Məhkəmə qərarları › İş №2(5-122)-131/2026

Goranboy Rayon Məhkəməsi Qətnamə — İş №2(5-122)-131/2026

11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu İş № 2(5-122)-131/2026 11.03.2026 GORANBOY RAYON MƏHKƏMƏSİ Hakim Vəliyev Kazım İntiqam oğlunun sədrliyi, Bayramova Aytac Məhərrəm qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh azyaşlı uşağı 23 fevral 2022-ci il təvəllüdlü X1 üçün uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,8 misli həddində sabit pul məbləğində alimentin alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, o cavabdehlə el adətinə uyğun olaraq ailə qurmuşlar. Cavabdehin günahı ucbatından nikahları qeydə alınmamışdır. Birgə yaşayışlarından 23 fevral 2022-ci il təvəllüdlü X3 adlı bir övladları dünyaya gəlmişdir. Cavabdehlə birgə yaşadığları müddətdə ailəsində yaranan narazılıqlar, fikir ayrılıqları zaman-zamanda dərinləşməyə başlamışdır. O, bir müddət ailəninin bərpa edilməsi üçün baş verənlərə laqeyid münasibət göstərmişdir, ailələrinin qorunmasına çalışmışdır. Ancaq münasibətlərdə yaranan narazılıqlar getdikcə dərinləşmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirak etmişdir. Bu barədə ilkin mediasiya sesiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayışı məhkəməyə təqdim edir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilsə də, onlar, heç bir səbəb göstərmədən məhkəmə iclasına gəlməmişlər, İddiaçı əvvəlki məhkəməyə ərizə təqdim edərək, növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Cavabdeh 23 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 230 manat alimentin tutulmasına etiraz etmədiyini bildirmişdir. Cavabdeh isə əvvəlki məhkəmə iclasında məhkəməyə ərizə təqdim edərək 23 fevral 2022-ci il təvəllüdlü X1 üçün hər ay 230 manat aliment ödəməyə razı olduğunu bildirmişdir. Məhkəmə iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsinin AA6238487 surətindən görünür ki, İddiaçı xx.xx.1986-cı il tarixdə anadan olmuşdur. Goranboy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İV № 695174 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 23 fevral 2022-ci il tarixdə Gəncə şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. “Mediasiya sessiyasında iştirak edilməməsi barədə 27 yanvar 2026-cı il tarixli, MŞG/MT/032-2026-00018 nömrəli arayışdan görünür ki, “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 29.3-cü maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir. Beləliklə, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Cavabdeh ilə birgə ailə münasibətindən 23 fevral 2022-ci il təvəllüdlü X3 anadan olmuşdur. Tərəflər ayrı yaşayır və uşaq iddiaçının yanında qalır. Hazırda iddiaçı uşağın atasının onun saxlanılmasında maddi yardım göstərmədiyini əsas gətirərək uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 0,8 misli həddində sabit pul məbləğində aliment tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin İİ hissəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər; 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludur, aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda alimentin tulması barədə məhkəmədə iddia qaldıra bilərlər; 78-ci maddəsinə əsasən uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli Qərarının 8.4-1-ci bəndinin izahına görə Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq qeyd edir ki, valideynlərin yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq vəzifəsi valideynlərin yaşından, əmək qabiliyyətindən, hətta fəaliyyət qabiliyyətindən asılı olmayaraq müəyyən edilir. Valideynlərin zəruri vəsaitinin olmaması onları alimentin təyin edilməsi ödəmək vəzifəsindən azad etmir. Valideynlər uşaqlarının saxlanması barədə öz aralarında qarşılıqlı razılığa əsasən xüsusi qayda və forma müəyyənləşdirə bilərlər. Lakin onlar (valideynlər) uşaqlarını saxlamaq vəzifəsini könüllü icra etmədikdə, bu, məhkəmə qaydasında həyata keçirilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli qərarına əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Məhkəmə, iddia tələbinin alimentin tutulması ilə bağlı hissəsinə dair qeyd edir ki, əvvəla iddiaçı cavabdehin həmin məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, bir uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanıyaraq alimentin məbləğini bir uşaq üçün 0,8 misli həddində sabit pul məbləğində müəyyən etmək, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Odur ki, iddiaçının sabit pul məbləğində alimentin tutulmasına dair tələbi olduğundan tərəflərin birgə münasibətlərindən doğulmuş 23 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, AM-nin 100.2-ci maddəsinə əsasən alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 28 yanvar 2026-cı il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasnın Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; 234.2.1-ci maddəsinə əsasən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 284-6.1-ci maddəsinə görə, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. İddia tələbinin aliment alınması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı dövlət rüsumu ödəməkdən azad olunmuşdur. Odur ki, iddianın təmin edilmiş hissəsinə mütənasib olan 47,6 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Dövlət Rüsumu haqqında Azərbaycan Respublikası Qanununun 8.1.2.-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi dərəcəsində dövlət rüsumunun tutulması nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 23 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşna çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 28 yanvar 2026-cı il tarixdən başlayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Qeyd olunanlara əsasən, MPM-nin 216-220-ci, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 23 fevral 2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 28 yanvar 2026-cı il tarixdən başlayaraq İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, bir uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,575 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Ödənilməmiş 47,6 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Goranboy Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Kazım Vəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar