Məhkəmə qərarları › İş №2(3-9)-77/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-77/2026

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(3-9)-77/2026 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” mülki iş üzrə Q Ə T N A M Ə S İ Açar sözlər: aliment tələbi. Şirvan şəhəri, 19 fevral 2026-cı il Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri İmanov Cahid Fehruz oğlunun sədrliyi və məruzəsi ilə, Kərimov Tale Suliddin oğlu və Əliyev Qasım Vəli oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədli Murad İlham oğlunun katibliyi, İddiaçı, Cavabdeh və onun nümayəndəsi (vəkili) Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “sabit pul məbləğində aliment tələbinə dair” mülki iş üzrə Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(073)-3222/2025 saylı qətnaməsindən (hakim L.Mehrəliyeva) Cavabdeh nümayəndəsi (vəkili) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə apellyasiya icraatı qaydasında Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında (Şirvan şəhəri, Naxçıvan küçəsi 3) açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 16 iyul 2016-cı il təvəllüdlü X5 və 26 sentyabr 2017-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər uşaq üçün hər ay 246 (iki yüz qırx altı) manat olmaqla, cəmi 492 (dörd yüz doxsan iki) manat aliment tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, cavabdehlə el adəti ilə rəsmi nikah olmadan ailə həyatı qurmuşdur. Nikah rəsmiləşdirilməmişdir. Birgə yaşadıqları dövrdə iki övladları- 16 iyul 2016-cı il təvəllüdlü X5 və 26 sentyabr 2017-cı il təvəllüdlü X2 anadan olmuşlar. Uşaqların atalıq faktı sonradan təsdiq edilmişdir. Əvvəllər ailə münasibətləri normal olmuşdur. Lakin cavabdehin ailə dəyərlərinə uyğun olmayan hərəkətlərinə görə ayrılmışlar. Belə ki, iddiaçıya sonradan məlum olmuşdur ki, Cavabdeh bacısı Rüfanəyə məktublar yazaraq güclü zəhərli dərmanlarla onu öldürmək istəyir. Bu faktı Rəvanə özü də etiraf etmişdir. Həmçinin Cavabdeh müəyyən şəxslərlə mobil telefon vasitəsi ilə danışıb onlara öz çılpaq fotoşəkillərini göndərmiş, həmin şəxslərlə pul qarşılığında intim münasibətlərdə olmuşdur. Cavabdeh başqa kişilərlə əxlaqsız hərəkətlərini Üçtəpə kəndində yaşadığı evində, uşaqların yanında etmişdir. Cavabdeh hazırda da eyni əxlaqsız hərəkətlərini davam etdirir. Belə ki, iddiaçı hər iki uşağın cavabdehdən alınıb ona verilməsi barədə iddia ilə məhkəməyə müraciət etmiş, Cəlilabad Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(073)-135/2025 saylı qətnaməsi ilə iddia təmin olunaraq hər iki uşağın cavabdehdən alınaraq ona verilməsi təmin edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(106)-712/2025 saylı qətnaməsi ila cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Belə ki, övladları məhkəmənin qərarları ilə iddiaçının himayəsindədir. Cavabdehin onun himayəsində qalan övladlarına aliment ödəmək borcudur və cavabdehdən uşaqların saxlanılması üçün məhkəmə qaydasında alimentin tutulması tam qanunauyğundur. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək, iddianı tələbini qəbul etmədiyini, məhkəmə qətnaməsinə əsasən uşaqların ataya verilməsinə baxmayaraq, hazırda uşaqlardan birinin onun yanında qalmasını qeyd edərək, iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi və vəkili Vəkil uşaqların atanın himayəsinə verilməsinə dair mülki iş üzrə işin Azərbaycan Respublikası Ali Məhkəməsinin icraatında olduğu üçün, hazırkı iş üzrə icraatın dayandırılmasını məhkəmədən xahiş etmişdir. Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(073)-3222/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 15 oktyabr 2025-ci il tarixindən başlayaraq, 16 iyul 2016-cı il təvəllüdlü X4 və 26 sentyabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli miqdarında alimentin İddiaçı xeyrinə tutulması, Cavabdeh 68 manat məhkəmə xərcinə daxil olan dövlət rüsumunun alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b)Apellyasiya şikayətinin dəlilləri: Qətnamədən Cavabdeh və nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayəti verərək, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384-390-cı maddələrini rəhbər tutaraq birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh nigaha daxil olmadan yaşamışdır. Birgə yaşayış dövründə onların 16 iyul 2016-cı il tarixdə Əziz və 28 sentyabr 2017-ci il tarixdə Rüqayyə adlı uşaqları anadan olmuşdur. İddiaçı sonradan qeydiyyat orqanında uşaqların atası olmasını könüllü qaydada etiraf etmiş və bunun əsasında uşaqlar hər ikisi onun soyadı ilə yazılmışdır. Cavabdeh 2024-cü ilin iyun ayına kimi iki uşağı ilə birlikdə həmin evdə yaşamışlar. Cəlilabad Rayon Məhkəməsinin 2(073)- 135/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən hər iki uşağın cavabdehdən alınaraq atasına verilməsi barədə qətnamə qəbul edilmişdir. Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilməmiş və Cəlilabad rayon məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin MK–nin 2(102)-3662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi tam ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Qanuniliyi cavabdeh tərəfindən mübahisələndirilən Cəlilabad rayon məhkəmısinin 2(073)-3222/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən cavabdehdən iki uşağa görə aliment kəsilməsi ilə bərabər, məhkəmə iddiaçının fikrinə əsasən cavabdehi pozğun, ərinə xəyanət edən qadın kimi xarakterizə etmişdir. Bütün bunlar yalan və böhtan olmaqla cavabdehin haqqında qara yaxmalardan başqa bir şey deyildir. Məhkəmə cavabdehin barəsində həqiqətə uyğun olmayan şəxsi məlumatlarını yaymışdır. Beləliklə, hakim qanunun tələblərini pozmaqla qanunsuz və əsassız qətnamə qəbul etmişdir. Həmin qətnamə ləğv olunmalıdır. Belə ki, məhkəmənin istinad edərək qətnamə qəbul edilməsi üçün əsas olmuş Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin MK–nin 2(102)- 3662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən tam ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. X3 Məhkəməsinin MK-nın 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi mövcud deyildir. Bunula yanaşı, Cəlilabad rayon məhkəməsinin hakimi qətnamə qəbul edərkən qanuni qüvvəsini almamış apellyasiya instansiyası məhkəməsinin qətnaməsinə istinad etmişdir. Digər tərəfdən isə hazırda uşağın biri cavabdehdə, ikincisi isə atasındadır. Hər iki uşağa görə cavabdehdən aliment tutulması üçün qanuni və hüquqi əsas hər iki uşağın atasının himayəsində olması və onunla birlikdə yaşamasıdır. Atasının yanında yaşayan uşaq da cavabdehi istəyir və onun yanında qalmaq arzusundadır. Qərar qəbul edən məhkəmə uşaqlardan birinin cavabdeh ilə birlikdə yaşamasını nəzərə almamışdır. Lakin məhkəmə qərarından belə nəticəyə gəlmək olar ki, guya hər iki uşaq atasının yanında yaşayır. Qeyd olunmuşdur ki, hər iki uşağın atasının yanında qalması müəyyən edilsəydi, məhkəmənin alimentlə bağlı qərarı qanuni və əsaslı hesab edilə bilərdi. c)Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı yazılı etiraz verilməmişdir. ç)Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Kollegiyanın iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə etmiş və onun dəlillərinə uyğun izahat vermişdir. Əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə faktiki nikah münasibətində olmuş, nikahları rəsmiləşdirilməmişdir. Faktiki nikahlarından 2 uşaqları olmuşdur. Hal-hazırda uşaqlardan Əziz iddiaçının, Rüqəyyə isə onun yanındadır. Əvvəl Əziz də onun yanında olmuş, lakin xx.xx.2025-ci il tarixdə iddiaçı Əzizi anasının yanından götürərək öz yanına aparmışdır. Cavabdehin nümayəndəsi (vəkili) Vəkil apellyasiya şikayətini müdafiə etmiş və onun dəlillərinə uyğun izahat verərərk onun təmin edilməsini xahiş etmişdir. İddiaçı apellyasiya şikayətini əsassız hesab etmiş və onun təmin edilməməsini xahiş etmişdir. Həmçinin qeyd etmişdir ki, hazırda uşaqlardan Əziz onun, Rüqəyya isə cavabdehin yanındadır. Əvvəlcə Əziz də anasının yanında olmuş, onu xx.xx.2025-ci ildə öz yanına aparmışdır. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belədir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlamalıdır. Bununla əlaqədar olaraq apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Hazırkı iş üzrə cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini xahiş etməklə, qətnaməni tam mübahisələndirmişdir. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası apellyasiya şikayətinə əsasən qətnamənin əsaslılığını tam yoxlayır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.2.2-ci maddəsinə əsasən məhkəmə uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Eyni Məcəllənin 78.1-ci maddəsinə uyğun olaraq, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 100.1-ci maddəyə görə aliment almaq hüququ olan şəxs, aliment ödənilməsi barədə saziş üzrə əvvəllər ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə və Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 saylı qərarının 8.4-1-ci bəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun adıçəkilən Qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurub-qurmaması, yeni ailədə uşaqların olubolmaması, başqa aliment ödəmələrinin olub-olmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. - 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. - 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. -218.3-cü maddəsinə əsasən Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iş materiallarını, birinci instansiya məhkəməsinin gəldiyi nəticəni, apellyasiya şikayətinin dəlillərini və tətbiq edilməli maddi və prosessual hüquq normalarını araşdıraraq belə nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi iş üzrə əhəmiyyət kəsb edən halları tam və hərtərəfli araşdırmamış, sübutlara düzgün hüquqi qiymət verməmişdir. Belə ki, doğum haqqında arayışdan görünür ki, X5 16 iyul 2016-cı il tarixdə Cəlilabad rayonu, Üçtəpə kəndində anadan olmuş, atası kimi İddiaçı, anası kimi Cavabdeh göstərilmişdir. İş materiallarında olan doğum haqqında arayışdan görünür ki, X2 26 sentyabr 2017ci il tarixdə Cəlilabad şəhərində anadan olmuş, atası kimi İddiaçı, anası kimi Cavabdeh göstərilmişdir. İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrdən görünür ki, İddiaçı 16 iyul 2016-cı il təvəllüdlü X4 və 26 sentyabr 2017-ci il təvəllüdlü X1 atası hesab edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında iştirak etməmişdir. 50 manat mediasiya xərci və 10 manat kargüzarlıq xərci İddiaçı tərəfindən ödənilmişdir. Göründüyü kimi, iddia qismən təmin edilmiş, qətnamədən cavabdeh narazı qalaraq apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri: a) Məhkəmə qətnamə qəbul edərkən istinad etdiyi Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-3662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə tam ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. Yəni həmin apellyasiya qətnaməsi hüquqi qüvvəsini itirmiş və mövcud olmayan məhkəmə aktına çevrilmişdir. Buna baxmayaraq, Cəlilabad Rayon Məhkəməsi qanuni qüvvəsini almamış, sonradan isə ləğv edilmiş məhkəmə aktına istinad etməklə hazırkı mübahisələndirilən qətnaməni qəbul etmişdir. Bu isə prosessual qanunvericiliyin tələblərinin kobud şəkildə pozulmasıdır. b) Digər tərəfdən, məhkəmə işin faktiki hallarını düzgün qiymətləndirməmişdir. Hazırda uşaqlardan biri cavabdehlə birlikdə yaşayır, digəri isə atasının yanındadır. Halbuki, hər iki uşağa görə cavabdehdən aliment tutulması üçün qanuni əsas yalnız uşaqların hər ikisinin atanın himayəsində və onunla birlikdə yaşaması ola bilər. Məhkəmə uşaqlardan birinin cavabdehlə birlikdə yaşamasını nəzərə almamış, qərarda guya hər iki uşağın atasının yanında yaşaması təsəvvürü yaratmışdır. Kollegiya apellyasiya şikayətinin dəlilləri ilə bağlı aşağıdakıları qeyd edir.

1. Belə ki, hazırkı iddia iki uşağa görə cavabdehdən alimentin tutulması ilə əlaqədardır və tərəflərin faktiki nikahlarından yetkinlik yaşına çatmayan iki uşağı doğulmuşdur. Bu hal işin mübahisəsiz halıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş 15 oktyabr 2025-ci il tarixindən başlayaraq, 16 iyul 2016-cı il təvəllüdlü Əzizin və 26 sentyabr 2017-ci il təvəllüdlü Rüqayyənin yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,5 misli miqdarında alimentin cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət edilmişdir.

2. Tərəflərin izahatından və işin hallarından müəyyən edilir ki, hazırda uşaqlardan Əziz faktiki olaraq iddiaçının (atanın), digər uşaq Rüqəyya isə cavabdeh (ananın) yanındadır. İşə baxılan zaman Cəlilabad Rayon Məhkəməsinin 31 yanvar 2025-ci il tarixli, 2(073)-135/2025 saylı qətnaməsi ilə iddiaçının (ata) iddiası təmin olunaraq hər iki uşağın cavabdehdən (anadan) alınaraq ona verilməsi təmin edilmiş, cavabdeh həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin Şirvan Apellyasiya Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli, 2(106)-712/2025 saylı qətnaməsi ila cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Göründüyü kimi tərəflərdən hər birinin yanında uşaq qalmışdır. Belə olan halda birinci instansiya məhkəməsi bu sahədə artıq formalaşmış məhkəmə təcrübəsinə əsaslanaraq yalnız atanın yanında qalan uşağa görə aliment müəyyən etməli olduğu, həmçinin ananın yanında qalan uşağa görə alimentin tutulmasının əvvəlinin həmin uşağın anadan alınıb faktiki olaraq ataya verilməli olduğu andan hesablanmalı olması barədə qətnamə qəbul etməli olduğu halda, bunu etməmiş hər uşaq üçün anadan atanın xeyrinə aliment müəyyən etmişdir. Ailə Məcəllənin 78.3-cü maddəsinə görə tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Hazırda isə Şirvan Apellyasiya Məhkəməsinin MK-nın 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nin 2(102)- 3662/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarına əsasən tam ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmışdır. X3 Məhkəməsinin MK-nın 2(106)-712/2025 nömrəli, 04 sentyabr 2025-ci il tarixli qətnaməsi mövcud deyildir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi qətnamə qəbul etdiyi zaman hər iki uşağa görə aliment müəyyən etməkdə haqlı olsa da faktiki olaraq ananın yanında saxlanılan uşağa görə alimentin tutulmasının əvvəlini öz qətnaməsində göstərməli olduğu halda bunu göstərməmişdir.

3. Lakin hazırda müəyyən edilir ki, Şirvan Apellyasiya Məhkəməsinin 04 sentyabr 2025-ci il tarixli qətnaməsi Ali Məhkəmə tərəfindən tam ləğv edilmiş və iş təkrar apellyasiya baxışına qaytarılmış və tərəflər arasında uşaqlarla bağlı mübahisə həll edilməmiş qalmışdır. Ancaq hazırda işin faktiki halı belədir ki, Əziz atanın, Rüqəyya isə ananın yanında qalır. Bu da hazırkı vəziyyətdə işin mübahisəsiz halıdır. İddia tələbi yalnız iki uşağa görə alimentin müəyyən edilməsi ilə bağlı olduğundan MPM-nin 218.3-cü maddəsinə əsasən Kollegiya işə iddia tələbi üzrə baxır. Ailə Məcəllənin 78.2-ci maddəsinə görə sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmçinin Kollegiya qeyd edir ki, işə baxılan zaman birinci instansiya məhkəməsi cavabdehin maddi və ailə vəziyyətini, onun diqqətəlayiq olan digər hallarnı araşdırmadan ondan iddiaçının xeyrinə aliment müəyyən etmişdir. Hazırda Əzizin faktiki olaraq atanın yanında olması müəyyən edildiyindən Kollegiya hesab edir ki, cavabdehin işləməməsi, əlavə qazancının olmaması və sairə nəzərə alınmalıdır. Lakin uşağın saxlanılmasının hazırda iddiaçı tərəfindən təmin edilməsi nəzərə alınaraq, həmin uşağa münasibətdə cavabdehin aliment ödəmək vəzifəsi yaranır. Kollegiya alimentin məbləğini müəyyən edərkən tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin digər uşağa faktiki baxmasını, sabit və yüksək gəlirinin müəyyən olunmamasını, eləcə də alimentin minimum əmək haqqının müvafiq misli ilə müəyyən edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının tələblərini nəzərə alır. Hazırda ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı 400 manat təşkil edir. Uşağın saxlanılması üçün zəruri minimum təminat səviyyəsi, tərəflərin maddi imkanları və ədalətlilik prinsipi nəzərə alınaraq, alimentin minimum əmək haqqının 0,375 misli miqdarında, yəni 150 manat müəyyən edilməsi kollegiya tərəfindən ağlabatan və məqbul hesab edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün əsaslardır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməli, Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(073)-3222/2025 saylı qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilərək, Cavabdeh 15 oktyabr 2025-ci il tarixindən başlayaraq 16 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,375 misli miqdarında alimentin İddiaçı xeyrinə tutulması müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Göründüyü kimi iddianın təmin olunan hissədə qiyməti (150x12=1800) 5000 manatdan çox deyil, bu səbəbdən də mövcud qanunvericiliyə əsasən qətnamədən kassasiya şikayəti verilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382-ci, 384.0.2-ci, 392-ci, 402.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası,

Qət etdi:

Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Cəlilabad Rayon Məhkəməsinin 01 dekabr 2025-ci il tarixli, 2(073)-3222/2025 saylı qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. Cavabdeh 15 oktyabr 2025-ci il tarixindən başlayaraq 16 iyul 2016-cı il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay minimum əmək haqqının 0,375 misli miqdarında aliment İddiaçı xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar