Məhkəmə qərarları › İş №2(3-9)-59/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-59/2026

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-59/2026 25.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Novruzova Aytən Nazim qızı (sədrlik edən və məruzəçi), Əsədli Mahir Abdulla oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Alıyev Zaməddin Fariz oğlunun katibliyi, İddiaçı X2 iştirakı ilə, İddiaçı X2 Cavabdeh qarşı alimentin azaldılması tələbinə dair mülki iş üzrə Astara Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli, e-2(018)-1789/2025 saylı qətnaməsindən iddiaçı X5 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: Kəlbəcər Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 8(040)-45/2025 saylı qərardadı ilə, Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli 2(040)-555/2015 saylı qətnaməsi ilə 06 iyul 2010-cu ildə doğulmuş X3 və 03 yanvar 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı cavabdeh Allahverdiyeva (hal-hazırda “Bəxtiyarova”) Mehriban Qubalı qızının xeyrinə hər ay hər uşağa görə ödənilməli olan 60 (altmış) manat sabit pul məbləğində aylıq alimentin miqdarı 05 sentyabr 2025-ci il tarixdən hesablanmaqla və sonrakı artımlar nəzərə alınmaqla, müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqı məbləğinin 0,57 (sıfır tam yüzdə əlli yeddi) misli həddində indeksasiya edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat: İddiaçı X16 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(040)-45/2025 saylı qərardadına əsasən müəyyən edilmiş 0.57 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0.20 misli həddində müəyyən edilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli e-2(018)-1789/2025 saylı qətnaməsi ilə (Hakim: İlqar Məmmədov) iddia təmin edilməmişdir. Məhkəmə mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmış, qeyd etmişdir ki, ddiaçı ərizəsində məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun və yaxud cavabdehin ailə və ya maddi vəziyyətində dəyişiklik olması barədə sübut təqdim etməmişdir, buna görə də iddia tələbi rədd edilməlidir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri Qətnamədən narazı qalan iddiaçı X5 apellyasiya şikayəti vermişdir. İddiaçı apellyasiya şikayətində göstərmişdir ki, Kəlbəcər Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 8(040)-45/2025 nömrəli qərardadına əsasən alimentin indeksasiya edilməsi nəticəsində onun ödəməli olduğu aliment məbləği dörd dəfə artmışdır. Bu isə onun maddi imkanlarına uyğun olmamaqla ailə vəziyyətinə ciddi təsir göstərir. Astara Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(018)-1789/2025 nömrəli məhkəmə qətnaməsini qəbul edərkən ümumiyyətlə bu faktlara nəzər yetirməmişdir. Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli 2(040)- 555/2015 saylı qətnaməsi ilə tələbkarla aralarında olan nikah pozulduqdan sonra o, 29 dekabr 2016-cı il tarixdə X9 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Hazırda Kəlbəcər Rayon Məhkəməsinin 12 oktyabr 2015-ci il tarixli 2(040)-555/2015 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,57 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağırlaşdırır. Onun hazırki nikahdan 3 övladı var. Məhkəmə qərar qəbul edərək bu nüanslar nəzərə alınmamışıdır. Apelyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh tərəf apellyasiya şikayətinə qarşı etirazında apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Proses iştirakçılarının izahatı: Apellyasiya baxışında iştirak edən iddiaçı X5 izahatında apellyasiya şikayətinin dəlillərini müdafiə edərək əlavə olaraq bildirdi ki, Cavabdeh ilə aralarında olan nikah pozulduqdan sonra o, 29 dekabr 2016-cı il tarixdə X9 ilə nikaha daxil olaraq evlənmişdir. xx.xx.2017-ci il tarixdə X6, xx.xx.2019-cu il tarixə X7 və xx.xx.2021-ci il tarixdə X8 adlı üç övladı anadan olmuşdur. Halhazırda heç bir yerdə işləmir. Aliment ödənişlərini etməyə maddi imkanı yoxdur. Apellyasiya şikayətinin təmin olunmasını xahiş etdi. Qanunvericiliklə nəzərdə tutulmuş qaydada cavabdeh tərəfə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, iclasda iştirak etməmiş, nümayəndə ilə təmsil olunmamışdır. Odur ki, məhkəmə kollegiyası məhkəmə icraatının tezliyinin təmin olunması baxımından Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən iş üzrə cavabdehin iştirakı olmadan apellyasiya şikayətinə baxılmasını mümkün hesab etmişdir. Apelyasiya baxışının hədləri: Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının tətbiqinin düzgünlüyünü apelyasiya şikayətinin dəlillərindən asılı olmayaraq yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1 və 372.7-ci maddələrinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi maddi hüquq normalarına riayət edilməsini birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissəsində yoxlayır. Qətnamədən iddiaçı tərəf apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iş üzrə yeni qətnamə qəbul edilməsini, iddianın təmin edilməsini xahiş etdiyindən, qətnamə apellyasiya qaydasında bütövlükdə yoxlanılır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında qeyd edilir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Uşağın əvvəlki təminatının səviyyəsinin araşdırılması zamanı məhkəmə nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır... Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2.-ci maddəsinə əsasən Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1.-ci maddəsinə əsasən Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88.-ci maddəsinə əsasən Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.1.-ci maddəsinə əsasən Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3.-ci maddəsinə əsasən Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 220.4.-ci maddəsinə əsasən Qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 372.1.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.7.-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənini maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş üzrə apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsində toplanmış sübutları, iş materiallarında mövcud olan bütün sənədləri, hərtərəfli və obyektiv araşdıraraq həmin sübutlara hüquqi qiymət verməklə belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv olunmalı, iddia qismən təmin edilməlidir. Kollegiya aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Aliment hüquq münasibətlərinin əsas məqsədi yetkinlik yaşına çatmayan uşağın maddi təminatının həyata keçirilməsi olmaqla yanaşı, bu təminatın real, ağlabatan və faktiki şəraitə uyğun şəkildə müəyyən edilməsidir. Aliment institutu valideyni həddindən artıq maliyyə yükü altına salmaq üçün deyil, uşağın normal inkişafı və minimum yaşayış ehtiyaclarının təmin edilməsi üçün nəzərdə tutulmuşdur. Eyni zamanda məhkəmə nəzərə alır ki, ailə münasibətləri dinamik xarakter daşıyır və zaman keçdikcə tərəflərin maddi vəziyyətində, sosial şəraitində və ailə yükündə dəyişikliklərin baş verməsi mümkündür. Bu səbəbdən aliment məbləği sabit və dəyişməz kateqoriya kimi deyil, mövcud faktiki vəziyyətə uyğunlaşdırılan hüquqi mexanizm kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin qətnaməsini, apellyasiya şikayətinin dəlillərini və tərəflərin təqdim etdikləri sübutları araşdıraraq aşağıdakı nəticəyə gəlir: İş materiallarından görünür ki, Kəlbəcər Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 8(040)-45/2025 saylı qərardadı ilə 06 iyul 2010-cu ildə doğulmuş X3 və 03 yanvar 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə müəyyən edilmiş minimum aylıq əmək haqqının 0,57 misli həddində aliment tutulması müəyyən edilmişdir. İddiaçı isə məhkəməyə müraciət edərək həmin aliment məbləğinin onun maddi imkanlarına uyğun olmadığını və ailə vəziyyətinə ciddi təsir göstərdiyini bildirərək aliment məbləğinin azaldılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddianı təmin etməyərək belə qənaətə gəlmişdir ki, iddiaçı aliment məbləğinin müəyyən edilməsindən sonra onun və ya digər tərəfin ailə və ya maddi vəziyyətində dəyişiklik baş verməsini təsdiq edən mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə iş üzrə müəyyən edilmiş faktiki halların və tətbiq edilməli hüquq normalarının düzgün qiymətləndirilməsinə əsaslanmır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən 112.1. aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər Həmin norma aliment öhdəliyinin dəyişkən xarakter daşıdığını və müəyyən edilmiş aliment məbləğinin tərəflərin real sosial-iqtisadi vəziyyəti nəzərə alınmaqla yenidən müəyyən edilə biləcəyini nəzərdə tutur. İş materiallarından müəyyən edilir ki, iddiaçı əvvəlki nikahının pozulmasından sonra yenidən ailə həyatı qurmuş və hazırkı nikahdan üç azyaşlı övladı vardır. Bu hal iddiaçının üzərinə əlavə saxlanma və təminat öhdəliklərinin düşməsinə səbəb olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, bu kimi hallar aliment öhdəliyinin həcminin müəyyən edilməsində nəzərə alınmalı olan mühüm ailə və sosial amillərdəndir. Bununla yanaşı, alimentin indeksasiya edilməsi nəticəsində ödənilməli məbləğin əvvəlki dövrlə müqayisədə əhəmiyyətli dərəcədə artması iddiaçının maliyyə vəziyyətinə əlavə yük yaratmışdır. Aliment hüquq münasibətlərinin məqsədi uşağın maddi təminatının təmin edilməsidir, lakin bu təminat aliment ödəyən şəxsin real maddi imkanları ilə uzlaşdırılmalı, tərəflərin hüquq və mənafeləri arasında ədalətli balans qorunmalıdır. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddiaçının cari ailə vəziyyətini, onun himayəsində olan digər azyaşlı uşaqların mövcudluğunu və aliment məbləğinin indeksasiya nəticəsində əhəmiyyətli dərəcədə artmasını lazımi səviyyədə qiymətləndirməmişdir. Digər tərəfdən, kollegiya hesab edir ki, iddiaçının tələb etdiyi kimi aliment məbləğinin 0,20 misli həddinə endirilməsi də yetkinlik yaşına çatmayan uşaqların maddi təminatının lazımi səviyyədə qorunmasına tam təminat vermir, buna görə də iddia tələbi qismən təmin edilməlidir. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə müəyyən edilmiş bütün faktiki hallar, tərəflərin ailə və maddi vəziyyəti, həmçinin yetkinlik yaşına çatmayan uşaqların maraqları nəzərə alınmaqla aliment məbləğinin müəyyən dərəcədə azaldılması məqsədəuyğundur. Kollegiya belə nəticəyə gəlir ki, Kəlbəcər Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 8(040)-45/2025 saylı qərardadı ilə 06 iyul 2010-cu ildə doğulmuş X3 və 03 yanvar 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə hər ay hər uşağa görə müvafiq dövrdə ölkə üzrə minimum aylıq əmək haqqının 0,57 misli həddində müəyyən edilmiş aliment məbləğinin 0,45 misli həddində müəyyən edilməsi tərəflərin hüquq və mənafelərinin balansına daha uyğun və ədalətli hesab edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində açıq şəkildə göstərilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi barədə tələbə baxılarkən məhkəmə aliment müəyyən edildikdən sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliklərin baş verdiyini müəyyən etməli və alimentin miqdarının dəyişdirilməsinin uşağın maddi vəziyyətinə təsirini qiymətləndirməlidir. Birinci instansiya məhkəməsi isə bu hüquqi mövqeyi nəzərə almadan, alimentin mövcud məbləğinin iddiaçının faktiki ödəmə imkanları ilə uyğunluğunu araşdırmamış, nəticədə uşaqların mənafeyi ilə iddiaçının real maddi vəziyyəti arasında tələb olunan balansı təmin etməmişdir. Kollegiya hesab edir ki, aliment məbləğinin real imkanlardan kənar müəyyən edilməsi gələcəkdə aliment borcunun yığılmasına, icra tədbirlərinin tətbiqinə, inzibati və ya cinayət məsuliyyəti risklərinin yaranmasına səbəb ola bilər ki, bu da nə valideynin, nə də uşağın uzunmüddətli mənafeyinə uyğundur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən əsaslıdır, buna görə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia qismən təmin olunmalı, Kəlbəcər Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 8(040)-45/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq 06 iyul 2010-cu ildə doğulmuş X3 və 03 yanvar 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa münasibətdə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə, onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. İnsan hüquq və azadlıqlarının qorunması və müdafiəsi məhkəmələr tərəfindən hər hansı mübahisənin qanuni həllinə yönəlmiş müvafiq maddi hüquq normalarının elə tərzdə tətbiqini şərtləndirir ki, nəticədə konstitusiya əhəmiyyətli digər dəyərlərə xələl gətirilməsin, ictimai və xüsusi maraqlar arasındakı tarazlığa riayət olunsun (M.Xocalıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2014-cü il tarixli qərarı). Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 382, 384.0.2, 392 və 393cü maddələrini rəhbər tutaraq, Məhkəmə Kollegiyası qətetdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Astara Rayon Məhkəməsinin 12 dekabr 2025-ci il tarixli e-2(018)-1789/2025 saylı ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul olunsun. İddia qismən təmin olunsun. Kəlbəcər Rayon Məhkəməsinin 15 sentyabr 2025-ci il tarixli 8(040)-45/2025 saylı qərardadı ilə indeksasiya edilmiş alimentin məbləği azaldılaraq 06 iyul 2010-cu ildə doğulmuş X3 və 03 yanvar 2012-ci ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X1 Cavabdeh xeyrinə, sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa münasibətdə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə rədd olunsun. Qətnamədən kassasiya qaydasında şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar