Məhkəmə qərarları › İş №2(5-159)-38/2026

Şəmkir Rayon Məhkəməsi Qətnamə — İş №2(5-159)-38/2026

24.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şəmkir rayon İş № 2(5-159)-38/2026 24.02.2026 ŞƏMKİR RAYON MƏHKƏMƏSİ Hakim Məmmədova Şəfəq Ənvər qızının sədrliyi, Rzazadə Leyla Elçin qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment tələbi” barədə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdeh qarşı iddia qaldıraraq, xx.xx.2018-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə isə X9 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılmasına görə Cavabdeh hər ay 250 (iki yüz əlli) manat olmaqla, iki uşaq üçün 500 (beş yüz) manat sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı, yəni o, X5 Cavabdeh ilə 2018-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Həmin nikahdan onların xx.xx.2018-ci il tarixdə X8 və xx.xx.2022-ci il tarixdə isə X9 adlı iki övladları doğulmuşdur. Ailə qurduqdan sonra ilk vaxtlar onların münasibətləri normal olsa da, sonradan münasibətləri pozularaq, aralarında tez-tez mübahisə baş verdi. Belə ki, cavabdeh mütəmadi evdə səbəbsiz yerə söz-söhbət yaradaraq, evdə gərginlik yaradır bu da onların münasibətləri daha da kəskinləşməsinə səbəb oldu. Onların faktiki ər-arvad münasibətləri pozulmuşdur. Ailə münasibətlərinı bərpası və onların barışmağı mümkün deyildir. Həmçinin, o, heç yerdə işləmir və uşaqlar böyükdür, onların tələbatlarını qarşılamaqda çətinlik çəkir. Göstərilən xüsusatları nəzərə alaraq hesab edir ki, xx.xx.2018-ci il tarixdə Alıyev Babǝk Xəyal oğlu və xx.xx.2022-ci il tarixdə isə X2 üçün onun xeyrinə cavabdehdən hər ay hər uşaq üçün 250 (iki yüz ǝlli) manat olmaqla, iki uşaq üçün 500 (beş yüz) manat sabit pul məbləğində sonrakı artımlar nəzərə alınmaqla aliment tutulmalıdır. Qeyd edir ki, məhkəməyə müraciət etməzdən əvvəl qarşı tərəf mediasiya prosesində iştirak etsə də, barışıq əldə olunmamışdır. Mediasiya xərcləri onun tərəfindən tam şəkildə ödənilmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahatında iddianı müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Cavabdeh məhkəmə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, İddiaçı ona qarşı iddia qaldıraraq birgə nikahlarından doğulmuş xx.xx.2018-ci il təvəllüdlü X4 və xx.xx.2022ci il təvəllüdlü X2 üçün hər ay sabit məbləğdə olmaqla 520 manat alimentin ondan tutularaq ona ödənilməsini xahiş etmişdir. O, iddianı qismən, yəni xx.xx.2018-ci il təvəllüdlü X6 aid hissədə qəbul edir və hər ayda həmin uşağı üçün 150 manat ödəyə bilər. Digər uşağa aid hissədə iddianı ümumiyyətlə qəbul etmir. Belə ki, iddiaçı ilə onlar ayrıldıqdan sonra ona məlum olub ki, xx.xx.2022-ci il təvəllüdlü Fərid Alıyevin sənəd üzrə atası o olsa da uşağın bioloji atası başqa şəxsdir. O, hazırda nikahın pozulması və xx.xx.2022-ci il təvəllüdlü Fərid Alıyevin bioloji atasının başqa şəxs olması barədə iddia qaldırmışdır. Eyni zamanda onun birinci nikahından xx.xx.2013-cü il təvəllüdlü Alıyev Murad və Alıyev Nihad adlı ekiz uşaqları var və həmin uşaqlar da hazırda onun himayəsindədir. Qeyd etdiyi kimi onun himayəsində birinci nikahdan 2 ekiz övladı və ahıl yaşında atası və anası var, ona görə də aliment təyin edərkən maddi vəziyyətini nəzərə alınmasını xahiş etmişdir. O, hazırki maddi vəziyyətinə görə 150 manat aliment ödəyə bilər. İş materiallarına əlavə edilmiş: xx.xx.2025-ci il tarixli Şəmkir rayon 2 saylı Mediasiya təşkilatı tərəfindən verilmiş “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh mediasiya sessiyasında iştirak etməmiş, 50 manat mediasiyaya dair xərci iddiaçı tərəfindən ödəmişdir. AZ-İV seriyalı 687216 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, xx.xx.2022-ci il təvəllüdlü X3 ana adı qrafasında İddiaçı, ata adı qrafasında Cavabdeh qeyd olunmuşdur. AZ-İV seriyalı 270314 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş sürətindən görünür ki, xx.xx.2018-ci il təvəllüdlü X4 ata adı qrafasında Cavabdeh, ana adı qrafasında İddiaçı qeyd olunmuşdur. Elektron Məhkəmə İnformasiya sistemindən əldə olunmuş məlumatdan görünür ki, Cavabdeh "Cengiz İnşaat Sanayii və Ticaret Anonim Şirketi"-nin Azərbaycan Respublikasındakı Filialında işləyir və 1396.45 manat məbləğində əmək haqqı alır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qeyd edilən Məcəllənin 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 86-cı maddəsinə əsasən, aliment ödənilməsi barədə ər-arvad və ya keçmiş ər-arvad arasında saziş olmadıqda, məhkəmə qaydasında ərə (arvada) və ya keçmiş ərə (arvada) ödənilməli olan alimentin miqdarı məhkəmə tərəfindən keçmiş ərin (arvadın) ailə və maddi vəziyyəti, tərəflərin digər diqqətəlayiq olan maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləği formasında müəyyən edilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən, şəxsin saxlanması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmənin mövqeyi: Məhkəmə iş üzrə iddiaçının izahatını dinləyərək, təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək, hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay, hər uşaq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində müəyyən edilməlidir. Qanunvericiliyin yuxarıda sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi və sonradan dəyişdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir; lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu özlüyündə müəyyən meyar kimi çıxış etməklə, minimum təminat səviyyəsini nəzərdə tutur, bununla belə, yaşayış minimumu həddində tutulan aliment belə, heç də uşağın getdikcə artan bütün tələbatlarının qarşılanmasının real əvəzi kimi qəbul edilməməlidir. “Uşaq hüquqları haqqında” Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə görə də, valideyn (valideynlər) və ya uşağı tərbiyə edən digər şəxslər özlərinin qabiliyyəti və maliyyə imkanları çərçivəsində uşağın inkişafı üçün zəruri olan həyat şəraitini təmin edilməsinə görə məsuliyyət daşıyırlar. “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli Qərarında Konstitusiya Məhkəməsinin də mövqeyi ondan ibarət olmuşdur ki, “...nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas olar bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir”. “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş çıxarışdan görünür ki, Cavabdeh işləyir, 1396.45 manat məbləğində əmək haqqı alır. Buna görə məhkəmə hesab edir ki, xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli (400x0,55=220 manat) həddində sabit pul məbləğində müəyyən edilməlidir və həmin məbləğində alimentin təyin edilməsi yetkinlik yaşına çatmayan uşaqlarının qanuni mənafelərinə uyğun gəlir, habelə cavabdehi əlverişsiz vəziyyətə salmır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Məhkəmə tərəflərin yetkinlik yaşına çatmamış uşaqlarının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları və iddiaçının tələbini nəzərə alaraq hesab edir ki, uşaqların yetkinlik yaşına çatanadək cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli (400x0,55=220 manat) həddində sabit pul məbləğində müəyyən edilməlidir, bu miqdarda alimentin tutulması Ailə Məcəlləsinin 78.2-ci maddəsinin göstərişinə uyğundur. İşin materiallarından görünür ki, iddiaçı mövcud iddia tələbi ilə xx.xx.2026-cı il tarixdə məhkəməyə müraciət etmişdir. Buna görə də xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022ci il təvəllüdlü X1 üçün alimentin tutulma müddəti Azərbaycan Respublikasının AM-nin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən başlanmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu” haqqında Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən, aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə görə isə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Hazırki iddia üzrə bir il ərzində olan aliment ödənişinin məcmusu 440x12=5280 manat təşkil etdiyinindən, ödənilməli olan dövlət rüsumu məbləği 72.80 manat təşkil edir. Odur ki, iddiaçı aliment ilə bağlı hissədə dövlət rüsumu ödəməkdən azad edildiyi üçün cavabdehdən 72.80 manat məbləğində dövlət rüsumu tutulmaqla Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə işə baxılmasına dair xərclərə münasibətdə hesab edir ki, iddiaçı tərəfindən iş materiallarında olan “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə arayışdan görünür ki, mediasiya təşkilatına 50 manat məbləğində rüsum ödənilmişdir. İddiaçının bununla bağlı tələbi olmadığından mediasiya təşkilatına ödənilmiş rüsum iddiaçının özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. xx.xx.2018-ci il təvəllüdlü X8 və xx.xx.2022-ci il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh üçün Cavabdeh 72.80 (yetmiş iki manat səksən qəpik ) manat məbləğində dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Alimentin tutulması müddəti xx.xx.2026-cı il tarixdən müəyyən edilsin. Qətnamə dərhal icra edilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şəmkir Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Gəncə Apellyasıya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Şəfəq Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar