Məhkəmə qərarları › İş №2(3-9)-749/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-749/2026

16.07.2026 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-749/2026 16.07.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və X1 ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı Əsgərov İlqar İbiş oğlunun iştirakı ilə, İddiaçı Əsgərov İlqar İbiş oğlu cavabdeh Cavabdeh qarşı “pul” tələbinə dair mülki iş üzrə Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsindən iddiaçı Əsgərov İlqar İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Əsgərov İlqar İbiş oğlu cavabdeh Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Laçın Rayon Məhkəməsinə müraciət edərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, 2023-cü ilin may ayında özünə məxsus avtomobilini Cavabdeh adlı avtomobil ustasına təmir etdirmək üçün vermişdir. Usta Cavabdeh tərəfindən ona məxsus olan avtomobildə malyar işlər görülməli idi. Bunun müqavilində isə o, usta Cavabdeh 150 manat, sonra 20 manat və daha sonra isə 20 manat olmaqla ümumilikdə 190 manat pul vermişdir. Ona məxsus olan avtomobil 20 gün müddətində usta Cavabdeh sexində qalmışdır. Lakin həmin müddət ərzində usta Cavabdeh tərəfindən ona məxsus olan avtomobil tam təmir olunmadığından o, avtomobilini həmin sexdən götürmüşdür. Sonradan avtomobilini tam təmir etmədiyi üçün dəfələrlə Cavabdeh verdiyi pulu tələb etməsinə baxmayaraq cavabdeh tərəfindən ona cəmi 110 manat pul verilmiş və cavabdeh qalan məbləği isə ona ödəməkdən imtina etmişdir. Bundan əlavə Cavabdeh tərəfindən ona 300 manat maddi ziyan vurulmuşdur. Həmin maddi ziyan ondan ibarət olmuşdur ki, ona məxsus olan avtomobil həmin sexdə olarkən Cavabdeh tərəfindən onun avtomobilinin yanacaq doldurma çənindən 3 dəfəyə hər biri 40 manat olmaqla 120 manat məbləğində benzin çəkilmiş, həmçinin ona məxsus avtomobilinin təkərləri və diskləri əyilmişdir. Odur ki, qeyd etdiklərini nəzərə alaraq cavabdeh Cavabdeh 450 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Birinci instansiya məhkəməsində icraat Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi ilə (hakim Cavad İbrahimov) iddia təmin edilməmişdir. Birinci instansiya məhkəməsi aşağıdakıları müəyyən etmişdir İş materiallarına əlavə olunmuş: Əsgərov İlqar İbiş oğlunun Bərdə RPŞ-nə verdiyi ərizə və izahatının məzmunundan görünür ki, Əsgərov İlqar İbiş oğlu Cavabdeh özünə məxsus avtomobilinin təmiri üçün 150 manat pul verdiyini, həmin avtomobilin Cavabdeh məxsus sexdə 20 gün qaldığını, lakin avtomobilinin Cavabdeh tərəfindən tam təmir olunmaması nəticəsində ona əlavə olaraq 300 manat maddi ziyan dəydiyini bildirmişdir. Cavabdeh Bərdə RPŞ-nə verdiyi ##.##.2025-ci il tarixli izahatının məzmunundan görünür ki, Cavabdeh izahatında Əsgərov İlqar İbiş oğlunun avtomobilinin təmiri üçün ondan 170 manat pul aldığını, həmin təmir işlərinin təxminən bir il bundan qabaq aparıldığını, hal-hazırda Əsgərov İlqar İbiş oğlunun gəlib ondan təmir edilmiş avtomobildə qüsurların olduğunu bildirərək bunun üçün ona 300 manat əlavə pul verməli olduğunu qeyd etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni aşağıdakılarla əsaslandırmışdır; Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iş üzrə toplanmış sübutlarla iddiaçının cavabdeh tərəfindən avtomobilin qüsurlu təmir edilməsi, ödənilmiş pulun tam qaytarılmaması və əlavə olaraq 300 manat məbləğində maddi ziyanın vurulması barədə iddiaları təsdiq edilməmişdir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı avtomobilin qüsurlu təmir olunmasını, yanacağın götürülməsini, təkərlərin və disklərin zədələnməsini təsdiq edən hər hansı mötəbər və obyektiv sübut, o cümlədən ekspertiza rəyi, foto və video materiallar, şahid ifadələri və ya digər sübutlar təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, avtomobil təmir sexindən götürüldükdən xeyli müddət sonra qüsurların irəli sürülməsi iddiaçının mövqeyini zəiflədən haldır və əgər qeyd edilən qüsurlar həqiqətən mövcud olsaydı, iddiaçı dərhal cavabdehə müraciət edərək onların aradan qaldırılmasını və ya ödənilmiş pulun geri qaytarılmasını tələb edərdi. Bundan başqa, məhkəmə qeyd etmişdir ki, cavabdehin polis orqanına verdiyi izahat yalnız avtomobilin təmiri üçün müəyyən məbləğdə pul aldığını təsdiq edir, lakin avtomobili qüsurlu təmir etməsini və ya iddiaçıya maddi ziyan vurmasını təsdiqləmir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1 və 217.4-cü maddələrinə, həmçinin Konstitusiyanın çəkişmə prinsipi ilə bağlı müddəalarına istinad edərək göstərmişdir ki, mülki prosesdə sübutetmə yükü iddiaçının üzərinə düşür və məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutlar əsasında qərar qəbul edə bilər. İddiaçı istinad etdiyi halları qanunla tələb olunan qaydada sübuta yetirmədiyindən məhkəmə iddia tələbini əsassız hesab etmiş və onun təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Konstitusiyasının 60, 127-ci maddəsi, Azərbaycan Republikası Mülki Məcəlləsinin 385.1, 442, 752.1, 753.1, 759.1, 759.2, 762.1, 762.2, 762.3, 763.1, 763.2, 765, 773, 769, 776.1-ci maddələri, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9, 14.2, 77.1, 106.1, 217.4-cü maddələri, «Mahmudov Rusiyaya qarşı» iş 2zrə ## #### 2007-ci il tarixli qərarı ilə əsaslandırmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apellyasiya şikayətinin dəlilləri Qətnamədən iddiaçı apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsinə və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında avtomobilin təmiri ilə bağlı podrat münasibəti yaranmış, cavabdeh avtomobilin malyar işlərini görməyi öhdəsinə götürmüş, bunun müqabilində iddiaçı tərəfindən cavabdehə ümumilikdə 190 manat pul ödənilmiş və avtomobil təxminən 20 gün cavabdehin sexində qalmışdır. Cavabdehin sonradan 110 manat məbləğində pul qaytarması onun üzərinə götürdüyü öhdəliyi tam və lazımi qaydada yerinə yetirmədiyini etiraf etməsi kimi qiymətləndirilməli olduğu halda, birinci instansiya məhkəməsi bu mühüm hala hüquqi qiymət verməmişdir. Cavabdeh avtomobili tam təmir etmədiyindən iddiaçı avtomobili onun sexindən götürməyə məcbur olmuş, avtomobil cavabdehin nəzarətində olduğu müddətdə yanacaq sərf edilmiş, təkərlər və disklər zədələnmiş, nəticədə iddiaçıya əlavə maddi zərər dəymişdir. Məhkəmə həmin halların araşdırılması üçün zəruri prosessual tədbirlər görməmiş, yalnız əlavə sübutların təqdim edilməməsinə istinad etməklə iddianı rədd etmişdir. Eyni zamanda, məhkəmənin cavabdehin polis orqanına verdiyi izahatda avtomobilin təmiri üçün pul aldığını etiraf etməsinə, tərəflər arasında müqavilə münasibətlərinin mövcudluğuna və pulun bir hissəsinin geri qaytarılması faktına lazımi hüquqi qiymət vermədiyi vurğulanmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı Əsgərov İlqar İbiş oğlu apellyasiya şikayətinin dəlilləri məzmununda izahat verərək qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş edir. Cavabdehin məhkəmə iclasının yeri və vaxtı barəsində məlumatı olmasına baxmayaraq məhkəmə iclasında iştirak etmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. 753.1-ci maddəsinə əsasən sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. 759.1-ci maddəsinə əsasən sifarişçi işlər qurtaranadək istənilən vaxt müqavilədən imtina edə bilər, lakin podratçıya yerinə yetirilmiş işin haqqını verməli və müqavilənin ləğvi ilə vurulan zərərin əvəzini ödəməlidir. MM-nin 759.2-ci maddəsinə əsasən əgər sifarişçi tərəfindən müqaviləyə bilavasitə podratçının hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verən və ya həmin hərəkətlərlə bağlı olan səbəbə görə xitam verilərsə, podratçı yalnız yerinə yetirilmiş işin haqqını tələb edə bilər, bu şərtlə ki, sifarişçinin həmin işlərə hansısa marağı olsun. 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, olsun. 762.2-ci maddəsinin tələblərinə görə podratın nəticəsi şərtləşdirilmiş keyfiyyətə uyğun gəlirsə, qüsurlardan azad sayılır. Keyfiyyət şərtləşdirilmədikdə podratın nəticəsi müqaviləyə uyğun istifadə və ya adi istifadə üçün yararlı olduğu halda qüsurlardan azad sayılır. 762.3-cü maddəsinin tələblərinə görə podratçının sifariş edilmiş podrat nəticəsini deyil, başqa podrat nəticəsini təqdim etməsi və ya podratı kəmiyyətcə yerinə yetirməməsi, əgər bunu icra əvəzinə qəbul etmək açıq-aşkar mümkün deyildirsə, qüsurlara bərabər tutulur. 763.1-ci maddəsinin tələblərinə əsasən əgər məmulatın qüsuru vardırsa, sifarişçi əlavə icra tələb edə bilər. Podratçı öz seçimi ilə ya qüsuru aradan qaldıra bilər, ya da yeni məmulat hazırlaya bilər. 763.2-ci maddəsinin tələblərinə əsasən əlavə icra məqsədi ilə podratçı iş və materiallar üçün əlavə xərcləri, o cümlədən nəqliyyat xərclərini ödəməlidir. Əgər əlavə icra tənasübsüz xərclər tələb edirsə, podratçı həmin icradan imtina edə bilər. 765-ci maddəsinə əsasən-məmulatın qüsuru nəticəsində sifarişçi müqavilədən imtina edə bilər. Bu halda podratçı müqavilə ilə bağlı xərclərin əvəzini sifarişçiyə ödəməyə borcludur. 773-cü maddəsinin tələblərinə əsasən əgər sifarişçi məmulatın qüsurlu olduğunu bilə-bilə pretenziya irəli sürmədən onu qəbul edirsə, bu qüsurlarla bağlı tələb hüququ əmələ gəlmir. 769-cü maddəsinin tələblərinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. 776.1-ci maddəsinin tələblərinə əsasən sifarişçi icranın qüsuru barəsində tələbi işin qəbul edildiyi gündən bir il ərzində, binaya aid tələbi isə beş il ərzində irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş subutlarla əsaslandırır. Apellyasiya baxışının hədləri Apellyasiya şikayətindən görünür ki, apellyator Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsinin ləğv еdilməsi, iddianın təmin еdilməsi barədə yeni qətnamə qəbul edilməsini хahiş еtmişdir. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” ## ### 2011-ci il tarixli qərarındakı hüquqi mövqeyinə və formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilib-edilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olub-olmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində yoxlanılmasını nəzərdə tutur. Ona görə də məhkəmə tərkibi Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsini apellyasiya şikayətinə münasibətdə apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə tərkibi iş materiallarını, apellyasiya şikayətinin dəlillərini, birinci instansiya məhkəməsinin qətnaməsini və apellyasiya baxışı zamanı təqdim edilmiş yeni sübutu birlikdə qiymətləndirərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 320 manat hissəsində ləğv edilməli və həmin hissədə yeni qətnamə qəbul edilməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbini rədd edərkən əsasən iddiaçının istinad etdiyi halları mötəbər sübutlarla təsdiq edə bilməməsinə istinad etmiş, cavabdehin üzərinə hər hansı pul öhdəliyinin mövcudluğunun və iddiaçıya zərər vurmasının sübuta yetirilmədiyi qənaətinə gəlmişdir. Həmin dövrdə iş materiallarında cavabdehin iddiaçı qarşısında 320 manat məbləğində pul öhdəliyini təsdiq edən yazılı sübut mövcud olmadığından birinci instansiya məhkəməsinin həmin vaxt mövcud olan sübutlar əsasında gəldiyi nəticə əsasən sübutların kifayət etməməsi ilə əlaqələndirilmişdir. Məhkəmə tərkibi ilk növbədə apellyasiya baxışı zamanı iddiaçı tərəfindən təqdim edilmiş ## ##### 2026-cı il tarixli yazılı qəbzin yeni sübut kimi qəbul edilməsini zəruri hesab edir. Həmin sənəd birinci instansiya məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi qəbul edildikdən sonra tərtib olunduğundan onun birinci instansiya məhkəməsinə təqdim edilməsi obyektiv olaraq mümkün olmamışdır. Lakin apellyasiya instansiyası məhkəməsi işə təkrar baxan mahiyyət məhkəməsi kimi apellyasiya baxışı zamanı təqdim edilmiş və iş üçün əhəmiyyət kəsb edən yeni sübutları digər sübutlarla birlikdə qiymətləndirməyə borcludur. Təqdim olunmuş qəbzdən görünür ki, cavabdeh öz əli ilə yazdığı və imzaladığı sənədlə iddiaçı qarşısında 320 manat məbləğində pul öhdəliyini etiraf etmişdir. Məhkəmə tərkibi həmin sənədi işdə olan digər sübutlarla birlikdə qiymətləndirərək belə nəticəyə gəlir ki, cavabdehin iddiaçı qarşısında həmin məbləğdə borc öhdəliyi mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin sübutların qiymətləndirilməsinə dair müddəalarına əsasən, yazılı sübutlar iş üzrə faktların müəyyən edilməsinin əsas vasitələrindən biridir və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Təqdim olunmuş qəbz iş materiallarında olan digər sübutlarla, o cümlədən tərəflər arasında avtomobilin təmiri ilə bağlı hüquqi münasibətin mövcudluğu, cavabdehin iddiaçıdan pul almasını etiraf etməsi, avtomobilin müəyyən müddət cavabdehin sexində qalması və cavabdeh tərəfindən əvvəllər pulun bir hissəsinin qaytarılması faktı ilə qarşılıqlı əlaqədə qiymətləndirildikdə, cavabdehin iddiaçıya 320 manat məbləğində pul ödəmək öhdəliyinin mövcud olduğunu təsdiq edir. Birinci instansiya məhkəməsi iddiaçının qüsurların aradan qaldırılması üçün cavabdehə müraciət etməməsini və ya belə imkan verməməsini iddianın rədd edilməsinin əsaslarından biri kimi göstərmişdir. Lakin cavabdeh sonrakı davranışı ilə görülmüş işdə nöqsanların mövcudluğunu dolayı yolla qəbul etmiş, hətta əvvəlcə pulun bir hissəsini qaytarmış, sonradan isə qalan 320 manat məbləğində borcunu yazılı qaydada etiraf edərək ödəməyi öhdəsinə götürmüşdür. Belə olan halda qüsurların aradan qaldırılması üçün ayrıca təklif verilməsi və ya əlavə imkan yaradılması zərurəti aradan qalxmışdır. Çünki cavabdeh özü görülmüş işin müqaviləyə uyğun nəticə vermədiyini qəbul etmiş və bunun nəticəsi olaraq iddiaçı qarşısında pul öhdəliyinin mövcudluğunu etiraf etmişdir. Bununla yanaşı, məhkəmə tərkibi qeyd edir ki, təqdim olunmuş qəbz yalnız cavabdehin 320 manat məbləğində pul öhdəliyini təsdiq edir. İş materiallarında iddiaçının tələb etdiyi qalan məbləğin, o cümlədən əlavə maddi ziyanın cavabdeh tərəfindən vurulmasını təsdiq edən yeni və kifayət qədər sübutlar təqdim edilməmişdir. Buna görə də iddia tələbi yalnız 320 manat hissəsində əsaslı hesab edilməli, qalan hissədə isə birinci instansiya məhkəməsinin gəldiyi nəticə dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə tərkiibi hesab edir ki, apellyasiya şikayəti qismən əsaslı olduğundan qismən təmin edilməli, Laçın Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsi iddia tələbinin təmin edilməyən 320 manat hissəsində ləğv edilməli, həmin hissədə cavabdeh Cavabdeh iddiaçı Əsgərov İlqar İbiş oğlunun xeyrinə 320 (üç yüz iyirmi) manat pulun tutulması barədə yeni qətnamə qəbul edilməli, qətnamə qalan hissədə isə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 402.1-ci maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Hazırkı iş üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan az olduğundan qətnamədən kassasiya şikayəti verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülkü Prosessual Məcəlləsinin 372, 384, 385, 392, 393, 402-403 və 400-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi qət etdi: İddiaçı Əsgərov İlqar İbiş oğlu tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Laçın Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi iddia tələbi təmin edilməyən 320 manat hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilsin. İddia tələbi həmin hissədə təmin edilsin. Cavabdeh Cavabdeh 320 manat pul alınaraq iddiaçı Əsgərov İlqar İbiş oğluna verilsin. Qətnamə mübahisələndirilən digər hissələrdə dəyişdirilmədən saxlanılsın.. Qətnamədən kassasiya şikayəti verilə bilməz..

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar