Məhkəmə qərarları › İş №2(5-96)-142/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qətnamə — İş №2(5-96)-142/2026

05.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-96)-142/2026 05.03.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi, İskəndərova Səbinə Elşən qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı indeksasiya olunmuş aliment məbləğinin azaldılması tələbi barədə mülki işə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, İmişli Rayon Məhkəməsinin 8(036)-49/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə minimum əmək haqqının 1.02 misli həddində indeksasiya olunmuş alimentin məbləğinin azaldılması, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün ondan tutulan alimentin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.50 misli həddində müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İmişli Rayon Məhkəməsinin 8(036)- 49/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(036)-3241/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 108 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində indeksasiya olunmuşdur. İddiaçı hal-hazırda işsizdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sistemindən “işsiz” statusunun olması barədə elektron arayışı iddia ərizəsinə əlavə etmişdir. Hər ay 408 (dörd yüz səkkiz) manat məbləğində alimenti ödəməkdə çətinlik çəkir. X4 ilə 18 fevral 2022-ci ildə rəsmi nikaha girərək ikinci dəfə ailə həyatı qurmuşdur. Həmin evlilikdən iki övladı var. Ailənin maddi ehtiyaclarını ödəməkdə çətinlik çəkir. Hal-hazırda uşaqlar üçün aylıq ehtiyac meyarı 246 (iki yüz qırx altı) manat məbləğində müəyyən edilməsinə baxmayaraq, iddiaçıya təyin olunmuş aliment ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində indeksasiya edilmişdir. Bu səbəbdən iddia tələbi ilə məhkəməyə müraciət etmiş və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

İştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, ikinci dəfə yenidən nikaha daxil olmuş və bu nikahdan iki azyaşlı övladı vardır. Ailənin bütün yükü onun üzərindədir. Eyni zamanda valideynləri də onun himayəsindədir və sağlamlıq vəziyyətləri yaxşı deyildir. Hazırda fəhləliklə məşğul olur və ailənin maddi tələbatını qarşılamaqda çətinlik çəkir. İlkin nikahdan olan övladı X2 hazırda rayonda ana-nənəsinin himayəsində qalır. Uşağa atasının öldüyünü bildirmişlər və ünsiyyət hüququnu da həyata keçirə bilmir. Cavabdehin isə maddi durumu yaxşıdır, əvvəllər aliment tələb etməsə də, sonradan qərəzli olaraq bu tələbi irəli sürmüşdür. Qeyd olunanlara əsasən aliment məbləğinin azaldılmasını xahiş edir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə müəyyən edilmiş qaydada xəbərdar edilmiş, ona rabitə orqanı vasitəsilə bildiriş, habelə elektron sistem vasitəsilə sms bildiriş göndərilmiş və müvafiq olaraq hər biri çatdırılmışdır, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə hər hansı məlumat verməmişdir. Məhkəmə MPM-in tələblərinə müvafiq olaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tədqiq olunan sübutlar:

5. İş materiallarında olan Saatlı rayon qeydiyyat şöbəsi tərəfindən verilən 27 oktyabr 2025-ci il tarixli arayışdan görünür ki, X2 xx.xx.2025-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.

6. İş materiallarında olan İmişli Rayon Məhkəməsinin 8(036)-49/2025 saylı xx.xx.2025ci il tarixli qərardadının surətindən görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 3241/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 108 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində indeksasiya olunmuşdur.

7. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilmiş xx.xx.2025-ci il tarixli məşğulluq haqqında arayışın surətindən görünür ki, iddiaçı xx.xx.2025-ci il tarixdən işsiz statusu kimi qeydiyyata alınmışdır.

8. İş materiallarında olan AZ-İİ seriyalı 445089 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı X9 ilə xx.xx.2022-ci il tarixdə rəsmi nikah qeydiyyatından keçərək ailə qurmuşdur.

9. İş materiallarında olan Saatlı rayon Gomuşçu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilən xx.xx.2025-ci il tarixli 90 saylı arayışdan görünür ki, iddiaçının hazırkı ailə tərkibi X4 (arvadı), X5 (övladı) və X3 (övladı) olmaqla dörd nəfərdən ibarətdir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

10. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait valideynlərdən məhkəmə qaydasında tutulur. 110.2. Alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

12. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

13. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarı 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. 8.4. Məhkəmə alimenti ödəyicinin qazancının (gəlirinin) müəyyən hissəsi kimi deyil, sabit pul məbləğində tutarsa bunu qətnamədə əsaslandırmalıdır. 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir) – (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarla). 8.7. Alimentin miqdarı müəyyən edilərkən aliment ödəməli şəxsin məhkəmə qətnaməsinə əsasən aliment ödədiyi digər uşaqlarının olması nəzərə alınmalıdır. Aliment ödəyən şəxsin məhkəmə qətnaməsi ilə aliment tutulmayan digər övladlarının olması, eləcə də onun digər əlavə xərclərə (kredit borcunun olması, kirayə haqqı ödəməsi və s.) məruz qalması alimentin azaldılması üçün mütləq əsas kimi qəbul edilməməlidir. 8.13. Alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. 8.14. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı azaldılarkən və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı azaldılmış alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmənin mövqeyi:

14. Məhkəmə iş materiallarını tədqiq edərək ilk növbədə işin mübahisəsiz halları ilə bağlı qeyd edir ki, iddiaçı ilə Cavabdeh Akif qızı arasında rəsmi nikah İmişli Rayon Məhkəməsinin 2(036)-3241/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə pozulmuş və birgə nikahlarından olan xx.xx.2015-ci il təvəllüdlü X1 anasının himayəsində saxlanması və yetkinlik yaşına çatanadək hər ay 108 manat sabit pul məbləğində alimentin hazırkı iş üzrə iddiaçıdan tutulması qət edilmişdir. Cavabdeh Akif qızı sonradan təyin olunmuş aliment məbləğinin indeksasiya olunması ilə bağlı müraciət irəli sürmüş və İmişli Rayon Məhkəməsinin 8(036)-49/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 2(036)-3241/2015 saylı xx.xx.2015-ci il tarixli qətnaməsi ilə X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay tutulan 108 manat sabit pul məbləğində alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1.02 misli həddində indeksasiya olunmuşdur.

15. İddiaçı alimentin 408 manat məbləğində tələb edilməsinə etiraz edərək həmin məbləğin azaldılmasını və alimentin minimum əmək haqqının 0,50 misli həddində indeksasiya olunmasını məhkəmədən xahiş edir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdən göründüyü kimi iddiaçı 18 fevral 2022-ci il tarixdə yenidən nikaha daxil olmuş və birgə nikahdan iki övladı – xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X3 dünyaya gəlmişdir. Həmçinin, iddiaçının azyaşlı övladları ilə yanaşı yaşlı valideynləri də onunla birgə qalır. İddiaçının hazırda heç bir rəsmi gəliri yoxdur və işə əlavə edilmiş mərkəzləşdirilmiş elektron informasiya sistemindən əldə edilən məşğulluq haqqında arayışa əsasən “işsiz” statusundadır. Bundan əlavə cavabdehin rəsmi iş yeri barədə elektron sistem vasitəsilə əldə edilmiş məlumata əsasən cavabdeh müəllim kimi fəaliyyət göstərir və rəsmi gəliri 370,94 manat təşkil edir.

16. Məhkəmə bu qeyd olunanları əsas götürərək, habelə iş materiallarında olan sənədləri nəzərdən keçirərək və yuxarıda sadalanan hüquq normalarının tələblərini rəhbər tutaraq belə qənaətə gəlir ki, alimentin təyin edilməsi zamanı yetkinlik yaşına çatmayan uşağın yaşı, mənafeyi, səhhəti, onun minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ, hazırda uşaqlar üçün yaşayış minimumu norması və digər amillər nəzərə alınmalıdır. Eyni zamanda, Ailə Məcəlləsinin 78.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar olduğundan və tərəflərin nikahından doğulmuş uşağın saxlanması üçün hər ay ödənilməli olan aliment sabit pul məbləği üzrə müəyyən edilməli, lakin həmin məbləğ minimum əmək haqqı məbləğinin mislinə uyğun indeksasiya edilməlidir. Məhkəmə iddiaçının işsiz olması, onun başqa gəlirləri barədə konkret sübutların təqdim edilməməsi, himayəsində iki azyaşlı övladının və yaşlı valideynlərinin olmasını nəzərə alaraq, 408 manat alimentin azaldılaraq 220 manat sabit pul məbləğində olmasını məqsədəmüvafiq hesab edir. Odur ki, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İmişli Rayon Məhkəməsinin 8(036)-49/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı ilə müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, hazırkı qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı Cavabdeh xeyrinə sonrakı artımlar nəzərə alınmaqla hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,55 misli həddində (220/400 və ya 220 manat : 400 manat = 0,55 misli) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə xərcləri:

17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşdən göründüyü kimi, iddiaçı mediasiya xərci olaraq 50 (əlli) manat ödəniş etmişdir.

18. MPM-in 112.1.6-cı maddəsinə əsasən iddianın qiyməti ödəmənin azaldılması, yaxud artırılması haqqındakı iddialarda—ödəmənin azaldıldığı və ya artırıldığı məbləğdə, lakin bir ildən artıq olmamaq şərti ilə müəyyən edilir. İddiaçı aliment məbləğinin 408 manatdan 200 manata, yəni 208 manat məbləğində azaldılmasını xahiş etmişdir. Məhkəmə həmin məbləğə münasibətdə hesablanmış dövlət rüsumunun məbləğini müəyyən edərək və iddiaçının mediasiya xərcini ödəməsi ilə dövlət rüsumundan azad edildiyini və iddianın qismən təmin edildiyini bildirərək çəkdiyi xərci özünə aid edir.

NƏTİCƏVİ HİSSƏ:

19. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110-cu, Azərbaycan Respublikası MPM-in 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ :

İddia qismən təmin edilsin. İmişli Rayon Məhkəməsinin 8(036)-49/2025 saylı 15 aprel 2025-ci il tarixli qərardadı müəyyən edilmiş alimentin miqdarı azaldılaraq, hazırki qətnamənin qanuni qüvvəyə mindiyi gündən xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar