Məhkəmə qərarları › İş №2(5-96)-100/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(5-96)-100/2026

05.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-100/2026 05.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh aliment tələbinə dair iddiası üzrə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı ilkin olaraq Cavabdeh qarşı alimentin tutulması tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2, xx.xx.2011-ci il təvəllüdlü X6, xx.xx.2012-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2023-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün cavabdehdən hər ay ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-2246/2015 saylı 15 may 2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X7, xx.xx.2011-ci il təvəllüdlü X11 və xx.xx.2012-ci il təvəllüdlü X3 ananın himayəsində saxlanılmaqla övladlarının yetkinlik yaşlarına çatana qədər saxlanılması üçün atanın qazancının və ya başqa gəlirinin yarısı miqdarında alimentin tutulması qət edilmişdir. Bir müddət sonra cavabdehlə barışıq olmuş və faktiki birgə yaşanmış müddət ərzində xx.xx.2020-ci il tarixdə X8 və xx.xx.2023-cü il tarixdə X5 adlı iki övladları dünyaya gəlmişdir.

İştirak edən şəxslərin izahatları:

3. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, cavabdehlə rəsmi nikah pozulduqdan sonra yenidən barışmış və qeyri-rəsmi ailə kimi yaşamışlar. Sonuncu iki övladı - xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü X5 həmin barışıqdan sonra dünyaya gəlmişdir. Digər üç övladı ilə bağlı aliment məbləği təyin edilib. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddia tələbinin artırılması barədə ərizədə tələb olunan məbləği ödəmək iqtidarında olduğunu və heç bir etirazının olmadığını bildirdi.

Tədqiq olunan sübutlar:

5. İş materiallarında olan AZ-İİİ seriyalı 792031 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2019-cu il tarixdə, AZ-İİİ seriyalı 792033 saylı doğum haqqında şəhadətnaməyə əsasən X11 xx.xx.2011-ci il tarixdə, AZ-İİİ seriyalı 792032 saylı doğum haqqında şəhadətnaməyə əsasən X9 xx.xx.2012-ci il tarixdə, AZ-İV seriyalı 419934 saylı doğum haqqında şəhadətnaməyə əsasən X8 xx.xx.2020-ci il tarixdə, AZ-İV seriyalı 885704 saylı doğum haqqında şəhadətnaməyə əsasən X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində anadan olmuşlar. Ataları Cavabdeh, anaları İddiaçıdır.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

6. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

7. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. 100.2. Aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

8. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 234.2. Aşağıdakı qətnamələr dərhal icra olunur: 234.2.1. şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında

9. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarı 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

Məhkəmənin mövqeyi:

10. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını nəzərdən keçirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, alimentin təyin edilməsi zamanı yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, səhhəti, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, hazırda uşaqlar üçün yaşayış minimumu norması və digər amillər nəzərə alınmalıdır. Eyni zamanda Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və iddiaçının tələbi alimentin cavabdehin əmək haqqından hissə şəklində tutulması ilə bağlı olmadığından tərəflərin nikahından doğulmuş uşağın saxlanması üçün hər ay ödənilməli olan aliment sabit pul məbləği üzrə müəyyən edilməli, lakin həmin məbləğ minimum əmək haqqı məbləğinin mislinə uyğun indeksasiya edilməlidir. Hazırkı halda iddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsinə uyğun olaraq, yəni, X8 və X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində alimentin tutularaq ona ödənilməsini xahiş etməsi və cavabdehin bu tələbə heç bir etirazının olmamasını nəzərə alaraq, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023-cü il təvəllüdlü Əlizadə Muhamməd oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində (48/400 və ya 48 manat : 400 manat = 0,12 misli) sabit pul məbləğində aliment tutulmalıdır.

11. Ərizəçi 13 yanvar 2026-cı il tarixdə məhkəməyə müraciət etdiyi üçün alimentin yuxarıda qeyd edilən qaydada hesablanması məhz həmin tarixdən nəzərə alınmalı və qətnamə dərhal icra edilməlidir. Məhkəmə xərcləri:

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən göründüyü kimi, iddiaçı mediasiya xərci olaraq 50 (əlli) manat ödəniş etmişdir. Məhkəmə hesab edir ki, iddia tam təmin edildiyindən iddiaçı tərəfindən çəkilən mediasiya xərci cavabdehdən tutularaq ona ödənilməlidir.

13. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda - bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövtət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Göründüyü kimi iddiaçının tələbi alimentlə bağlı olduğu üçün o, dövlət rüsumunu ödəməkdən azad edilmişdir (“Dövlət rüsumu haqqında” Qanun - 9.1.2). Belə olan halda ödənilməli alimentin bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilməsi nəzərə alınaraq 30 (otuz) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

14. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu, Azərbaycan Respublikası MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddia tələbi təmin edilsin. 13 yanvar 2026-cı il tarixdən başlayaraq xx.xx.2020-ci il təvəllüdlü X8 və xx.xx.2023cü il təvəllüdlü Əlizadə Muhamməd oğlunun yetkinlik yaşına çatana qədər saxlanması üçün Cavabdeh iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,12 misli həddində sabit pul məbləğində aliment tutulsun. İş üzrə ödənilmiş mediasiya xərcinə görə 50 (əlli) manat pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddiaçının azad edildiyi dövlət rüsumu kimi 30 (otuz) manat pul Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamə dərhal icra edilsin. Qətnamədən tərəflərə rəsmi verildiyi gündən 1 (bir) ay müddətində, elektron məhkəmə informasiya sistemi və Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar