Məhkəmə qərarları › İş №2(3-9)-819/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-819/2026

25.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-819/2026 25.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər İlham Qoşunəli oğlu Əsədov (sədrlik edən və məruzəçi), X5 və X11 ibarət tərkibdə, məhkəmə katibi X1, iddiaçının, cavabdeh Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsinin nümayəndəsi X2 iştirakı ilə, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında iddiaçı İddiaçı cavabdeh Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsinə qarşı işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqının ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onunla Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsi arasında bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında ##.##.2025-ci il tarixli əmrin qanunsuz hesab edilməklə ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma üçün işə bərpa olunan vaxta qədər hesablanmış əmək haqqının ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onunla Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsi arasında bağlanmış ##.##.2011-ci il tarixli müddətsiz əmək müqaviləsinə ##.##.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin "a" bəndinə əsasən (tərəflərdən birinin təşəbbüsü ilə) xitam verilərkən cavabdeh tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69.5-ci maddəsində göstərilən təminat normativləri gözlənilməmişdir. Belə ki, xitamın əsası qismində ##.##.2025-ci il tarixdə "mühasib" vəzifəsindən azad olunmağı ilə bağlı təşkilat rəhbərliyinə ünvanladığı ərizə göstərilmişdir. Lakin bu ərizədə əmək münasibətlərinin dayandırılacağı tarix qeyd edilməmiş, həmçinin sonradan sözügedən ərizənin etibarsız hesab edilməsi haqqında işəgötürənə yazılı məlumat göndərilmişdir. Bununla belə ##.##.2025-ci il tarixdə xəbərdarlıq müddəti gözlənilmədən əmək müqaviləsinə xitam verilmişdir. Birinci instansiya məhkəməsində iddia tələbinə qarşı cavabdehin nümayəndəsinin göndərdiyi etirazda qeyd olunmuşdur ki, iddiaçı İddiaçı ##.##.2011-ci il tarixində ETİHİ Neftçala Rayon Komitəsinə mühasib vəzifəsinə təyin edilmişdir. İddiaçı yarım ştat əsaslarla çalışdığından günün ikinci yarısında digər iş yerində əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bu səbəbdən o, bir sıra günlər işə gəlməmiş, əmək funksiyalarının icrasında məsuliyyətsizlik nümayiş etdirmişdir. Bundan başqa, İddiaçı barəsində cinayət işi başlanması ilə əlaqədar olaraq mütəmadi şəkildə hüquq-mühafizə orqanlarına çağırıldığına görə iş intizamını pozmuş, bu isə onun işinə davamlı şəkildə mənfi təsir göstərmişdir. Qeyd olunan bu hallar komitənin nüfuzuna və işin normal gedişatına ciddi zərər vurmuşdur. 2025-ci ilin avqust ayında İddiaçı komitəyə müraciət edərək səhhəti ilə əlaqədar öz təşəbbüsü ilə işdən azad olunmasını xahiş etmişdir. Müraciət əsasında əmək münasibətlərinə Azərbaycan Respublikasinin Əmək Məcəlləsinin 68ci maddəsinin "a" bəndi tətbiq edilmiş və işçi ilə işəgötürən arasında qarşılıqlı razılaşma yolu ilə əmək müqaviləsinə xitam verilmişdir. Etiraza görə, iddiaçının işdən azad edilmə müddətinin gözlənilməməsi barədə iddiası əsassızdır, çünki əmək münasibətləri tərəflərin qarşılıqlı razılığı ilə istənilən tarixdə xitam edilə bilər. İddiaçının ərizəsi əsasında işdən azad olunmasından sonra vakant qalan mühasib vəzifəsinə müsahibə yolu ilə X3 qəbul edilmişdir. Bu, əmək müqaviləsinə xitam verilməsinin tam qanuni olduğunu və vəzifənin artıq başqa şəxs tərəfindən tutulduğunu göstərir. İddiaçının irəli sürdüyü arqumentlər səhvdir və rədd edilməlidir. İddiaçının şifahi və elektron razılığı (WhatsApp mesajı) qanuni olaraq kifayətdir və Əmək Məcəlləsinin 69-cu maddəsi tətbiq edilmir. Əmək Məcəlləsinin 12-ci maddəsinin "g" bəndi işəgötürənin əmək qanunvericiliyinə riayət etmək öhdəliyini təsbit edir. Cavabdeh bu öhdəliyinə tam riayət etmişdir və heç bir pozuntu olmamışdır. Salyan Rayon Məhkəməsinin (hakim R.Alıyev) ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, Elm və Təhsil İşçiləri İttifaqının Neftçala Rayon Komitəsinin sədri X9 Gülqədən Abdulalı qızı barəsində qəbul etdiyi ##.##.2025-ci il tarixli, ** nömrəli “əmək müqaviləsinə xitam verilməsi haqqında” əmrin ləğv edilməsi, İddiaçı Elm və Təhsil İşçiləri İttifaqının Neftçala Rayon Komitəsində olan “mühasib” vəzifəsinə işə bərpa edilməsi, ##.##.2025ci il tarixdən başlayaraq işə bərpa olunduğu günə qədər olan məcburi işburaxma dövrü üçün ödənilməli əmək haqqının X10 Elm və Təhsil İşçiləri İttifaqının Neftçala Rayon Komitəsi tərəfindən ödənilməsi qət edilmişdir. Qətnamədən cavabdeh Elm və Təhsil işçiləri Həmkarlar İttifaqı Neftçala rayon komitəsi apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosesual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Şikayətdə göstərilir ki, əmək müqaviləsinə xitam verilməsi iddiaçının öz təşəbbüsü ilə baş vermişdir. İddiaçının özünün məhkəmədəki izahatından açıq görünür ki, o, işdən azad olunmaq barədə ərizəni könüllü surətdə yazmış, rəhbərliyə “baş üstə”, “narahat olma” ifadələri ilə göndərmişdir. Bu hallar iddiaçının sərbəst və real iradəsinin mövcudluğunu təsdiq edir. Məhkəmə qətnamədə iddiaçının ərizə göndərməsini “iradə ifadəsi kimi qəbul etdiyini” özü bildirsə də, real iradənin mövcudluğunu qiymətləndirmədən, yalnız formal prosedur əsasında xitamı qanunsuz hesab etmişdir. Bu, 68.2 “a” maddəsinin mahiyyətinə zidd olub, onun düzgün tətbiq edilməməsidir. İddiaçı xitam barədə ərizəsini məhz “səhhəti ilə əlaqədar” əsaslandırmışdır. İddiaçının ##.##.2025-ci il tarixdən İstehsalat zədəsi səbəbi ilə müəyyən edilmiş üçüncü dərəcə əlilliyi nəzərə alınmaqla, onun könüllü iradəsi əsasında ərizə üzrə xitam verilməsi qanunauyğun olmuşdur. Şikayətdə göstərilir ki, İddiaçı barəsində Salyan Rayon Məhkəməsinin icraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179.2.2 və 179.2.3-cü maddələri (mənimsəmə) ilə təqsirləndirilməsinə dair 1(057)- **/**** nömrəli cinayət işi üzrə məhkəmə araşdırması davam edir. Həmin cinayət əməli iddiaçının “mühasib” vəzifəsində çalışdığı dövrə aiddir. CM-nin 179-cu maddəsinin sanksiyası “müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə” əlavə cəzasını nəzərdə tutur. Bu səbəbdən iddiaçının mühasib vəzifəsinə işə bərpası məsələsinin həlli birbaşa cinayət işi üzrə yekun hökmün nəticəsindən asılıdır. Cavabdeh ##.##.2026-cı il tarixdə MPM-nin 254.1.4-cü maddəsinə əsasən icraatın dayandırılması barədə əsaslandırılmış vəsatət təqdim etmişdir. Lakin birinci instansiya məhkəməsi həmin vəsatəti qanunla tələb olunan əsaslandırılmış qərardadla rədd etməmiş, qətnamədə bu barədə hər hansı münasibət bildirməmişdir. Bununla imperativ xarakterli MPM 254.1.4 maddəsi pozulmuşdur. Məhkəmə yalnız 69-cu maddənin formal prosedur tələblərinə əsaslanmış, lakin işin nəticəsi üçün mühüm olan halları- iddiaçının iş intizamını mütəmadi pozması, günün ikinci yarısında başqa iş yerində çalışaraq işə gəlməməsi, barəsində mənimsəmə cinayəti üzrə cinayət işinin başlanması və bunun komitənin ictimai nüfuzuna vurduğu ziyanı araşdırmamış və qiymətləndirməmişdir. Bu hallar məhkəmə iclasındakı izahatlarında ətraflı bildirilməsinə baxmayaraq, qətnamədə nəzərə alınmamış və onlara hüquqi qiymət verilməmişdir. İzahatlar Apellyasiya baxışında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini müdafiə edərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş və izahatında bildirmişdir ki, birinci instansiya məhkəməsi əsassız qərar qəbul etmişdir. Belə ki, iddiaçı ## ###### 2025-ci ildə özü öz iradəsi ilə işdən azad olunması üçün SMS vasitəsilə ərizə təqdim etmişdir. Bu zaman ona heç bir təzyiq göstərilməmişdir. ## ######## 2025-ci il tarixdə isə ərizəsini geri götürməsi barədə Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsinə müraciət etmişdir. İddiaçı İddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmiş, izahatında bildirmişdir ki, o, 23 avqust tarixdə işdən çıxarılmağını istəmişdir. Sonra isə ərizəni geri götürməyini istəmişdir. Həmin vaxt xəstə olduğu üçün müalicə olunmağa ehtiyacı var idi. İşdən çıxma barədə ərizədə işdən çıxarılma tarixni göstərməmişdir. Əsaslandırma Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. İddiaçı ##.##.2011-ci il tarixdən Təhsil işçiləri Azad Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsində mühasib vəzifəsində işləmiş, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Neftçala Rayon Komitəsinin sədrinin ##.##.2025-ci il tarixli ** nömrəli əmri ilə onunla bağlanmış *******000100 nömrəli əmək müqaviləsinə “AR ƏMnin 68.2. “a”- tərəflərdən birinin təşəbbüsü” maddəsinə əsasən ##.##.2025-ci il tarixdən xitam verilmişdir. Sonra ərizəçi əmək müqaviləsinin ləğv edilməsi haqqında ərizəsinin geri götürülməsi barədə müraciət etmişdir. İddiaçı ##.##.2025-ci il tarixli Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsinin sədri Asudə Cəfərovaya ünvanlanmış “əmək müqaviləsinin ləğv edilməsi haqqında bildirişin etibarsız hesab edilməsi barədə” ərizəsində qeyd etmişdir: ##.##.2025-ci il tarixdə ərizə ilə müraciət olunaraq mənimlə bağlanmış müddətsiz əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 1-ci bəndinə əsasən xitam verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Ərizədə əmək münasibətlərinin dayandırılması vaxtı göstərilmədiyindən həmin ərizənin etibarsız sayılmasını xahiş edirəm. Cavabdehin bildirdiyinə görə, iddiaçının işdən azad olunmasından və ərizəsinin geri götürülməsi barədə müraciətindən bir neçə ay sonra vakant qalan mühasib vəzifəsinə müsahibə yolu ilə X3 qəbul edilmişdir. Müəyyən edilir ki, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsinin ##.##.2025-ci il tarixli ** nömrəli Əmri ilə X3 – Elm və Təhsil İşçiləri Həmkarlar İttifaq Neftçala rayonu Komitəsinin vakant olan 1.0 ştat mühasib vəzifəsinə 0.5 ştat vahidi əlavə iş yeri kimi 03 aylıq müddətinə müddətli müqavilə əsasında işə qəbul edilmişdir. İddia tələbi ilə bağlı Kollegiya aşağıdakıları qeyd edir: İddiaçı əmrin ləğv edilməsi, işə bərpa olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsini xahiş etmişdir. Kollegiya hesab edir ki, aşağıdakılara görə iddia əsaslıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilməsi əsası nəzərdə tutulmuşdur. Bu, əmək müqaviləsinə xitam verilməsini nəzərdə tutan ümumi müddəadır. Bu maddənin tələbinə görə əmək müqaviləsinə ya işəgötüənin, ya da işçinin təşəbbüsü ilə xitam verilə bilər. Hazırki halda işçi əmək müqaviləsinə xitam verilməsi barədə ərizə verilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinə əsasən:

1. İşçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsinə xitam verə bilər.

2. Ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqqhesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. ...

4. Əmək müqaviləsinə xitam vermək barədə ərizə vermiş və ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyən işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsinə xitam verilə bilməz. Bu şərtlə ki, işəgötürən həmin vəzifəyə (peşəyə) yeni işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı (kağız daşıyıcıda və ya elektron informasiya sistemi vasitəsilə) xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsinə bu maddə ilə müəyyən edilmiş qaydalara əməl olunmaqla xitam verildikdən sonra işçinin əvvəlki ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi yoxdur.

5. İşçi ərizəsində əmək münasibətlərini dayandırmaq istədiyi günü göstərməyibsə, xəbərdarlıq müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinə xitam verilməsinə yol verilmir. ... Birinci instansiya məhkəməsi iddianı təmin edərkən hesab etmişdir ki, işçi ilə əmək müqaviləsinə xitam verilərkən qanunvericiliklə müəyyən olunmuş qaydaların tələblərinə əməl olunmamış, işəgötürən tərəfindən işçi ilə Əmək Məcəlləsinin 69-cu maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi üçün xəbərdarlıq müddəti gözlənilməmişdir. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi maddi hüquq normalarını düzgün tətbiq etmişdir. Qanunun tələbinə görə işçi bir təqvim ayı qabaqcadan işəgötürəni yazılı ərizəsi ilə xəbərdar etməklə əmək müqaviləsini ləğv edə bilər. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu halda əmək müqaviləsi ləğv edilə bilməz. Cavabdeh tərəf iddiaya qarşı etirazında və apellyasiya şikayətində mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı bir neçə gün işə gəlməmiş, əmək funksiyalarının icrasında məsuliyyətsizlik nümayiş etdirmişdir. Bundan başqa, cinayət işi başlanması ilə əlaqədar olaraq mütəmadi şəkildə hüquq-mühafizə orqanlarına çağırıldığına görə iş intizamını pozmuş, bu isə onun işinə davamlı şəkildə mənfi təsir göstərmişdir. Kollegiya cavabdehin dəlillərini əsassız sayır. Belə ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilməsi həmin motivlərlə bağlı olmamışdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır. Apellyasiya şikayətini təmin etmək üçün əsas yoxdur. Beləliklə, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384.0.1, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası,

qət etdi:

Cavabdeh Elm və Təhsil işçiləri Həmkarlar İttifaqının Neftçala Rayon Komitəsinin apellyasiya şikayəti təmin edilməsin. Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli, *(*-***)-**/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar