib durur, üzərində fiziki ağalıq edir. Bu hərəkətlərlə vərəsənin mirası qəbul etmək niyyəti açıq aşkar görünür və bəlli olur. Bu üsula həmçinin, başqa mənzildə yaşayan vərəsənin miras əmlak barədə qayğı göstərməsi, əmlakın verilməsi və ya qorunması barədə xahişlə müraciət olunması kimi hərəkətlər də daxildir. Yuxarıda qeyd edildiyi kimi miras qoyan Kərimova Gülsurə Kərim qızının 30 sentyabr 2003-cü il tarixdə ölümü ilə Torpağın mülkiyyətə verilməsinə dair N-228A Kod 80525018 nömrəli şəhadətnamə ilə ümumi birgə mülkiyyətdə olmaqla Masallı rayonu, Çaxırlı kəndində yerləşən 0.13 ha həyətyanı torpaq sahəsi və üzərində inşa olunan fərdi yaşayış evindəki payı mirasa açılmış və həmin əmlakı faktiki olaraq birinci növbəli vərəsələrindən olan oğlu, hazırki iş üzrə iddiaçı və cavabdeh Qurbanov Zeydulla Şahverdi oğlu faktiki qəbul etmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi Maddə 30.4. Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmadıqda, yaşayış sahəsinin mülkiyyətçisinin keçmiş ailə üzvünün maddi vəziyyəti və diqqətə layiq digər hallar özünü yaşayış sahəsi ilə təmin etməyə imkan vermədikdə, keçmiş ailə üzvünün göstərilən mülkiyyətçiyə məxsus olan yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququ məhkəmənin qərarı əsasında saxlanıla bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 oktyabr 2013-cü il tarixli qərarı: Yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Tərəflər arasında hüquq münasibətləri 21 iyun 2018-ci il tarixindən (rəsmi nikah tarixindən) yarandığından, Arzu Qurbanovanın mübahisəli yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi və üzərində mövcud fərdi yaşayış evini miras əmlak kimi faktiki qəbul etmiş Zeydulla Qurbanovun ailə üzvü, ondan özünü saxlamasını tələb hüququna malik şəxs olmadığından, sonuncunun oğlu ilə ailə münasibətlərinə xitam verildiyindən, mübahisəni Mənzil Məcəlləsinin 30.4-cü maddəsi qaydasında həll edən birinci instansiya məhkəməsinin mövqeyi ilə kollegiya razılaşır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalaranın pozulması şəraitində çıxarılması, normaların düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan faktiki halların aydınlaşdırılmamasından ibarət apellyasiya şikayətinin dəlilləri aparılan araşdırmanın nəticəsi olaraq öz təsdiqini tapmadı. Birinci instansiya məhkəməsinin qətnaməsi faktlar nöqteyi-nəzərindən qanuni və əsaslıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Masallı Rayon Məhkəməsinin 26 yanvar 2026-cı il tarixli e-2(050)-3569/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına “Elektron məhkəmə” informasiya sistemi üzərindən qanunla müəyyən olunan qaydada kassasiya şikayəti verilə bilər. Həmin müddətdə kassasiya şikayəti verilməzsə, qətnamə qanuni qüvvəyə minir. Sədrlik edən: Tale Kərimov Hakimlər: Qasım Əliyev Cahid İmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar