Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-284/2026 06.04.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya məhkəməsinin Mülki kollegiyası, hakimlər Heydərov Tofiq Xudayar oğlu (sədrlik edən və məruzəçi), Əsədov İlham Qoşunəli oğlu və Əhmədov Pərviz Tərlan oğlundan ibarət tərkibdə, Əliyev Orxan İsmayıl oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi Zöhrabova Səriyyə Xanbala qızının iştirakı ilə, İddiaçı İbrahimov Orucəli Rafiq oğlunun cavabdeh Rəhimova Nərmin Ramin qızına qarşı alimentin miqdarının azaldılması tələbinə dair mülki iş üzrə Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsindən cavabdeh Rəhimova Nərmin Ramin qızı tərəfindən verilmiş apellyasiya şikayətinə 06 aprel 2026-cı il tarixdə Şirvan Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı İbrahimov Orucəli Rafiq oğlu cavabdeh Rəhimova Nərmin Ramin qızına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Masallı Rayon Məhkəməsinin 22.09.2025-ci il tarixli 8(050)- 375/2025 saylı qərardadı ilə ona təyin olunmuş bir uşaq üçün 240 manat sabit pul məbləğində alimentin miqdarının azaldılaraq 125 manat miqdarında olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, tərəflər rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuş, rəsmi nikahdan 11.03.2021-ci il təvəllüdlü Zöhrabova Səma Orucəli qızı adlı bir övladları olmuşdur. Ailədaxili narazılıqlar səbəbindən nikahları məhkəmə qaydasında pozulmuş, uşaq yetkinlik yaşına çatana kimi anasının himayəsində saxlanılmışdır. Uşağın saxlanılması üçün iddiaçıdan 150 manat sabit pul məbləğində aliment kəsilmişdir. İddiaçı kəsilmiş aliment pulunu ödəməkdə çətinlik çəkir. Atasının və qohumlarının köməkliyi ilə aliment pulunu gecikmələrlə ödəyir. Bir neçə dəfə aliment pulunu ödəyə bilmədiyindən barəsində inzibati tənbeh tədbiri tətbiq olunmuşdur. Cavabdeh yenidən Masallı Rayon Məhkəməsinə müraciət edərək alimentin indeksasiya olunmasını xahiş etmiş, Masallı Rayon Məhkəməsinin 22.09.2025-ci il tarixli 8(050)-375/2025 saylı qərardadı ilə aliment məbləği 2025-ci ilə indeksasiya olunmuşdur. Qərara əsasən ondan minimum əmək haqqının 0,6 misli, yəni bir uşaq üçün 240 manat alimentin tutulması qərara alınmışdır. Hazırda rəsmi iş yeri yoxdur, fəhlə işləyir. Qanuna əsasən uşağı saxlamaq hər iki valideyinin borcudur. Ölkə üzrə 2025-ci il üçün uşağın yaşayış minimumu 246 manat təşkil edir. Həmin məbləğin 123 manatı onun öhdəsinə düşür. Vahid məhkəmə təcrübəsinə əsasən birinci instansiya məhkəmələri bir uşağa görə alimenti 180-200 manat kəsirlər. Birdən-birə onun alimenti 50% qalxmışdır. Həmçinin cavabdeh özü işləyərək yüksək məbləğdə əmək haqqı və premiya alır. Cavabdehin onun verdiyi aliment puluna ehtiyacı yoxdur. Cavabdeh ikinci dəfə ailə həyatı qurmuşdur. Hal-hazırda onda olan məlumata görə Bakı şəhərində yaşayır. Övladına isə cavabdehin anası baxır. O, avtomobil qəzası keçirmişdir, səhhətində ciddi problemləri vardır. Yeriməkdə çətinlik çəkir. Bu səbəbdən 3 aya yaxındır ki, işləyə bilmir. Maddi tələbatlarını valideyinləri qarşılayır. İş üzrə qəbul edilmiş məhkəmə aktı: a) Birinci instansiya məhkəməsində icraat. Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsi ilə (Hakim: Ellara Abbasova), iddianın qismən təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 8(050)- 375/2025 saylı, 22.09.2025-ci il tarixli qərardadı ilə Rəhimova Nərmin Ramin qızına bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində təyin olunmuş alimentin miqdarının azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, alimentin yeni məbləğdə tutulmasının başlanğıcının qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən hesablanması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən cavabdeh Rəhimova Nərmin Ramin qızı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsi tərəfindən gəlinən nəticə üçün mühüm əhəmiyyəti olan bütün hallar araşdırılmamış, məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyəti olan hallar sübut olunmamışdır. Gəlinən nəticə işin faktiki hallarına uyğun olmamaqla qanunsuz və əsassız olmuşdur. Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsi ləğv edilməklə, iddianın rədd edilməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehin nümayəndəsi Zöhrabova Səriyyə Xanbala qızı apellyasiya icraatı zamanı apellyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsi ləğv edilməklə, iddianın rədd edilməsini xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə iddiaçı və cavabdehə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyini təmin etmək məqsədilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə tərəflərin iştirakı olmadan apelyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəçinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Odur ki, kollegiya Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsini cavabdehin apellyasiya şikayətinin dəlilləri həddində, qanuniliyini yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin IV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideyinlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Uşağın hüquq və mənafelərini məhdudlaşdıran hər hansı əqd etibarsızdır. “Uşaq hüquqları haqqında” Konvensiyanın (12.11.1989-cu il) 3.1-ci maddəsinin məzmununa görə uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsində göstərilir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də ödəməyə borclu olan valideyinin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancının hamısını və ya bir hissəsini xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdyi və ya tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...”. Həmçinin MPM-nin 392.2-ci maddəsinə əsasən apellyasiya şikayəti təmin edilmədikdə və ya məhkəmənin qətnaməsi dəyişdirildikdə, apellyasiya instansiyası məhkəməsi hansı dəlillərə əsasən şikayətin təmin edilmədiyini və yaxud qətnamənin dəyişdirildiyini göstərməyə borcludur. Məhkəmə kollegiyası apellyasiya şikayətləri ilə əlaqədar iş materiallarını araşdıraraq aşağıdakıları qeyd edir. İşdə olan Masallı Rayon Məhkəməsinin 8(050)-375/2025 saylı, 22.09.2025-ci il tarixli qərardadından görünür ki, ərizənin təmin edilməsi, Masallı Rayon Məhkəməsinin 2(050)- 2140/2021 saylı, 13 iyul 2021-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyasının aparılaraq 12 sentyabr 2025-ci ii tarixdən başlayaraq İbrahimov Orucəli Rafiq oğlundan 11 mart 2021-ci il təvəllüdlü Zöhrabova Səma Orucəli qızı adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Rəhimova (əvvəl Zöhrabova) Nərmin Ramin qızının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.6 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışdır. İşdə olan MŞM/MT036/2025-01003 nömrəli, 13.10.2025-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməmə barədə arayışdan görünür ki, Rəhimova Nərmin Ramin qızı ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 60 manat mediasiya xərci iddiaçı İbrahimov Orucəli Rafiq oğlu tərəfindən ödənilmişdir. İşdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən məşğulluq haqqında arayışdan görünür ki, İbrahimov Orucəli Rafiq oğlu işsizdir. İşdə olan Bioloji Təbabət Klinikasının Tibbi xidmətlərə dair cədvəlindən görünür ki, Zöhrabova Səma Orucəli qızına icra edilən fizioterapiyanın bir seansı üçün 25 manat ödəniş edilmişdir. İşdə olan Fizioterapiya və Reabilitasiya Mərkəzinin 07.05.2024-cü il tarixli arayışından görünür ki, Zöhrabova Səma Orucəli qızı 03.11.2023-cü il tarixindən 28.11.2023-cü il tarixinədək, 04.01.2024-cü il tarixdən 29.01.2024-cü il tarixədək, 13.04.2024-cü il tarixindən 07.05.2024-cü il tarixinədək 21 seanslıq fizioterapiya müalicəsi almışdır. İşdə olan Ambulator kitabçadan çıxarışdan görünür ki, Zöhrabova Səma Orucəli qızına serebral iflic diaqnozu qoyulmuşdur. İşdə olan 1 ədəd DVD diskdə təqdim edilmiş video görüntülərdən görünür ki, Zöhrabova Səma Orucəli qızına xəstəliyi ilə əlaqədar tibbi prosedurlar icra edilmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verməzdən əvvəl onu qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır.
1. Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir.
2. Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Bu hal uşaqların hüquq və mənafeləri nəzərə alınmaqla həyata keçirilməlidir. Qeyd edilən tələblər gözlənilmədən birtərəfli qaydada qeyri-mütənasib aliment miqdarının müəyyən edilməsi, uşağın hüquq və mənafeyi ilə müəyyən qədər uzlaşsa da, bu öhdəliyi yerinə yetirən şəxsin hüquq və mənafeləri ilə ziddiyyət təşkil edəcəkdir. Bu yerinə yetirilməsi mümkün olmayan aliment miqdarının müəyyən edilməsi alimentin ödənilməsi imkanının azaldılmasına, qəbul edilmiş yekun məhkəmə aktının icra olunmamasına şərait yaradacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd edilən tələbləri gözləməklə istər uşağın hüquq və mənafeyini, istərsə də valideynlərin hüquq və mənafelərini gözləmişdir. Kollegiya qeyd edir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. “Yaşayış minimumu haqqında” Qanunun Ailə Məcəlləsinin 76, 78 və 112- ci maddələrində nəzərdə tutulmuş aliment münasibətlərinə aid edilməsinin mümkünlüyünə gəldikdə Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Nəticə etibarı ilə məhkəmənin mövqeyi belə olmuşdur ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd edilən qərarı ilə müəyyən edilir ki, alimentin məbləği məhkəmələr tərəfindən müəyyən edilərkən konkret iş üzrə hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verilməli, bu hallara qiymət verərkən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması nəzərə alınmalıdır. Konstitusiya Məhkəməsi uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququnun olması hüququnu tanımaqla yanaşı, alimentin «Yaşayış minimumu haqda» qanunla müəyyən edilmiş dəqiq məbləğin deyil, qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasını müəyyən etmişdir. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 246 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsi sabit pul məbləğində tutulacaq alimentin miqdarını müəyyənləşdirərkən, tərəflərin ailə və maddi vəziyyətini, habelə diqqətəlayiq olan digər halları nəzərə alıb və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, habelə tərəflərin hər birinin valideyn kimi uşaqlarını saxlamağa borclu olmalarını əsas tutaraq iddianı qismən təmin etmişdir. Odur ki, Masallı Rayon Məhkəməsinin 8(050)- 375/2025 saylı, 22.09.2025-ci il tarixli qərardadı ilə Rəhimova Nərmin Ramin qızına bir uşaq üçün hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,6 misli həddində təyin olunmuş alimentin miqdarı azaldılaraq, sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində sabit pul məbləğində müəyyən edilsin” barədə qənaəti qanuni və əsaslıdır. Kollegiya cavabdehin apellyasiya şikayətinin dəlillərini əsassız hesab etməklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.2-cı maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İş materiallarından göründüyü kimi məhkəmənin qətnaməsi ilə alimentin miqdarının azaltmaq 240 manatdan 200 manata endirmişdir. Cavabdeh isə apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini xahiş etmişdir. Belə olan halda cavabdehim apellyasiya şikayəti üzrə qətnamənin mübahisələndirilən hissəsinin qiyməti 480 (40x12) manat (yəni qətnamənin mübahisələndirilən hisssində iddianın qiyməti beş min manatdan az) təşkil edir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.1, 385.2, 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, Qət etdi: Cavabdeh Rəhimova Nərmin Ramin qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin Masallı Rayon Məhkəməsinin 09 dekabr 2025-ci il tarixli, 2(050)-3618/2025 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.