Məhkəmə qərarları › İş №2(5-136)-17/2026

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-136)-17/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(5-136)-17/2026 24.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Mansırov Elçin Faxrəddin oğlunun sədrliyi, Qəhrəmanova Mehin Asəf qızının katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «aliment tələbi» barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh hər ay 317 manat sabit pul məbləğində alimentin ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, Cavabdeh onun oğludur. O xx.xx.1978-ci il tarixdə Qazax rayonu Xanlıqlar kəndində anadan olmuşdur. Oğlu evlənmiş, evliliyindən 2 nəfər yetkinlik yaşına çatmış uşaqları vardır. Maddi durumu olduqca yaxşıdır. O, daxili işlər orqanlarında uzun müddət işləmiş, hal hazırda təqaüd alır. Onun isə maddi durumu olduqca zəifdir. Ehtiyaclarını qarşılaya bilmir. Oğlu Cavabdeh heç bir ehtiyacları ilə maraqlanmır. Ona maddi yardım etmir. Onun maddi ehtiyacları həddindən artıq çoxdur. O həmin ehtiyacları ödəməkdə çox çətinlik çəkir, özü yaşlı və xəstədir. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək, iddianı etiraf etdiyini və hər ay 250 manat məbləğində aliment təyin edilməsinə etiraz etmədiyini qeyd etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, iş materiallarını tədqiq edərək və işdə olan sübutları qiymətləndirərək, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan doğum haqqında arayışdan görünür ki, Cavabdeh xx.xx.1978-ci il tarixdə anadan olmuş, ata qrafasında X1, ana qrafasında isə İddiaçı olması qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə görə cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 191.3-cü maddəsinə görə cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsinə görə cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə, qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmə hesab edir ki, Cavabdeh iddianı etiraf etməsi, qanunauyğun olmaqla, hər hansı bir şəxsin hüquqlarını, qanunla qorunan mənafeyini pozmur. Buna görə də Cavabdeh tərəfindən iddianın etiraf edilməsi qəbul olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 82.1 və 82.2-ci maddələrinə görə əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanunvericiliyin yuxarıda öyrənilən normalarının tələbindən göründüyü kimi yetkinlik yaşına çatmış övladların valideynlərini saxlamaq vəzifəsi valideynin maddi yardıma ehtiyacının olduğu və əmək qabiliyyətinin isə olmadığı halda yaranır. İşin faktiki hallarından görünür ki, iddiaçının 67 yaşı vardır, əmək qabiliyyəti olmamaqla heç bir yerdə işləmir və maddi qazac əldə etmir. Cavabdeh isə əmək qabiliyyətli yetkinlik yaşına çatmış şəxsdir və əlavə olaraq hər ay 843 manat təqaüd alır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmçinin Azərbaysan Respublikası Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. «Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx.xx.2024-cü il tarixli sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği xx.xx.2025-ci il tarixdən 400 manat həddində müəyyən edilmişdir. Bununla əlaqədar məhkəmə tərəflərin maddi vəziyyətini, habelə idiaçının təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması zərurətini nəzərə alaraq, hesab edir ki, xx.xx.1959-cu il tarixdə anadan olmuş İddiaçı saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 248 manat, yəni sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə görə aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Buna görə də məhkəmə hesab edir ki, iddiaçı çün aliment tutulması barədə məhkəmədə xx.xx.2026-cı il tarixdə iddia qaldırdığına görə aliment həmin vaxtdan tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı iddiası qismən təmin edilsin. xx.xx.2026-cı il tarixdən xx.xx.1959-cu il tarixdə anadan olmuş İddiaçı saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,62 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə aliment tutulması hissəsində dərhal icra edilsin. İddiaçı iddiası qalan hissədə təmin edilməsin. Qətnamədən onun surətini tərəflər rəsmi qaydada aldıqları gündən bir ay müddətində «Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet üzərindən Qazax Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Mansırov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar