Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(5-97)-247/2026 04.03.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı (açar sözlər: alimentin dəyişdirilməsi) Hakim Nuriyeva Səbinə Vidadi qızının sədrliyi, Məhkəmə iclas katibi Fətəlizadə Rufanə Xıdır qızının katibliyi, İddiaçı İddiaçı, Cavabdeh Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında (Bakı şəhəri, Əhməd bəy Ağaoğlu 34A) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: I. İşin mahiyyəti: İddiaçı Cavabdeh qarşı “alimentin dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən birgə nikah dövründə doğulmuş övladları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər növbəti illərin artımları nəzərə alınmaqla saxlanılması üçün iki uşağa görə hər ay 1,30 misli miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdehin nikahları xx.xx.2025-ci il tarixdə pozulmuş və bu barədə Nərimanov rayon VVADQ şöbəsi nikahın pozulması barədə şəhadətnamə də verilmişdir. Cavabdehlə birgə nikah münasibətlərindən uşaqları xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 vardır. Cavabdeh onları atıb getmiş, həmin vaxtdan heç bir maddi köməklik göstərmir. Uşağı saxlamaq onun üçün maddi cəhətdən çətindir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hər uşaq üçün 350 manat (cəmi 700 manat) sabit məbləğin təyin edilməsi və bu məbləğin yaşayış minimumunun artmasına münasib olaraq indeksasiya edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, cavabdeh hazırda rəsmi işdə çalışsa da, o məcburi köçkün statusundadır. Qarşıdakı dövrdə onun daimi qeydiyyata qayıtması və nəticədə hazırki iş yerini itirmə ehtimalı yüksəkdir. Sabit məbləğ tələbi uşaqların maddi təminatını bu risklərdən qorumaq məqsədi daşıyır. Pay hissə cavabdehin rəsmi maaşından asılı olduğu üçün qeyri-sabitdir. Uşaqların qida, geyim və təhsil xərclərinin planlı şəkildə qarşılamaq üçün alimentin hər ay dəyişməyən məbləğdə olmasını zəruri hesab edir. Cavabdehin hazırki maddi vəziyyəti uşaqların layiqli təminatına imkan verir. II. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. III. İşin faktiki halları: İş materiallarına əlavə edilmiş: - Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında xx.xx.2013-cü il tarixdə Abşeron rayon qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 783 nömrə ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 anaları – iş üzrə cavabdeh İddiaçı himayəsində saxlanılmaları, iddiaçı Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016cı il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün hər ay onun aylıq qazancının və digər gəlirlərinin 1/3 hissəsi məbləğində alimentin tutularaq cavabdeh İddiaçı xeyrinə ödənilməsi, alimentin ödənilməsinin xx.xx.2025-ci il tarixdən hesablanması və alimentin icra olunması hissəsində qətnamənin dərhal icra edilməsi qət edilmişdi. - X1 görünür ki, Cavabdeh "xxxx" MMC-də “təhlükəsizlik üzrə tütəxəssis (İKT)” vəzifəsində işləyir və əmək haqqı 1.497,04 manatdır. - Bakı 10 saylı Mediasiya təşkilatının MŞB/10/2025-00014 saylı xx.xx.2026-cı il tarixli ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə arayışından görünür ki, İddiaçı və Cavabdeh ilkin mediasiya sessiyasında iştirak etmiş, Cavabdeh prosesin davam etdirilməsinə razılıq verməmişdir. IV. Tətbiq edilən hüquq və Məhkəmənin mövqeyi: Məhkəmə, tərəflərin izahatlarını dinləyib iş üzrə toplanmış materialları tədqiq edərək, araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X6 adlı iki uşaqları vardır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tərəflər arasında bağlanmış nikah pozulmuş, uşaqların ananın yanında saxlanılması, yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay uşaqlar üçün cavabdehin qazancından 1/3 hissəsi məbləğində aliment tutularaq, İddiaçı verilməsi qət edilmişdir. Hal-hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən hər ay hər uşaq üçün 350 manat olmaqla, cəmi 700 manat sabit pul məbləğində alimentin tutulmasını və alimentin məbləğinin minimum əmək haqqı məbləğinə indeksasiya edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 112-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016cı il tarixli qərarına əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə qiymət verilməli, bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” 20 noyabr 1959-cu il tarixli Bəyannamənin 6-cı maddəsinə əsasən, uşaq mümkün olduqda valideynlərinin himayəsində və onların məsuliyyəti altında və hər halda, məhəbbət və mənəvi-maddi təminat mühitində böyüməlidir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarının: 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). 8.4-3. Alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Əgər iddia minimum əmək haqqı məbləğinin artımına əsaslanırsa, başqa sözlə, iddianın mahiyyəti indeksasiya xarakteri daşıyırsa, bu məsələnin icra icraatı qaydasında (Ailə Məcəlləsinin 110-cu və MPM-in 232-ci maddələri) həll edilməli olması nəzərə alınmalı və MPM-in 153.2.1-ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, əgər iddia ərizəsi artıq icraata qəbul edilmişsə, MPM-in 261.0.1-ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir.”; 8.9-2. Alimentin ödənilməsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan icra qaydasının müəyyən edilməsindən sonra həmin qaydanın dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı əsaslar yaranarsa, belə müraciətlərə də MPM-in 231.1-ci maddəsində nəzərdə tutulmuş icra icraatı qaydasında baxılır. Məhkəmə qətnaməsi ilə tutulan alimentin bir hissəsinin Ailə Məcəlləsinin 55.3-cü maddəsinə uyğun şəkildə ödənilməsi, habelə bu icra qaydasının ləğvi və yaxud dəyişdirilməsi ilə bağlı müraciətlər iddia icraatı qaydasında verildikdə MPM-in 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsinin qəbulundan imtina olunmalı, iş səhvən icraata qəbul edildikdə isə MPM-in 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməli və hər iki halda iddiaçıya MPM-in 231.1-ci maddəsinə əsasən qətnamənin icra qaydasının müəyyən edilməsi barədə ərizə ilə aidiyyəti məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Ailə Məcəlləsinin 55.3-cü maddəsində nəzərdə tutulan qaydada uşağın adına açılmış bank hesabına yığılmış vəsaitə valideynlərdən birinin istəyi ilə sərəncam verilməsi barədə mübahisəyə həmin valideynin tələbi əsasında iddia icraatı qaydasında baxılır. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamına əsasən, minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 01 yanvar 2026-cı il tarixdən qüvvəyə minmiş “Azərbaycan Respublikasında 2026-cı il üçün X4” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. İddiaçı iddianın dəqiqləşdirilməsi barədə ərizəsində qeyd etmişdir ki, cavabdehin qazancından tutulan 1/3 hissə alimentin məbləği qeyri-müntəzəmdir. Uşaqların maddi tələbatlarını ödəməyə yetmir. Cavabdehin isə hər ay hər uşaq üçün 350 olmaqla, cəmi 700 manat aliment verməyə maddi imkanları vardır. Göründüyü kimi, iddiaçının hazırki tələbi ölkə üzrə minimum əmək haqqı məbləğinin artması səbəbindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə tutulmuş aliment məbləğinin indeksasiya olunması deyil, qətnamə ilə hər uşaq üçün cavabdehin aylıq gəlirlərindən tutulmuş aliment məbləğinin sabit pul şəklində tutulmaqla alimentin məbləğinin artırılmasını xahiş edir. Məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, Ailə qanunvericiliyinin müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Bu isə uşağın əvvəl yaşadığı şəraiti, maddi cəhətdən ehtiyaclarının qarşılanmasında hər hansı əksiklik olmaması, yaranmış istənilən vəziyyətin onun istər mənəvi, istər sağlamlıq, istərsə də maddi cəhətdən ona təsirinin olmamasını yönəlmişdir. Eyni zamanda Azərbaycan Respublikasında 2026-cı il üçün “X4” Azərbaycan Respublikasının Qanununa əsasən, 2026-cı il üçün yaşayış minimumu uşaqlar üçün 260 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, uşaqların ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətlərinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, digər hüquq və mənafelərinin mühafizəsi valideynlərin, o cümlədən cavabdehin vəzifəsidir, bu məqsədlə də uşaqların valideynlərdən birinin - ananın yanında saxlanması ona qulluq, onun təhsil, inkişaf və s. qayğılarının çəkilməsinin daha çox onun üzərinə düşməsi, digər valideynin belə məsuliyyətini istisna etməməklə, alternativ olaraq saxlanma xərclərinin həddinin yaşayış minimumuna görə müəyyən edilməsinə əsas ola bilər. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə 2 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən hər ay qazancının 1/3 hissəsi məbləğində aliment tutulması qət edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan məbləğ hazırki şəraitdə həyat standartları və istehlak qiymətlərinin artması, uşaqların ildən-ilə xərclərinin çoxalması, tələbatlarının artması da nəzərə alınmaqla, onların saxlanması üçün kifayət deyildir və uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını təmin etmir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının göstərilən qayadada dəyişdirilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə, aliment miqdarının müəyyən edilməsinə münasibətdə hesab edir ki, alimentin tutulması uşaqların saxlanması və zəruri yaşayış məqsədlərinə xidmət etdiyindən, uşaqların mənafeyinin müdafiəsi zəruriliyi baxımdan ən azı onların əvvəlki yaşayış səviyyəsi saxlanmalıdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən, cavabdehdən iddiaçının xeyrinə tutulan alimentin miqdarının artırılması məsələsini müzakirə edərkən, tərəflərin maddi və ailə vəziyyətini, uşaqların yaş həddini, həyat standartları və istehlak qiymətlərinin hər il əvvəlki ilə nisbətən artmasını, onların mənafeyinin müdafiəsi zəruriliyi kimi diqqətəlayiq halları, qanunla müəyyən edilmiş, iddia ərizəsinin məhkəməyə daxil olduğu dövrdə - 2026-cı il üzrə uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumunun artırılmış məbləğini, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında edilmiş dəyişiklikləri nəzərə alaraq, uşaqların saxlanması üçün cavabdehdən tutulan aliment miqdarının dəyişdirilərək, cavabdehdən iddiaçının xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ərizə verildiyi tarixdən başlayaraq, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutulmasını məqsədəmüvafiq hesab edir. Həmçinin məhkəmə hesab edir ki, alimentin artırılmış miqdarda tutulmasına iddia ərizəsinin məhkəməyə daxil olduğu xx.xx.2026-cı il tarixdən başlanılmalıdır. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024 cü il tarixli 15 nömrəli Qərarı ilə edilmiş dəyişikliklərə əsasən, alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir.” Göründüyü kimi edilmiş dəyişikliklərə əsasən, alimentin artırılmasına dair iddialar üzrə alimentin tutulması Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Bununla belə qeyd olunan qətnamələr (alimentin artırılmasına dair) dərhal icra edilən qətnamələr sırasına daxil deyildir. Qətnamə qanunvericiliyə (MPM 233) uyğun olaraq qanuni qüvvəyə mindikdən sonra icra olunacaqdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Məhkəmə həmçinin hesab edir ki, iddiaçı tərəfindən tələb edilmədiyindən ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.2 və 9.1.20-ci maddəsinə əsaəsn, məhkəmədə verilən iddialar üzrə - aliment alınması barədə iddialar üzrə - iddiaçılar; şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habelə Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 233.1-ci maddəsinə əsasən, bu Məcəllənin 355-7.4-cü, 355-17.3-cü, 355-18.4-cü, 355-19.3-cü və 355-22.4-cü maddələrində qeyd olunan hallar istisna olmaqla, məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. - 234.1-ci maddəsinə əsasən, bu Məcəllənin 234.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamə qanuni qüvvəyə mindikdən sonra icra edilir. Məhkəmə işin hallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ayrıayrılıqda olmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq İddiaçı xeyrinə ödənilməli, alimentin artırılmış miqdarda tutulması xx.xx.2026-cı il tarixdən başlanılmalı, ödənilmiş 50 manat mediasiya xərci iddiaçının özünə aid edilməməlidir. V. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 233-cü, 358-360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-3339/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X5 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ayrı-ayrılıqda olmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,65 misli həddində sabit pul məbləğində aliment tutularaq, İddiaçı xeyrinə ödənilsin. Alimentin artırılmış miqdarda tutulması xx.xx.2026-cı il tarixdən başlanılsın. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov 540) apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Səbinə Nuriyeva
Məhkəmə qərarları › İş №2(5-97)-247/2026
Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qətnamə — İş №2(5-97)-247/2026
04.03.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver