Azərbaycan Respublikası adından QƏTNAMƏ Saatlı rayonu İş № 2(5-150)-167/2026 16.03.2026 SAATLI RAYON MƏHKƏMƏSİ Hakim Abuşov İxtiyar Əliyar oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2, İddiaçı, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 21 aprel 2008-ci il tarixdə anadan olmuş X1, 07 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 02 oktyabr 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit məbləğdə alimentin alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək izahatında göstərdi ki, Cavabdeh ilə evlənərək 15 aprel 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların nikahından 21 aprel 2008-ci il tarixdə X5, 07 iyun 2010-cu il tarixdə X6 və 02 oktyabr 2021-ci il tarixdə X7 adlı üç nəfər uşaqları anadan olmuşlar. Aralarında ciddi narazılıq yarandığından 2-3 aydır ər evindən çıxaraq uşaqları ilə birlikdə atası evində yaşayır. Cavabdeh qazancının yüksək olmasına baxmayaraq uşaqların saxlanılmasında ona maddi köməklik etmir, uşaqlarının necə yaşaması ilə maraqlanmır. Bu səbəbdən o ilk olaraq cavabdehə qarşı aliment tələbi ilə mediasiya şurasına ərizə ilə müraciət etmiş, lakin alimentin məbləğində razılığa gələ bilmədiklərindən mediasiya şurası tərəfindən ona ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış verilmiş və izah edilmişdir ki, iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ vardır. Ona görə də göstərdiklərini nəzərə alaraq 21 aprel 2008-ci il tarixdə anadan olmuş X1, 07 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 02 oktyabr 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində sabit məbləğdə alimentin alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, İddiaçı ilə evlənərək 15 aprel 2008-ci il tarixdə nikahlarını rəsmiləşdirmişlər. Onların nikahından 21 aprel 2008-ci il tarixdə Fərhad, 07 iyun 2010-cu il tarixdə Aysel və 02 oktyabr 2021-ci il tarixdə Mələk adlı üç nəfər uşaqları var. İddiaçı ailədə ona qarşı qısqanclıq zəminində əsası olmayan narazılq yaratmış, bu narazılıq ciddiləşmiş və son iki aydır cavabdeh uşaqları özü ilə götürərək atası evinə getmişdir. İddiaçı onunla yaşadığı müddətdə o həmişə uşaqlarının maddi ehtiyacını ödəmişdir. Lakin, iddiaçının onun qazancının yaxşı olması barədə dediyi sözlə razılaşmır. O, yaşadığı Saatlı rayonunda “Ayan” aptekdə əczaçı işləməklə 400 manat əmək haqqı alır, ayda da 100 manat əlavə gəliri olur və başqa gəlir yeri yoxdur. İddiaçının tələb etdiyi hər ay hər uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,75 misli həddində, yəni 900 manat sabit məbləğdə alimenti ödəmək imkanı yoxdur, amma buna baxmayaraq üç nəfər uşaqlarının yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay cəmi 350 manat aliment ödəyə bilər. Ona görə də göstərdiklərinin nəzərə alınaraq iddianın qismən təmin edilməsini məhkəmədən xahiş etdi. İşdə olan və məhkəmə iclasında elan edilmiş doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X5 21 aprel 2008-ci il tarixdə, X6 07 iyun 2010-cu il tarixdə və X7 02 oktyabr 2021-ci il tarixdə doğulmuşlar. Uşaqların atası Cavabdeh, anası İddiaçıdır. İşdə olan və məhkəmə iclasında elan edilmiş Sabirabad 1 saylı Mediasiya təşkilatında ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməmsi barədə 04 fevral 2026-cı il tarixli MŞS/MT 023/2026-00078 saylı arayışdan görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İşdə olan və məhkəmə iclasında elan edilmiş elektron məhkəmə informasiya sistemindən edilmiş məlumatdan görünür ki, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində əczaçı, pərakəndə satış vəzifəsində işləyir, əmək haqqı 400 manatdır. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, işə əlavə edilmiş sənədləri tədqiq edib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəlləsinin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikasının da qoşulduğu 02 sentyabr 1990-cı ildə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları-onlara əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarının 8.4-1-ci yarımbəndində göstərilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən qərarın tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 21 aprel 2008-ci il tarixdə anadan olmuş X1, 07 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 02 oktyabr 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün aliment təyin edilərkən məhkəmə alimentin məbləğini tərəflərin maddi və ailə vəziyyətini, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını əsas tutaraq müəyyən etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə isə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilərək 21 aprel 2008-ci il tarixdə anadan olmuş X1, 07 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 02 oktyabr 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün Cavabdeh hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla alınaraq İddiaçı xeyrinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. İddiaçı iddia ərizəsi 06 fevral 2026-cı il tarixdə məhkəməyə daxil olduğundan məhkəmə hesab edir ki, alimentin tutulması həmin tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Belə olan halda məhkəmə hesab edir ki, qətnamə dərhal icra olunmalıdır. İş materiallarında olan ilkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməmsi barədə 04 fevral 2026-cı il tarixli MŞS/MT 023/2026-00078 saylı arayışdan görünür ki, İddiaçı tərəfindən mediasiyaya müraciət edilməsi üçün 50 manat mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcələsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1 və 112.1.3-cü maddələrinə əsasən aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 və 9.1.2-ci maddələrinə əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Şərh olunan maddələrin tələbinə uyğun olaraq məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin yarısı, yəni 25 manat cavabdehdən alınaraq iddiaçının xeyrinə ödənilməlidir, Cavabdeh əlavə olaraq iddiaçının ödəməkdən azad edildiyi 84,8 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Qətetdi: İddia qismən təmin edilsin. Cavabdeh 21 aprel 2008-ci il tarixdə anadan olmuş X1, 07 iyun 2010-cu il tarixdə anadan olmuş X3 və 02 oktyabr 2021-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün hər ay hər bir uşağa görə ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,45 misli həddində sabit məbləğdə aliment sonrakı artımlar nəzərə alınmaqla alınaraq İddiaçı xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamənin aliment hissəsi dərhal icra olunsun. Cavabdeh 25 (iyirmi beş) manat mediasiya xərci alınıb İddiaçı ödənilsin. Cavabdeh 84 (səksən dörd) manat 80 (səksən) qəpik dövlət rüsumu alınıb Azərbaycan Respublikasının dövlət büdcəsinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi vaxtdan bir ay müddətində Saatlı Rayon Məhkəməsi vasitəsi ilə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə etməklə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(5-150)-167/2026
Saatlı Rayon Məhkəməsi Qətnamə — İş №2(5-150)-167/2026
16.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver