Məhkəmə qərarları › İş №2(5-164)-7/2026

Ucar Rayon Məhkəməsi Qətnamə — İş №2(5-164)-7/2026

19.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Ucar rayonu İş № 2(5-164)-7/2026 19.02.2026 UCAR RAYON MƏHKƏMƏSİ Hakim Xəlilov Hilal İsmayıl oğlu (sədrlik edən), məhkəmə iclasının katibi X1, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin azaldılması barədə iddia ərizəsinə dair mülki işə məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı alimentin azaldılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ucar Rayon Məhkəməsinin 8(063)-122/2025 nömrəli, 13 noyabr 2025-ci il tarixli qərardadına əsasən müəyyən edilmiş 0,44 misli həddində indeksasiya məbləğinin azaldılaraq 0,30 misli həddində müəyyən ediliməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 8(063)-122/2025 nömrəli qərardadı ilə Cavabdeh ərizəsi təmin olunmuşdur. 30 oktyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 31 iyul 2010-cu il təvəllüdlü X2 və 18 may 2014-cü il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanmaları üçün ondan Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində sabit pul məbləğində alimentin tutulması qərara alınmışıdır. O, 04 may 2022-ci ildə X6 ilə nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Onların birgə nikahlarından 12 dekabr 2022-ci ildə X8 və 02 iyul 2024-cü ildə X10 adlı iki övladları olmuşdur. Hazırkı indeksasiya nəticəsində onun ödəməli olduğu aliment məbləği 1,6 dəfə artmışıdır. Özü işləmir və qazanc yeri yoxdur. Hər uşağa görə 0,44 misli həddində indeksasiya onun maddi imkanlarına uyğun deyil və ailə vəziyyətinə ciddi təsir göstərəcəkdir. Belə ki, onun hazırda öhdəliyində baxmalı olduğu iki övladı var. Eyni zamanda, anası xərçəng xəstəliyindən əziyyət çəkir. Bununla bağlı epiqrizi də ərizəsinə əlavə etmişdir. Onun müalicə xərcləri kifayət qədər çoxdur və həmin xərcləri də o, qarşılayır. Hazırda 23 avqust 2021-ci il tarixli, 2(063)-729/2021 nömrəli qətnaməsinə əsasən ondan tutulan sabit pul məbləğində alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində indeksasiya olunması onun vəziyyətini daha da ağır vəziyyətə salmışıdr. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında iddia ərizəsində göstərilənləri təsdiq etdiyini bildirdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etmədiyini bildirdi və izahatında göstərdi ki, məhkəmənin qərardadına əsasən indeksasiya olunan alimentin azaldılmasına etiraz edir, belə ki, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli həddində aliment uşaqların tələbatlarını ödəmir. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Ucar Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(063)-729/2021 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 09 iyul 2010-cu ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 iddiaçı X5 yanında qalmaları, cavabdeh İddiaçı 13 iyul 2021-ci il tarixdən başlayaraq 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X7 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 8(063)-122/2025 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh “alimentin indeksasiya olunmasına” dair ərizəsi təmin olunmuş, 30 oktyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 31 iyul 2010-cu il təvəllüdlü X2 və 18 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli olmaqla, ümumilikdə 0,88 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İş materiallarında olan nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və X6 04 may 2022-ci ildə nikahlarını bağlamışlar. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin lazimi qaydada təsdiq edilmiş surətindən görünür ki, atası İddiaçı və anası X9 olan X8 12 dekabr 2022-ci ildə və X10 02 iyul 2024-cü ildə doğulmuşlar. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sisteminin məşğulluq haqqında 21 noyabr 2025-ci il tarixli arayışından görünür ki, X12 işsiz kimi qeydə alınmışdır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, iddiaçı, Oğuz şəhəri, Cavanşir küçəsi, ev 13-də qeydiyyatdadır. İş materiallarında olan şəxsin fərdi məlumatlarından görünür ki, cavabdeh, Ucar rayonu, Alpı kəndində qeydiyyatdadır. Məhkəmə iclasında müəyyən olundu ki, Ucar Rayon Məhkəməsinin 23 avqust 2021-ci il tarixli, 2(063)-729/2021 nömrəli qətnaməsinə əsasən iddiaçı X11 ilə cavabdeh İddiaçı arasında bağlanmış və 09 iyul 2010-cu ildə Ucar Rayon İcra Hakimiyyəti başçısının Quləbənd kənd inzibati ərazi dairəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 13 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 iddiaçı X5 yanında qalmaları, cavabdeh İddiaçı 13 iyul 2021-ci il tarixdən başlayaraq 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər birinə görə 110 (bir yüz on) manat olmaqla, cəmi 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X7 verilməsi, qətnamənin alimentin tutulması hissəsinin dərhal icra edilməsi, aliment tələbi barədə iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Ucar Rayon Məhkəməsinin 13 noyabr 2025-ci il tarixli, 8(063)-122/2025 nömrəli qərardadı ilə ərizəçi Cavabdeh “alimentin indeksasiya olunmasına” dair ərizəsi təmin olunmuş, 30 oktyabr 2025-ci il tarixdən başlayaraq yetkinlik yaşına çatmayan 31 iyul 2010-cu il təvəllüdlü X2 və 18 may 2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli olmaqla, ümumilikdə 0,88 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmışdır. İşin faktiki hallarından görünür ki, cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli olmaqla, ümumilikdə 0,88 misli həddində sabit pul məbləğində alimentin iddiaçıdan tutulması əsasları dəyişmişdir. Belə ki, ailə qanunvericiliyinə əsasən alimentin miqdarı müəyyən edilərkən tərəflərin ailə və maddi vəziyyəti əsas meyar kimi götürülür. İş materiallarından görünür ki, aliment öhdəliyi müəyyən edildikdən sonra iddiaçının ailə vəziyyətində mühüm dəyişikliklər baş vermişdir. Belə ki, hazırkı iş üzrə iddiaçı ilə X6 04 may 2022-ci ildə nikahlarını bağlamışlar. Onların birgə nikahlarından 12 dekabr 2022-ci ildə X8 və 02 iyul 2024-cü ildə X10 doğulmuşlar. Məhkəmə nəzərə alır ki, iddiaçının yenidən evlənməsi və iki azyaşlı uşağının olması, onun üzərinə əlavə maddi öhdəliklər qoyur və bu hal alimentin məbləğinin müəyyən edilməsində əhəmiyyət kəsb edir. Eyni zamanda, müəyyən edilmişdir ki, iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli olmaqla, ümumilikdə 0,88 misli həddində aliment tutulması onun maddi imkanlarını xeyli məhdudlaşdırır. Bununla yanaşı, məhkəmə aliment alan uşaqların mənafeyinin prioritetliyini də nəzərə alaraq, onların maddi təminatlarının əsaslı şəkildə azalmasına yol verilməməsinin zəruriliyini də qeyd edir. Bu baxımdan, iddia tələbi tam həcmdə deyil, yalnız iddiaçının dəyişmiş ailə vəziyyətinə uyğun və ədalətlilik prinsipinə cavab verən həddə təmin edilməlidir. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı öz tələbini əsaslandırdığı halları qismən sübut edə bildi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə, iddiaçı ilə cavabdehin birgə nikahlarından 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanmaları üçün iddiaçıdan sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,44 misli olmaqla, ümumilikdə 0,88 misli həddində sabit pul məbləğində alimentin cavabdehin xeyrinə tutulması üçün əsasların dəyişildiyini nəzərə alaraq, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, iddiaçıdan tutulan alimentin miqdarı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan dəyişdirilməli (azaldılmalı) və həmin tarixdən (vaxtdan) başlayaraq 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün iddiaçıdan cavabdehin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulmalı, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. İddiaçı tutulan alimentin miqdarı hazırkı qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan dəyişdirilsin (azaldılsın) və həmin tarixdən (vaxtdan) başlayaraq 31 iyul 2010-cu ildə doğulmuş X2 və 18 may 2014-cü ildə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay, hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,37 misli həddində sabit pul məbləğində aliment tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şəki Apellyasiya Məhkəməsinə Ucar Rayon Məhkəməsi vasitəsi ilə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Hilal Xəlilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar