Məhkəmə qərarları › İş №2(5-136)-33/2026

Qazax Rayon Məhkəməsi Qətnamə — İş №2(5-136)-33/2026

17.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Qazax rayon İş № 2(5-136)-33/2026 17.02.2026 QAZAX RAYON MƏHKƏMƏSİ Hakim Musayev Nemət Əlimusa oğlunun sədrliyi, Çobanova Elminaz Zarif qızının katibliyi, İddiaçı, Cavabdeh X2 iştirakları ilə, İddiaçı cavabdeh X4 qarşı aliment tələbinə dair mülki işə 17 fevral 2026-cı il tarixdə, Qazax Rayon Məhkəməsinin binasında, məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2012-ci il təvəllüldlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin qazancının və digər gəlirlərinin 1/2 hissəsi miqdarında alimentin cavabdehdən tutulub ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişdir. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüldlü Tuncay və xx.xx.2014-cü il təvəllüdlü Arif adlı iki övladları doğulmuşdur. Bir miüddətdir ki, cababdeh övladlarına baxmır, onların maddi ehtiyaclarını ödəmir. Halbuki cavabdehin qazancı yüksəkdir. Onlar kirayə mənzildə qalırlar, cavabdehin ucbatından uşaqların hazırlıq kursları yarımçıq qalmışdır. Uşaqların hər ikisi qabiliyyətli uşaqlardır, həm idmana gedirlər, həm də dərslərdə çox fəaldırlar. Cavabadeh ailəyə qayğı göstərmədiyi üçün övladlarının normal səviyyədə tədrisini və məşğulluqlarını təmin edə bilmir. Cavabdeh 1800 manat civarında pensiya alır, həmçinin başqa işlərlə də məşğul olur. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdeh X6 iddianı qəbul edərək, verdiyi izahatında göstərmişdir ki, birgə nikahından doğulmuş uşaqları iddiaçının himayəsindədir. Pensiyaçıdır və ayda 1740 manat pensiya alır. Bundan başqa mühafizəçi işləyir və günəmuz işlər görür. Müəyyən işlərlə bağlı borca düşmüşdür. Bir neçə Banka borcu vardır və hazırda kredit ödəyir. Lakin buna baxmayaraq cavabdeh uşaqların saxılanması üçün aylıq əmək haqqının ikidə bir hissəsi miqdarında aliment tutulmasına etiraz etmir. Odur ki, iddianın təmin edilməsini xahiş edir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işdə olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə İddiaçı nikahı 25 dekabr 2012-ci il tarixdə Goranboy rayon Qeydiyyat şöbəsində bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 308 nömrə ilə qeydiyyat aparılmışdır. Nikah bağlandıqdan sonra arvada Bədəlbəyli soyadı verilmişdir. Doğum haqqında arayışlardan görünür ki, tərəflərin birgə nikahından xx.xx.2012-ci il təvəllüldlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqlar doğulmuşdur, atası X6, anası İddiaçıdır. İş materiallarında olan elektron məlumatdan görünür ki, X2 pensiyası 1603 manatdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2012-ci il təvəllüldlü Tuncay və xx.xx.2014-cü il təvəllüdlü Arif adlı iki övladları doğulmuşdur. Baş vermiş narazılıqlara görə tərəflər ayrılmışlar və azyaşlı uşaqlar iddiaçının yanında qalmışdır. İddiaçı maddi vəziyyətinin yaxşı olmadığını qeyd edərək hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh X6 yetkinlik yaşına çatmamış Tuncay və Arif adlı uşaqların valideyni olduğundan və yetkinlik yaşına çatmamış uşaqlar İddiaçı yanında qaldığından, iddiaçı uşaqların saxlanılması üçün cavabdehdən aliment tutulmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1 və 75.4-cü maddələrinə görə valideynlər uşaqlarını saxlamağa borcludurlar və valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1. və 76.1.2-ci maddələrinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Qanunvericiliyin göstərilən müddəalarını işin faktiki hallarına tətbiq etməklə məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdehin birgə nikahından doğulmuş yetkinlik yaşına çatmayan uşaqların hal-hazırda anasının himayəsində olması, onların saxlanılması üçün vəsait tələb olunduğu, uşaqların mənafeyi və cavabdehin müntəzəm qazancının olması nəzərə alınaraq cavabdehdən onun aylıq qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutulmalıdır. Məhkəmə alimentin tutulma müddətini araşdıraraq hesab edir ki, alimentin tutulma müddəti iddiaçının iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi vaxtdan başlanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İş materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də alimentin tutulma müddəti iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə hesablanır. Azərbaycan Respublikası Dövlət rüsumu haqqında qanunun 88.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat ödənilməlidir. Məhkəmə qeyd olunan prosessual hüquq normalarına və aliment tutulması barəsində iddia ərizələri verilərkən iddiaçının dövlət rüsumu ödəməkdən azad olunmasını nəzərə alaraq hesab edir ki, iddiaçının əmək haqqının və digər gəlirlərinin miqdarı barədə sənəd olmadığından, qiymətləndirilməyən iddia kimi nəzərə alınaraq 100 (bir yüz) manat məbləğində dövlət rüsumu cavabdeh X1 alınaraq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2, 217.4 və 218.3-cü maddələrinə müvafiq olaraq məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdıraraq, onlardan istifadə edərək, yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanaraq, iddia tələblərinin hədlərindən kənara çıxmadan işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. 09 yanvar 2026-cı il tarixdən başlayaraq xx.xx.2012-ci il təvəllüldlü X5 və xx.xx.2014-cü il təvəllüdlü X7 adlı uşaqların yetkinlik yaşına çatanadək saxlanması üçün X1 hər ay qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. X1 100 (bir yüz) manat məbləğində dövlət rüsumu tutulub dövlət büdcəsinə keçirilsin. Qətnamə dərhal icra edilsin. Qətnamə tərəfə rəsmi qaydada verildiyi gündən bir ay müddətində “elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə” Qazax Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Nemət Musayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar