Məhkəmə qərarları › İş №2(5-115)-146/2026

Biləsuvar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-115)-146/2026

16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Biləsuvar rayonu İş № 2(5-115)-146/2026 16.03.2026 BİLƏSUVAR RAYON MƏHKƏMƏSİ Sədrlik edən hakim Əliyeva Aytəkin Güləli qızı, X5 məhkəmə-iclas katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə iddia ərizəsinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “aliment tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 19 iyun 2019-cu il təvəllüdlü X4 və 05 iyul 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,60 misli həddində alimentin cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Mammadova Türkan Vəkilağa qızı ilə Cavabdeh 15 aprel 2019-cu il tarixdə Biləsuvar rayon Qeydiyyat Şöbəsində rəsmi nikaha daxil olmuş, həmin nikahdan 19 iyun 2019-cu il təvəllüdlü X7 və 05 iyul 2023-cü il təvəllüdlü X6 doğulmuşdur. Tərəflər arasında münasibətlər sonradan pozulduğundan onlar təxminən 5 aydır ayrı yaşayırlar. Uşaqlar hazırda iddiaçının yanında qalırlar. İddiaçı uşaqlarla birlikdə valideynlərinin evində yaşayır, rəsmi iş yerinin və müstəqil gəlirinin olmaması səbəbindən azyaşlı uşaqların saxlanılması və gündəlik ehtiyaclarının qarşılanmasında çətinlik çəkir. Cavabdehin isə uşaqların saxlanılması üçün mütəmadi qaydada maddi köməklik göstərmədiyi, onların təminatında yetərincə iştirak etmədiyi bildirilmişdir. Bu səbəbdən cavabdehdən hər iki uşağın saxlanılması üçün aliment tutulması və iddiaçının xeyrinə ödənilməsi xahiş olunmuşdur. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, cavabdehin maddi imkanı yaxşıdır, uşaqların saxlanılması və təminatı üçün kifayət qədər vəsait ödəmək imkanına malikdir. İddiaçı göstərmişdir ki, cavabdeh əvvəllər uşaqların ehtiyaclarının qarşılanmasında daha yaxından iştirak etmiş, onların təminatını normal səviyyədə ödəmişdir. Hazırda da azyaşlı uşaqların saxlanılması, gündəlik ehtiyaclarının ödənilməsi və normal yaşayış şəraitinin təmin olunması üçün cavabdehin aliment ödəmək öhdəliyi vardır. Bu səbəbdən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında iddia tələbini qəbul etmədiyini, iddia ərizəsində göstərilən məbləğdə aliment ödəmək imkanının olmadığını, rəsmi iş yerinin və sabit qazancının mövcud olmadığını bildirmişdir. Cavabdeh, uşaqlara imkanları daxilində maddi yardım etdiyini göstərərək, onun maddi vəziyyətinin nəzərə alınmasını və iddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Sübutların tədqiqi: -AZ-İİ seriyalı 926094 nömrəli “Nikah haqqında şəhadətnamə”nin surətindən görünür ki, iddiaçı Mammadova Türkan Vəkilağa qızı ilə Cavabdeh arasında 15 aprel 2019-cu il tarixdə 66 №li akt qeydi ilə Biləsuvar Rayon Qeydiyyat Şöbəsində nikah bağlanmışdır. -AZ-İV seriyalı 319387 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 19 iyun 2019-cu il təvəllüdlü X7 oğlunun anası iddiaçı Mammadova Türkan Vəkilağa qızı, atası Cavabdehdur. -AZ-İV seriyalı 920024 nömrəli “Doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, 05 iyul 2023-cü il təvəllüdlü X3 anası iddiaçı Mammadova Türkan Vəkilağa qızı, atası Cavabdehdur. -Biləsuvar şəhəri, 1 saylı Mediasiya Təşkilatının mediatoru Şahbazov Tahir Vəkil oğlu tərəfindən verilmiş xx.xx.2026-ci il tarixli, MŞB/MT057-2025-00023 saylı ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı aliment tələbi ilə bağlı ilkin mediasiya sessiyasında iştirak etmək üçün müraciət etmiş lakin, tərəflər mediasiya sessiyasında iştirak etməmişdirlər. İşin müəyyən edilən halları: İddiaçı cavabdeh ilə 15 aprel 2019-cu il tarixdə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 19 iyun 2019-cu il və 05 iyul 2023-cü il təvəllüdlü iki uşaqları doğulmuşdur. Tərəflər sonradan ayrı yaşamağa başlamışdırlar. Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, uşaqların anası Mammadova Türkan Vəkilağa qızı, atası Cavabdehdur. Hazırda azyaşlı uşaqlar iddiaçı ilə birlikdə yaşayır və onların saxlanılması iddiaçı tərəfindən təmin edilir. Bu səbəbdən iddiaçı cavabdehdən uşaqların saxlanılması üçün aliment tutulmasını tələb etmişdir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. Analıq, atalıq, uşaqlıq qanunla qorunur. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də vəzifəsidir. “Uşaq hüquqlarına dair” BMT Konvensiyası: Maddə 3. Məhkəmələr, uşaqlar barəsində görülən bütün tədbirlərdə, uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət etməlidirlər. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə təqdim olunmuş sübutları, iddiaçının və cavabdehin izahatlarını və qüvvədə olan qanunvericiliyin tələblərini hərtərəfli araşdıraraq belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməlidir. Qanunvericiliyin tələbinə görə valideynlər yetkinlik yaşına çatmayan uşaqların saxlanılması, onların maddi təminatı, habelə fiziki, psixi və mənəvi inkişafı üçün zəruri şəraitin yaradılması sahəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Uşağın valideynlərdən biri ilə yaşaması digər valideyni onu saxlamaq öhdəliyindən azad etmir. Bu öhdəlik imperativ xarakter daşıyır və valideynin şəxsi münasibətlərindən, ailədaxili münaqişələrdən və ya subyektiv yanaşmasından asılı deyildir. Ailə Məcəlləsinin tələblərinə əsasən, alimentin məbləği müəyyən edilərkən məhkəmə ilk növbədə uşağın maraqlarını üstün tutur. Bununla yanaşı, tərəflərin maddi və ailə vəziyyəti, uşağın əvvəlki təminat səviyyəsi, uşağın ehtiyacları və iş üçün əhəmiyyət kəsb edən digər hallar da nəzərə alınmalıdır. Alimentin hüquqi təbiəti cəza xarakterli deyil, təminat xarakterlidir və onun əsas məqsədi uşağın sosial rifahının, normal inkişaf şəraitinin və əvvəlki həyat səviyyəsinin mümkün qədər qorunub saxlanılmasını təmin etməkdir. İş materiallarından görünür ki, cavabdehin hər ay hər uşağa görə 240 manat məbləğində aliment ödəmək imkanına malik olması barədə məhkəməyə sübut təqdim edilməmişdir. Sübutetmə yükü mülki proses qanunvericiliyinə uyğun olaraq bunu iddia edən tərəfin üzərinə düşür. Lakin cavabdehin belə məbləğdə müntəzəm ödəniş etmək üçün zəruri və sabit gəlirə malik olması təsdiq edilməmişdir. Bununla yanaşı, X1 əldə olunmuş rəsmi məlumatlara əsasən, cavabdehin rəsmi iş yeri və sabit gəlirləri mövcud deyildir. Məhkəmə hesab edir ki, alimentin miqdarı elə müəyyən edilməlidir ki, həm uşaqların normal təminatı təmin olunsun, həm də bu öhdəlik real və icra edilə bilən xarakter daşısın. Beləliklə, məhkəmə bir tərəfdən uşaqların maddi təminatının zəruriliyini, digər tərəfdən isə cavabdehin maddi imkanlarını qarşılıqlı balanslaşdıraraq hesab edir ki, hər ay hər uşaq üçün 160 manat sabit pul məbləğində alimentin tutulması hazırkı mərhələdə ədalətli və hüquqa uyğun həll yoludur. Tərəflərin qeyri rəsmi nikahından doğulmuş uşaqların saxlanması üçün tutulan aliment “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli Sərəncamının 1-ci bəndinə uyğun olaraq, 2025-ci il üzrə ölkə üzrə mövcud olan 400 manat minimum əmək haqqının müvafiq misli həddində müəyyən edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum Qərarında göstərilən hüquqi mövqeyinə uyğun olaraq hesab edir ki, cavabdehdən aliment 2026-cı il üzrə ölkə üzrə müəyyən edilmiş 400 manat minimum əmək haqqı məbləğinin 0,40 misli (160 manat (məhkəmə tərəfindən müəyyən edilən aliment) / 400 (2026-cı il üzrə minimum əmək haqqı) = 0,40) həddində tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq, hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan, yəni xx.xx.2026-ci il tarixdən başlayaraq hesablanmalıdır. Məhkəmə xərcləri: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.9-cu maddəsinə əsasən məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aid edilir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçının iddia ərizəsi qismən təmin edildiyindən, yəni alimentin məbləği cəmi 320 manat müəyyən olunduğundan, iddianın qiyməti 320 manat x 12 aya=3840 manat təşkil edir. Belə olan halda, cavabdehdən 58.40 (əlli səkkiz manat qırx qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. İddiaçı tərəfindən Mediasiya Sessiyasında iştirak edilməsi məqsədilə ödənilmiş 60 manat pul vəsaitinin iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq 40 manat hissəsi cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Qalan məbləğ iddiaçıya aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. 28 yanvar 2026-ci il tarixdən başlayaraq 19 iyun 2019-cu il təvəllüdlü X4 və 05 iyul 2023-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün, Cavabdeh iddiaçı İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.40 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddiaçı tərəfindən mediasiya təşkilatına ödənilmiş 60 (altmış) manat məbləğində pul vəsaitinin 40 (qırx) manat hissəsi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdehdən 58.40 (əlli səkkiz manat qırx qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Biləsuvar Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aytəkin Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar