Məhkəmə qərarları › İş №2(5-129)-11/2026

Xocalı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-129)-11/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Goranboy rayonu Meşəli İş № 2(5-129)-11/2026 24.02.2026 qəsəbəsi XOCALI RAYON MƏHKƏMƏSİ Hakim Ələkbərov Tural Mehman oğlunun sədrliyi, İsmayılova Tümən Ağamalı qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 30 iyun 2025-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat olmaqla aliment, azyaşlı Uğurun 3 yaşına çatanadək saxlanılması üçün 150 (yüz əlli) manat baxım pulu, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin tutularaq onun xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsində tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 18 oktyabr 2022-ci ildə el adəti ilə ailə qurmuş, 17 fevral 2023-cü il tarixdə nikahlarını qeyd etdirmişlər. Birgə nikahdan 30 sentyabr 2023-cü il tarixdə X7 anadan olmuşdur. Nikahları Xocalı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş, uşaq onun yanında saxlanılmaqla uşağın saxlanılması üçün cavabdehdən hər ay 180 manat alimentin tutularaq onun xeyrinə verilməsi qət olunmuşdur. Lakin nikahları pozulsa da, onlar yenidən qeyri-rəsmi olaraq ər-arvad kimi birgə yaşamışlar və onların 30 iyun 2025-ci il tarixdə X8 adlı uşaqları doğulmuşdur. Cavabdehlə birgə yaşamaqları mümkün olmadığından onlar yenidən ayrılmışlar, hər iki uşaq onun himayəsində yaşayır. O, uşaqların saxlanılmasında maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə uşaqların saxlanılmasında maddi cəhətdən heç bir köməklik göstərmir, hətta bir uşaq üçün verməli olduğu alimenti belə ödəmir. O, uşaqlar azyaşlı olduğu üçün işləyə bilmir, onların ana qayğısına ehtiyacları vardır. Hesab edir ki, 30 iyun 2025-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay bir uşağa görə 250 (iki yüz əlli) manat olmaqla aliment, azyaşlı Uğurun saxlanılması üçün 150 (yüz əlli) manat baxım pulu, ödənilmiş 50 (əlli) manat mediasiya xərci tutularaq onun xeyrinə ödənilməlidir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəmə iclasında iştirak etməmişdir. xx.xx.2026-cı il tarixdə İddiaçı məhkəməyə teleqram ünvanlayaraq azyaşlı uşaqlarına görə məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş və onun iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh izahatında göstərdi ki, o, iddianı qismən qəbul edir. Belə ki, xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 180 manat aliment ödəyə bilər. İddia tələbini isə qalan hissələrdə qəbul etmir. Ümumiyyətlə o, uşaqlarını görə bilmir və uşaqlarını görmədən də aliment ödəmək fikri yoxdur. Göstərilənləri nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Xocalı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(070)-43/2024 nömrəli qətnaməsindən görünür ki, iddiaçı X5 ilə Cavabdeh arasında 1 saylı Gəncə “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsində 17 fevral 2023-cü il tarixdə bağlanmış və nikahın bağlanması haqqında akt qeydləri kitabında 234 nömrə ilə qeyd edilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 30 sentyabr 2023-cü il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, Cavabdeh iddiaçı X2 xeyrinə 30 sentyabr 2023-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün məhkəməyə müraciət edildiyi vaxtdan, yəni 20 dekabr 2023-cü il tarixdən başlayaraq hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı, 499031 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X5 arasında nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmiş, nikah pozulduqdan sonra sonuncuya “Novruzova” soyadı verilmişdir; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İV seriyalı, 923519 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 xx.xx.2023-cü il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası X3r; Goranboy rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-V seriyalı, 127731 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 xx.xx.2025-ci il tarixdə Goranboy rayonunda doğulmuşdur, atası Cavabdeh, anası İddiaçıdır; xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən Goranboy 1 saylı Mediasiya təşkilatının hesabına 50 (əlli) manat vəsait köçürülmüşdür. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hesab edir ki, iddia qismən təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış nikah Xocalı Rayon Məhkəməsinin 24 aprel 2024-cü il tarixli, 2(070)-43/2024 nömrəli qətnaməsi əsasında pozulmuş və onların birgə nikahından doğulmuş 30 sentyabr 2023-cü il təvəllüdlü X6 anası X2 yanında saxlanılması, həmçinin həmin uşağın saxlanılması üçün aliment müəyyən edilmişdir. Tərəflər arasında nikah pozulsa da, onlar birlikdə yaşamış və bu müddət ərzində onların xx.xx.2025-ci il təvəllüdlü X8 adlı uşaqları doğulmuşdur. Hazırda iddiaçı xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması, həmçinin həmin uşağın 3 yaşına çatanadək saxlanılması üçün aliment tələb edir. Cavabdeh iddianı qismən qəbul edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; 76-cı maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən aliment tutulur; 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; 85.1 və 85.1.1-ci maddələrinə əsasən hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər; 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2016-cı il 28 mart tarixli, 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci yarımbəndinə uyğun olaraq Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə xx.xx.2025-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment tələbinə dair qeyd edir ki, əvvəla, iddiaçı cavabdehin tələbdə göstərilən məbləğdə alimenti ödəyə biləcəyini təsdiqləyən sübutu məhkəməyə təqdim etməmişdir. İkincisi, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq, konkret olaraq hazırkı işdə uşağın saxlanılması üçün yalnız atanın maddi öhdəliyini tanımaq Azərbaycan Respublikası Konstitusiyasının 17-ci və Ailə Məcəlləsinin 56.1-ci maddələrinə uyğun deyildir. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, xx.xx.2025-ci il təvəllüdlü X4 üç yaşına çatanadək iddiaçının xeyrinə cavabdehdən hər ay 150 (yüz əlli) manat məbləğində alimentin tutulması hissəsinə dair məhkəmə qeyd edir ki, iddiaçı cavabdehin həmin məbləğdə zəruri vəsaitə malik olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etmədiyindən, xx.xx.2025-ci il təvəllüdlü X8 3 yaşına çatanadək İddiaçı xeyrinə Cavabdeh hər ay 30 (otuz) manat məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin mediasiya xərcinin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə dair qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Odur ki, iddiaçı mediasiya xərcinin tam olaraq cavabdeh tərəfindən ödənilməsi şərti ilə bağlı hər hansı sübut təqdim etmədiyindən tələb həmin hissədə qismən təmin olunmalı və iddiaçının ödədiyi 50 (əlli) manat mediasiya xərcinin yarısı 25 (iyirmi beş) manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; 119.1-ci mаddəsinə əsаsən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır; 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, MPM-in 112.1.3, 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2, 9.1.2-ci maddələrini rəhbər tutaraq belə hesab edir ki, hazırki iş üzrə dövlət rüsumunun ödənilməsi məsələsi də həll edilməli, Cavabdeh dövlət büdcəsinə 44,96 manat (208 manat * 12 ay = 2496 manat) məbləğində dövlət rüsumu tutulmalıdır. Beləliklə, məhkəmə belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulmalı, həmçinin xx.xx.2025-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulmalı, 25 (iyirmi beş) manat mediasiya xərcinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulmalı, Cavabdeh 44,96 (qırx dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməli, aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Qeyd olunanlara əsasən və MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan xx.xx.2025-ci il təvəllüdlü X1 üçün Cavabdeh İddiaçı xeyrinə hər ay sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində sabit pul məbləğində aliment tutulsun. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2025-ci il təvəllüdlü X8 3 yaşına çatanadək hər ay 30 (otuz) manat məbləğində aliment Cavabdeh İddiaçı xeyrinə tutulsun. 25 (iyirmi beş) manat mediasiya xərcinin əvəzi Cavabdeh İddiaçı xeyrinə tutulsun. Cavabdeh 44,96 (qırx dörd manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilsin. Aliment tutulmasına dair hissədə qətnamə dərhal icra edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xocalı Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar