Məhkəmə qərarları › İş №20(3-6)-4/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №20(3-6)-4/2026

15.07.2026 · Əmlakların cinayət icraatı qaydasında həbsdən azad edilməsinə dair müraciətlərlə bağlı icraat
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 20(3-6)-4/2026 15.07.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər: İbrahimli İbrahim Adil oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Telman Qulaməli oğlu və Hüseynov Elməddin Mirpaşa oğlundan ibarət tərkibdə, Məhkəmə iclasının katibi X3, Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə iştirakları ilə, Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair verilmiş ərizənin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 (*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında qapalı məhkəmə iclasında baxaraq müəyyən etdi: Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş, X1 mülkiyyətində olan Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin (1,1778 ha torpaq sahəsi ilə birlikdə) üzərinə həbsin qoyulması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarın və həmin əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən 1 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. ********** qeydiyyat nömrəli, ##.##.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışa əsasən Şəmkir rayonu Füzuli qəsəbəsində yerləşən 0.1788 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi X1 adına qeydiyyata alınmışdır. Şəmkir Rayon İcra Hakimiyyəti başçısının ##.##.2018-ci il tarixli ** nömrəli Sərəncamına əsasən X1 müvafiq çıxarışa əsasən Bakı-Qazax avtomobil yolundan Şəmkir stansiyasına gedən avtomobil yolunun sol tərəfində, mövcud ticarət binasının şimal hissəsində yerləşən 1 ha torpaq sahəsində təqdim olunmuş layihə əsasında istehsal gücü 10 min tonluq buğda saxlama anbarı və 200 tonluq un fabrikinin quraşdırılmasına icazə verilmişdir. Qanuni qüvvəyə minmiş Gəncə İnzibati Məhkəməsinin *-*(***)-****/**** nömrəli, ##.##.2020-ci il tarixli qətnaməsi ilə X1 tərəfindən ona məxsus torpaq sahəsində inşa edilmiş 3713,9 kv.m qeyri-yaşayış binaları (buğda saxlama anbarı və un fabriki) üzərində hüquqlarının dövlət qeydiyyatına alınaraq bu barədə müvafiq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ** saylı Şəmkir Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin əmlak kompleksi və ona aid torpaq sahəsi Ərizəçi ASC ilə X1 arasında bağlanılmış ##.##.2022-ci il tarixli, KM-***-ŞH-******* nömrəli ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən X1 məxsus Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə, 1.1788 ha torpaq sahəsi ilə birlikdə (tam) Ərizəçi ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Şəkir rayonu İcra və Probasiya şöbəsinin “icraata başlamaq haqqında” 07.11,2023-cü il tarixli qərarından görünür ki, Şəmkir rayon * saylı Dövlət Notariat Kontorunun 8İ-19277 nömrəli, ##.##.2023-cü il tarixli icra sənədi sənədi əsasında borclu “xxxx” MMC, X1 25 manat, 3353274,92 manat məbləğində pul vəsaiti tutularaq tələbkar Ərizəçi ASC-yə ödənilməlidir. Reyestrdə 8İ-19277 nömrəli ilə qeyd edilmiş ##.##.2023-cü il tarixli “İcra qeydi”ndən görünür ki, Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisəyə tutma yönəldilmişdir. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində AR Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə fakta görə başlanmış ##.##.2023-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə istintaqı aparan müstəntiq Məhərrəm Məmmədovun məktubu ilə Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisənin özgəninkiləşdirilməsinə qadağa qoyulmuşdur. Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsində AR Cinayət Məcəlləsinin 178.4-cü maddəsi ilə fakta görə başlanmış ##.##.2023-cü il tarixli, ********* nömrəli cinayət işi üzrə istintaq aparan müstəntiq Məhərrəm Məmmədovun hərəkətlərinin qanunsuz hesab edilməsi, habelə Ərizəçi ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş, X1 məxsus Əmlak Kompleksi kimi müəssisənin üzərinə21.10.2023-cü il tarixli, *-*-**/*-****/**** nömrəli məktubla qoyulmuş qadağanın götürülməsi barədə məhkəməyə şikayət edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-*/**** saylı qərarı ilə şikayət ərizəsi qismən təmin edilmiş, istintaq orqanı tərəfindən qeyd olunan əmlakın özgəninkiləşdirilməsinə tətbiq edilmiş məhdudiyyət hərəkətləri qanunsuz hesab edilmişdir. Azərbaycan Respublikasının Baş Prokurorluğunun İstintaq İdarəsinin müstəntiqi Məhərrəm Məmmədovun vəsatəti və Azərbaycan Respublikası Baş Prokurorunun 1-ci müavini Elçin Məmmədovun təqdimatı ilə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edilərək, ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs X2 övladı X1 məxsus, Ərizəçi ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisənin (1,1778 ha torpaq sahəsi ilə birlikdə) üzərinə həbs qoyulması xahiş edilmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 5(001 )- ***/**** saylı qərarı ilə təqdimat və vəsatət təmin edilmiş və Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən Əmlak Kompleksi kimi müəssisə üzərinə həbs qoyulmuşdur. Bununla əlaqədar olaraq Ərizəçi ASC və cinayət işi üzrə zərərçəkmiş şəxs X4 birgə şəkildə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinə müraciət edərək, ##.##.2025-ci il tarixli qərarın ləğv edilməsi və əmlak üzərindən həbsin götürülməsi barədə ərizə təqdim etmişdir. Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə müraciət geri qaytarılmış, məhkəmə bu məsələ ilə bağlı qərarın apellyasiya qaydasında, buraxılmış müddətin bərpası vəsatəti ilə birlikdə mübahisələndirilməli olduğunu göstərmişdir. Bunun ardınca Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, 5(001 )-***/**** saylı qərarının ləğvi ilə bağlı buraxılmış müddətin bərpası vəsatəti ilə birlikdə apellyasiya şikayəti verilmişdir. Binəqədi Rayon Məhkəməsi tərəfindən buraxılmış müddət bərpa edilmiş və iş apellyasiya instansiyasına göndərilmişdir. Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, məhkəmə iclasında hakim tərəfindən izah edilmişdir ki, cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsinin icraatında olduğundan bu məsələ ilə bağlı müraciətin həmin məhkəməyə ünvanlanması məqsədəuyğundur. Hesab edirik ki, qeyd olunan əmlak kompleksi ipoteka ilə bankın xeyrinə yüklü ounduğundan və qoyulmuş həbs onun hüquqlarını məhdudlaşdırdığından, bankın hazırki şikayətlə məhkəməyə müraciət etmək hüququ tanınmalıdır. Ərizəçi ASC ilə X1 arasında bağlanmış ipoteka müqaviləsinə əsasən Bankın mübahisəli daşınmaz əmlak üzərində dövlət qeydiyyatına alınmış ipoteka hüququ yaranmışdır. İpoteka hüququ öz hüquqi mahiyyətinə görə əşya hüququ olmaqla kreditorun təminat hüququnu təşkil edir və borcun icra edilmədiyi halda tələbin birbaşa ipoteka predmetinə yönəldilməsi imkanını təmin edir. Bu hüquq sonradan əmlak üzərində yaranan məhdudiyyətlərdən asılı olmayaraq qorunmalı olan müstəqil əmlak hüququdur. Məhkəmənin qərarı ilə mübahisəli əmlak üzərinə həbs qoyulması Bankın ipoteka hüququnun həyata keçirilməsini faktiki olaraq mümkünsüz etmiş, təminat predmetinə yönəlmə hüququnu məhdudlaşdırmış və bununla da Bankın Konstitusiya ilə qorunan əmlak hüquqlarına, habelə məhkəmə müdafiəsi hüququna müdaxilə etmişdir. Hüququn yalnız formal mövcudluğu deyil, onun real və effektiv həyata keçirilməsi də təmin edilməlidir. Ərizəçi ASC cinayət işi üzrə tərəf olmasa da, mübahisəli əmlak üzərində dövlət qeydiyyatından keçmiş ipoteka hüququnun daşıyıcısı kimi məhkəmənin qərarı ilə hüquqları birbaşa məhdudlaşdırılan şəxsdir. Bu səbəbdən Bankın həmin qərardan şikayət vermək üçün həm subyektiv hüququ, həm də qanuni marağı mövcuddur. Eyni zamanda nəzərə alınmalıdır ki, ipoteka hüququ cinayət işi başlanılmamışdan əvvəl yaranmış və dövlət qeydiyyatına alınmışdır. Buna baxmayaraq, sonradan tətbiq edilmiş həbs tədbiri əvvəl yaranmış əşya hüququnun həyata keçirilməsini faktiki olaraq mümkünsüz etmişdir. Bu isə hüquqi müəyyənlik, hüquqi sabitlik və əvvəl yaranmış hüquqların üstünlüyü prinsiplərinə ziddir. Cinayət-prosessual qanunvericiliyə əsasən əmlak üzərinə həbs yalnız qanunda nəzərdə tutulmuş məqsədlərin təmin edilməsi üçün tətbiq edilə bilər və hər bir halda proporsionallıq prinsipinə uyğun olmalıdır. Hazırkı halda isə mübahisəli əmlak artıq ipoteka ilə yüklü olduğundan Bankın təminat hüququ mövcud olmuş, əlavə olaraq həbs qoyulması isə Bankın hüquqlarına zəruri olmayan və qeyri-proporsional müdaxilə yaratmışdır. Bundan başqa, mübahisəli əmlak üzərinə həbs qoyulması Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsinin tələblərinə də uyğun deyildir. Belə ki, CPM-in 248.2-ci maddəsinə əsasən əmlak üzərinə həbs, bir qayda olaraq, təqsirləndirilən şəxsin və ya üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyula bilər. CPM-in 248.3-cü maddəsinə əsasən isə üçüncü şəxslərə məxsus əmlak üzərinə həbs yalnız həmin əmlakın cinayətin aləti və ya predmeti olması, yaxud cinayət yolu ilə əldə edilməsi və ya artırılması barədə kifayət qədər sübutlar olduqda qoyula bilər. Hazırkı iş üzrə mübahisəli əmlak təqsirləndirilən şəxsə deyil, onun oğluna məxsusdur və bu hal daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq olunur. Eyni zamanda iş materiallarında həmin əmlakın cinayət yolu ilə əldə edilməsinə, cinayət yolu ilə əldə edilmiş vəsait hesabına formalaşmasına və ya cinayətlə hər hansı əlaqəsinə dair heç bir sübut mövcud deyildir. Əksinə, əmlakın cinayət hadisəsindən əvvəl əldə edilməsi müəyyən edilmişdir. Belə olan halda CPM-in 248.3-cü maddəsində nəzərdə tutulmuş əsaslardan heç biri mövcud olmadığından üçüncü şəxsə məxsus əmlak üzərinə həbs qoyulması qanuni əsasdan məhrumdur. Eyni zamanda CPM-in 249.1 və 249.2-ci maddələrinin tələblərinə görə əmlak üzərinə həbs yalnız kifayət qədər sübutlar mövcud olduqda tətbiq edilə bilər. Lakin iş materiallarında mübahisəli əmlakın cinayətlə əlaqəsini təsdiq edən hər hansı ilkin sübut mövcud olmadığından həbs barədə qərar qanunun tələb etdiyi "kifayət qədər əsas" meyarına cavab vermir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsi və CPM-in 248.3-cü maddəsi də xüsusi müsadirənin yalnız cinayət yolu ilə əldə edilmiş əmlaka və ya bu mümkün olmadıqda təqsirləndirilən şəxsə məxsus digər əmlaka tətbiq edilməsini nəzərdə tutur. Buna görə də cinayətlə əlaqəsi olmayan və üçüncü şəxsə məxsus əmlakın həbs edilməsi qanunvericiliyin tələblərinə ziddir. Bundan əlavə, mübahisəli əmlak üzərinə qoyulmuş həbsin məhkəmə nəzarəti qaydasında mübahisələndirilməsi tam qanunidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli qərarında hüquqi mövqe ifadə edilmişdir ki, məhkəmə nəzarəti institutu yalnız məhkəməyədək icraat mərhələsi ilə məhdudlaşmır və cinayət işi məhkəmənin icraatında olduğu mərhələdə də CPM-in 442-454-cü maddələri əsasında prosessual hərəkətlərdən və qərarlardan şikayət verilməsi mümkündür. Konstitusiya Məhkəməsi eyni zamanda vurğulamışdır ki, məhkəmə nəzarəti qaydasında icraat cinayət işinə mahiyyəti üzrə baxılması ilə eyniləşdirilə bilməz və bu institut insan hüquqlarının səmərəli müdafiəsinə xidmət edən müstəqil hüquqi müdafiə vasitəsidir. Bu baxımdan, X2 barəsində cinayət işinin hazırda məhkəmə baxışında olması mübahisəli əmlak üzərinə qoyulmuş həbsin qanuniliyinin ayrıca qaydada mübahisələndirilməsi hüququnu istisna etmir. Beləliklə, mübahisəli əmlakın üçüncü şəxsə məxsus olması, cinayət yolu ilə əldə edilməməsi, ipoteka hüququnun həbsdən əvvəl yaranması və dövlət qeydiyyatına alınması, habelə həbs tədbirinin Bankın hüquqlarına qeyriproporsional müdaxilə təşkil etməsi nəzərə alınmadan qəbul edilmiş qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin (hakim A.İbrahimova) **(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən, Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Ərizəçi Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş, X1 mülkiyyətində olan Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin (1,1778 ha torpaq sahəsi ilə birlikdə) üzərinə həbsin qoyulması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarın və həmin əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair verilmiş ərizə təmin edilməmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayət verərək, həmin qərarın ləğv ediməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli, **(*-**)-**/**** saylı qərarı ləğv edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən, X1 mülkiyyətində olan və Ərizəçi ASC-nin ipoteka hüququ ilə yüklü daşınmaz əmlak kompleksi üzərinə qoyulmuş həbs ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin **(*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarına əsasən, onun tərəfindən Ərizəçi Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş, X1 mülkiyyətində olan Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin (1,1778 ha torpaq sahəsi ilə birlikdə) üzərinə həbsin qoyulması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarın və həmin əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair verilmiş ərizə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Ərizəçi ASC-nin əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı müraciəti əsassızdır və təmin edilməməlidir. Məhkəmə bununla bağlı qeyd etmişdir ki, eyni predmet üzrə bank tərəfindən əvvəllər də Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarından apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin 01,09.2025ci il tarixli qərarı ilə həmin şikayət təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra bank məhkəmənin tövsiyəsinə uyğun olaraq məhkəmə nəzarəti qaydasında müraciət etsə də, məhkəmə hesab etmişdir ki, həmin məsələ üzrə artıq yekun və preyudisial əhəmiyyətə malik məhkəmə qərarı mövcuddur və bu səbəbdən eyni məsələyə yenidən baxılması yolverilməzdir. Məhkəmə CPM-in 453.10-cu maddəsinə, habelə Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqeyə istinad edərək göstərmişdir ki, apellyasiya instansiyası tərəfindən qanuniliyi və əsaslılığı yoxlanılmış qərardan eyni hallar üzrə məhkəmə nəzarəti qaydasında təkrar şikayət verilməsi mümkün deyildir. Bununla yanaşı, məhkəmə Avropa İnsan Hüquqları Məhkəməsinin hüquqi mövqelərinə və BMT-nin Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasının müddəalarına istinad edərək qeyd etmişdir ki, əmlak üzərinə həbs qoyulması şəxsin mülkiyyət hüququndan məhrum edilməsi deyil, həmin əmlakdan istifadəyə dövlət nəzarətinin həyata keçirilməsi tədbiridir və belə müdaxilə qanunla nəzərdə tutulduğu və ictimai maraqlara xidmət etdiyi hallarda mülkiyyət hüququnun pozulması kimi qiymətləndirilə bilməz. Məhkəmə həmçinin CPM-in 248.3 və 253.0-ci maddələrinə istinad etməklə göstərmişdir ki, təqsirləndirilən şəxsə aid olmayan əmlakın üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər əvvəlcə cinayət prosesini həyata keçirən orqana müraciət etməli, həmin müraciət təmin edilmədikdə və ya qanunda nəzərdə tutulmuş müddətdə baxılmadıqda isə əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdirlər. Bu əsaslarla məhkəmə Ərizəçi ASC- nin ərizəsinin təmin edilməməsi nəticəsinə gəlmişdir. Məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin 253, 442-454-cü maddələrinin tələblərini düzgün tətbiq edilməməsi ilə bağlı dəlillər. Birinci instansiya məhkəməsi hazırkı iş üzrə ərizənin təmin edilməməsi barədə nəticəyə gələrkən ilk növbədə Azərbaycan Respublikası Cinayət- Prosessual Məcəlləsinin 453.10-cu maddəsini düzgün tətbiq etməmiş, həmin normanın məzmununu və hüquqi məqsədini düzgün şərh etməmiş, nəticədə isə qanunvericiliyin nəzərdə tutmadığı hüquqi nəticəyə gəlmişdir. Belə ki, məhkəmə hesab etmişdir ki, Ərizəçi ASC tərəfindən əvvəllər eyni əmlak üzərinə qoyulmuş həbsdən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsi tərəfindən hüquqi qiymət verildiyindən, sonradan CPM-in 442-454-cü maddələri qaydasında verilmiş hazırkı şikayətə mahiyyəti üzrə baxılması mümkün deyildir. Lakin bu nəticə Cinayət-Prosessual Məcəlləsinin 453.10-cu maddəsinin məzmunundan irəli gəlmir. CPM-in 453.10-cu maddəsi yalnız o hallarda tətbiq edilə bilər ki, eyni predmet, eyni əsaslar və eyni prosessual qaydada verilmiş şikayət üzrə artıq məhkəmə qərarı mövcud olsun. Hazırkı işdə isə həmin şərtlərin heç biri mövcud deyildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən baxılmış əvvəlki müraciət əmlak üzərinə həbs qoyulması barədə qərardan verilmiş apellyasiya şikayəti olmuş, hazırkı müraciət isə CPM-in 253-cü maddəsinə əsasən əmlak üzərinə qoyulmuş həbsin götürülməsi barədə müstəqil hüquqi müdafiə vasitəsidir. Bu iki müraciətin hüquqi təbiəti, predmeti, prosessual əsası və tətbiq edilən hüquq normaları tamamilə fərqlidir. Apellyasiya baxışında məhkəmə həbs qoyulması barədə qərarın qəbul edildiyi anda mövcud olmuş halları qiymətləndirir və həmin qərarın qanuniliyini yoxlayır. Azərbaycan Respublikası CPM-in 253cü maddəsi üzrə verilən müraciət isə artıq tətbiq edilmiş həbs tədbirinin sonradan da davam etdirilməsinin qanuni və zəruri olub-olmamasının yoxlanılmasına yönəlmiş müstəqil hüquqi müdafiə vasitəsidir. Başqa sözlə, CPM-in 253-cü maddəsi məhz həbs tədbirinin sonrakı mərhələdə yenidən qiymətləndirilməsi üçün qanunverici tərəfindən ayrıca müəyyən edilmiş xüsusi prosessual mexanizmdir. Əgər qanunverici CPM-in 253-cü maddəsini qəbul etmişdirsə, bu o deməkdir ki, əmlak üzərinə həbs qoyulduqdan sonra da həmin tədbirin qanuniliyinin ayrıca yoxlanılması mümkün hesab edilmişdir. Birinci instansiya məhkəməsinin yanaşması qəbul edilərsə, CPM-in 253-cü maddəsinin tətbiq dairəsi faktiki olaraq tamamilə aradan qalxmış olar. Çünki bu halda əmlak üzərinə həbs qoyulması barədə qərar bir dəfə apellyasiya instansiyasında yoxlanıldıqdan sonra artıq heç bir şəxs CPM-in 253-cü maddəsindən istifadə edə bilməz. Belə nəticə isə qanunun məqsədinə deyil, əksinə, həmin normanın tətbiq imkanının tamamilə aradan qaldırılmasına gətirib çıxarır. CPM-in 253-cü maddəsi məhz üçüncü şəxslərin və hüquqları həbs nəticəsində pozulan digər şəxslərin sonradan ayrıca müraciət etmələrinə hüquqi təminat yaratmaq məqsədilə qəbul edilmişdir. Bundan başqa, məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2022-ci il tarixli qərarına da düzgün hüquqi qiymət verməmişdir. Həmin qərarda ifadə olunmuş hüquqi mövqe eyni prosessual qaydada verilmiş təkrar şikayətlərə aiddir. Hazırkı işdə isə Bank əvvəlki apellyasiya şikayətini təkrar verməmiş, qanunvericiliyin ona verdiyi ayrıca prosessual hüquqdan istifadə edərək CPM-in 253-cü maddəsinə əsaslanan müstəqil müraciət etmişdir. Bu səbəbdən Konstitusiya Məhkəməsinin həmin qərarının hazırkı mübahisəyə tətbiqi hüquqi baxımdan mümkün deyildir. Əksinə, hazırkı iş üzrə tətbiq edilməli olan hüquqi mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2024-cü il tarixli "Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsi və 71-ci maddəsi baxımından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442, 443, 444, 445, 447 və 449-cu maddələrinin əlaqəli şəkildə şərh olunmasına dair" Qərarında ifadə edilmiş hüquqi mövqedir. Həmin qərarda Konstitusiya Məhkəməsi açıq şəkildə göstərmişdir ki, məhkəmə nəzarəti institutu cinayət işinin hansı mərhələdə olmasından asılı olmayaraq hüquqları pozulan şəxslər üçün müstəqil və effektiv hüquqi müdafiə vasitəsidir və bu mexanizmdən istifadə edilməsi cinayət işinin mahiyyəti üzrə baxılmasına müdaxilə hesab edilə bilməz. Birinci instansiya məhkəməsi isə həmin hüquqi mövqeni ümumiyyətlə nəzərə almamış, Bankın bu qərara istinad etməsinə baxmayaraq ona heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə aktında iş üzrə əhəmiyyət kəsb edən hüquqi arqumentlərə cavab verilməməsi isə məhkəmə qərarının əsaslandırılmış hesab edilməsini istisna edir və onun ləğv olunması üçün müstəqil prosessual əsas təşkil edir. Məhkəmənin Cinayət-Prosessual Məcəlləsinin 248.2, 248.3 və 249-cu maddələrinin tələblərini düzgün tətbiq edilməməsi ilə bağlı dəlillər. Birinci instansiya məhkəməsinin qərarı yalnız prosessual baxımdan deyil, eyni zamanda tətbiq edilməli olan maddi-prosessual hüquq normalarının düzgün şərh edilməməsi səbəbindən də qanunsuz hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 248-ci maddəsində əmlak üzərinə həbs qoyulmasının subyektləri və tətbiq şərtləri dəqiq müəyyən edilmişdir. CPM-in 248.2-ci maddəsinə əsasən, əmlak üzərinə həbs, bir qayda olaraq, yalnız təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyula bilər. Qanunverici bununla ümumi qaydanı müəyyən etmiş və yalnız həmin şəxslərin mülkiyyətində olan əmlakın cinayətprosessual təminat tədbiri kimi məhdudlaşdırılmasına yol vermişdir. Üçüncü şəxslərə məxsus əmlak üzərinə həbs qoyulması isə qanunverici tərəfindən istisna hal kimi nəzərdə tutulmuşdur. Belə ki, CPM-in 248.3-cü maddəsinə əsasən, digər şəxslərə məxsus əmlak üzərinə həbs yalnız o halda qoyula bilər ki, həmin əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə olunmasına, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilməsinə və ya cinayət yolu ilə əldə edilmiş əmlak hesabına alınmasına dair kifayət qədər sübutlar mövcud olsun. Normanın məzmunundan da göründüyü kimi, üçüncü şəxsə məxsus əmlakın üzərinə həbs qoyulması üçün sadəcə ehtimal və ya fərziyyə kifayət etmir. Qanun "kifayət qədər sübutlar" anlayışından istifadə etməklə istintaq orqanının və məhkəmənin həmin əmlakın cinayətlə əlaqəsini təsdiq edən konkret faktlara istinad etməsini tələb edir. Hazırkı iş üzrə isə belə sübutların mövcudluğu nə həbs qoyulması barədə qərarda, nə də hazırkı qərarda göstərilmişdir. Əksinə, iş materialları ilə müəyyən olunur ki, mübahisəli daşınmaz əmlak təqsirləndirilən şəxsə deyil, onun oğlu X1 məxsusdur. Bu hal daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışla, eləcə də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə təsdiq edilmiş və məhkəmə də bu halı təkzib etməmişdir. Belə olan halda məhkəmə ilk növbədə CPM-in 248.3-cü maddəsində nəzərdə tutulmuş istisna şərtlərin mövcud olubolmadığını araşdırmalı idi. Lakin qərardan görünür ki, məhkəmə bu məsələyə ümumiyyətlə hüquqi qiymət verməmişdir. Məhkəmə işə baxarkən aşağıdakıları müəyyən etməli olduğu halda müəyyən etməmişdir: mübahisəli əmlakın cinayətin aləti olub-olmamasını; cinayətin predmeti olub-olmamasını; cinayət yolu ilə əldə olunub-olunmamasını; cinayət yolu ilə əldə edilmiş vəsait hesabına alınmasını; yaxud həmin əmlakın xüsusi müsadirə predmetinə aid edilməsini. Halbuki, həmin halların hər biri CPM-in 248.3-cü maddəsinin tətbiqi üçün zəruri hüquqi şərtlərdir. Bu şərtlər müəyyən edilmədən üçüncü şəxsə məxsus əmlak üzərinə həbs qoyulması qanunun açıq tələblərinə ziddir. Digər tərəfdən, CPM-in 249.1 -ci maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması üçün cinayət işi üzrə toplanmış materiallar kifayət qədər əsas verməlidir. CPM-in 249.2-ci maddəsi isə məhkəmənin bu əsasların mövcudluğunu yoxlamasını və qiymətləndirməsini tələb edir.Başqa sözlə desək bu normalar formal xarakter daşımır və onlar məhkəmənin sadəcə istintaq orqanının təqdimatını təsdiq etməsini deyil, təqdim olunmuş sübutları müstəqil şəkildə qiymətləndirməsini tələb edir. Hazırkı işdə isə nə həbs qoyulması zamanı, nə də Bankın müraciətinə baxılarkən məhkəmə belə qiymətləndirmə aparmışdır. Qərarda yalnız CPM-in 248-ci maddəsinə istinad edilmiş, lakin həmin maddənin dispozisiyasında nəzərdə tutulmuş faktiki şərtlərin mövcudluğu əsaslandırılmamışdır. Belə yanaşma CPM-in 249-cu maddəsinin məqsədinə uyğun deyildir və məhkəmə aktı yalnız hüquq normasına istinad etməklə əsaslandırılmış hesab edilə bilməz. Məhkəmə həmin normanın tətbiqi üçün tələb olunan faktiki halların iş materialları ilə necə təsdiq olunduğunu da göstərməlidir. Hazırkı qərarda isə belə təhlil ümumiyyətlə aparılmamışdır. Bundan əlavə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1 -ci maddəsinin tələbləri də məhkəmə tərəfindən nəzərə alınmamışdır. Həmin normaya əsasən xüsusi müsadirə yalnız cinayət yolu ilə əldə edilmiş əmlaka, cinayətin törədilməsində istifadə olunmuş əmlaka və ya həmin əmlakdan əldə edilmiş gəlirlərə tətbiq edilə bilər. CPM-in 248.3cü maddəsinin ikinci cümləsində isə xüsusi olaraq göstərilmişdir ki, cinayət yolu ilə əldə edilmiş əmlakın dövlət nəfinə alınması mümkün olmadıqda yalnız təqsirləndirilən şəxsə məxsus digər əmlak üzərinə onun dəyəri həcmində həbs qoyula bilər. Normanın məzmunundan aydın görünür ki, qanunverici üçüncü şəxslərin əmlakının bu məqsədlə məhdudlaşdırılmasına yol verməmişdir. Hazırkı iş üzrə isə mübahisəli əmlak nə təqsirləndirilən şəxsə məxsusdur, nə də onun cinayət yolu ilə əldə edildiyi müəyyən edilmişdir. Belə olan halda həmin əmlak üzərinə həbs qoyulmasının hüquqi əsası mövcud olmamışdır. Birinci instansiya məhkəməsi isə bu halları araşdırmadan ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir. Belə ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hazırda mübahisələndirilən qərarı qəbul edildikdən sonra ipoteka predmeti olan daşınmaz əmlak "İcra haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə uyğun olaraq elektron hərraca çıxarılmış, ilkin və təkrar hərrac iştirakçı olmadığından baş tutmamış, bundan sonra isə qanunvericiliyin tələblərinə uyğun olaraq ipoteka saxlayan Ərizəçi ASC-yə təklif edilmişdir. Bank həmin təklifi qəbul etmiş və ## ##### 2026-cı il tarixli Protokolla ipoteka predmetini ilkin satış qiymətinin 65 faizi həcmində əldə etmişdir. Beləliklə, hazırda Ərizəçi ASC-nin hüquqi statusu yalnız ipoteka saxlayan şəxslə məhdudlaşmır. Bank artıq qanunla müəyyən edilmiş icra proseduru nəticəsində həmin əmlakı əldə etmiş şəxsdir. Bununla belə, mübahisəli həbs tədbiri Bankın hərrac nəticəsində əldə etdiyi hüququn dövlət qeydiyyatına alınmasına və mülkiyyət hüququnun tam həcmdə həyata keçirilməsinə mane olur. Bu hal bir daha göstərir ki, tətbiq edilmiş həbs tədbiri artıq cinayət-prosessual təminat tədbiri olmaqdan çıxaraq qanuni icra prosedurunun nəticələrinin həyata keçirilməsinə maneə yaradır və Bankın qanunla əldə etdiyi əmlak hüquqlarına qeyri-proporsional müdaxilə təşkil edir. Lakin işə baxılarkən məhkəmə tərəfindən bu hal nəzərə alınmamış, yəni həbs qərarı qəbul edildikdən sonra dəyişmiş hüquqi vəziyyətə hər hansı hüquqi qiymət verilməmişdir. Beləliklə, məhkəmə CPM-in 248.2, 248.3 və 249-cu maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş hüquqi şərtlərin mövcudluğunu müəyyən etmədən, yalnız formal mülahizələr əsasında qərar qəbul etmiş, nəticədə isə tətbiq edilməli olan maddi-prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Bu pozuntu qəbul edilmiş qərarın qanuni və əsaslı hesab edilməsini istisna edir və onun ləğv edilməsi üçün müstəqil hüquqi əsas təşkil edir. Məhkəmə kollegiyasının iclasında Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə şikayətin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 (*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ## ##### 2025-ci il tarixli, *(***)-***/**** saylı qərarı ilə Şəmkir rayonu, Füzuli qəsəbəsində yerləşən, X1 mülkiyyətində olan və Ərizəçi ASC-nin ipoteka hüququ ilə yüklü daşınmaz əmlak kompleksi üzərinə qoyulmuş həbs ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətin baxılması müddəti və yeri haqqında vaxtında məlumatlandırılmış Azərbaycan Respublikası Baş prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 450.3-cü maddəsinə əsasən şikayətə Azərbaycan Respublikası Baş prokurorluğunun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin nümayəndəsi ştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası, verilmiş apellyasiya şikayətinin dəlillərini hərtərəfli, tam və obyektiv araşdırıb, proses iştirakçılarının çıxışlarını dinləyərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 (*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydaları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin LII fəsli (Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 442-454-cü maddələri) ilə tənzimlənir. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ## ###### 2015-ci il qərarında qeyd edilmişdir ki, məhkəmə nəzarəti cinayət-prosessual qanunvericiliyi sahəsində əsasən məhkəməyədək icraat mərhələsində öz funksional yükünü daşıyır. Məhkəmə nəzarəti cinayət-prosesi çərçivəsində təhqiqatçının, müstəntiqin və ya ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun fəaliyyəti nəticəsində insan və vətəndaş hüquq və azadlıqlarına qanunsuz müdaxilələrin qarşısını almağa, pozulmuş hüquqların bərpasına xidmət edən məhkəmə fəaliyyətinin müstəqil növüdür. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 5-ci maddəsində azadlıq və toxunulmazlıq hüququnun təminatında məhkəmə nəzarətinin vacibliyi birbaşa vurğulanmışdır. Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyində məhkəməyədək icraat mərhələsində məhkəmə nəzarəti nisbətən yeni institutdur. Prokuror nəzarətindən fərqli olaraq, məhkəmə nəzarəti məhkəməyədək icraat mərhələsində ibtidai araşdırma subyektlərinin fəaliyyətinin insan hüquq və azadlıqlarına qanunsuz müdaxiləsinin qarşısının alınmasına yönəlmişdir. Prokuror nəzarəti ümumilikdə təhqiqat və əməliyyat-axtarış orqanlarının fəaliyyətində qanunçuluğa riayət edilməsinə yönəldiyi halda, məhkəmə nəzarəti əməliyyat-axtarış fəaliyyəti subyektləri tərəfindən insan hüquq və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyi, əsaslılığı, mütənasibliyi, məqsədəmüvafiqliyi və təxirəsalınmazlığının yoxlanılması funksiyasını daşıyır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – CPMin) 177.1-ci maddəsinə əsasən cinayət prosesini həyata keçirən orqan istintaqın normal gedişini təmin etmək üçün istintaq hərəkətini məcburi apara bilər, onun iştirakçılarının bu hərəkətin başlanmasını gözləmələri və onun aparıldığı yeri tərk etməmələri üçün tədbirlər görə bilər. Həmin Məcəllənin 177.2-ci maddəsinə əsasən istintaq hərəkətinin aparılmasına müvafiq şəxs tərəfindən icazə verilmədiyi və onun məcburi aparılması üçün məhkəmənin qərarı tələb olunduğu halda, müstəntiqin əsaslandırılmış vəsatəti ilə razı olan ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror məhkəməyə təqdimatla müraciət edir. Həmin Məcəllənin 177.3.3-cü maddəsinə əsasən əmlak üzərinə həbs qoyulması üçün bir qayda olaraq məhkəmə qərarının alınması tələb olunur. Həmin Məcəllənin 28.4.4-cü maddəsinə əsasən isə cinayət prosesi gedişində qanunun pozulması ilə əlaqədar verilən şikayətləri yoxlamaq məhkəmələrin vəzifəsidir. Həmin Məcəllənin 248.1.1-ci maddəsinə əsasən mülki iddianı və cinayət qanunu ilə nəzərdə tutulmuş hallarda xüsusi müsadirəni təmin etmək məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 248.2-ci maddəsinə əsasən həbs əmlakın nədən ibarət və kimdə olmasından asılı olmayaraq, təqsirləndirilən şəxsin, habelə üzərlərinə əmlak məsuliyyəti qoyula bilən şəxslərin əmlakı üzərinə qoyulur. Həmin Məcəllənin 248.3-cü maddəsinə əsasən həbs təqsirləndirilən şəxsin ərarvadın birgə mülkiyyəti və ya onun digər şəxslərlə mülkiyyətindəki payı üzərinə qoyulur. Əmlakın cinayətin törədilməsində alət və ya vasitə kimi istifadə edilməsinə, cinayətin predmeti olmasına, cinayət yolu ilə əldə edilmiş əmlak hesabına əldə edilməsinə və ya artırılmasına kifayət qədər sübutlar olduqda, həbs bütün əmlakın, yaxud onun çox hissəsinin üzərinə qoyulur. Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilinmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan digər əmlak üzərinə həbs qoyulur. Həmin Məcəllənin 253-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə aidiyyəti olmayan əmlak üzərinə səhvən həbs qoyulduğunu hesab edən şəxslər cinayət prosesini həyata keçirən orqan qarşısında əmlakın həbsdən azad edilməsi barədə müraciət etmək hüququna malikdirlər. Cinayət prosesini həyata keçirən orqan müraciətin təmin edilməsindən imtina etdikdə və ya müraciət alındığı vaxtdan 10 (on) gün müddətində müraciət etmiş şəxsə məlumat vermədikdə, həmin şəxs əmlakın həbsdən azad edilməsini mülki mühakimə icraatı qaydasında tələb etmək hüququna malikdir. Tələbin kimin əmlakına yönəldilməsi məsələsi həll edilərkən əmlakın həbsdən azad edilməsi barədə iddia üzrə məhkəmənin qərarı müstəntiq, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror, habelə cinayət işinə baxan məhkəmə üçün məcburidir. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən məhkəmə nəzarəti istintaq hərəkətlərinin məcburi aparıldığı, prosessual məcburiyyət tədbirinin tətbiq edildiyi, əməliyyataxtarış tədbirinin həyata keçirildiyi və ya ibtidai araşdırmanın aparıldığı yer üzrə səlahiyyəti daxilində müvafiq birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 442.2.1-ci maddəsinə əsasən məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə hər kəsin azadlıq, mənzil toxunulmazlığı, şəxsi toxunulmazlıq, mülkiyyət hüququnu, şəxsi sirrinin (o cümlədən ailə həyatının, yazışmaların, telefon danışıqlarının, poçt, teleqraf və başqa məlumatların) saxlanılması hüququnu məhdudlaşdıran, habelə dövlət, peşə və ya kommersiya sirrini özündə əks etdirən məlumatları ilə bağlı istintaq hərəkətlərinin məcburi aparılmasına, prosessual məcburiyyət tədbirlərinin tətbiq edilməsinə və ya əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair məsələlərlə bağlı vəsatət və təqdimatlara baxır. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən bu Məcəllənin 177.3-cü maddəsində nəzərdə tutulmuş istintaq hərəkətləri bir qayda olaraq məhkəmənin qərarı əsasında məcburi aparılır. Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hər kəs dövlət orqanlarının, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının məhdudlaşdırılmasının qanuniliyinin məhkəmələr tərəfindən həll edilməsi məhz Konstitusiyanın 71-ci maddəsinin VII hissəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın həmin normasına görə insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəs əmin olmalıdır ki, dövlət orqanları tərəfindən hər hansı qanuni təqib həyata keçirilirsə, həmin fəaliyyətə müstəqil məhkəmə orqanı tərəfindən nəzarət mövcuddur. Avropa İnsan hüquqları Məhkəməsi öz qərarlarında bildirir ki, əmlak üzərinə həbsin qoyulması şəxsi ona məxsus olan mülkiyyətindən məhrum etmir. Məhkəmə təkrar edir ki, hüquqi prosedurlar çərçivəsində əmlak üzərinə həbsin qoyulması həmin əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi ilə əlaqəlidir. Bununla da həmin məsələ Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinin 2-ci bəndinin qüvvəsi altına düşür (Raymondo İtaliyaya qarşı, Borjonov Rusiyaya qarşı, AİHM qərarı). Avropa İnsan hüquqları Məhkəməsinin yanaşması odur ki, Konvensiyanın * saylı Protokolunun 1-ci maddəsinə əsasən dövlət qurumları tərəfindən mülkiyyətdən maneəsiz istifadə etmək hüququnun məhdudlaşdırılmasına birinci və ən vacib tələb həmin məhdudlaşdırmanın qanuni olmasıdır. Dövlətin milli qanunvericiliyə uyğun olaraq əmlakın istifadə edilməsinə nəzarətin həyata keçirilməsi hüququ tanınır. Eyni zamanda, demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi prinsipi Konvensiyanın hər bir maddəsinə aiddir. Ümumi ictimai maraqlarla şəxsin fundamental hüquqlarının müdafiəsi vəzifəsi arasında ədalətli tarazlığın qorunması məsələsi yalnız müdaxilənin qanunilik və əsaslılıq tələblərinə uyğun olmasının müəyyənləşdirilməsindən sonra yaranır (Baklanov Rusiyaya qarşı, Frizen Rusiyaya qarşı, AİHM qərarı). Yanaşma odur ki, əsasən həyata keçirilən məhdudlaşdıcı tədbirlər mütləq milli qanunvericilikdə öz əsasını tapmalıdır. Qanun hər bir şəxs üçün istifadə edilməsi mümkün olan, dəqiq və əvvəlcədən görünən olmalıdır (Beyeler İtaliyaya qarşı AİHM qərarı). Birləşmiş Millətlər Təşkilatının “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” Konvensiyasına görə, əgər cinayətdən əldə olunan gəlirlər qismən və ya tam şəkildə digər əmlaka çevrilibsə və ya dəyişdirilibsə, onda bu maddədə nəzərdə tutulan tədbirlər həmin əmlaka münasibətdə də görülür. Əgər cinayətdən əldə olunan gəlirlər qanuni əsaslarla əldə edilmiş əmlaka qatılıbsa, onda hər hansı bir həbs qoyma və ya götürmə səlahiyyətlərinə xələl gətirmədən, əmlakın yalnız cinayət nəticəsində əldə olunmuş gəlir qatılmış hissəsinin mütənasib qiymətləndirilmiş hissəsi müsadirə edilir. Cinayət nəticəsində əldə olunan gəlirlərə tətbiq edilən tədbirlər eyni zamanda cinayət nəticəsində əldə olunan gəlirlərdən alınmış hasilata və ya mənfəətə, cinayətdən əldə edilən gəlirlərə çevrilmiş və ya əvəz edilmiş əmlakdan alınmış hasilata və ya mənfəətə və ya cinayətdən əldə edilən gəlirlərin qatıldığı əmlakdan alınmış hasilata və ya mənfəətə də eyni qaydada və həcmdə tətbiq edilir (Konvensiyanın 12-ci maddəsinin 3, 4 və 5-ci bəndləri). Konvensiyada məhkəmələr tərəfindən cinayət törətmiş şəxsin cinayətdən əldə olunması güman edilən gəlirlərinin və ya müsadirə edilməli digər əmlakının qanuni mənbəyinin araşdırılaraq müəyyən edilməsi də xüsusilə vurğulanmışdır. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə X1 mülkiyyətində olan Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən kənd təsərrüfatı təyinatlı 1,1788 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində inşa edilmiş 2424.6 kv.m olan əmlak kompleksi kimi müəssisəsinin üzərinə cinayət təqibi üzrə icraat başa çatanadək həbs qoyulmuşdur. Həmin qərardan Ərizəçi Açıq Səhmdar Cəmiyyəti və X4 tərəfindən apellyasiya şikayəti verilərək Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarının ləğv edilməsi, bankın ipoteka hüquqları ilə yüklü edilmiş X1 məxsus Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişlər. Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025-ci il tarixli qərarı ilə verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır. Onu da qeyd etmək lazımdır ki, Ərizəçi Açıq Səhmdar Cəmiyyəti mövcud məsələ ilə bağlı məhkəmə nəzarəti qaydasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinə artıq 1 dəfə şikayət vermiş, məhkəmə həmin ərizəni icraata qəbuldan imtina etmiş, mövcud qərarın apellyasiya qaydasında mübahisələndirilməsini tövsiyyə etmişdir. Tərəf məhz məhkəmənin tövsiyyəsinə əsasən apellyasia şikayəti vermiş və yuxarıda adı qeyd olunan məlum qərarla şikayəti təmin edilmədən saxlanılmışdır. Preyudisial əhəmiyyətə malik olan qərarın olmasına baxmayaraq, Ərizəçi Açıq Səhmdar Cəmiyyəti yenidən, lakin bu dəfə əmlakın üzərindən həbsin götürülməsi ilə bağlı ərizə ilə (20 indekslə) məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə, bir daha tərəfin diqqətinə çatdırmaq istəyir ki, Ərizəçi Açıq Səhmdar Cəmiyyətində ipoteka ilə yüklü edilmiş, X1 mülkiyyətində olan Şəmkir rayonu, Fizuli qəsəbəsi ünvanında yerləşən əmlak kompleksi kimi müəssisəsinin (1,1778 ha torpaq sahəsi ilə birlikdə) üzərinə həbsin qoyulması ilə bağlı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarın və həmin əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsi ilə bağlı Bakı Apellyasiya Məhkəməsinin ##.##.2025- ci il tarixli qərarı mövcuddur. Beləliklə müəyyən edilmişdir ki, bu işlə bağlı müraciət araşdırılaraq yekun qərar qəbul edilmiş və preyudisial əhəmiyyətə malik olan məhkəmə qərarı mövcuddur. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin faktiki hallarına uyğun, qanuni və əsaslı hesab etməklə apellyasiya şikayətinin dəlilləri ilə razılaşmır. Belə ki, apellyator sırf subyektiv mülahizə yürütməklə apellyasiya şikayətini əsaslandırmağa çalışmışdır. Məhkəmə kollegiyası qanunvericiliyin yuxarıda sadalanan normalarına əsaslanaraq belə hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərarı qanuni və əsaslıdır. Həmçinin iş materiallarından görünür ki, artıq cinayət işinin istintaqı yekunlaşmış, ittiham aktı tərtib edilərək cinayət işinin materialları ilə birlikdə Gəncə Ağır Cinayət Məhkəməsinə verilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-2-ci maddəsinə görə bu Məcəllənin 99- 1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlak istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində cinayət törətmiş şəxsə məxsus olan digər əmlak məhkəmənin yekun qərarı ilə xüsusi müsadirə edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.18-ci maddəsinə əsasən məhkəmə baxışının nəticələrinə dair müşavirə otağında hakim tərəfindən baxılan məsələlərdən biri də cinayət nəticəsində vurulmuş maddi zərərin və ya mümkün ola biləcək xüsusi müsadirənin təmin edilməsi məqsədi ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməli olub-olmaması məsələsidir. Odur ki, məhkəmə kollegiyası materialı araşdırıb belə nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 (*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi üçün əsas olmadığından və məhkəmə kollegiyasının iclasında da həmin qərarın ləğv edilməsi üçün əsaslar müəyyən edilmədiyindən şikayət təmin edilməməli və həmin qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 177, 248-253 və 454-cü maddələrini rəhbər tutaraq qərara alır: Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən verilmiş şikayəti təmin olunmasın. Ərizəçi Açıq Səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi Gəncə şəhəri * saylı Vəkil Bürosunun vəkili Nümayəndə tərəfindən Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli, *(***)-***/**** nömrəli qərarı ilə əmlak üzərinə qoyulmuş həbsin ləğv edilməsinə dair verilmiş ərizənin təmin edilməməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 (*-**)-**/**** saylı, ## #### 2026-cı il tarixli qərarı apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir, ondan kassasiya şikayəti və ya kassasiya protesti verilə bilməz. Sədrlik edən İbrahim İbrahimli Hakimlər: Telman Hüseynov Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar