Məhkəmə qərarları › İş №2(5-131)-584/2026

İmişli Rayon Məhkəməsi Qərardad — İş №2(5-131)-584/2026

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 2(5-131)-584/2026 25.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehə qarşı İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh bir nəfər yetkinlik yaşına çatmayan uşağın, yəni xx.xx.2014-cü ildə anadan olmuş Tərlan adlı uşağın saxlanması üçün müəyyən edilmiş minimum əmək haqqının 0.69 misli miqdarında, yəni 264 manat alimentin məbləğinin azaldılaraq hər ay 100 manat məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, əvvəl Günayə Bayramova ilə evli olmuş və ondan Fatimə adlı qızı olmuşdur. Fatimə adlı uşağına görə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə 2014-cü ildən 103 manat aliment ödəyir. İcra vərəqəsini iddia ərizəsinə əlavə edir. Bundan ayrıldıqdan sonra isə Cavabdeh ilə ailə qurmuş və ondan Tərlan adlı oğlu olmuşdur. Cavabdeh onunla dolanmadığı üçün ayrılmışlar və Tərlana da məhkəmənin qətnaməsi ilə 100 manat aliment ödəyirdi. Cavabdeh ərizəsi ilə İmişli Rayon Məhkəməsi həmin 100 manat alimenti artıraraq xx.xx.2025-ci il tarixli qərardad ilə indeksasiya edərək Tərlan adlı uşağa minimum əmək haqqının 0.69 misli miqdarında, yəni 264 manat aliment kəsmişdir. Hazırda isə X1 ilə evlənmiş və ondan xx.xx.2025-ci il tarixdə Əli adlı övladı olmuşdur. Beləliklə 3 övladı vardır və bunların hər birinə baxır. Həmin uşaqları da onun yanında yaşayır və ailənin bütün problemlərini həll edir. Üç həyat yoldaşından 3 uşağı vardır və üçünə də baxmaqda çətinlik çəkir. Ailədə yeganə qazanc gəlirən şəxsdir. Yeni ailə ilə xoşbəxt yaşamağı və digər uşağa da baxa bilməyi üçün aliment azaldılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən ərizənin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 149.2.2 və 149.2.3-cü maddələrinə müvafiq olaraq, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2. iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) İş materialları ilə müəyyən olunur ki, iddia ərizəsində iddiaçı və cavabdehin şəxsiyyəti eyniləşdirməyə imkan verən məlumatlar-şəxsiyyət vəsiqəsinin seriya nömrəsi göstərilməmişdir. Halbuki MPM-nin 149.2.2-ci maddəsində qeyd olunan məlumatlar mütləq qeyd olunmalı məlumatlardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1 maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı tərəfindən verilmiş iddia ərizəsi qanunvericilikdə nəzərdə tutulmuş müəyyən olunmuş formaya və məzmuna riayət edilməməklə tərtib edildiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və ona Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinin tələbləri izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü madəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nın 152, 263-264, 266-268 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada məhkəməyə müraciət etmək hüququ vardır. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar