Məhkəmə qərarları › İş №2(5-97)-314/2026

Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsi Qərardad — İş №2(5-97)-314/2026

02.02.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(5-97)-314/2026 02.02.2026 BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin hakimi Əzizova Şəbnur Rəfail qızı, İddiaçı Cavabdeh şirkətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh şirkətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh şirkətindən onun xeyrinə 1300 manat məbləğində ödənilməmiş əmək haqqının tutulması və məhkəmə xərclərinin cavabdehin üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, iddia ərizəsi mülki prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən verildiyinə görə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 149.1, 149.2-ci maddələrinə müvafiq olaraq, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Ərizədə aşağıdakılar göstərilməlidir: - ərizənin verildiyi məhkəmənin adı; - iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); - iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; - müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair məlumat; - “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumat; - ərizəyə əlavə edilən sənədlərin siyahısı. - 150.1.7-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd iddia ərizəsinə əlavə edilir. - 152.1.1-ci maddəsinə müvafiq olaraq, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.1.6-1-ci maddəsinə müvafiq olaraq, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl mediasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. - 152.2, 152.4-cü maddələrinə müvafiq olaraq, iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: - 3.1.3-cü maddəsinə müvafiq olaraq, əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə mediasiya tətbiq edilir. - 27.1-ci maddəsinə müvafiq olaraq, əmək münasibətlərindən irəli gələn mübahisələr - fərdi əmək mübahisələri və kollektiv əmək mübahisələri bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər. - 28.1-ci maddəsinə müvafiq olaraq, ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə məhkəməyə müraciət etməmişdən əvvəl tərəflər ilkin mediasiya sessiyasında iştirak etməlidirlər. Tərəflər mediasiya sessiyasında iştirak etmək üçün birlikdə müraciət etdikdə ilkin mediasiya sessiyasının keçirilməsi tələb olunmur. İddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması nəticəsində müəyyən olunur ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilməsi zamanı bir neçə prosessual pozuntuya yol verilmişdir. Bu pozuntulardan biri iddia ərizəsinin forma və məzmununa dair tələbə əməl edilməməsi, iddia ərizəsinin təqdim edilməsi yerinə tələbin müraciət formasında məhkəməyə ünvanlanmasıdır. Eyni zamanda, hazırki iş üzrə tələbin Cavabdeh şirkətinə yönəlmiş olmasına baxmayaraq, cavabdehin hüquqi ünvanına, eləcə də sonuncunun eyniləşdirmə məlumatlarına (VÖEN) dair hər hansı bir sənəd təqdim edilməmiş; həmçinin, Elektron Məhkəmə İnformasiya Sistemindən bu adda hüquqi şəxs barəsində hər hansı məlumat aşkar etmək mümkün olmamışdır. Halbuki, mülki prosessual qanunvericilikdə iddia ərizəsinin forma və məzmununa dair tələblər (ərizədə mütləq qaydada göstərilməli olan hallar), habelə iddia ərizəsinə əlavə edilməli olan sənədlərin siyahısı konkret olaraq müəyyən edilmişdir ki, həmin tələblərə riayət edilməməsi iddia ərizəsinin geri qaytarılması üçün əsas hesab edilir. Digər tərəfdən müəyyən olunur ki, hazırki tələb əmək münasibətlərindən irəli gələn mübahisə olduğu üçün məhkəməyə müraciət etmədən öncə tərəflərin ilkin mediasiya sessiyasında iştirakı və keçirilmiş mediasiya sessiyasında iştiraklarını təsdiq edəcək sənədin təqdim edilməsi tələb olunur. Lakin görünən odur ki, iddiaçı tərəfindən bu qaydaya əməl edilmədən, bilavasitə iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Yuxarıda istinad olunmuş qanunvericilik normalarının hazırki ərizəyə tətbiqi nəticəsində məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmaqla, iddiaçıya qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçınun Cavabdeh şirkətinə qarşı “əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) şikayət verilə bilər. Hakim Şəbnur Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar