Məhkəmə qərarları › İş №2(3-9)-92/2026

Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-92/2026

19.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Şirvan şəhəri İş № 2(3-9)-92/2026 19.02.2026 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Əsədli Mahir Abdulla oğlu (sədrlik edən və məruzəçi), Heydərov Tofiq Xudayar oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Hüseynov Pünhan Sübhan oğlunun katibliyi, İddiaçı, onun nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı və pul” tələbinə dair mülki iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)- 2458/2025 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə tərkibi müəyyən etdi: İddiaçı cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı və pul tələbi”nə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X3- Salyan Regional Təhsil İdarəsi tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində 2021-ci ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək əmək haqqının ödənilməyən hissəsinin və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırmışdır ki, o, 03 yanvar 2000-ci il tarixdən Şirvan şəhəri N.Quliyev adına 9 saylı orta məktəbində texnologiya müəllimi vəzifəsinə təyin edilmiş, əmək müqaviləsi müddətsiz bağlanmışdır. Əmək müqaviləsi ilkin olaraq hər ay 481.67 manat məbləğində əmək haqqı ödənilməsi üzrə müəyyən edilmiş, 2021-ci ilin sentyabr ayından etibarən heç bir müqavilə imzalanmadan və ya məlumat verilmədən əmək haqqı məbləği 255 manatadək azaldılmışdır. Tərəfindən əmək müqaviləsi üzrə öhdəlikləri tam icra edilsə də, işəgötürən tərəfindən müqavilə şərtləri icra edilməmişdir. Əmək haqqı ödənişlərinin kəsilməsi hallarının araşdırılması məqsəd ilə ilkin olaraq, rəhbərliyə, sonradan isə Şirvan- Salyan Regional Təhsil İdarəsinə bir neçə müraciətləri olmuşdur. Müraciətlərinə Şirvan- Salyan Regional Təhsil İdarəsi tərəfindən cavab verilərək bildirilmişdir ki, Şirvan şəhər N.Quliyev adına 9 nömrəli tam orta məktəbin texnologiya fənn kabinetlərinə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilmiş və bu istiqamətdə işlərin görülməsi nəzərdə tutulmuşdur. Əmək hüquqlarının pozulması ilə əlaqədar Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə və Şirvan şəhər Prokurorluğuna müraciəti olmuşdur. Müraciətinə müvafiq cavab verilməsi üçün Əmək Müfəttişliyi Xidməti tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə göndərilmişdir. Şirvan şəhər Prokurorluğu tərəfindən xx.xx.2023-cü il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Şirvan şəhər Prokurorluğu araşdırma zamanı məktəbin direktoru X5 izahatında göstərmişdir ki, 2000-ci ildən təhsil sahəsində müxtəlif vəzifələrdə çalışmışdır. 2016-cı ildən Şirvan şəhəri 9 nömrəli tam orta məktəbin direktor əvəzi vəzifəsində işləmişdir. İddiaçı Şirvan şəhər prokurorluğuna ünvanladığı ərizə ilə tanış olmuş, ərizədə göstərilənlərlə bağlı bildirmək istəmişdir ki. həmin müəllim texnologiya fənni üzrə dərsləri tədris etmişdir. Əvvəlki tədris illərində texnologiya fənninin tədris edilməsi üzrə siniflər iki hissəyə bölünmüşdür. Lakin 2022-ci ilin aprel ayında bütün ümumi orta təhsil müəssisələrinin nəzarəti Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tərkibində olan Regional Təhsil İdarələrinə verilmişdir. Həmin ilin sentyabr ayından, yəni yeni tədris ilindən Şirvan-Salyan Regional Təhsil İdarəsinin şifahi tapşırığı əsasında maddi-texniki bazası olmayan məktəblər üzrə texnologiya fənlərinin tədris olunduğu siniflərin iki hissəyə bölünərək müəllimlərə əlavə dərs saatlarının verilməsi qadağan edilmişdir. Həqiqətən də Şirvan şəhəri 9 nömrəli tam orta məktəbdə texnologiya fənninin tədrisi üçün maddi-texniki bazası mövcud olmamışdır. Yəni texnologiya fənninin tədris edilməsi üçün xüsusi sinif otağı və təchizatlar olmamışdır. Ancaq əvvəlki illərdə də həmin təchizat olmamış, buna baxmayaraq texnologiya fənni tədris edilən siniflər iki yerə ayrılmış və dərs saatları müəllimlər arasında bölünmüşdür. Ümumilikdə hazırda direktor müavini vəzifəsində işləmiş, lakin direktor olmadığı üçün direktorun vəzifələrini icra etmişdir. Ona görə də dərs saatlarının bölünməsi və dərs cədvəllərinin tərtibini özü həyata keçirmişdir. Ümumilikdə texnologiya fənni üzrə tədris edən iki müəllimdir. Həmin müəllimlərin aylıq əmək haqqısında əvvəlki illərə nisbətdə təxminən 200-300 manat məbləğində azalma mövcud olmuşdur. Həmin azalmalar səbəbindən müəllim şikayət etmişdir. Lakin qeyd etmişdir ki, bu məsələ üzrə onun tədbir görə biləcəyi hər hansı bir şey olmamışdır. Çünki nəzarətlərini həyata keçirən İdarə tərəfindən həmin tapşırıq verilmiş və o da icraçı qismində həmin tapşırığı icra etmişdir. Sözügedən məsələdə onun hər hansı təqsiri olmamışdır. Bundan əlavə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən müraciətinə cavab olaraq bildirilmişdir ki, "Ümumi təhsil müəssisələrinin 2023- 2024-cü tədris ili üçün tədris planlarının təsdiqi haqqında" Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin 1 avqust 2023-cü il tarixli, 3- 29/3-2-484F/2023 nömrəli əmri ilə təsdiq olunmuş «Tədris planlarına dair qeydlər»in 21.3-cü bəndinə əsasən ümumi təhsil müəssisələrinin V-İX (beşincidoqquzuncu) siniflərində "Texnologiya" fənni şagirdlərinin sayı 20 (iyirmi) və daha çox olan siniflərdə müvafiq maddi-tədris bazası və ixtisas müəllimləri olduğu halda iki qrupa bölünür. İddiaçı çalışdığı Şirvan şəhər Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin texnologiya fənn kabinetlərində müvafiq maddi tədris bazası olmadığı üçün siniflər qruplara bölünməyib. Həmin məktəbin texnologiya fənn kabinetlərinə baxış keçirilmiş və maddi-texniki bazanın gücləndirilməsi istiqamətində işlərin görülməsi nəzərdə tutulmuşdur. Gələcəkdə texnologiya fənn kabinetləri zəruri tədris avadanlığı və maddi baza ilə təmin edildiyi halda İddiaçı dərs yükünün artırılması məsələsinə baxıla bilər. Şirvan şəhər Nofəl Quliyev adına 9 nömrəli tam orta məktəbin texnologiya fənn kabinetlərində müvafiq maddi-tədris bazası olmadığı müəllimin səhvi səbəbindən olmamış, maddi-tədris bazası əmək müqaviləsi bağlandığı müddətden etibarən eyni ilə qalmışdır. Lakin tədris fənni üzrə məktəbin texnologiya fənn kabinetlərine müvafiq maddi-tədris bazanın gücləndirilməsi istiqamətində dəfələrlə rəhbərliyə müraciətləri olmuşdur. 2024-cü ilin oktyabr ayından etibarən əmək müqaviləsinə SİMA elektron imza ilə təsdiqindən sonra əmək müqaviləsi üzrə əmək haqqı tam şəkildə ödənilmişdir. Qeyd edilən dövr ərzində cavabdeh tərəfindən ödənilməyən əmək haqqının ödənilməsi başqa yolla həll edilə bilmədiyindən hüquqlarının bərpa edilməsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2458/2025 saylı qətnаməsi ilə (hakim Şahəddin Kələntərov) iddia tələbi rədd edilmişdir. Həmin qətnaməsindən İddiaçı apellyasiya şikayəti vermiş və Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2458/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərkibinin iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2458/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərkibinin iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin təmin edilməsini, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)- 2458/2025 saylı qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Cavabdeh Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Salyan Regional Təhsil İdarəsinə və müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Şirvan şəhəri N.Quliyev adına 9 saylı orta məktəbi və AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdirlər (təmsil olunmamışdırlar). Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən məhkəmə tərkibi işə cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərkibi iş materiallarını araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2458/2025 saylı qətnaməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı və pul” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Məhkəmə tərkibi iş materiallarına baxaraq hesab edir ki, birinci instansiya məhkəməsi tələbin qeyri-müəyyən olması səbəbi ilə iddianın baxılmamış saxlanılması məsələsini müzakirə etməli olduğu halda buna əməl etməmiş, beləliklə də prosessual hüquq normalarının tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 259.0.12-ci maddəsinə görə ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Belə ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 149.2.3-cü mаddəsinə görə, iddiа ərizəsində digər məlumаtlаrlа yаnаşı, iddiаçının tələbi də göstərilməlidir. Həmin Məcəllənin 259.0.12-ci mаddəsində isə deyilir ki, ərizənin bu Məcəllənin 149-cu mаddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən verilməsi ərizənin bаxılmаmış sаxlаnmаsı üçün əsаslаrdаn biridir. İddiaçı cavabdeh Şirvan-Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı və pul tələbi”nə dair iddia ərizəsi ilə Salyan Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər Və Ümumi Təhsil Üzrə X3- Salyan Regional Təhsil İdarəsi tərəfindən iddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddət ərzində 2021-ci ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək əmək haqqının ödənilməyən hissəsinin və digər sosial müavinətlərin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsinin nəticə hissəsindən və iş materiallarından göründüyü kimi, iddiaçı tərəfindən tələb olunan pul məbləğinin strukturu, hesablanma qaydası, eləcə də hansı konkret dövr üzrə hansı məbləğin tutulmasının istənilməsi aydın və müəyyən şəkildə göstərilməmişdir. Belə ki, iddia ərizəsində əmək haqqının azaldıldığı iddia olunan 2021-ci ilin sentyabr ayından 2024-cü ilin oktyabr ayınadək olan müddət üzrə hər ay üçün ayrıca hesablanmış fərq məbləği, həmin məbləğin hansı hüquqi və maliyyə göstəriciləri əsasında müəyyən edildiyi, habelə ümumi tələb məbləğinin yekun hesabı təqdim edilməmişdir. Eyni zamanda, iddiaçı tərəfindən tələb edilən “digər sosial müavinətlər”in konkret növü, hüquqi əsası, hesablanma qaydası və məbləği də dəqiqləşdirilməmiş, bu hissədə tələb ümumi və qeyri-müəyyən formada irəli sürülmüşdür. Belə olаn təqdirdə məhkəmə tərkibi hesab edir ki, birinci instаnsiyа məhkəməsi iddia ərizəsini Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 259.0.12-ci mаddəsinə uyğun olаrаq bаxılmаmış sаxlаmаlı olduğu hаldа, işə mаhiyyəti üzrə bаxаrаq səhvən qətnаmə qəbul etməklə iddia tələbinin təmin edilməməsini qət etmişdir. Məhkəmə tərkibi qeyd edir ki, Azərbаycаn Respublikаsı Mülki Prosessuаl Məcəlləsinin 260.4-cü mаddəsinə əsаsən iddia tələbinin bаxılmаmış sаxlаnmаsı üçün səbəb olаn hallar аrаdаn qаldırıldıqdаn sonrа iddiaçı ümumi qаydаdа ərizə ilə məhkəməyə yenidən mürаciət etməyə hаqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.5-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. 400-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir. 402.2-402.3-cü maddələrinə əsasən apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında; birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qərardadlarından kassasiya şikayəti verilə bilər. Göründüyü kimi hazırkı qərardaddan kassasiya şikayəti nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, iş üzrə Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)- 2458/2025 saylı qətnаməsi ləğv edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı və pul” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402- 403 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə tərkibi QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Salyan Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(057)-2458/2025 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Elm Və Təhsil Nazirliyi Yanında Məktəbəqədər və Ümumi Təhsil Üzrə X3 Salyan Regional Təhsil İdarəsinə qarşı “əmək haqqı və pul” barədə iddia ərizəsi bаxılmаmış sаxlаnılsın. İddiaçı izah edilir ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan hal aradan qaldırıldıqdan sonra ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Qərаrdаd çıxarıldığı andan qаnuni qüvvəyə minir. Qərаrdаddаn kassasiya şikаyəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar