Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-650/2026 13.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əliyev Qasım Vəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: Dəmirov İddiaçı Kübra Əhmədağa qızına qarşı aliment məbləğinin azaldılması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabirabad Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli 8(056)-319/2025-saylı qərardadına asasən ##.##.2025-ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2011ci il təvəllüdlü X3 və ##.##.2015-ci il təvəllüdlü X1 üçün hər uşağa görə tutulan 0.61 misli həddində olan alimentin həcmini azaldılaraq 0.40 misli həddində müəyyən edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, o, Cavabdeh ilə 2009-cu il tarixdə nikahlarını rəsmi qeyd etdirməklə, ailə qurmuşlar. Birgə nikahlarından üç nəfər ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2015-ci il təvəllüdlü X1 adlı uşaqları dünyaya gəlmişdir. Sabirabad Rayon Məhkəməsinin ##.##.2018-ci il tarixli qətnaməsi ilə aralarında olan rəsmi nikahları pozulmuş və hər ay hər uşaqa görə 80 manat ümumilikdə hər ay 240 manat aliment təyin olunmuşdur. Sonradan Cavabdeh müraciəti əsasında Sabirabad Rayon Məhkəməsinin # ####### 2025-ci il tarixli qərardadına əsasən ##.##.2025ci il tarixdən başlayaraq ondan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimun əmək haqqının 0.61 misli həddində aliment indeksasiya olunmuşdur. Məhkəmə tərəfindən qeyd olunan alimentin indeksasiya olunmuş miqdarı onun gəlirləri ilə uyğun deyil va ödəyə bilmir. Halhazırda işsizdir və heç bir yerdə işləmir, gəliri yoxdur, normal yaşamaq üçün maddi olaraq çox çətinliklər çəkir və 246 manat alimenti ödəyə bilmir. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Nurəddin Bağırov) iddia tələbi qismən təmin edilərək Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərardadı əsasında hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.61 misli həddində tutulan alimentin həcminin azaldılaraq, ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2015-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində müəyyən edilməsi qərara alınmışdır. Qətnamədən narazı qalan Cavabdeh şikayət verərək onun ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının mülkiyyətində 5 evi olmuş və hamısını satıb pulun xərcləmişdir. İddiaçı özü kombi ustasıdır və aylıq qazancı 1500 (bir min beş yüz) manat təşkil edir. Bundan başqa mülkiyyətində avtomobili var. Amma atasının adına rəsmiləşdirmişdir. Hazırkı azalmış aliment uşaqların məsrəfini ödəmir. Çünki uşaqlardan biri bu yaxınlarda texnikomu bitirir. Özü isə kirayədə qalır və himayəsində 3 azyaşlı uşaqlar vardır. Onların məktəb ləvazimatını, qidasını və sair tələbatlarını şəxsən özü qarşılayır. Hazırkı hər uşağa təyin olunmuş 160 manat alimentlə bunu etmək qeyrimümkündür. Hər 3 uşaq təhsil alır və onlarış məşğələləri də vardır və bunlara dairdə müvafiq xərclər çəkmək lazımdır. Başqa yerdən əlavə gəliri yoxdur. İşimlə əlaqədar Bakı şəhərində yaşayır və orada kirayədə qalır. İddiaçı ev alğı-satqısı ilə də məşğuldur və şəxsi avtomobili də vardır. İddiaçı bu yaxınlarda 5 ev satmışdır. İddiaçının gəliri 1500 manat təşkil edir. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, cavabdeh bir il ərzində bir ay belə alimenti müntəzəm şəkildə ödəməmiş, ödənişləri hissə-hissə həyata keçirmişdir. Üç uşağın saxlanılması üçün müəyyən edilmiş aylıq aliment məbləği hazırda 480 manat təşkil etsə də, cavabdeh hər ay müxtəlif məbləğlərdə, o cümlədən 15, 20 manat olmaqla ödənişlər etmişdir. Cavabdeh tərəfindən uşaqların təminatı üçün hər hansı əmlak, ev, torpaq sahəsi və ya avtomobil verilməmişdir. Hazırda əmək fəaliyyəti ilə məşğul deyildir. İddiaçı isə kombi ustası kimi işləyir, habelə ev tikib satmaqla məşğuldur. Buna baxmayaraq, həmin əmlaklardan uşaqların təminatı üçün istifadə olunmamışdır. Cavabdehin əmlakının və sabit gəlirinin olub-olmamasından asılı olmayaraq, uşaqlarını saxlamaq vəzifəsi vardır. Həmçinin cavabdeh mütəmadi olaraq spirtli içki qəbul etmişdir, uzun müddət ərzində ona və uşaqlara qarşı zorakı davranış nümayiş etmişdir. İddiaçı məhkəmə iclasında izahatında bildirdi ki, hazırda rəsmi olaraq heç bir yerdə işləmir. Hazırda kombi işi ilə məşğul olmasa da, qazanc əldə etmək məqsədilə müxtəlif müvəqqəti işlər görür. Sabit gəliri olmadığından alimenti hər ay çətinliklə ödəyir və əldə etdiyi gündəlik qazanca uyğun olaraq hissə-hissə ödənişlər edir. Hazırda aliment üzrə ümumi borcun məbləğindən xəbərdar deyildir, inzibati məsuliyyətə cəlb edilməmişdir. Odur ki, işsiz və sabit gəlirinin olmamasının nəzərə alınmasını xahiş etdi. İşdə olan Sabirabad Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli *(***)-***/**** saylı qərardadının surətindən görünür ki, Sabirabad Rayon Məhkəməsinin # ###### 2018-ci il tarixli *(***)-****/**** saylı qətnaməsinə əsasən ##.##.2010-cu il təvəllüdlü X2, ##.##.2011-ci il təvəllüdlü X3 və ##.##.2015-ci il təvəllüdlü X4 üçün İddiaçı hər ay hər uşaq üçün tutulan 80 manat, cəmi 240 manat alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ayrı-ayrılıqda hər il ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,61 misli həddində indeksasiya olunmuşdur. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərkibi aliment məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,40 misli həddində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, “AZEMİS” EİS-dən əldə edilmiş məlumatlara əsasən İddiaçı rəsmi gəlirinin, onun adına daşınar və daşınmaz əmlakın mövcudluğu müəyyən edilməmişdir. Göstərilən hallar aliment ödəyicisinin faktiki maddi vəziyyətinin və aliment öhdəliyinin icra imkanlarının qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, aliment məbləği müəyyən edilərkən uşaqların təminatının zəruri səviyyədə olması ilə yanaşı, aliment ödəyicisinin real maddi imkanları da nəzərə alınmalıdır. Bu baxımdan, birinci instansiya məhkəməsi tərəfindən alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,40 misli məbləğində müəyyən edilməsi uşaqların mənafeyi ilə aliment ödəyicisinin maddi imkanları arasında ədalətli və mütənasib tarazlıq yaradır. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında aliment məbləğinin bundan fərqli qaydada müəyyən edilməsini zəruri edən əsaslı hallar müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi eyni zamanda diqqətə çatdırır ki, hazırkı tələb üzrə münasibətlər davam edən xarakter daşıdığı üçün qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflərin eyni məsələ ilə bağlı gələcəkdə yenidən iddia qaldırmaq hüququ istisna edilmir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14, 77, 217, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sabirabad Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-650/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-650/2026
13.08.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver