Məhkəmə qərarları › İş №2(5-93)-106/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-93)-106/2026

25.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-106/2026 25.02.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi Hacıyeva Nigar Zahid qızının katibliyi ilə İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin azaldılması” tələbi barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 8(001)-900/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 08.1.2018-ci il tarixli, 2(001)-775/2018 saylı qətnaməsi ilə İddiaçı xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Ramil qızının yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində tutulan alimentin hər ay üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır.

2. İş materiallarına əlavə edilmiş AZ İİ № 312792 nömrəli, xx.xx.2018-ci il tarixli, 3023 nömrəsi ilə qeydiyyata alınmış nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə X5 arasında nikah bağlanmışdır.

3. İş materiallarına əlavə edilmiş AZ İV № 652318 və AZ İV № 379351 nömrəli doğum haqqında şəhadətnamələrin sürətlərindən görünür kixx.xx.2021-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu ul təvəllüdlü X2 atası İddiaçı, anası X3r.

4. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin iş yerinə dair arayışından görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdən 24 nömrəli Şəhər Poliklinikasında bağban vəzifəsində çalışır və aylıq əmək haqqı məbləği 523 manat təşkil edir.

5. İddiaçı alimentin azaldılması tələbi ilə bağlı Bakı 16 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Cavabdeh prosesdə iştirak etmədiyindən xx.xx.2025-ci il tarixdə MŞB/16/2025-01572 nömrəli arayış tərtib edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

6. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)-900/2025 saylı qərardadı ilə müəyyən edilmiş aliment məbləğinin azaldılaraq hər ay ölkə üzrə minimum əmək haqqının 0.61 misli məbləğində müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddianın əsaslarına görə cavabdeh ilə Cavabdeh arasında nikah pozulmuş, birgə nikahdan olan xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Ramil qızı anasının himayəsində saxlanılmışdır. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(001)- 775/2017 saylı qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Ramil qızının yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin tutulması müəyyən edilmişdir. Bundan sonra cavabdeh alimentin indeksasiyası üçün müraciət etmiş və Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(001)- 900/2025 saylı qərardadı ilə ərizə təmin edilmiş və alimentin məbləği hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuşdur. Bugün ölkə üzrə minimal üzrə minimal əmək haqqı 400.0 azn təşkil edir. Belə olan halda minumum əmək haqqının 1.18 misli 472.0 manat edir. Bu məbləğdə alimenti hər ay ödəməyə maddi imkanı çatmır. Belə ki hazırda ikinci dəfə ailə qurub və himayəsində daha iki azyaşlı övladı var: xx.xx.2019-cu il təvəllüdlü X6 və xx.xx.2021-ci il təvəllüdlü X4

b) məhkəmə icraat iştirakçılarının izahatları

8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinə uyğun izahat verərək aliment məbləğinin azaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirərək hər ay 300 manat alimentin ödənilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

10. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 13. Hər bir uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər;

12. “Azərbaycan Respublikasında 2026-cı il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. 2026-cı il üçün yaşayış minimumu .... uşaqlar üçün 260 manat məbləğində müəyyən edilsin. Maddə 2. Bu Qanun 2026-cı il yanvarın 1-dən qüvvəyə minir.

13. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2016-cı il tarixli Qərarı: Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə bu Qərarda formalaşdırılan hüquqi mövqeyi rəhbər tutaraq alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın təminat səviyyəsinə və aliment ödəyənin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Aliment məbləğinin ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməlidir. Bu Qərarın nəticə hissəsinin 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

14. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il traixli Qərarı: Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir.

15. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır;

Məhkəmə baxışının hədləri

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

13. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.

14. Aliment məbləğinin azaldılması üçün yeganə əsas alimentin miqdarı müəyyən olunduqdan sonra aliment ödəyən şəxsin ailə və ya maddi vəziyyətində dəyişiklik olmasıdır. Belə ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinə görə aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.

15. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışa əsasən İddiaçı "Bakı Baş Səhiyyə Mərkəzi " PHŞ-də işləməklə 523 manat əmək haqqı alır.

16. Alimentin miqdarı müəyyən olunduqdan sonra ailə vəziyyətində dəyişiklik olmuş və İddiaçı yenidən ailə qurmuş və həmin nikahdan iki övladı anadan olmuş, hazırda himayəsindədir. Nəticədə ailə vəziyyəti, eyni zamanda onların maddi tələbatının qarşılanması baxımdan maddi vəziyyəti də dəyişmişdir.

17. İddia tələbi qalan hissədə təmin edilməməlidir, belə ki “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

18. Cavabdehin daha yüksək təminatlı əmək fəaliyyəti ilə məşğul olmaq hüququ vardır. Onun bütün övladlarını saxlamaq vəzifəsi var. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunduğu kimi aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir, yəni bu hallar uşağın təminat səviyyəsinin aşağı düşməsinə səbəb olmamalıdır.

19. 2026-cı il üçün uşaqlar üçün yaşayış minimumu 260 manat olduğundan, həmin il üçün ölkə üzrə minimum əmək haqqı 400 manat müəyyən edildiyindən 260 manat sabit pul məbləğində aliment 260:400=0,65 misli həddində indeksasiya olunmaqla müəyyən edilməlidir.

20. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırda iddiaçıdan tutulan aliment məbləği (1,18 yəni hazırda bir uşaq üçün 472 manat) ölkə üzrə təyin olunmuş minimum aliment məbləğindən (260 manat) çox olduğundan iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-900/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-775/2018 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Ramil qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,65 misli həddində müəyyən edilməli və alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılmalıdır.

21. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 358, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(001)-900/2025 saylı qərardadına əsasən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(001)-775/2018 nömrəli qətnaməsi ilə xx.xx.2017-ci il təvəllüdlü Nümayəndə Ramil qızının yetkinlik yaşlarına çatanadək saxlanılması üçün hər ay tutulan aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.18 misli həddində indeksasiya olunmuş məbləği azaldılaraq ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqı məbləğinin 0,65 misli həddində müəyyən edilsin. Alimentin azaldılmış məbləğdə tutulması qətnamənin qanuni qüvvəyə mindiyi vaxtdan başlanılsın. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar