Məhkəmə qərarları › İş №2(3-9)-983/2026

Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-9)-983/2026

08.09.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Şirvan şəhəri İş № 2(3-9)-983/2026 08.09.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi və məruzəsi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Heydərov Tofiq Xudayar oğlundan ibarət tərkibdə, İsazadə Salman Raqif oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxıb MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə müraciət edərək Cavabdeh # ##### 2015-ci il təvəllüdlü X4, ## ##### 2016-cı il təvəllüdlü X5 və ## ### 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşa çatanədək saxlanılmasından ötrü hər ay, hər uşağa görə 240 manat, cəmi 720 manat məbləğdə alimentin alınaraq İddiaçı verilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. Cavabdeh ilə aralarında olan nikah qeydi Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Məhkəmənin qətnaməsinə əsasən birgə nikahlarından doğulmuş # ##### 2015-ci il təvəllüdlü X4, ## ##### 2016-cı il təvəllüdlü X5 və ## ### 2017-ci il təvəllüdlü X2 onun yanında saxlanılması müəyyən edilmişdir. Hazırda da uşaqlar atanın yanındadır. Birgə nikahlarından doğulmuş uşaqları onun yanında qalmaqla onların bütün maddi təminatlarını özü təmin edir, cavabdeh uşaqların tələbatına heç bir yardım etmir. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə (hakim Mədinə Rəsulova) iddia tələbi qismən təmin edilərək, # #### 2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan # ##### 2015-ci il təvəllüdlü X4, ## ##### 2016-cı il təvəllüdlü X5 və ## ### 2017-ci il təvəllüdlü X2 üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində alimentin tutulması, alimentin tutulmasının əvvəlinin # #### 2026-cı il tarixdən hesablanması, qətnamənin dərhal icra edilməsi, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək onun qismən - alimentin tutulması hissəsində dəyişdirilməsini və tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.166 misli həddində müəyyən olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclasında iştirak edərkən aylıq əmək haqqının 400 manat olduğunu, ümumilikdə 180 manat ödəməsinə razı olduğunu, başqa gəlir sahəsinin olmadığını, maddi vəziyyətinin çətin olduğunu və kirayədə yaşadığını bildirsə də, məhkəmə bunları nəzərə almadan qanunsuz qətnamə qəbul etmişdir. Aylıq qazancı 400 manat əmək haqqından ibarətdir ki, həmin məbləğin yarısı 200 manat edir. Yerdə qalan 200 manatın 100 manatı Bakı şəhərində ən pis şəraitdə olan yaşayış yerinin kirayə haqqı, 100 manat isə həyatda qala bilmək üçün 1 aylıq minimal qidalanma xərcidir. Məhkəmə alimentin məbləğini müəyyən edərkən valideynlərin maddi vəziyyətini nəzərə almamışdır. Cavabdeh məhkəmə iclasında izahatında bildirdi ki, hazırda Bakı şəhərində əyləncə mərkəzlərindən birində barista kimi çalışır və aylıq 400 manat əmək haqqı alır. Kirayə evdə yaşayır və hər ay 130 manat kirayə haqqı ödəyir. Əldə etdiyi əmək haqqı gündəlik yaşayış və digər zəruri xərclərini tam qarşılamağa belə kifayət etmir. Müəyyən edilmiş aliment məbləğini ödəmək imkanı yoxdur. Uşaqların ondan alınaraq atasının yanında qalmaları müəyyən edilmişdir. Hazırda qarşı tərəf uşaqlarla görüşməyinə imkan vermir. Bununla bağlı məhkəməyə və ya icra orqanına müraciət etməmişdir. Maddi vəziyyətinin nəzərə alınaraq, aylıq 150 manat məbləğində aliment ödəməyə razıdır və bu məbləğin müəyyən edilməsini xahiş edir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, məhkəməyə teleqram ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını və apellyasiya şikayətini qəbul etmədiyini bildirmişdir. Məhkəmə tərkibi Mülki Prosessual Məcəllənin (MPM) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşdə olan Bakı şəhəri Xəzər rayonu Binə bələdiyyəsi tərəfindən verilmiş # ###### 2025-ci il tarixli ** nömrəli arayışdan görünür ki, İddiaçı Bakı şəhəri Xəzər rayonu Yeni sahə ünvanında qeydiyyatsız olaraq yaşayır. Biləsuvar Rayon İcra Hakimiyyəti başçısının yanında Xırmandalı kənd ərazi icra nümayəndəliyi tərəfindən verilmiş # ###### 2026-cı il tarixli *-**-*/*-**/* nömrəli arayışdan görünür ki, İddiaçı Biləsuvar rayonu Xırmandalı kəndində yaşayır. # ###### 2026-cı il tarixli *-**-*/**-**/**** nömrəli “Arayış”dan görünür ki, # ##### 2015ci il təvəllüdlü X4 anası Cavabdeh, atası İddiaçıdur. # ###### 2026-cı il tarixli *-**-*/**-**/**** nömrəli “Arayış”dan görünür ki, ## ##### 2016-cı il təvəllüdlü X5 anası Cavabdeh, atası İddiaçıdur. # ###### 2026-cı il tarixli *-**-*/**-**/**** nömrəli “Arayış”dan görünür ki, ## ### 2017ci il təvəllüdlü X2 anası Cavabdeh, atası İddiaçıdır. Biləsuvar * saylı Mediasiya Təşkilatının # ###### 2026-cı il tarixli MŞB/MT***/****- ***** nömrəli İlkin Mediasiya Sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışdan görünür ki, mediasiya prosesində hər iki tərəf iştirak etmiş, lakin İddiaçı mediasiya prosesini davam etdirməyə razılıq verməyən tərəf olmuşdur. Biləsuvar Rayon Məhkəməsinin ## ####### 2025-ci il tarixli *(***)-**/**** saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında # ### 2015-ci il tarixli nikahın pozulması, birgə nikahdan doğulmuş # ##### 2015-ci il təvəllüdlü X4, ## ##### 2016-ci il təvəllüdlü X5 və ## ### 2017-ci il təvəllüdlü X3 atası İddiaçı yanında saxlanılması qət edilmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən (iş yerinə dair) arayışın surətindən görünür ki, Cavabdeh “X1” adlı müəssisədə, barista vəzifəsi üzrə 400 manat rəsmi əmək haqqı alır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. MPM-in 372.1-ci, 372.6-cı və 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Dispozitivlik prinsipi onu nəzərdə tutur ki, müdafiə üçün məhkəməyə müraciət etmək və ya etməmək, iddia qaldırmaq və onu geri götürmək, yaxud da tələb olunan müdafiənin həcmini müəyyən etmək şəxsin özündən asılı olmalıdır. Bundan irəli gələrək, öz məqsədinə nail olmaq üçün prosessual vasitələri seçmək də onun sərbəst sərəncamında olmalıdır. Məhkəmə tərkibi birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh apellyasiya şikayətinin dəlilləri üzrə yoxlanılmasını düzgün hesab edir. Azərbaycan Respublikasının Konstıtusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Konstıtusiyasının 34-cü maddəsinə görə uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqları haqqında” Konvensiyasının 27-ci maddəsinə əsasən hər bir uşaq fiziki, əqli, mənəvi, əxlaqi və sosial inkişafı üçün lazımi həyat səviyyəsi hüququna malikdir. Valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazim olan həyat şəraitini öz bacarıqları və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. AM-in 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən olunur. AM-in 110.2-ci maddəsinə görə alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. ## ###### 1989-cu il tarixli “Uşaq Hüquqları Haqqında Konvensiya”nın (## ######## 1990-cı il tarixdə qüvvəyə minmişdir) 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Həmin Konvensiyanın 3-cü və 4-cü maddələrinin tələblərinə əsəsən uşaq barəsində bütün tədbirlərdə uşaqların maraqları tam həcmdə nəzərə alınmalıdır. Dövlət bu hüquqların həyata keçirilməsi üçün bütün mümkün tədbirləri görməlidir. Həmin Konvensiyanın 36-cı maddəsinə əsasən uşaqlar onların inkişafına zərər vuran hər bir fəaliyyətdən müdafiə hüququna malikdirlər. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2016-cı il tarixli qərarından görünür ki, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Bu qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə tərkibi aliment məbləğinin dəyişdirilərək hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli həddində müəyyən edilməsinə dair birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Məhkəmə tərkibi Cavabdeh Tofiq oğlunun apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, “AZEMİS” elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən uşaqların faktiki himayəsində olduqları İddiaçı hər hansı rəsmi gəlirinin mövcud olmadığı müəyyən edilmişdir. Nəzərə alınmalıdır ki, azyaşlıların saxlanılması və gündəlik digər tələbatlarının ödənilməsi yükü məhz iddiaçının üzərindədir. Belə olan halda, uşaqların üstün mənafeyi prinsipi, onların normal yaşayış səviyyəsinin təmin edilməsi zərurəti, yaşları ilə bağlı artan ehtiyacları, habelə aliment ödəyicisinin övladlarının saxlanılmasında iştirak etmək vəzifəsi nəzərə alınmaqla, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş aliment məbləği ağlabatan və ədalətli sayılmalıdır. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən alimentin hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,25 misli məbləğində müəyyən edilməsi uşaqların mənafeyi ilə aliment ödəyicisinin maddi imkanları arasında ədalətli və mütənasib tarazlıq yaradır. Məhkəmə tərkibi hesab edir ki, iş materiallarında aliment məbləğinin bundan fərqli qaydada müəyyən edilməsini zəruri edən əsaslı hallar müəyyən olunmadığından, birinci instansiya məhkəməsinin gəldiyi nəticənin dəyişdirilməsi üçün əsas yoxdur. Beləliklə, məhkəmə tərkibi hesab edir ki, apellyasiya şikayətinin dəlilləri ailə qanunvericiliyinin yuxarıda qeyd olunan tələbləri nəzərə alınmaqla məhkəmə qətnaməsinin dəyişdirilməsi üçün əsas ola bilməz. MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyinəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə tərkibi belə yekun nəticəyə gəlir ki, maddi və prosessual hüquq normaları birinci instansiya məhkəməsi tərəfindən düzgün tətbiq edilmiş, birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan işin bütün faktiki halları aydınlaşdırılmış, məhkəmənin qətnamədə göstərilmiş nəticələri işin həqiqi hallarına uyğun gəlir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və hazırkı qətnamə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə tərkibi şərh olunanlara əsaslanıb, MPM-in 14, 77, 217, 372, 385, 392, 393 və 402-ci maddələrini rəhbər tutub QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Biləsuvar Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-***/**** saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir və kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar