Məhkəmə qərarları › İş №2(5-147)-14/2026

Naftalan Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-147)-14/2026

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Naftalan şəhəri İş № 2(5-147)-14/2026 10.02.2026 NAFTALAN ŞƏHƏR MƏHKƏMƏSİ X8 Aydın oğlunun sədrliyi, İsmayılova Nüşabə Qaraş qızının katibliyi, iddiaçı Gurbanova Mina (X7), Cavabdeh və onun nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı Gurbanova Mina-nın (X7) Cavabdeh qarşı "aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Gurbanova Mina (X7) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2018-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 (üç yüz) manat miqdarında sabit pul məbləğində alimentin tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə ailəlidir və birgə nigahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adında bir övladları doğulmuşdur. Hazırda cavabdeh ilə ailə münasibətləri tamamilə pozulmuşdur. Bu səbəbdən atasına məxsus evdə yaşayır. Yetkinlik yaşına çatmayan uşağı isə onun himayəsindədir. Cavabdeh onların maddi vəziyyətləri ilə maraqlanmır, heç bir köməklik göstərmir. O isə tək uşağın saxlanılmasında çətinlik çəkir. Bu səbəbdən iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iddiaçı Gurbanova Mina (X7) izahat verərək bildirdi ki, cavabdeh ilə 2018-ci ildə ailə qurmuş və birgə nikahlarından xx.xx.2018-ci il təvəllüdlü X3 adında uşaqları dünyaya gəlmişdir. Cavabdeh ilə münasibətləri pozulmuş və o, hazırda azyaşlı uşağı ilə birlikdə Goranboy rayonu, Qızılhacıllı qəsəbəsində atasına məxsus evdə yaşayır. Qeyri-rəsmi olaraq mağazada satıcı işləyir və aylıq 300 manat əmək haqqı alır. Aldığı əmək haqqının bir qismi iş yerinə hər gün Qızılhacılı qəsəbəsindən Naftalan şəhərinə gəldiyi üçün yol puluna xərclənir. Əlində qalan cüzi məbləğ isə həm özünün, həm də uşağın gündəlik tələbatlarını ödəmir. Həmçinin uşağında atasının ona qarşı olan kobud davranışlarına görə psixoloji problemlər yaranmışdır. Həkim müayinəsindən sonra uşağa yazılan dərmanların dəyəri isə 57 manat olmuşdur. Süleyman hazırda 2-ci sinif şagirdidir. Atası onun vəziyyəti ilə maraqlanmır, onlara maddi cəhətdən kömək etmir. O, iddia ərizəsində alimenti 300 manat tələb etsə də, müəyyən olunacaq məbləğ ən az 200 manat olacağı təqdirdə etiraz etməyəcəkdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, cavabdeh onun oğludur. Oğluna 3-cü qrup əlillik təyin edilmişdir və bununla bağlı hər ay 180 manat pensiya alır. Səyyad əsəb gərginliyindən əziyyət çəkir. Onun aldığı pensiya məbləği özünün qəbul etdiyi dərmanlarının və gündəlik xərclərinin pulunu ödəmir. Səyyadın atası yaşlı olmaqla, 1 qrup müharibə veteranıdır. Həmçinin o, şəkər xəstəliyindən və insultdan əziyyət çəkir. Ailədə işləyən tək özüdür. Aldığı əmək haqqı isə ancaq evin tələbatlarını ödəməyə çatır. İddiaçı onlarla birlikdə yaşadığı vaxtlarda da işləmişdir. Lakin evə heç bir köməklik göstərməmişdir. Həmçinin Süleymanın psixologiyasının pozulmasının birinci səbəbkarı elə iddiaçının özüdür. O, dəfələrlə onun yanında uşağı vurmuşdur. Səyyad hazırda işləmək iqtidarında deyildir. Belə ki, əsəbi olduğu üçün işlədiyi yerlərdə işini sona kimi yerinə yetirə bilmir. Onun aldığı 180 manat pensiyadan başqa heç bir gəliri yoxdur. Odur ki, Səyyadın aylıq qazancını nəzərə alaraq ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2018-ci il tarixdə Gəncə “ASAN xidmət” Qeydiyyat şöbəsində 2033 nömrə ilə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra arvada Qurbanova soyadı verilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 08 noyabr 2018-ci il tarixdə Goranboy rayonunda anadan olmuşdur. Atası Cavabdeh, anası Kolomeets Minadır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş Sosial müavinat və təqaüd haqqında arayışdan görünür ki, Cavabdeh 3-cü qrup əlil kimi aylıq 180 manat məbləğində təqaüd alır. Azərbaycan Respublikası Ailə Məcəlləsi 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin təsdiqlədiyi "Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında" sərəncama əsasən Azərbaycan Respublikasında minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutulması tələbinə münasibətdə qeyd edir ki, Ailə Məcəlləsi uşaqların qayğısına qalmaq konstitusiya prinsipinə əsaslanaraq valideynlərin üzərinə uşaqları saxlamaq vəzifəsini qoymuşdur. Belə ki, həmin Məcəllənin 75.1 və 75.2-ci maddələrinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Göründüyü kimi, qanunverici yetkinlik yaşına çatmayan uşaqların saxlanılmasını valideynlərin vəzifəsi kimi müəyyən etmiş və bunun qaydasını və formasını müəyyənləşdirməkdə onlara müstəqillik vermişdir. Lakin uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilir ki, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, ilk növbədə, Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə əsasən tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq digər halları və uşağın əvvəlki təminatının səviyyəsini nəzərə almalıdır. Maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olub-olmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir. Ailə vəziyyətinin araşdırılması zamanı məhkəmə, tərəflərin yenidən ailə qurubqurmaması, yeni ailədə uşaqların olub-olmaması, başqa aliment ödəmələrinin olubolmaması, tutulacaq alimentin miqdarının digər uşaqların təminatının əsaslı dərəcədə aşağı düşməsinə səbəb ola biləcəyinə və s. məsələlərə diqqət yetirməlidir. Diqqətəlayiq digər halların araşdırılması zamanı məhkəmə, tərəflərin əmək qabiliyyətini və sağlamlıq vəziyyətini, öhdəsində digər şəxslərin (əmək qabiliyyəti olmayan valideynlər və s.) olub-olmamasını və s. məsələləri nəzərə almalıdır. Beləliklə məhkəmə yetkinlik yaşına çatmayan uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, cavabdehdən 16 yanvar 2026-cı il tarixdən başlayaraq bir nəfər azyaşlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 yanvar 2026-cı il tarixdən başlayaraq xx.xx.2018-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh Gurbanova Minanın (X7) xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.45 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 01 (bir) ay müddətində Naftalan Şəhər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. X9

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar