Məhkəmə qərarları › İş №2(5-119)-23/2026

Füzuli Rayon Məhkəməsi Qətnamə — İş №2(5-119)-23/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Füzuli rayonu İş № 2(5-119)-23/2026 24.02.2026 FÜZULİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Namazova Səbuhə Müşfiq qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Füzuli Rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, nikahları pozulmadan xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün Cavabdeh aylıq gəlirinin 1/3 hissəsi miqdarında alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını və alimentin iddia ərizəsinin məhkəməyə təqdim edildiyi tarixdən hesablanmasının müəyyən olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə nikahlarını xx.xx.2009-cu il tarixdə rəsmləşdirərək ailə qurmuşlar. Nikahlarından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları vardır. Hazırda uşaqları onun himayəsində yaşayırlar və onların gündəlik yaşayış, qidalanma, geyim, təhsil, tibb, və digər zəruri xərcləri tam olaraq onun tərəfindən qarşılanır. Cavabdeh valideyn kimi uşağların saxlanmasında müntəzəm və könüllü şəkildə yardım etmir, bu isə uşaqların normal inkişafına və təminatına mənfi təsir göstərir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəyini və iddia tələbini müdafi etdiyini bildirmiş, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı iddia tələbini müdəfiə etdiyini bildirmiş, növbəti məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4-cü və 185.5-ci maddələrinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarında olan: - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X2 arasında olan xx.xx.2009-cu ildə nikah bağlanmış, nikahın bağlanması haqqlnda akt qeydləri kitabında 169 nömrəsi ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Kərimova soyadı verilmişdir. - Şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin surətlərindən görünür ki, tərəflərin nikahından xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları vardır. - MŞC/MT020/2025-00794 saylı, xx.xx.2025 və xx.xx.2025-ci il tarixdə mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 60 manat xərci ödəmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı Cavabdeh ilə xx.xx.2009-cu ildə ailə həyatı qurmuşdur. Onların xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 adlı iki övladları var. Hazırda uşaqları onun himayəsində yaşayırlar və onların gündəlik yaşayış, qidalanma, geyim, təhsil, tibb, və digər zəruri xərcləri tam olaraq onun tərəfindən qarşılanır. Cavabdeh valideyn kimi uşağların saxlanmasında müntəzəm və könüllü şəkildə yardım etmir, bu isə uşaqların normal inkişafına və təminatına mənfi təsir göstərir. Övladlarının saxlanmasında çətinliklər çəkir. İddiaçı iddia tələbinin təmin olunmasını xahiş edir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulur. Məhkəmə iddianı araşdıraraq, hesab edir ki, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdur. Ona görə də, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Məhkəmə, alimentin tutulması vaxtına qiymət verərək qeyd edir ki, iddiaçı xx.xx.2026-cı il tarixdə məhkəməyə alimentin tutulması barədə ərizə təqdim etmişdir. Belə ki, aliment iddiaçının məhkəməyə müraciət etdiyi, yəni xx.xx.2026-cı il tarixdən hesablanmalıdır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin olunmalı, xx.xx.2026-cı il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2019-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh qazancının və (və ya) başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı verilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Füzuli Rayon Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar