Məhkəmə qərarları › İş №2(5-155)-247/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-247/2026

03.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-247/2026 03.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məhərrəmov Vüsal Rəfi oğlunun sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin təyin edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi:

1. İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8, xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılmalarına görə hər ay hər uşaq üçün 260 manat olmaqla, ümumilikdə 520 manat sabit pul məbləğində alimentin, xx.xx.2024-cü il təvəllüdlü X9 üç yaşına çatanadək saxlanılması üçün əlavə olaraq 50 manat məbləğində maddi yardımın, 50 manat mediasiya xərci olaraq ödədiyi pulun cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2019-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2022-ci il təvəllüdlü X8, xx.xx.2024-cü il təvəllüdlü X9 adlı iki övladları olmuşdur. Nikahlarının ilk vaxtlarında münasibətləri normal olmuşdur. Sonradan bir-birlərini başa düşmədilər. Artıq uzun müddətdir ki, ayrı yaşayırlar. Uşaqları azyaşlıdır. Onlara o baxır. Hesab edir ki, cavabdeh ata kimi məsuliyyətini dərk etməli, övladlarına maddi və mənəvi tələbatlarının ödənilməsində yaxından iştirak etməli, övladlarına hər ay qanunda nəzərdə tutulmuş alimenti ödəməlidir.

Etiraz ərizəsinin əsaslandırıldığı hallar:

3. Cavabdeh məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, məhkəmədən İddiaçı tərəfindən verilmiş iddianı qismən təmin edərək, övladları X4 və X1 üçün iki uşağa görə birlikdə 400 (dörd yüz) manat məbləğində alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində hərbi qulluqçu kimi çalışır. Vergi və DSMF ödənişləri çıxıldıqdan sonra karta köçürülən əmək haqqı 1143 manat məbləğindədir. "xxxx" ASC-dən 2024-cü il tarixdə 19700 (on doqquz min yeddi yüz) manat məbləğində kredit götürmüşdür. Həmin kredit müqaviləsinə əsasən, hər ay bank tərəfindən onun əmək haqqı kartından 594,24 (beş yüz doxsan dörd manat iyirmi dörd qəpik) manat məbləğində pul tutulur. Aylıq kredit ödənişi həyata keçirildikdən sonra kartında 549 (beş yüz qırx doqquz) manat məbləğində pul qalır. X2 aprel döyüşləri zamanı şəhid olmuşdur. Evin tək övladı olaraq atası və anası onun himayəsindədir. Bu halda iddiaçının qeyd etdiyi kimi onun hər ay iki uşaq üçün birlikdə 520 manat və 3 yaşınadək uşağa baxmağa görə 50 manat məbləğində aliment ödəyəcək dərəcədə maddi imkanı yoxdur. Belə ki, göründüyü kimi onun istədiyi aliment əmək haqqından tutulmalar çıxıldıqdan sonra yerdə qalan əmək haqqı məbləğindən də artıqdır. Əlavə gəlir yeri, qazancı da yoxdur. İddiaçının tələbinin qarşılanması onun tərəfindən faktiki vəziyyətə görə mümkün deyildir. İddia tələbi təmin olunsa belə, onun tərəfindən qətnamənin icrası icra mərhələsində mümkün olmayacaqdır. Bu da onun hüquqlarının kobud şəkildə pozulmasına, övladları üçün təyin olunacaq alimentin belə ödənilməsinə maneə yaradacaqdır. Uşaqların saxlanılması hər ikisinin valideynlik borcudur. Sözsüz ki, övladlarının maddi təminatının yaxşı olmasını, rifah içində yaşamasını bir ata kimi o da istəyir. Lakin onun hazırki aylıq qazancı 570 manat məbləğində aliment ödəmək üçün kifayət deyildir. Buna görə də, qətnamə çıxarılarkən qanunvericiliyin tələbləri və işin faktiki halları nəzərə alınmalıdır. Belə ki, qanunvericiliyə uyğun olaraq, əmək haqqı, yaşayış xərcləri və ailə vəziyyəti nəzərə alınaraq ondan övladlarının saxlanılması üçün hər ay daha az, yəni 400 manat məbləğində aliment tutulmalıdır.

Tərəflərin mövqeləri:

5. Məhkəmə iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, qarşı tərəf bildirir ki, alimenti ödəməyəcəkdir. Onlara bildirmişlər ki, aliment gecikəcəyi üçün birinci tələb alimentlə bağlı qaldırılsın. Daha sonra nikahın pozulması tələbi barədə məhkəməyə müraciət edəcəkdir. Cavabdehin öz evlərinin yanında obyektləri vardır. Ordan da gəlir yeri 1000 manatdır. Obyekt də onun anasının adınadır. Şəhid ailəsi olduqları üçün onlara ev vermişlər, ordan da gəlir yerləri vardır. Həmçinin özünün nəqliyyat vasitəsi də mövcuddur. Krediti də obyekt tikmək və avtomobil almaq üçün götürmüşdür. Cavabdehin kartına aylıq əmək haqqı kimi 1350 manat pul yüklənir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

6. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

7. AZ-İİ seriyalı, 371868 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X3 arasında 24 noyabr 2019-cu il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 3404 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Bayramova” soyadı verilmişdir.

8. AZ-İV 752836 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.

9. AZ-V 034283 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.2024-cü ildə anadan olmuşdur. Uşağın atası Cavabdeh, anası isə İddiaçıdır.

10. İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci və 10 manat kargüzarlıq xərci ödəmişdir.

11. "xxxx" ASC tərəfindən verilmiş 20 fevral 2026-cı il tarixli, 98 nömrəli arayışdan görünür ki, Cavabdeh Qubadlı filialında xx.xx.2024-cü il tarixində rəsmiləşdirilmiş 19700 manat məbləğində GTKR2502829A125 saylı kredit müqaviləsi üzrə bank qarşısında borc öhdəliyi xx.xx.2026-cı il tarixi üçün 13931,38 (on üç min doqquz yüz otuz bir manat otuz səkkiz qəpik) təşkil edir.

12. Ödəniş cədvəlindən görünür ki, xx.xx.2024-cü il tarixdə 263,44 manat əsas borc, 330,80 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 288,92 manat əsas borc, 305,32 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 262,35 manat əsas borc, 331,89 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 307,81 manat əsas borc, 286,43 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 292,36 manat əsas borc, 301,88 manat faiz borcu, xx.xx.2024-cü il tarixdə 277,30 manat əsas borc, 316,94 manat faiz borcu, xx.xx.2025-ci il tarixdə 321,12 manat əsas borc, 273,12 manat faiz borcu, xx.xx.2025-ci il tarixdə 306,83 manat əsas borc, 287,41 manat faiz borcu, xx.xx.2025-ci il tarixdə 311,82 manat əsas borc, 282,42 manat faiz borcu ödənilmişdir.

Məhkəmə baxışının hədləri:

13. Mülki-Prosessual Məcəllənin: - 14.1-ci maddəsinə əsasən məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. -119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Tətbiq edilən hüquq:

14. Azərbaycan Respublikası Ailə Məcəlləsinin :

60.3-cü maddəsinə əsasən, uşaqların tərbiyə və təhsilinə aid olan bütün məsələlər uşaqların hüquq və mənafeləri, onların rəyi nəzərə alınmaqla, valideynlərin qarşılıqlı razılığı əsasında həll olunur. Valideynlər (onlardan biri) öz aralarında olan narazılığı həll etmək üçün müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə müraciət edə bilərlər. 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda, məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir.

16. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli, 8-2/2016 saylı qərarı : 8.3-cü bəndinə əsasən məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar.

17. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu : 2026-cı il uşaqlar üçün yaşayış minimumu ölkə üzrə 260 manat məbləğində müəyyən edilmişdir.

18. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Sübutların tədqiqi və məhkəmənin mövqeyi:

19. Məhkəmə iddia ərizəsini və iş materiallarını tədqiq edib, tərəfləri dinləyərək və işdə olan sübutları qiymətləndirərək, qeyd edir ki, iddia qismən təmin edilməlidir.

20. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh rəsmi nikah münasibətlərindən xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X9 adlı yetkinlik yaşına çatmayan övladları vardır. Hazırda iddiaçı xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün 520 manat məbləğində alimentin təyin edilməsini məhkəmədən xahiş edir.

21. Məhkəmə ilk olaraq qeyd edir ki, qanunvericiliyin sadalanan normalarının mənasına görə aliment institutunun təyinatı ilk növbədə uşaqların mənafelərinin təmin edilməsindən, uşaqların saxlanmasında könüllü iştirak etməyən valideynlərin onların saxlanmasına məcburi cəlb olunmasından ibarətdir. Ailə qanunvericiliyi alimentin tutulması zamanı tərəflərin maddi və ailə vəziyyətini, diqqətəlayiq olan digər halları nəzərə alır, lakin bu zaman həlledici amil kimi uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyənləşdirir.

22. Göründüyü kimi, qanunverici uşaqların saxlanmasını, onların maddi-məişət tələbatının ödənilməsini uşaqla birgə yaşayıb-yaşamamasından asılı olmayaraq uşağın hər iki valideyninin üzərinə bir vəzifə olaraq qoymuşdur. Uşaqların saxlanılmasından boyun qaçıran valideynlər bu vəzifəni həyata keçirməyə məhkəmə qaydasında məcbur edilə bilərlər.

23. Alimentin miqdarına gəldikdə isə məhkəmə qeyd edir ki, Ailə Məcəlləsinin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir.

24. Qanunverici bu maddədə alimentin miqdarı müəyyən olunarkən məhkəmənin üzərinə bir sıra məsələlərin araşdırılması vəzifəsini qoymuşdur: -tərəflərin maddi və ailə vəziyyəti; -diqqətəlayiq digər hallar; -uşağın əvvəlki təminatının səviyyəsi.

25. Məhkəmə tərəfindən tərəflərin maddi vəziyyətinin araşdırılması zamanı, onların gəlirləri (məsələn, vergi ödəyicisi kimi ödənilən verginin məbləği və s.), digər qazanc mənbəyi, təhsili, hansı peşəyə sahib olması, əvvəlki iş yeri, yaşayış səviyyəsi (hansı şəraitdə yaşaması və s.), əmlak vəziyyəti (daşınar və daşınmaz əmlaklarının olubolmaması), özünün saxlanılması üçün minimum tələbatını ödəyə bilməsi və s. qanunvericiliyə müvafiq olaraq müəyyən edilməlidir (“Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 iyul 2016-cı il tarixli qərarı).

26. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, qanunun mənasına görə heç bir yerdə işləməmək, az gəlir etmək, yaxud digər əsaslar valideynləri öz uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Göstərilən hallar ancaq alimentin miqdarının müəyyən edilməsində nəzərə alına bilər. Alimentin ödənilməsi valideynlərə öz şəxsi istehlak tələbatlarının, ehtiyaclarının ödənilməsinə mane olsa belə, valideynlər mənbəyindən asılı olmayaraq öz qazanclarını uşaqları ilə bölüşdürməyə borcludurlar. Uşaqların saxlanılması valideynlərin mənəvi borcu olmaqla yanaşı həm də vacib hüquqi vəzifələridir.

27. İddiaçı alimentin məbləğinin 520 manat məbləğində təyin edilməsini məhkəmədən xahiş etsə də, cavabdehin yüksək gəlir əldə etdiyini təsdiq edən hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. Eyni zamanda cavabdeh etiraz ərizəsində hər uşaq üçün aylıq 200 manat məbləğində aliment ödəməyə razı olduğunu bildirmişdir.

28. Bu səbəbdən məhkəmə hesab edir ki, Cavabdeh X8 və X6 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2026-cı il üzrə minimum əmək haqqının 0.55 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməlidir.

29. İddiaçı alimentin təyin edilməsinə dair iddia ilə məhkəməyə 14 yanvar 2026-cı il tarixdə müraciət etmişdir. Məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə müvafiq olaraq hesab edir ki, alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəməyə verildiyi vaxtdan, yəni 14 yanvar 2026-cı ildən hesablanmalıdır.

30. Məhkəmə iddianın X6 3 yaşına çatana kimi saxlanılması üçün cavabdehdən tutulan alimentdən əlavə 50 manat məbləğində pul vəsaitinin tutulmasına dair hissəsinə münasibətdə bildirir ki, ər-arvadın bir-birini saxlamaq vəzifəsinin əsasları Ailə Məcəlləsinin 84-cü maddəsində nəzərdə tutulmuşdur. Məcəllənin 84.1-ci maddəsinə əsasən, ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər.

31. Həmin Məcəllənin 84.2 və 84.2.2-ci maddələrinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında alimentin ödənilməsi barədə saziş olmadıqda hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində arvad buna zəruri vəsaitə malik olan digər tərəfin aliment ödəməsini məhkəmə qaydasında tələb etmək hüququna malikdir.

32. Qeyd olunan normanın məzmunundan göründüyü kimi ər-arvadın uşağın doğulduğu andan üç il ərzində bir-birinə maddi cəhətdən kömək etməsi onların bunun üçün zəruri vəsaitə malik olduqları halda mümkündür. Lakin hazırki işdə iddiaçı tərəfindən məhkəməyə cavabdehin ona maddi cəhətdən kömək etməsi üçün zəruri vəsaitə malik olduğunu təsdiq edən hər hansı bir sənəd təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia həmin hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

33. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir.

34. İş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasında iştirak etmiş və ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 50 manat məbləğində mediasiya xərci ödəmişdir.

35. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin yarı hissəsi – 25 manat cavabdehdən alınaraq ona ödənilməlidir.

Nəticə:

36. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏTETDİ:

İddia tələbi qismən təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2022-ci il təvəllüdlü X8 və xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının, yəni 2026-cı il üzrə minimum əmək haqqının 0,55 misli həddində (220 manat) sabit pul məbləğində aliment tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh 25 (iyirmi beş) manat məbləğində mediasiya xərci alınaraq İddiaçı verilsin. Qətnamə alimentin tutulması hissəsində dərhal icra edilsin. Qətnamədən, məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Vüsal Məhərrəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar