Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(5-155)-502/2026 24.02.2026 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan doğulmuş övladları xx.xx.2009-cu il təvəllüdlü X1, xx.xx.2011-ci il təvəllüdlü X2, xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 260 manat olmaqla, ümumilikdə 1040 manat sabit pul məbləğində alimentin, iddiaçı tərəfindən çəkilmiş mediasiya və məhkəmə xərclərinin onun nəfinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Cavabdeh ilə xx.xx.1910-cu ildə ailə həyatı qurmuşdur. Tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adlarında 4 övladı var. X7 və X8 anadangəlmə “Daxili çəpgözlük” diaqnozu ilə doğulmuşlar. Hər ay onların müalicəsinə xeyli miqdarda pul xərclənir. Bu işdə isə cavabdeh iddiaçıya yardımçı olmur. O, ümumiyyətlə uşaqların xərclərinin qarşılanmasında iştirak etmir. Bütün bu illər ərzində iddiaçıya uşaqların böyüdülməsində onun anası, atası və qardaşı kömək etmişlər. Baxmayaraq ki, cavabdeh işləyir, onun harada işləməsi və nə qədər məvacib alması barədə iddiaçıda heç bir məlumat yoxdur. Daha doğrusu o, özü bu barədə iddiaçıya heç bir məlumat verməmişdir. Dörd uşağın (o cümlədən ikisi xəstə olan) maddi təminatını tək qarşılamaq çox çətindir. Bu səbəbdən də iddiaçı cavabdehdən aliment tutulması tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı Sumqayıt şəhər 2 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Lakin cavabdeh mediasiya sessiyasında iştirak etməmişdir. Bir sözlə, bütün bu vaxt ərzində cavabdeh uşaqlar ilə maraqlanmamış, bir valideyn kimi uşaqların maddi tələbatlarının qarşılanmasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişdir. MPM-ni 185.5-ci maddəsinə əsasən məhkəmə mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara əsasən qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - MŞS/MT064/2026-00021 saylı, xx.xx.2026-cı il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə ilkin mediasiya sessiyasında iştirak etmiş, lakin Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 60 manat xərc İddiaçı etibarnamə üzrə nümayəndəsi Nümayəndə tərəfindən ödənilmişdir. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adında dörd övladları var. - Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi Sumqayıt Tibbi Mərkəzi publik hüquqi şəxsi Uşaq Xəstəxanası poliknika şöbəsi tərəfindən verilmiş ambulator kitabçadan çıxarışdan görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X7 və xx.xx.2013-cü il təvəllüdlü X5 uşaq yaşlarından “Daxili çəpgözlük” diaqnozu qoyulmuşdur. - Sumqayıt Nikah evi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, iddiaçı Poladova (Mirzəcanova) Kəmalə Bayraməli qızı ilə Cavabdeh arasında arasında xx.xx.2010-cu il tarixdə nikah bağlanmışdır və bu barədə nikah haqqında akt qeydləri kitabında həmin tarixdə 764 nömrəsi ilə qeydiyyat aparılmışdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh ilə İddiaçı xx.xx.2010-cu ildə nikaha daxil olmaqla ailə həyatı qurmuşdur. Onların xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X9 adında dörd övladları var. Cavabdeh uşağın saxlanılmasında iştirak etməmiş, bugünədək aliment ödəməmişdir. Uşaq böyüdükcə onun maddi tələbatları da artır. İddiaçı təkbaşına uşağın maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Ona görə də hazırki iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Konstitusiyasının 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir və uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Valideynlər bu Məcəllənin 16-cı fəslinə uyğun olaraq yetkinlik yaşına çatmayan uşaqlarını saxlamaq barədə saziş (aliment ödənilməsi barədə saziş) bağlamaq hüququna malikdirlər. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan və ya eyni zamanda həm , həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilib. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1-ci maddəsinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin olunmalı, Cavabdeh xx.xx.2026-cı il tarixindən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşlarına çatana qədər saxlanmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən ödənilmiş mediasiyaya dair xərcinin əvəzi olaraq 60 manatın cavabdehdən tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə xx.xx.2026-cı il tarixdən başlayaraq xx.xx.2009-cu il təvəllüdlü X6, xx.xx.2011-ci il təvəllüdlü X7, xx.xx.2013-cü il təvəllüdlü X8 və xx.xx.2017-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,375 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh İddiaçı nümayəndəsi Nümayəndə tərəfindən ödənilmiş 60 manat məbləğində mediasiya xərci tutulsun. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamə alimentə dair hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov
Məhkəmə qərarları › İş №2(5-155)-502/2026
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(5-155)-502/2026
24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver