Məhkəmə qərarları › İş №2(5-96)-351/2026

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №2(5-96)-351/2026

10.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-96)-351/2026 10.02.2026 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ: Hakim Maxsudova Ülkər Taleh qızının sədrliyi ilə, İddiaçı Cavabdeh qarşı aliment tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, məhkəmə MÜƏYYƏN ETDİ: TƏSVİRİ HİSSƏ: İşin halları:

1. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət xx.xx.2014-cü il təvəllüdlü X1 görə Cavabdeh hər ay sabit pul məbləğində 200 manat aliment tutulması və alimentin cavabdehə məxsus pensiya kartından tutularaq iddiaçının bank hesabına köçürülməsi yolu ilə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, tərəflər arasında 2012-ci il tarixdən etibarən faktiki nikah münasibətləri mövcud olmuş və bu münasibətdən xx.xx.2014-cü il təvəllüdlü X6 anadan olmuşdur. Cavabdehin uşağın atası olması doğum haqqında şəhadətnamə ilə öz təsdiqini tapır. Əvvəllər münasibətləri normal olsa da, sonradan münasibətlər pisləşmiş və aralarında mübahisələr yaranmışdır. Hazırda mövcud münasibətlər tamamilə kəsilmiş və ayrı yaşayırlar. X4 da iddiaçının yanında qalır. Cavabdehlə aralarında mediasiyaya müraciət əsasında razılıq əldə edilməsinə baxmayaraq cavabdeh alimenti ödəməmişdir.

Tədqiq olunan sübutlar:

3. İş materiallarında olan mediasiya prosesində bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişinə (MŞB/13/2026-00095) əsasən İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X2 üçün 2026-cı ilin fevral ayından başlayaraq hər ayın 10-30-u aralığında 200 (iki yüz) manat aliment məbləğinin Cavabdehdan tutularaq İddiaçı ödənilməsi barədə razılaşmışlar. Sazişin icra edilməsi Cavabdeh məxsus pensiya kartından birbaşa İddiaçı bank hesabına köçürülməsi yolu icra edilir.

ƏSASLANDİRMA HİSSƏSİ:

Tətbiq edilən hüquq:

4. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi Maddə 153.2.1. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Maddə 153.3. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. Maddə 153.4. Ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Maddə 305.1.17. Məhkəmə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Madddə 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2. Mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir.

5. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 34. Barışıq sazişinin icrası 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər

Məhkəmənin mövqeyi:

6. Məhkəmə, iddia ərizəsi və ona əlavə olunmuş sənədləri tədqiq edərək müəyyən etmişdir ki, tərəflər arasında mediasiya prosesində bağlanmış xx.xx.2026-cı il tarixli barışıq sazişində İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları xx.xx.2014-cü il təvəllüdlü X3 üçün 2026-cı ilin fevral ayından başlayaraq hər ayın 10-30-u aralığında 200 (iki yüz) manat aliment məbləğinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə razılığa gəlinmişdir. Belə olan halda məhkəmə iki arqumenti iddiaçının nəzərinə çatdırır: İ Göründüyü kimi, Cavabdeh öhdəliyi fevral ayından başlamaqla hər ayın 10-dan ayın sonunadək olan müddəti əhatə edir. Belə olan halda öhdəliyin icra edilməsi müddəti hələ keçməmişdir. Qeyd olunur ki, Mülki Məcəllənin 427.3-cü maddəsinin tələbinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. İİ Yuxarıda adı çəkilən barışıq sazişində nəzərdə tutulan icra müddəti (fevral ayından başlayaraq 10-30 (fevral ayında isə 28/29) aralıqda) başa çatdıqdan və Cavabdeh tərəfindən öhdəlik icra edilmədiyi təqdirdə iddiaçı qanunvericiliyin tələbinə uyğun olaraq barışıq sazişinin təsdiq olunması barədə xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edə bilər.

7. Beləliklə, “Mediasiya haqqında Qanun”un tələbindən də göründüyü kimi barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Yəni, hazırkı halda barışıq sazişində müddət müəyyənləşdirildiyi üçün həmin müddət gözlənilməli və müddət başa çatdıqdan sonra icra edilmədiyi halda iddiaçı barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəçi qismində yaşadığı yer (qeydiyyat yeri) üzrə xüsusi icraat qaydasında məhkəməyə müraciət etməlidir.

8. Məhkəmə hesab edir ki, hazırkı halda işə məhkəmə qaydasında baxılmalı olmadığından iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməlidir.

NƏTİCƏVİ HİSSƏ:

9. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2-153.4, 305.1-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİ :

İddiaçı Cavabdeh qarşı hər ay sabit pul məbləğində 200 manat aliment tutulması barədə və alimentin Cavabdeh məxsus pensiya kartından tutularaq İddiaçı bank hesabı köçürülməsi yolu ilə ödənilməsi tələbinə dair iddia ərizəsinin qəbul olunmasından imtina edilsin. Qərardaddan 10 (on) gün müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Ülkər Maxsudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar