Məhkəmə qərarları › İş №2(5-108)-84/2026

Ağdaş Rayon Məhkəməsi Qətnamə — İş №2(5-108)-84/2026

17.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ağdaş rayonu İş № 2(5-108)-84/2026 17.03.2026 AĞDAŞ RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərova Fidan Vaqif qızının sədrliyi, Hümbətova Günay Xalid qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı tərəflərin qeyri-rəsmi nikahından xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2025-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin və mediasiya üçün ödənilmiş 60 manat məbləğində pulun cavabdehdən iddiaçının xeyrinə tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək bildirdi ki, o, Cavabdeh ilə qeyrirəsmi olaraq ailə münasibətlərində yaşamış, həmin münasibətdən xx.xx.2023-cü il tarixdə X3 və xx.xx.2025-ci il tarixdə X8 anadan olmuşdur. Uşaqlar olduqdan sonra cavabdeh uşaqlara atalıq vermişdir. Yaşadıqları ilk vaxtlarda münasibətləri normal olsa da sonradan münasibətləri pozulmuşdur. Ayrıldıqdan sonra cavabdehə uşaqlara baxmasını və maddi köməklik etməsini bildirsə də cavabdeh öz atalıq borcunu yerinə yetirmir. Buna görə də o, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2025-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,75 misli həddində sabit pul məbləğində alimentin cavabehdən iddiaçının xeyrinə tutulmasını xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iddiaya etiraz edərək göstərmişdir ki, cavabdeh iddia tələbi ilə razı deyil. Belə ki, cavabdeh hazırda Gəncə şəhərində Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında əməliyyat bölməsinin inspektoru işləməklə aylıq əmək haqqı 840 manat təşkil edir. Lakin cavabdehin digər 2 nəfər övladı da olmaqla Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(125)- 6110/2024 nömrəli qətnaməsinə əsasən Cavabdeh ilə X7 birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə xərcinə yardım kimi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində vəsaitin Cavabdeh uşaqların anası X7 xeyrinə tutulması qət edilmişdir. Odur ki, cavabdehin himayəsində daha 2 nəfər uşaq olmasını onlara da aliment ödəməsini nəzərə alaraq hazırki iddia tələbinin təmin edilməsi cavabdehi çıxılmaz vəziyyətə sala bilər. Yalnız hazırki halda hər uşağa görə aylıq 150 manat məbləğində alimentin ödənilməsinə cavabdeh razılıq verə bilər. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri dinləyərək, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan, AZ-V 035015 və AZ-İV 854510 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2023-cü il təvəllüdlü X6 və xx.xx.2025-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası isə İddiaçıdır. İş materiallarında olan Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 6110/2024 nömrəli qətnaməsi ilə Cavabdeh ilə X7 birgə nikahından xx.xx.2012-ci il tarixdə anadan olmuş X5 və xx.xx.2013-cü il tarixdə anadan olmuş X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 250 (iki yüz əlli) manat, cəmi 500 (beş yüz) manat sabit pul məbləğində alimentin və birgə nikahdan xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 xəstəliyi ilə əlaqədar olaraq müalicə xərcinə yardım kimi xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 60 (altmış) manat sabit pul məbləğində vəsaitin Cavabdeh Gəncə şəhəri 2 saylı İstintaq Təcridxanasından aldığı əmək haqqından tutularaq uşaqların anası X7 müvafiq Bank Kart (**********0978140) hesabına ödənməsinə dair Cavabdeh ilə X9 arasında xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin təsdiq edilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (bundan sonra Ailə Məcəlləsinin) 75.1-ci maddəsinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də həmin Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2026-cı ildə yaşayış minimumu haqqında» 09 dekabr 2025-ci il tarixli Azərbaycan Respublikası Qanununa görə 2026-cı il üçün ölkə üzrə uşaqlar üçün yaşayış minimumu 260 manat məbləğində müəyyən edilmişdir. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşaqların Azərbaycan Respublikası Qanunvericiliyi ilə müəyyən edilmiş yaşayış minimumu səviyyəsindən aşağı olmamaq şərti ilə maddi təminat almaq hüququ vardır. Həmçinin Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunveriliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 8- 2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanılmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini «xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun» məzmununda ifadə etməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəlləsinin) 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə tərəflərin maddi vəziyyətini və cavabdehin maddi vəziyyətinə dair iddiaçı tərəfindən sübutların təqdim olunmamasını, eləcə də cavabdehlə yanaşı iddiaçının da uşağı saxlamaq vəzifəsini, eyni zamanda cavabdehin himayəsində daha 2 nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, həmin uşaqlara aylıq 500 manat və uşaqlardan birinin xəstəliyi ilə əlaqədar əlavə olaraq 60 manat məbləğində alimentin cavabdehdən tutulmasını nəzərə alaraq, habelə uşaqların təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini, ölkə üzrə uşaqlar üçün yaşayış minimumunu diqqətdə saxlayaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, xx.xx.2023-cü il tarixdə anadan olmuş X3 və xx.xx.2025-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Ailə Məcəlləsinin 100.1-ci maddəsinə görə aliment almaq hüququ olan şəxs ona aliment ödənilməmişsə, aliment almaq hüququnun yarandığı vaxtdan asılı olmayaraq istənilən müddətdə məhkəməyə aliment tutulması barədə ərizə ilə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı xx.xx.2026-cı il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Bundan başqa, Mülki Prosessual Məcəlləsinin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 107-ci maddəsinə görə məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bununla əlaqədar məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 manat məbləğində pul vəsaiti cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq, xx.xx.2023-cü il təvəllüdlü X3 və xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,45 (sıfır tam yüzdə qırx beş) misli həddində sabit pul məbləğində aliment tutulsun. Ödənilmiş mediasiya xərcinin əvəzi qismində 60 (altmış) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçı iddiası qalan hissədə rədd edilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən, onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində, «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Ağdaş rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Fidan Ələkbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar