Məhkəmə qərarları › İş №2(5-93)-733/2026

Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi Qətnamə — İş №2(5-93)-733/2026

11.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-93)-733/2026 11.03.2026 BAKI ŞƏHƏRİ BİNƏQƏDİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Fizuli qızının sədrliyi Hacıyeva Nigar Zahid qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbi barədə iddia ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakı qərardadı qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin sürətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X6 cavabdeh İddiaçı atası Cavabdeh, anası İddiaçıdır.

2. İş materiallarına əlavə edilmiş Binəqədi Rayon Məhkəməsinin 2(001)- 6704/2025 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında 24 yanvar 2020-ci il tarixdə 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzi qeydiyyat şöbəsində bağlanmış və 172 № ilə qeydə alınmış nikah pozulması, nikah pozulduqdan sonra tərəflərin birgə nikahlarından olan yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X6 cavabdeh İddiaçı yanında qalmaları qət edilmişdir.

3. İddiaçı aliment tələbi ilə bağlı Bakı 6 saylı Mediasiya Təşkilatına müraciət etmiş, Cavabdeh prosesdə iştirak etmədiyindən xx.xx.2026-cı il tarixdə MŞB/6-00241 nömrəli arayış tərtib edilmişdir.

İddia tələbinin və ona etirazın dəlilləri, məhkəmə icraat iştirakçılarının izahatları

a) iddia tələbi

4. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 16 noyabr 2020-ci il təvəllüdlü X3, 07 may 2023-cü il təvəllüdlü X4 və 28 iyun 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay sabit məbləğdə hər uşağa görə 260 manat olmaqla ümumilikdə 780 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. İddianın əsaslarına görə o, Cavabdeh ilə xx.xx.2019- cu ildə rəsmi nikah münasibətlərinə daxil olaraq ailə qurmuşdur. Birgə nikahdan 16 noyabr 2020-ci il təvəllüdlü X3, 07 may 2023-cü il təvəllüdlü X4 və 28 iyun 2024-cü il təvəllüdlü X7 adlı övladları dünyaya gəlmişdir. İlk vaxtlar münasibətləri normal olsa da, sonradan müəyyən problemlər üzə çıxmış və münasibətləri kəskin şəkildə pisləşmişdir. Binəqədi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-(001)-6246/24 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş övladları iddiaçının yanında saxlanılmışdır. Lakin İddiaçı həmin vaxtı alimentlə bağlı məhkəməyə müraciət etməmişdir. Hazırda övladlarının saxlanılmasında çətinlik çəkir, özü işləmirəm. Birgə nikahlarından doğulmuş uşaqların saxlanılması üçün cavabdehdən hər uşağa görə sabit pul məbləğdə alimentin tutulmasını istəyir.

6. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 16 noyabr 2020-ci il təvəllüdlü X3, 07 may 2023-cü il təvəllüdlü X4 və 28 iyun 2024-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh birgə nikahdan olan uşaqların saxlanılması üçün hər ay sabit məbləğdə hər uşağa görə 130 manat olmaqla ümumilikdə 390 manat məbləğində alimentin onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir

7. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək iddia tələbini qəbul etdiyini, uşaqların saxlanılması üçün hər ay sabit məbləğdə hər uşağa görə 130 manat olmaqla ümumilikdə 390 manat məbləğində alimentin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsinə etiraz etmədiyini bildirmişdir.

b) iddiaya etiraz

8. İddia tələbinə qarşı etiraz daxil olmamışdır.

c) məhkəmə icraat iştirakçılarının izahatları

9. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinə uyğun izahat verərək alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etdiyini hər uşaq üçün aylıq 130 manat sabit pul məbləğində aliment ödənilməsinə razı olduğunu, uşaqlarının daha çox tələbatını ödədiyini bildirmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar; Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur; Maddə 78.1. valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir; Maddə 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 9.4. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

13. Azərbaycan Respublikasının Prezidentinin “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” xx.xx.2024-cü il tarixli sərəncamı: “...

1. Minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilsin.”

14. Azərbaycan Respublikası Ali Məhkəmənin Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarı: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər.

15.Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3 aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə; Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir; Maddə 119.2 İddiaçı müəyyən edilmiş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır; Maddə 217.4. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır; Maddə 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında;

Məhkəmə baxışının hədləri

16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər.

Məhkəmənin mövqeyi

17. Məhkəmə iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, uşaqların saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilməlidir.

18. İddiaçı cavabdehin uşaqların daima ehtiyaclarını daima qarşıladığını bildirmiş, buna görə iddia tələbini dəqiqləşdirərək hər uşağa 130 manat aliment ödənilməsini xahiş etmişdir.

19. Məhkəmə birgə nikahdan olan yetkinlik yaşına çatmayan uşağın iddiaçı ilə yaşadığını, onun yaşını, həmçinin məhkəmə icraatı çərçivəsində tərəflərin qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, hər uşağa görə 130 manat olmaqla ümumilikdə 390 manat məbləğində aliment iddiaçının xeyrinə tutulmalıdır.

20. Odur ki məhkəmə iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsini cavabdehin həmin ərizəyə münasibətdə iddia tələbinin qəbul edilməsi barədə ərizəsini nəzərə alaraq iddia tələbinin təmin edilməsinə dair yekun məhkəmə qərarının çıxarılması qənaətinə gəlir.

21. Həmçinin həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiya üzrə indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Bu isə uşaqların üstün mənafeyinin qorunmasına xidmət etməklə ölkə üzrə minumum əmək haqqının artırıldığı təqdirdə aliment məbləğinin artırılmasına xidmət edir.

22. 2026-cı il üzrə ölkə üzrə minimum əmək haqqı 400 manat müəyyən edilmişdir. 130 manat məbləğdə aliment 2026-cı il üçün minimum əmək haqqının 0,325 misli ( 130:400=0,325) həddində olur.

23. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür.

24. Hazırkı halda iddia tələbi tam təmin edildiyindən, iddiaçı aliment ödənilməsi ilə bağlı dövlət rüsumu ödəməkdən azad edildiyindən və iddianın qiyməti aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edildiyindən 66,80 manat dövlət rüsumu Cavabdeh alınıb dövlət nəfinə ödənilməlidir.

25. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2026-cı il tarixindən başlayaraq Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulması qərara alınmalıdır.

26. Göstərilənləri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qət etdi:

İddia təmin edilsin. 13 fevral 2026-cı il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X1, xx.xx.2023-cü il təvəllüdlü X2 və xx.xx.2024-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər uşağa görə hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,325 misli həddində sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 66,80 (altmış altı manat, səksən qəpik) manat dövlət rüsumu alınıb dövlət nəfinə ödənilsin. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar