Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-35/2026 29.01.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ X1 Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-715/2025 nömrəli qərardadından (hakim C.Qədimov) Cavabdeh tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, kollegiya müəyyənetdi: İddiaçı Cavabdeh qarşı «vurulmuş maddi və mənəvi zərərlərə görə kompensasiyanın ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Neftçala Rayon Məhkəməsinin 14 oktyabr 2025-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin olunmuşdur. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin şikayət Azərbaycan Respublikası MPM-nin tələblərinə cavab vermədiyinə görə eyni Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən 03 dekabr 2025-ci il tarixli, e-2(053)-715/2025 nömrəli qərardadla geri qaytarılmışdır. Cavabdeh şikayət verərək Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e- 2(053)-715/2025 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, cavabdeh apellyasiya şikayətini düzgün qaydada vermişdir. Apellyasiya şikayətində qətnamədən narazı olduğu halları açıq şəkildə göstərmişdir. Ona görə də, hesab edir ki, birinci instansiya məhkəməsinin müvafiq qərardadı ləğv edilməlidir. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-715/2025 saylı qərardadı ilə Neftçala Rayon Məhkəməsinin e-2(053)-715/2025 saylı, 3 dekabr 2025-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, şikayətin dəlillərinə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin birinci instansiya məhkəməsinin qərardadını dəyişdirilmədən saxlayıb, şikayəti təmin etməmək hüququ vardır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, apellyasiya şikayətində Azərbaycan Respublikası MPM-nə 2 nömrəli əlavənin 6, 8, 9, 10 və 11-ci bəndlərində nəzərdə tutulmuş: - «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», - «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», - «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», - «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər» ümumiyyətlə göstərilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir. Belə ki, apellyasiya şikayəti forma və məzmun baxımından MPM-in 358.0.1-ci və 361.1-ci maddələrinə, həmçinin Azərbaycan Respublikası MPM-nə 2 nömrəli əlavəyə zidd olduğundan, birinci instansiya məhkəməsi iddia ərizəsini geri qaytarmaqda haqlı olmuşdur. Kollegiya hesab edir ki, Neftçala Rayon Məhkəməsinin e-2(053)-715/2025 saylı, 3 dekabr 2025-ci il tarixli qərardadı qanunidir və ləğv edilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası MPM-nin 358.0.1-ci maddəsinə əsasən «rayon (şəhər) məhkəmələrinin qətnamələrindən – yurisdiksiya üzrə apellyasiya məhkəmələrinin mülki kollegiyalarına» apellyasiya qaydasında şikayət verilə bilər. Həmin Məcəllənin 361.1-ci maddəsinə əsasən «Bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: 361.1.1. şikayətin verildiyi məhkəmənin adı və ünvanı; 361.1.2. şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı) şəxsiyyətini eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; 361.1.3. barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; 361.1.4. şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; 361.1.5. şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; 361.1.6. şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; 361.1.7. şikayətə əlavə edilən sənədlərin siyahısı». Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə nəzər saldıqda müəyyən olunur ki, şikayətdə «Maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsinə dair dəlillər», «Məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmamasına dair dəlillər», «Birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsinə dair dəlillər», «Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsinə dair dəlillər», «Birinci instansiya məhkəməsinə təqdim edilməmiş yeni sübutlar və onların təqdim edilməsinin əsaslandırılmasına dair dəlillər»-in nədən ibarət olunması əsaslandırılmaqla ümumiyyətlə göstərilməmişdir. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması ilə bağlı məsələyə düzgün hüquqi qiymət vermişdir və buna görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən də, kollegiya hesab edir ki, şikayətin təmin edilməsi üçün əsaslar yoxdur. Şikayətin dəlilləri formal mülahizələrdən ibarətdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi doğru qənaətə gəlmişdir. Odur ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 397, 398.0.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Neftçala Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(053)-715/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-35/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-35/2026
29.01.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver