Məhkəmə qərarları › İş №2(5-155)-283/2026

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-283/2026

06.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-283/2026 06.03.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı sabit pul məbləğində aliment tələbinə dair iş üzrə (açar sözlər: aliment tələbi) Giriş hissə: Hakim İmamverdiyeva Pərvin Arif qızının sədrliyi, Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment tələbinə iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: a) iddia tələbi

1. İddiaçı cavabdehə qarşı aliment tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 100 (yüz otuz) manat sabit pul məbləğində alimentin alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə rəsmi nikah ilə ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 adlı övladları dünyaya gəlmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 05 iyun 2023-cü il tarixli, 2(060)-2905/2023 nömrəli məhkəmə qərarı ilə birgə nikahdan dünyaya gəlmiş xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 onun himayəsinə verilmişdir. Cavabdeh alimentin ödənilməsini könüllü icra edecəyini söz verdiyi üçün o da inanmışdır. Lakin verdiyi sözə vaxtı-vaxtında əməl etmədiyi üçün yenidən aliment tələbinə görə məhkəməyə müraciət etməli olmuşdur. Cavabdeh uşaqların ehtiyaclarını qarşılamır. Onun da maddi durumu çox çətindir. Aliment tələbinə görə Bakı 21 saylı Mediasiya təşkilatına müraciət etmiş, cavabdeh işləmədiyini və aliment ödəməyə imkanı olmadığını bildirmişdir. Bu səbəbdən məhkəməyə müraciət etməli olmuşdur.

b) iddia tələbinə qarşı etiraz

3. Cavabdeh tərəfindən iddiaya etiraz daxil olmamışdır.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

4. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianı müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsini xahiş etdi.

5. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbinə dair izahat verərək bildirdi ki, iddia tələbini qəbul edir və hər uşaq üçün hər ay 100 manat aliment ödəməyə razıdır.

Əsaslandırıcı hissə:

a) mülki işin materialları

7. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2905/2023 saylı qətnaməsindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur.

8. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(060)-2905/2023 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan Sumqayıt Şəhər Qeydiyyat Şöbəsində xx.xx.2011-ci il tarixdə bağlanmış və 1646 nömrə ilə qeyd edilmiş nikah pozulmuşdur.

9. AZ-İ seriyalı, 451772 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh arasında olan nikah Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur və bu barədə nikahın pozulması barədə akt qeydləri kitabında xx.xx.2023-cü il tarixdə 365 nömrə ilə qeyd edilmişdir.

10. İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə xx.xx.2026-cı il tarixli arayışdan görünür ki, ilkin mediasiya sessiyası üçün 50 manat məbləğində mediasiya xərci və kargüzarlıq xidməti üçün 10 manat İddiaçı tərəfindən ödənilmişdir.

b) tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarı: “Bu baxımdan nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir. ... - aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. - göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.”

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli Qərarı: “8.1. Yetkinlik yaşına çatmayan uşağın saxlanması üçün alimentin miqdarı valideynin qazancının (gəlirinin) müəyyən hissəsi, yaxud hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər (Ailə Məcəlləsinin 78.1-ci maddəsi). 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.”

15. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2026-cı il üçün yaşayış minimumu ... uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin.

16. Azərbaycan Respublikası Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” xx.xx.2024-cü il tarixli Sərəncamı: “…

1. Minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

17. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: “... 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).”

18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir; Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqındakı qətnamələr dərhal icra olunur.

c) məhkəmənin mövqeyi

19. İşin müəyyən olunmuş faktiki hallarına mübahisənin maddi hüquqi əsasları baxımından qiymət verən məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır.

20. Belə ki, işin faktiki hallarından görünür ki, tərəflərin münasibətlərindən xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X4 doğulmuşdur. İddiaçı cavabdehin uşağın maddi cəhətdən saxlanılması üçün ona könüllü yardım etməməsini əsas gətirərək hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

21. Məhkəmə iddia tələbinin əsaslı olduğu qənaətinə gəlir.

22. Belə ki, tələblə bağlı məhkəmə qeyd edir ki, cavabdeh uşaqların tələbatını ödəmir və hazırda uşaqlar iddiaçının himayəsindədir. Uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşaqların himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər.

23. Uşaqlara görə 2026-cı il üçün yaşayış minimumu 260 manat müəyyən edilmişdir. İddiaçı tərəfindən cavabdehin qazancı barədə sübut təqdim edilməmiş, “Elektron məhkəmə” informasiya sistemindən də əldə edilməsi mümkün olmamışdır.

24. Məhkəmə alimentin məbləği ilə bağlı tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, hər ay hər uşağa 100 manat məbləğdə alimentin tutulması uşaqların əvvəlki təminat səviyyəsinə uyğundur.

25. Məhkəmə təcrübəsini müəyyən edən Ali Məhkəmənin məhkəmələrə tövsiyəsi ondan ibarət olmuşdur ki, məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

26. 2026-cı il üçün minimum əmək haqqı 400 manat olduğundan tutulmalı olan alimentin miqdarı minimum əmək haqqının 0.25 misli həddində müəyyən edilməlidir.

27. Beləliklə, işin faktiki və hüquqi əsasları baxımdan qiymətləndirmə aparan məhkəmə hesab edir ki, iddia təmin edilməli, xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır.

Nəticə hissəsi:

28. Göstərilənlərə əsasən və MPM-nin 119, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2010-cu il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2020-ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.25 misli həddində sabit pul məbləğində aliment tutulsun. Qətnamə dərhal icra olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” İnformasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər.

Hakim Pərvin İmamverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar