Məhkəmə qərarları › İş №2(5-161)-36/2026

Şuşa Rayon Məhkəməsi Qətnamə — İş №2(5-161)-36/2026

10.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şuşa rayonu İş № 2(5-161)-36/2026 10.03.2026 ŞUŞA RAYON MƏHKƏMƏSİ X8 Bəşərəddin oğlunun sədrliyi, Abbasova Afət Ağarza qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “nəvələrin saxlanması üçün nənədən sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 260 manat, cəmi 520 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, Şuşa Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə cavabdeh X7 qarşı xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşlarına çatanadək saxlanılınası üçün aliment tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, qazançının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilmişdir. Şuşa Rayon Məhkəməsinin 2(077)-24/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2022-ci il tarixli 2(077)-64/2022 saylı qətnaməsi dəyişdirilmiş, təyin edilmiş məbləğ dəyişdirilərək cavabdeh X4 xx.xx.20218-il təvəllüdlü X5 və xx.xx.2019-cü il təvəllüdlü X2 yetlkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin cavabdehdən tutularaq ona ödənilməsi qət edilmişdir. Həmin qətnamə xx.xx.2024-cü ildə qanuni qüvvəsini alaraq icraya yönəldilmiş və Sabunçu rayon İcra Şöbəsinə göndərilmişdir. Bununla belə borclu alimenti ödəməmiş, 9800 manat aliment borcu yaranmış, Sabunçu rayon İcra Şöbəsi borclu barəsində Azərbaycan Respublikası CMnin 306.1-ci maddəsilə cinayət işinin başlanması üçün təqdimat vermişdir. X13 alimenti ödəmək iqtidarında deyil. Ona görə də ailment sabit pul məbləğində uşaqların nənəsi- Cavabdeh tutulmalıdır. xx.xx.2026-cı ildən Azərbaycan Respublikasında Uşaqların yaşayış minimum məbləği (müavinəti) 260 manat müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış İddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək, izahatında göstərmişdir ki, Şuşa Rayon Məhkəməsi tərəfindən qəbul olunmuş qətnamələrə əsasən onun oğlu Əli Abbasovdan iki uşağın saxlanması üçün hər ay hər uşağa görə 235 manat olmaqla cəmi 470 manat aliment tutularaq İddiaçı ödənilməsi qərara alınmışdır. X9 bir müddət işləmədiyi üçün aliment borcu yaranmış, ancaq sonradan işə düzəlib və hazırda ofisiant işləməklə həm cari alimenti, həm də əvvəldən yaranmış aliment borcundan hər ay 300-400 manat ödəyir. Hazırda 4000 manat borcu qalmışdır ki, onu da ödəyəcək. Özü isə heç yerdə işləmir, himayəsində yetkinlik yaşına çatmamış övladı var, əri vəfat edib və buna görə təqaüd alır. Başqa gəliri yoxdur, maddi vəziyyəti ağırdır. Bunlara baxmayaraq özü də nəvələrinə baxır, onlara pal-paltar alır, həkimə aparır. İddianın təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə cavabdehin izahatını dinləyib, işdəki sənədləri, sübutları işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırıb belə qərara gəlir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şuşa Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(077)-24/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı cavabdeh X7 qarşı “alimentin dəyişdirilməsi tələbinə dair” iddiası təmin edilmiş, cavabdeh X4 xx.xx.2018-ci il təvəllüdlü X5 və xx.xx.2019-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında olan Bakı 8 savlı Mediasiya Təşkilatının mediatoru X11 tərəfindən verilmiş “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” xx.xx.2026-cı il tarixli MŞB/8/-2025-02829 saylı arayışdan görünür ki, tərəflər xx.xx.2026-cı il tarixində keçirilən ilkin mediasiya sessiyasından sonra tərəflər mediasiya prosesinin davam etdirilməsinə razılıq verməmiş, öz tələblərini irəli sürmüşlər. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı İddiaçı 60 manat məbləğində mediasiya xərcini ödəmişdir. Sabunçu Rayon İcra Şöbəsinin icra məmuru, Səbirə Məmmədova tərəfindən verilmiş, Şuşa Rayon Məhkəməsinin 2(077)-24/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə borclu X9 tərəfindən tələbkar X1 ödənilən alimentin ödənişləri barədə cədvəldən görünür ki, cavabdehin (borclunun) aliment borcu xx.xx.2026-cı il tarixə 4980 (dörd min doquz yüz səksən) manat təşkil edir. AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1973-cü ildə anadan olmuşdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 680,65 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 550 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 602,09 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 610,27 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 725,82 manat, xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, 2.050,90 manat, xx.xx.2023-cü il tarixli elektron qəbzdən görünür ki, 604 manat, xx.xx.2023-cü il tarixli elektron qəbzdən görünür ki, 494 manat, xx.xx.2024-cü il tarixli elektron qəbzdən görünür ki, 266,93 manat, xx.xx.2024-cü il tarixli elektron qəbzdən görünür ki, 78,02 manat, xx.xx.2024cü il tarixli elektron qəbzdən görünür ki, 120,22 manat, xx.xx.2024-cü il tarixli elektron qəbzdən görünür ki, 211,75 manat, xx.xx.2024-cü il tarixli elektron qəbzdən görünür ki, 256,10 manat, xx.xx.2024-cü il tarixli elektron qəbzdən görünür ki, 516,27 manat İddiaçı aliment borcu hesabına vəsait ödənilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Uşaq Hüquqları haqqında” Konvensiyanın 18.1-ci maddəsinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin ümumi və eyni məsuliyyət daşıması prinsipinin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı mənafeyi onların əsas qayğı obyektidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsinə əsasən yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələr saxlanmaq üçün öz valideynlərindən maddi yardım ala bilmədikdə, buna zəruri vəsaitə malik baba və nənədən məhkəmə qaydasında aliment almaq hüququna malikdirlər... Göründüyü kimi, qanunverici yardıma ehtiyacı olan yetkinlik yaşına çatmayan nəvələrin saxlanmaq üçün alimentin baba və nənədən alınmasının əsasını, uşaqların əvvəla öz valideynlərindən maddi yardım ala bilməməsi, eləcə də, buna zəruri vəsaitə malik baba və nənədən alınması ilə şərtləndirir. Halbuki, işin araşdırılmış halları ilə müəyyən edilir ki, iddiaçı uşaqların saxlanması üçün onların atası X7 qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək alimentin alınmasını tələb etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ərizə qismən təmin edilmiş, cavabdehin qazançının (başqa gəlirlərinin) üçdə bir hissəsi miqdarında alimentin tutulması qət edilmiş, məhkəmənin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə təyin edilmiş məbləğ dəyişdirilərək cavabdeh X4 uşaqların yetlkinlik yaşına çatanadək saxlanılmaları üçün, hər ay hər uşağa görə 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. İddiaçı iddia ərizəsində, alimentin tutulmasına dair məhkəmə qətnaməsinin borclu tərəfindən qəsdən icra edilməməsinə görə icra orqanının onun barəsində cinayət işinin başlanması üçün təqdimat verməsini qeyd etsə də, məhkəməyə bu halı təsdiq edən heç bir sübut təqdim etməmiş, əksinə, məhkəməyə təqdim edilmiş sübutlarla həmin məhkəmə qətnaməsinin icrasının cavabdeh tərəfindən tam şəkildə olmasa belə, hər ay qismən təmin edilməsi müəyyən edilmişdir. Digər tərəfdən, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərkən, Cavabdeh nəvələrinin saxlanması üçün aliment ödəməyə zəruri vəsaitə malik olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 2.1-ci maddəsinə əsasən mülki işlər üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır. 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 2019-cu il 18 mart tarixli Qərarında formalaşdırılmış hüquqi mövqeyə əsasən, tərəflər çəkişmə prinsipinə uyğun olaraq tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidirlər. Sübutetmə vəzifəsinin tərəflər arasında bölüşdürülməsinin ümumi qaydalarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsi müəyyən edir. Bu qaydalar onu ifadə edir ki, işdə iştirak edən hər bir şəxs istinad etdiyi halların mövcudluğunu və doğruluğunu yalnız özü sübut etməlidir və heç kəs, o cümlədən məhkəmə onu bu vəzifədən azad edə bilməz. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında qeyd edir ki, sübutlar qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər (§68). “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə Avropa İnsan Hüquqları Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq ”əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir (§93). Beləliklə, məhkəmənin qəldiyi qənaətə görə, hazırki iş üzrə İddiaçı Cavabdeh qarşı alimentin tutulması ilə bağlı iddia qaldırması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 89-cu maddəsi ilə nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, işin faktiki hallarını nəzərə alıb, qanunvericiliyin sadalanan normalarının tələblərinə əsaslanmaqla məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası МPМ-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilmiş hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlara əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası МPМ-nin 77,88,172-179, 182,183,192,209-214,216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı “nəvələrin saxlanması üçün nənədən sabit pul məbləğində alimentin tutulması tələbinə dair” iddiası təmin edilməsin. Qətnamə rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Şuşa Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar