Məhkəmə qərarları › İş №2(5-107)-21/2026

Ağdam Rayon Məhkəməsi Qətnamə — İş №2(5-107)-21/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdam rayonu İş № 2(5-107)-21/2026 24.02.2026 AĞDAM RAYON MƏHKƏMƏSİ Hakim Bayramov Elşad Abdulla oğlunun sədrliyi, Qədimov Anar Təyyar oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı alimentin sabit pul məbləğində təyin edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia açaraq cavabdehdən onların birgə nikahlarından anadan olmuş xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində alimentin və mediasiya xərci kimi ödədiyi 50 manat pulun tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələblərini belə əsaslandırmışdır ki, Cavabdeh ilə rəsmi nikah qeydiyyatından keçməklə ailə həyatı qurmuş, birgə nikahlarından xx.xx.2014-cü il təvəllüdlü Nigar adlı uşaqları anadan olmuşdur. Ailə münasibətləri pozulduğu üçün nikahları Ağdam Rayon Məhkəməsinin 11 oktyabr 2021-ci il tarixli, 2(013)-49/2021 saylı Qətnaməsinə əsasən pozulmuş, uşaq onun himayəsində saxlanılmış və uşağın saxlanılması üçün cavabdehin qazancının və başqa gəlirlərinin ¼ hissəsi məbləğində hər ay alimentin onun xeyrinə tutulması qət edilmişdir. Həmin vaxt cavabdeh işləyirdi, hazırda isə Cavabdeh işdən çıxmışdır. Cavabdeh işləmədiyini əsas götürərək aliment öhdəliyini yerinə yetirmir. Bu səbəbdən də istəyir ki, sabit pul məbləğində aliment təyin olunsun. Ona görə də hesab edir ki, Cavabdeh 2014-cü il təvəllüdlü Nigarın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 manat sabit pul məbləğində aliment və mediasiya xərci üçün ödədiyi 50 manat pulun tutularaq ona verilməsinə dair məhkəmə qətnaməsi çıxarılmalıdır. Bu səbəbdən də hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı nümayəndəsi /atası/ X7 məhkəmə iclasında iddia tələblərini müdafiə etdi. Əlavə olaraq qeyd etdi ki, cavabdeh əvvəllər MAXE kimi hərbi qulluqda olub. Cavabdeh 2020-ci ildə işdən çıxıb, hazırda fəhləlik edir. Qızı Aybəniz Bakı Şəhərində məktəblərdən birində xadimə işləyir. Uşağın 12 yaşı var, tələbatları artıb. Cavabdeh aliment öhdəliyi üzrə 2 illik borcu yaranıb. Ona görə də iddia tələbinin qanunamüvafiq olaraq təmin edilməsini xahiş edir. Cavabdeh nümayəndəsi /atası/ X5 iddia tələblərinə münasibət bildirərək göstərdi ki, oğlu Nicat hazırda fəhləliklə məşğuldur, çətinliklə yaşayır, uçuq-çökük daxmada yaşayır. Oğlu Nicat hazırda ailə qurub, yeni nikahından 2 uşaqları anadan olub. Oğlu müharibə veteranıdır, 80 manat təqaüd alır. Oğlu Nicatın ailə qurduğu xanım da işləmir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iddia ərizəsini, ərizəyə əlavə edilmiş materialları nəzərdən keçirib, nümayəndələri dinləyib belə hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. AA ******* saylı Vəsiqənin surətindən görünür ki, İddiaçı xx.xx.1990-cı il təvəllüdlüdür. X1 surətindən görünür ki, hazırkı tərəflərin birgə nikahları dövründə - 02 xx.xx.2014-cü il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. AA ******* saylı Vəsiqə surətindən görünür ki, Cavabdeh xx.xx.2014-cü il təvəllüdlüdür. X4 Şəhadətnamənin surətindən görünür ki, hazırkı tərəflər aralarında olan nikaha 25 noyabr 2021-ci il tarixdə 203 sayla xitam verilmşdir. Ərizəyə əlavə olunmuş Ağdam Rayon Məhkəməsinin 11 oktyabr 2021-cü il tarixli, 2(013)- 49/2021 saylı Qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə A.Əsədova aralarında 12 oktyabr 2013-cü il tarixdə Ağdam Rayon Qeydiyyat Şöbəsində qeydə alınmış nikah pouzulmuş, tərəflərin birgə nikahlarından anadan olan 2014-cü il təvəllüdlü X8 anasının yanında saxlanılmış və yetkinlik yaşına çatanadək onun saxlanılması üçün üçün 1/4 hissə ilə alimentin tutulması qət edilmişdir. X2 X6 30 dekabr 2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Ərizəyəə əlavə olunmuş AA ******* saylı Vəsiqənin surətindən görünür ki, Cavabdeh xx.xx.1990-cı il təvəllüdlüdür. Göründüyü kimi iddiaçı ilə cavabdeh rəsmi qaydada boşanmışlar, onların 1 uşağı iddiaçının himayəsindədir, cavabdeh işlədiyindən əvvəllər uşağın saxlanılması üçün aliment məbləği cavabdehin əmək haqqının 1/4 hissəsi ilə müəyyən edilmişdir. İddiaçı bildirir ki, cavabdeh hazırda işləmir, aliment öhdəliyini icra etmir, özünün maddi vəziyyəti ilə bağlı uşağı saxlaya bilmir, həmçinin cavabdeh bir ata kimi uşağın saxlanması üçün heç bir maddi köməklik etmir, ona görə də məhkəməyə müraciət edib. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 76.2-ci maddəsinə əsasən alimentin miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. «Uşaq Hüquqları Haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli Qərarının 8.4-3-cü bəndi nəzərdə tutur ki, alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi cavabdehin mübahisələndirilməyə vəzifəsinin icrası ilə bağlı olsa da iddiaçı cavabdehin qazancı ilə bağlı sübutları məhkəməyə təqdim etmədiyindən iddia tələbi qismən təmin edilməli, atasından bir azyaşlı uşağın saxlanılması üçün uşaq yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanılmaqla və sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.50 misli həddində aliment məbləği tutulub İddiaçı xeyrinə ödənilməlidir. "X9" Azərbaycan Respublikası Qanunun 9.1.2-ci maddəsinə görə alimentin alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azaddırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə görə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə görə aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Bu mənada məhkəmə hesab edir ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 44 manat dövlət rüsumu kimi ödənilməli olan məbləğ də Cavabdeh tutularaq dövlət nəfinə verilməli, həmçinin ondan iddiaçının mediasiya xərci kimi ödədiyi 50 manat da tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları subut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-237-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Tutulan aliment məbləği dəyişdirilsin, Cavabdeh - xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün hazırkı qətnamə qanuni qüvvəsini aldığı vaxtdan hesablanılmaqla və sonrakı artımlar nəzərə alınmaqla hər ay bir uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin 0.50 misli həddində aliment məbləği tutulub İddiaçı xeyrinə ödənilsin. Mediasiya xərci kimi ödənilmiş 50 /əlli/ manat Cavabdeh tutularaq İddiaçı verilsin. Cavabdeh dövlət rüsumu kimi ödənilməli olan 44 /qırx dörd/ manat tutulub dövlət büdcəsinə verilsin. Tələbin qalan hissəsi təmin edilməsin. Qətnamədən 1 (bir) ay müddətində Ağdam Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən : E.Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar