Azərbaycan Respublikası adından Qərardad Şirvan şəhəri İş № 2(3-9)-990/2026 07.08.2026 ŞIRVAN APELLYASIYA MƏHKƏMƏSI Hakim Əhmədov Pərviz Tərlan oğlunun sədrliyi, hakimlər Əsədov İlham Qoşunəli oğlu və Novruzova Aytən Nazim qızından ibarət tərkibdə, Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiyanın mümkünlüyünə baxıb MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2010-cu il, 2017-ci il və 2023cü il tarixlərdə ezam olarkən ona ödənilməmiş ezamiyyə haqqının, 1992-ci ildən ##.##.2024-cü il tarixədək, işlədiyi artıq saatların əmək haqqının, 2019-cu ilin dekabr ayından etibarən isə ikinci qrup əlil olduğu üçün ##.##.2020-ci il tarixdən, ##.##.2024-cü il tarixədək almalı olduğu, lakin ala bilmədiyi əmək haqqının alınıb ona verilməsini, o cümlədən aidiyyəti orqanlara etdiyi müraciətlərlə əlaqədər dəymiş maddi ziyan olaraq 369.06 manatın ona ödənilməsini xahiş etmişdir. İddiaçı ##.##.2026-cı il tarixdə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, iddia ərizəsinin “giriş hissəsi”ndə “Covid-19” pandemiyası dövründə əmək haqqı tələbi qeyd edilsə də, iddia ərizəsinin “xahiş edirəm” hissəsində texniki səhv olaraq qeyd edilməmişdir. Odur ki, iddia ərizəsinin “xahiş edirəm” hissəsində “Covid-19” pandemiyası dövründə ona ödənilməmiş əmək haqqının ödənilməsinin nəzərə alınmasını xahiş etmişdir Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmişdir. Qətnamədən İddiaçı və Cavabdeh publik hüquqi şəxsi apellyasiya şikayətləri vermişlər. Məhkəmə tərkibi İsayeva xxxx” publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə qeyd edir ki, həmin şikayət verilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərə əməl edilməmişdir. Belə ki, MPM-in 361.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində aşağıdakılar göstərilməlidir: şikayətin verildiyi məhkəmənin adı və ünvanı; şikayəti verən şəxsin soyadı, adı, atasının adı, (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyətini eyniləşdirməyə imkan verən məlumatlar, yaşayış yeri və ya olduğu yer( həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, işdə prosessual vəziyyəti; barəsində şikayət verilən məhkəmə aktı, onun qəbul edilmə tarixi, nəticə hissəsi, həmin aktı qəbul edən məhkəmənin adı; şikayəti verən şəxsin tələbi və məhkəmə aktı hansı hissədə mübahisələndirdiyi; şikayəti verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar; şikayətə əlavə edilən sənədlərin siyahısı. MPM-in 363-cü maddəsində apellyasiya şikayətinin qaytarılması əsasları nəzədə tutulmuşdur. Həmin apellyasiya şikayətinin qaytarılması əsaslarından biri də apellyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilməsidir. Məhkəmə tərkibi qeyd edir ki, mülki prosessual qanunvericiliyin tələblərinə əsasən MPM ilə müəyyən edilmiş formada verilən apellyasiya şikayətində şikayəti verən şəxs tərəfindən onun tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar göstərilməlidir. Apellyasiya şikayətinin məzmunundan görünür ki, şikayətdə birinci instansiya məhkəməsinin qətnaməsinin hansı hissəsinin mübahisələndirildiyi göstərilməmiş, məhkəmə aktının düzgün hesab edilməməsinin konkret hüquqi və faktiki əsasları açıqlanmamışdır. Eyni zamanda, şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə həmin halları təsdiq edən sübutlar barədə də hər hansı məlumat təqdim edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti prosessual qanunvericiliyin məzmun tələblərinə cavab vermir. MPM-in 364-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi apelyasiya şikayətinin bu Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 361-ci maddəsinin tələblərinə cavab verən apelyasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə apellyasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində apellyasiya instansiyası məhkəməsinə göndərilir. Qeyd olunan halları nəzərə almaqla, birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh publik hüquqi şəxsin apellyasiya şikayətinin MPM-in 361-ci maddəsinin tələblərinə cavab vermədiyi müəyyən edilməklə müvafiq olaraq apellyasiya şikayəti geri qaytarılmalı olduğu halda, düzgün olmayaraq baxılmasından ötrü apellyasiya instansiyası məhkəməsinə göndərilmişdir. Bununla yanaşı “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsinə əsasən isə məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə - büdcə təşkilatları, bələdiyyələr dövlət rüsumunu ödəməkdən azad olunurlar. Qanunun 8.6-cı maddəsinə görə apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi miqdarında dövlət rüsumu ödənilir. Habelə MPM-in 363.1.2-ci maddəsinə əsasən apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə, apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. İşdən göründüyü kimi, apellyasiya şikayəti verilərkən cavabdeh tərəfindən dövlət rüsumu ödənilməmiş və “Dövlət rüsumu haqqında” Qanunun 9.1.14-cü maddəsində nəərədə tutulmuş normaya istinad olunmuşdur. Lakin nəzərə alınmalıdır ki, həmin hüquqi norma məhkəmələrə verilən iddia ərizələri, digər ərizələr və ya şikayətlər üzrə büdcə təşkilatları, bələdiyyələrə şamil olunur. Belə olan halda, cavabdehin apellyasiya şikayəti üzrə dövlət rüsumunu ödəmək öhdəliyi mövcud olmuş və onun ödənilməməsi qanunvericiliyin tələblərinə uyğun sayıla bilməz. Mülki prosessual qanunvericiliyin tələbinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Məhkəmə tərkibi yuxarıda qeyd olunanlara əsasən belə hesab edir ki, Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya qeyri-mümkün hesab edilməlidir. Məhkəmə tərkibi şərh olunanlara əsasən və MPM-in 361, 364, 366, 400 və 402-ci maddələrini rəhbər tutub QƏRAR VERDİ: Yardımlı Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli *(*-***)-**/**** saylı qətnaməsindən Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya qeyrimümkün hesab edilsin. Cavabdeh publik hüquqi şəxsi tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələblərinə uyğun olaraq hüquqi qiymət verilməsi üçün Yardımlı Rayon Məhkəməsinə qaytarılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2(3-9)-990/2026
Şirvan Apellyasiya Məhkəməsi Qərardad — İş №2(3-9)-990/2026
07.08.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver