Məhkəmə qərarları › İş №2(5-152)-274/2026

Salyan Rayon Məhkəməsi Qərardad — İş №2(5-152)-274/2026

09.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Salyan rayon İş № 2(5-152)-274/2026 09.02.2026 SALYAN RAYON MƏHKƏMƏSİ Hakim Alıyev Rüstəm Böyükağa oğlunun sədrliyi ilə,

1. İddiaçı Cavabdeh Gülğa qızına qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, aşağıdakı qərardadı qəbul etdi.

İddia tələbi

2. İddiaçı Cavabdeh Gülğa qızına qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Gülğa qızından onların birgə nikahlarından doğulmuş 9 mart 2015-ci il təvəllüdlü X7, 10 fevral 2017-ci il təvəllüdlü X6, 06 noyabr 2020-ci il təvəllüdlü X5, 09 iyun 2022- ci il təvəllüdlü X1 hər ay hər uşağa görə 246 manat olmaqla, cəmi 984 manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

3. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: (bundan sonra – MPM)

35.1-ci maddəsinə əsasən, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. 45.1-ci maddəsinə əsasən, məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. 149.2-ci maddəsinə əsasən, ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 149.2.3-ci maddəsinə əsasən, iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; 149.2.4-cü maddəsinə əsasən, müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; 149.2.4-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; 149.2.5-ci maddəsinə əsasən, ərizəyə əlavə edilən sənədlərin siyahısı. 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. 152.1-ci maddəsinə əsasən, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə; 152.2-ci maddəsinə əsasən, İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 108.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında dövlət rüsumu aşağıdakı hallarda ödənilir: 108.1.1-ci maddəsinə əsasən,.iddia ərizəsi verildikdə; 114.1-ci maddəsinə əsasən, ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: - 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa;

5. «Yaşayış yeri və olduğu yer haqqında » Аzərbaycan Respublikasının 4 aprel 1996-cı il tarixli Qanununun 3-cü maddəsinə əsasən, fiziki şəxsin yaşayış yeri Azərbaycan Respublikası vətəndaşı barədə yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə müəyyən edilir.

6. "İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiya"nın 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir.

Məhkəmənin mövqeyi

7. Məhkəmə iddia ərizəsi və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır.

8. Hazırkı iddia ərizəsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149 və 150-ci maddələrinin tələblərinə uyğun olmayaraq xx.xx.2026-cı il tarixdə Salyan Rayon Məhkəməsinə təqdim edilmişdir.

9. İş materiallarına əlavə edilmiş sənədlər araşdırılarkən müəyyən olunmuşdur ki, İddiaçı nə özünə, nə də Cavabdeh Gülğa qızına məxsus şəxsiyyət vəsiqəsini iddia ərizəsinə əlavə etməmişdir. İddiaçı və Cavabdeh Gülğa qızına məxsus şəxsiyyət vəsiqəsi məlumatlarını (seriya nömrəsi, şəxsiyyət vəsiqəsinin X3) iddia ərizəsində göstərməmişdir.

10. Həmçinin AZEMİS vasitəsi ilə İddiaçı və Cavabdeh Gülğa qızının adı, soyadı və ata adı qeyd edilməklə şəxsiyyət vəsiqəsinin X2 əldə edilməsi üçün sorğu edilsə də, bu barədə edilmiş sorğuya cavab olaraq hər hansı məlumat əldə edilə bilməmişdir.

11. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinə əlavə edilmiş qətnamədə cavabdehin adı Cavabdeh kimi qeyd edilsə də, hazırki iddia tələbində Cavabdeh Gülğa qızı kimi qeyd edilmişdir. Əlavə olunan qətnamənin qəbul edilmə tarixi xx.xx.2025-ci il tarixli olması ilə qeyd edilməlidir ki, tərəflər arasında nikahın pozulması ilə bağlı müvafiq qətnamə qanuni qüvvəyə mindikdən sonra icra olunarkən Cavabdeh soyadının dəyişib-dəyişməməsi də qeyri-müəyyəndir. Həmçinin məhkəmə iddia tələbində cavabdehin ünvanı ilə bağlı imperativ tələbin qeyd olunmaması ilə bağlı qeyd edir ki, cavabdehin ünvanının iddia tələbində göstərilməməsi müvafiq məhkəmə bildirişlərinin mülki iş üzrə tərəfə göndərilməməsi ilə nəticələnəcədir ki, bu da özlüyündə şəxsin müdafiə hüququnun pozulmasına gətirib çıxaracaqdır. Cavabdehin şəxsiyyət vəsiqə məlumatlarının olmaması da məhz hazırki mülki iş üzrə cavabdehin ünvanla bağlı hazırda qeyd olunan halların məhkəmə tərəfindən aradan qaldırılmasına imkan vermir.

12. Odur ki, İddiaçı Cavabdeh Gülğa qızına qarşı “alimentin təyin edilməsi” tələbinə dair iddia ərizəsi mülki prosessual qanunvericiliklə müəyyən edilmiş iddia ərizəsi ilə bağlı prosessual qanunvericilikdə göstərilən imperativ tələblərə əməl etmədən verildiyindən iddia ərizəsi və əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

13. Göstərilənləri və MPM-nin 152, 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı:

İddiaçı Cavabdeh Gülğa qızına qarşı “alimentin təyin edilməsi” tələbinə barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı izah edilsin ki, iddia ərizəsinin qaytarılması qeyd olunan nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan işdə iştirak edən şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetinə yerləşdirildiyi tarixdən (elektron kabinet olmadığı təqdirdə poçt vasitəsilə çatdırıldığı tarixdən) 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə Salyan Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim: Rüstəm Alıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar