Məhkəmə qərarları › İş №2(3-9)-887/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-887/2026

29.09.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-887/2026 29.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əliyev Qasım Vəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, Tağızadə Lalə Kazım qızının katibliyi, Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1070 manat məbləğdə pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı taxıl mövsümündə özünə məxsus kombaynla taxıl biçini vaxtı Cavabdeh məxsus 49 hektar taxıl sahəsini biçmiş və aralarında olan şifahi razılaşmaya görə işinin qarşılığında ona 3070 manat pul ödənməli idi. Cavabdeh həmin puldan cəmi 2000 manat ödəmiş, 1070 manat borclu qalmışdır. O dəfələrlə pulunu tələb etsə də, müxtəlif bəhanələrlə cavabdeh onu aldatmış və pulu ödəməmişdir. Bu barədə rayon polis şöbəsinə ərizə ilə müraciət etmiş, cavabdeh şöbədə verdiyi izahatında da etiraf etmiş, həmçinin iddiaçıya 1070 manat borcu olmasını təsdiq edən izahat vermişdir. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Elmir İsmayılov) iddia tələbinin təmin edilməsi, Cavabdeh 1070 manat məbləğdə pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qərara alınmışdır. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında taxıl biçini ilə bağlı şifahi razılaşmanın mövcud olması istisna edilmir. Belə ki, iddiaçı kombayn vasitəsilə cavabdehin istifadəsində olan torpaq sahəsinin biçinini həyata keçirmiş, cavabdeh isə görülmüş iş müqabilində ona 2000 manat ödəniş etmişdir. Bu hal tərəflərin izahatı ilə təsdiq olunur. İş materiallarında olan Füzuli rayon polis şöbəsində Cavabdeh tərəfindən verilmiş və öz imzası ilə təsdiq edilmiş izahat əsasında müəyyən edilir ki, cavabdeh, iddiaçı və Hikmət adlı şəxslə taxıl biçini ilə bağlı razılıq əldə etmiş və onlara 2000 manat ödəniş etmişdir. Cavabdeh izahatında qalıq borcunun olmasını inkar etməmişdir. Bununla yanaşı, cavabdeh qeyd edilən izahatı ilə məhkəmə iclası zamanı da tanış olmuş və imzanın özünə aid olduğunu təsdiq etmişdir. Həmçinin polis şöbəsində digər şəxslər tərəfindən verilmiş izahatlardan da görünür ki, tərəflər arasında biçin işlərinin tam başa çatdırılmaması ilə bağlı mübahisə olmuşdur. Cavabdeh torpaq sahəsi tam biçilmədiyi üçün İddiaçı xidmət haqqını tam ödəməkdən imtina etmişdir. Habelə iş üzrə şahid qismində dindirilmiş X4 ifadəsi, X1 və X2 polis şöbəsində verdikləri izahat əsasında təxminən 4-5 ha torpaq sahəsinin biçilmədiyi öz təsdiqini tapır. Cavabdeh təqdim etdiyi dəlillərlə iddiaçıya qalıq pulu tam şəkildə ödəməsini və bununla da, ona qarşı olan öhdəliyinin aradan qalxmasını təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 5.3-cü, 14.1-ci, 14.2.1-ci, 385.1-ci, 386.1-ci, 389.1-ci, 425.1-ci, 430.1-ci, 442-ci, 753.1-ci, 769-cu maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək onun ləğv olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında şifahi podrat müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdeh iddiaçıya göstərdiyi xidməti müqabilində pul ödəməyi, iddiaçı isə cavabdehə müqavilənin məzmununa uyğun xidmət göstərməyi öz öhdəsinə götürmüşdür. Məhkəmə bu əqdin hüquqi nəticələr doğurması üçün onun etibarlı olduğunu və faktiki həyata keçirildiyini sübutlarla, şahid ifadələri ilə araşdırmalı idi. Məhkəmə tərəfindən tərəflər arasında olan şifahi razılaşmanın şərtləri və qaydaları araşdırılmamışdır. Eyni zamanda müqavilənin predmeti olan torpaq ərazisinin ölçüsü, 1 hektar üçün nə qədər pul ödənilməli olması kimi işin həlli üzrə vacib amillər dəqiqləşdirilməmişdir. Məhkəmə tərəfindən şahidlər iclasa çağırılıb dinlənilməmişdir. Yalnız Füzuli rayon polis şöbəsində onun şikayəti üzrə əvvəlllər aparılmış araşdırma materialları məhkəmə tərəfindən sübut kimi istifadə edilmişdir. Halbuki, məhkəmə ədalətli qərar çıxarmaq üçün bilavastə şahidləri özü çağırıb dinləməli idi. Cavabdehin Füzuli rayonu ərazisində cəmi 37 hektar torpaq sahəsi var. Bunu təsdiq edən Füzuli rayon İcra Hakimiyyətinin ##.##.2026-cı il tarixli Sərəncamı cavabdeh tərəfindən məhkəməyə sübut kimi təqdim edilmişdir. Tərəflər məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı şahid qismində dindirilmiş X4 ifadə verərək bildirmişdir ki, o, kamaz sürür və taxıl biçiləndən sonra onun daşınmasını həyata keçirir. Tərəflər arasında baş vermiş mübahisənin məzmununu tam olaraq bilməsə də, onların taxıl biçinin ödənişi ilə bağlı mübahisə etdiyinə və iddiaçının cavabdehdən taxıl biçini ilə bağlı ödənməmiş pulunu istədiyinə şahid olmuşdur. Həmçinin 5 ha torpaq sahəsinin biçini ilə bağlı razılıq əldə edilmədiyi üçün həmin torpaq sahəsi biçilməmişdir. Cavabdehlə hər hansı ədavəti yoxdur və taxıl biçinin daşınmasıyla bağlı cavabdeh onun pulunu ödəmişdir. Füzuli rayon polis şöbəsində Cavabdeh tərəfindən verilmiş və öz imzası ilə təsdiq edilmiş izahatın surətindən görünür ki, 2025-ci ilin iyun ayında Hikmət və Səid adlı şəxs onun Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində yerləşən 35 ha torpaq sahəsini biçmişdir. O, taxıl biçilməsi qarşılığında 2000 manat pulu Hikmət adlı şəxsə vermişdir. Qalan pulu isə Səid adlı şəxsə verəcəkdi. Lakin Səid onun torpaq sahəsini tam biçməmiş, başqa yerləri biçdikdən sonra gəlib onun yerini biçəcəyini söyləmişdir. Lakin Səid onun torpaq sahəsini biçməmiş və qalan pulu da istəmədiyini bildirmişdir. Həmin günün sabahı onun xəbəri olmadan həmin torpaq sahəsini biçərək 2 maşın arpanı aparmışdır. Füzuli rayon polis şöbəsində X2 tərəfindən verilmiş və öz imzası ilə təsdiq edilmiş izahatın surətindən görünür ki, o, Füzuli rayonu Aşağı Əbdürrəhmanlı kəndində dənli bitkilərin biçini ilə məşğul olur. Qohumu Elçin və Səid adlı şəxsin kombaynı olduğu üçün onun həmin ərazidə taxılı biçməsini istəmişdir. Bunun üçün ona əvvəlcədən 2000 manat verilmişdir. Həmin biçin üçün razılaşılmış ərazidə təxminən 4-5 ha torpaq sahəsi biçilməmiş qalmışdır. Səbəbini soruşduqda isə həmin ərazidə məftil olduğunu və kombaynın xarab ola biləcəyini bildirmişdir. Onlar həmin ərazini məftillərdən təmizləsə belə, Səid oranı biçməyəcəyini bildirmişdir. Buna görə də, onlar Səidə qalıq pulu ödəməyəcəklərini demişlər. Qalıq pulun məbləği isə Səidin dediyinə görə 1070 manat məbləğ təşkil edir. Füzuli rayon polis şöbəsində X1 tərəfindən verilmiş və öz imzası ilə təsdiq edilmiş izahatın surətindən görünür ki, iyun ayında öz torpaq sahələrini biçmək üçün Hikmət və Səid adlı şəxsi dəvət etmişlər. Yer biçiləndən sonra Səyavuş adlı şəxs onlara 2000 manat pul vermişdir. Lakin 4 ha torpaq sahəsi biçilməmişdir. Buna görə də aralarında mübahisə yaranmış və həmin yer biçilmədiyi üçün Səyavuş adlı şəxs pulun qalan hissəsini verməmişdir. Füzuli rayon İcra Hakimiyyətinin ## ###### 2026-cı il tarixli *-**/*-*-**/**** nömrəli sərəncamının surətindən görünür ki, Füzuli rayonu ərazisində yerləşən 37 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Cavabdeh 5 il müddətinə icarəyə verilmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Diqqətə çatdırılmalıdır ki, istənilən iddia tələbi üzrə hüquqi qiymətləndirmə tələbin qanuni əsasının tapılmasından və işin faktiki hallarının həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa iddia əsaslı, uzlaşmırsa həmin iddia tələbi əsassız hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 386.1-ci maddəsinin tələbinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. MM-in 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. MM-in 753.1-ci maddəsinə görə sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Əgər həmin şəraitdə podratın yalnız muzd müqabilində yerinə yetirilməsi ehtimal edilirsə, belə hesab edilir ki, muzd dinməz razılıq əsasında şərtləşdirilmişdir. Əgər muzdun miqdarı müəyyənləşdirilməyibsə, adi muzdun şərtləşdirildiyi hesab olunur. Şərtləşdirilmiş muzd ödənildikdə, podratçının müqavilə üzrə razılaşdırılmış iş həcminə daxil olan bütün işləri ödənilmiş sayılır. MM-in 769-cu maddəsinə əsasən əgər müqavilədə muzdun hissə-hissə ödənilməsi nəzərdə tutulmursa, sifarişçi podratçının muzdunu iş yerinə yetirildikdən sonra ödəməlidir. Məhkəmə tərkibi apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış və mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə düzgün hüquqi nəticəyə gəlmişdir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd edilənlər baxımından apellyasiya instansiyası məhkəməsi hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxarılarkən aşağıdakı qayda əsas tutulmalıdır: birincisi, güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; ikincisi, sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; üçüncüsü, bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; dördünücüsü, bu sübutlar birlikdə dəyərləndirilməlidir. Beləliklə, məhkəmə tərkibi iş üzrə toplanmış sübutları tam, hərtərəfli və obyektiv araşdırıb, apellyasiya şikayətinin dəlillərinə və iş üzrə müəyyən edilmiş faktiki hallara tətbiq edilməli qanun normalarına uyğun qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. MPM-in 385.2-ci maddəsinə görə birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Bundan başqa, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumu şikayətçinin özünə aid edilməlidir. Məhkəmə tərkibi göstərilənlərə əsasən və MPM-in 14.2, 77.1, 217.2, 372, 384.0.1, 385.2, 392, 393 və 405-ci maddələrinin tələblərini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Füzuli Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(***)-****/**** saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və ondan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar