Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-652/2026 14.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər İmanov Cahid Fehruz oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Beyləqan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında apellyasiya qaydasında baxıb MÜƏYYƏN ETDİ: “Doğum haqqında Şəhadətnamə”nin surətindən görünür ki, X2 ## ####### 2011-ci il tarixdə doğulmuşdur. Beyləqan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli qətnaməsinin surətindən görünür ki, ## ####### 2011-ci il təvəllüdlü Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ya sabir pul məbləğində 90 manat alimentin alınması hissəsində dəyişdirilərək, alimentin hər ay onun qazancının ¼ hissəsində tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə ## ###### 2026-cı il tarixli MŞA/MT***/****-**** nömrəli arayışdan müəyyən edilir ki, iddiaçı alimentin sabit pul məbləğində müəyyən edilməsi və aliment məbləğinin artırılması tələbi ilə mediasiyaya müraciət etmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmədiyindən sözügedən arayış iddiaçıya təqdim edilmişdir. # ###### 2026-cı il tarixli *** saylı arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. “AZEMİS” EİS-dən əldə olunmuş “əmək müqaviləsi” məlumatlarına dair Çıxarışdan görünür ki, Cavabdeh Beyləqan Mənzil-komunnal Təsərrüfatı İstehsalat Birliyində istixana fəhləsi - bağban işləməklə aylıq 433 manat məbləğdə əmək haqqı alır. “AZEMİS” EİS-dən əldə olunmuş “Təqaüd” məlumatlarına dair Çıxarışdan görünür ki, Cavabdeh 400 manat və 645,87 manat məbləğlərdə pensiya alır. “AZEMİS” EİS-dən əldə olunmuş əmək müqaviləsi” məlumatlarına dair Çıxarışdan görünür ki, İddiaçı “Beyləqan Rayon Mərkəzi Xəstəxanası” PHŞ-də sanitar işləməklə aylıq 473 manat məbləğdə əmək haqqı alır. İDDİA TƏLƏBİ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı Cavabdeh qarşı alimentin növünün dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2020-ci il tarixli *(***)-***/**** saylı qətnaməsi ilə ## ####### 2011-ci il təvəllüdlü Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun qazancının ¼ hissəsi məbləğində tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay bir uşaq üçün 300 manat sabit pul məbləğində olmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə aralarında mövcud olmuş faktiki nikah pozulduqdan sonra birgə nikahlarından doğulmuş ## ####### 2011-ci il təvəllüdlü Aytən adlı uşaqları iddiaçının himayəsində saxlanılmış, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2013-cü il tarixli qətnaməsi ilə Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun qazancının və bütün növ gəlirlərinin ¼ hissəsində alimentin tutulub iddiaçıya ödənilməsi qət edilmişdir. Həmin məhkəmənin # ##### 2015-ci il tarixli qətnaməsi ilə Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay onun qazancının və bütün növ gəlirlərinin ¼ hissəsində alimentin tutulmasına dair hissədə dəyişdirilərək, alimentin hər ya sabir pul məbləğində 90 manat olması qət edilsə də, məhkəmənin ## ###### 2020-ci il tarixli qətnaməsi ilə yenidən alimentin hər ay onun qazancının ¼ hissəsində tutulması qət edilmişdir. Lakin, uşağın təlabatı günü-gündən artır. Odur ki, alimentin məbləğinin artırılması zərurəti yarandığına görə, həmin məbləğin hər ay bir uşaq üçün 300 manat sabit pul məbləğində olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Beyləqan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Səbuhi Səfərov) iddianın qismən təmin edilməsi, Beyləqan Rayon Məhkəməsinin ## ###### 2020ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ## ####### 2011-ci il təvəllüdlü Aytən adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı xeyrinə qət edilən onun qazancının ¼ hissəsində tutulan alimentin miqdarının dəyişdirilərək, alimentin məbləği hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi, Cavabdeh dövlət rüsumuna görə 44 manat məbləğdə pulun alınaraq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə tutulan alimentin miqdarı müəyyən edilərkən uşağın saxlanmasının hər iki valideynin vəzifəsi olması, valideynlərin bərabər hüquq və vəzifələrə malik olmaları, tərəflərin maddi vəziyyəti və uşağın mənafeyi, uşağın normal şəraitdə yaşamasının təmin edilməsi və fiziki cəhətdən sağlam inkişafı üçün Cavabdeh hər ay bir uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,50 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Bu halda aliment tutulması ilə bağlı bütün tərəflərin mənafeyi nəzərə alınır və bu məbləğ Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla, xeyrinə aliment tutulan uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün kifayətdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü, Avropa İnsan Hüquqları Konvensiyasının 5-ci, Ailə Məcəlləsinin 22.2.2, 75.1, 75.4, 78.2, 110.1, 110.2 və 112.1-ci, “Uşaq hüquqları haqqında” qanununun 13-cü maddələrinə, “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanunun 1-ci, “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Prezidentinin ## ###### 2024-cü il tarixli Sərəncamına, Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” ##.##.2016-cı il tarixli qərarına istinadla əsaslandırmışdır. APELLYASİYA ŞİKAYƏTİ VƏ DƏLİLLƏR: Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mülki iş barədə ona məlumat verilməmiş, məhkəmə prosesi iştirakı olmadan keçirilmiş, iştirakının təmin edilməsi üçün heç bir tədbir görülməmişdir. Eyni zamanda iddiaçı işin obyektiv halları barədə məhkəməyə doğru məlumat verməmiş, ailəli olduğunu, ikinci ailəsindən də uşaqları olduğunu ərizəsində göstərməmiş, məhkəmə isə bu halların araşdırılması və aylıq əmək haqqıdan başqa gəlirinin olmamasını nəzərə almamışdır. Beyləqan Rayon Məhkəməsi Konstitusiyanın normalarının tələblərini pozmaqla, işi hərtərəfli, tam araşdırmamış, gəldiyi nəticəyə birbaşa təsir edən hallar barədə məlumat toplamamış, əsassız olaraq alimentin miqdarının iki dəfə qaldırmaqla, himayəsində olan uşaqların yaşayış səviyyəsini təhlükəyə atmışdır. APELLYASİYA ŞİKAYƏTİNƏ ETİRAZ VƏ ONUN ƏSASLANDIRILMASI: İddiaçı apellyasiya şikayətinə etiraz ünvanlayaraq onun təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, cavabdeh məhkəmə iclasında iştirak etməməklə öz prosessual hüquqlarından istifadə etməmişdir. Lakin onun məhkəməyə gəlməməsi və ya iştirakdan yayınması məhkəmə tərəfindən qəbul edilmiş qanuni qətnamənin ləğvi üçün əsas sayıla bilməz. Apellyasiya şikayətində məhkəmə bildirişlərinin ona çatdırılmadığını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Cavabdeh həmçinin ikinci ailəsinin və digər uşaqlarının olmasını göstərərək qətnamənin ləğv edilməsini xahiş edir. Bu arqument də hüquqi cəhətdən əsassızdır. Sonradan ailə qurulması və digər uşaqların dünyaya gəlməsi əvvəlki nikahdan olan uşağın aliment almaq hüququnu aradan qaldırmır və məhdudlaşdıra bilməz. Bundan başqa, cavabdeh aylıq əmək haqqından başqa gəlirinin olmadığını göstərir. Lakin məhkəmə aliment məsələsini həll edərkən yalnız cavabdehin gəlirlərini deyil, həm də uşağın mənafeyini, yaşını, gündəlik ehtiyaclarını və ölkədə mövcud sosial-iqtisadi şəraiti nəzərə almışdır. Qızı Aytənin yaşı artdıqca onun qidalanma, geyim, təhsil, dərs vəsaitləri, tibbi xidmət və digər zəruri ehtiyacları əhəmiyyətli dərəcədə artmışdır. Əvvəlki qətnamə ilə müəyyən edilmiş qaydada aliment tutulması uşağın normal inkişafı və saxlanılması üçün kifayət etməmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ: Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, mənzil təsərrüfatı sahəsində bağban kimi çalışır. Əmək müqaviləsində aylıq əməkhaqqının məbləği 433 manat göstərilsə də, faktiki olaraq bank kartına köçürülən əməkhaqqı 400 manat təşkil edir. Bundan əlavə, müharibə veteranı olduğuna görə aylıq 80 manat məbləğində pensiya alır. Beyləqan rayonunda yaşayır və hər hansı əlavə gəlir mənbəyi yoxdur. Bu günədək aliment öhdəliyini vaxtında və tam həcmdə yerinə yetirmişdir. Göstərilənlərə əsasən aliment məbləğinin azaldılmasını xahiş etdi. İddiaçı qanunvericiliklə nəzərdə tutulmuş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən İddiaçı iştirakı olmadan apellyasiya şikayəti üzrə işə baxılmasını mümkün hesab etmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1. və 372.7.-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ##.##.2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Ona görə də, məhkəmə tərkibi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı hüquqi mövqeyini nəzərə alaraq birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. T Ə L Ə B İ N Q A N U N İ Ə S A S İ: Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” # #### 2026-cı il tarixli Azərbaycan Respublikasının Qanununun 1.1.5-ci bəndinə əsasən uşağın üstün mənafeləri – bu Qanuna və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş normalarına uyğun olaraq uşağın rifahı, təhlükəsizliyi, sağlamlığı, təhsili və inkişafı ilə bağlı mənafeləridir. Qanunun 11-ci maddəsinə əsasən hər bir uşaq yaşamaq, fiziki, əqli, mənəvi, əxlaqi və sosial cəhətdən inkişaf etmək üçün zəruri olan yaşayış standartı və həyat səviyyəsi ilə təmin olunmaq hüququna malikdir. Dövlət bu hüququ iqtisadi, sosial-hüquqi və digər tədbirlər sistemi vasitəsilə təmin edir. Qanunun 24.1-24.2-ci bəndlərinə əsasən hər bir uşaq sosial təminat hüququna malikdir. Uşağın qanunla müəyyən edilmiş yaşayış minimumu məbləğindən az olmayan məbləğdə maddi təminat almaq hüququ vardır. APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə tərkibi ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, valideynlər övladlarının saxlanılması, onların fiziki, mənəvi və intellektual inkişafı üçün zəruri şəraitin yaradılması üzrə bərabər hüquq və vəzifələrə malikdirlər. Bu baxımdan, alimentin məbləği müəyyən edilərkən uşaqların yaşı, gündəlik tələbatları, təhsil, qidalanma, geyim və digər zəruri ehtiyacları, habelə valideynlərin maddi vəziyyəti və gəlir imkanları nəzərə alınmalıdır. Məhkəmə tərkibi hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər və hərtərəfli şəkildə araşdırmış, təyin edilmiş alimentin miqdarının hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0.50 misli həddində sabit pul məbləğində müəyyən edilməsi işi müəyyən edilmiş faktiki hallarına uyğundur. Uşağın üstün mənafeyi prinsipi, onun normal yaşayış səviyyəsinin təmin edilməsi zərurəti, yaşı ilə bağlı artan ehtiyacları, habelə aliment ödəyicisinin övladının saxlanılmasında iştirak etmək vəzifəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləği ağlabatan və ədalətli hesab edilməlidir, məhkəmə tərkibi bu səbəbdən təyin edilmiş aliment məbləğinin azaldılması üçün əsasların olmadığı qənaətindədir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Qanuna əsasən uşaqlar üçün yaşayış minimumu 2026-cı il üçün 260 manat məbləğdə müəyyən edilmişdir. Bundan başqa, məhkəmə tərkibi məhkəmə iclaslarının cavabdehin iştirakı olmadan keçirilməsi, bu barədə məlumatlandırılmamasına dair apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, MPM-in 14.1-ci maddəsinin tələbinə görə məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. İş materiallarında olan məhkəmə bildirişləri və xəbərnamədən açıq şəkildə görünür ki, cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri barədə qanunvericiliyin tələblərinə uyğun qaydada məlumatlandırılmışdır (səh. 23, 31, 33). Diqqətə çatdırılır ki, hazırkı qərarın mövcudluğu onların ailə və maddi vəziyyəti, habelə digər diqqətəlayiq hallar nəzərə alınmaqla, məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsi (azaldılması və ya artırılması) tələbi ilə yenidən məhkəməyə müraciət etmək imkanından məhrum etmir. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən yekun dəyərləndirmə apararaq belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin gəldiyi hazırkı nəticə qanuni və əsaslıdır. Buna görə də, cavabdehin verdiyi apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdən qanuni və əsaslı olan birinci instansiya məhkəməsinin gəldiyi nəticənin ləğv və ya dəyişdirilməsi üçün əsas ola bilməz və formal mülahizələrdən ibarətdir. Beləliklə, məhkəmə tərkibi yuxarıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Bununla yanaşı, MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 115-ci maddəsinə görə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə tərkibi məhkəmə xərclərinə dair hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar olaraq ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 14.2, 77.1, 217.2, 218.3, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Beyləqan Rayon Məhkəməsinin # ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(3-9)-652/2026
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-652/2026
14.07.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver