Azərbaycan Respublikası adından Qərardad Bakı şəhəri İş № 29(1-8)-11/2026 05.06.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya kollegiyasının “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair verilmiş ərizə üzrə QƏRARİ Iş № **(1-8)-11/2026 (Açar sözlər: xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qərarlarının Azərbaycan Respublikasında tanınması və icrası) Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyası, hakimlər Qəribov Bəhman Fərhad oğlu (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Qurbanov Raqib Əliddin oğlundan ibarət tərkibdə, “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli **-**-***/**** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınmasına və icrasına dair «xxxx» MMC-tərəfindən göndərilmiş ərizəyə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Işin halları: 1.“X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının Maraqlı şəxs MMC-dən pul vəsaitlərinin tutulması ilə bağlı 2025-ci il ## ####### tarixli **-**-***/**** nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində tanınması və icraya yönəldilməsi barədə «xxxx» MMC-nin ərizəsi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. 2.Ərizədə qeyd olunur ki, tanınması və icrası xahiş olunan “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli **-**-***/**** nömrəli qərarı ilə Maraqlı şəxs MMC-dən «xxxx» MMC-nin xeyrinə 24 838,36 ABŞ dolları məbləğində cərimənin tutulması, arbitraj rüsumunun ödənilməsi xərcləri üzrə 1.493,09 Belarus rublu (Qərarın verildiyi gün üzrə Belarus Respublikasının Mərkəzi Bankının məzənnəsi ilə ekvivalent olaraq 506,72 ABŞ dolları), ümumilikdə 25.345,08 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir.
3. Ərizəyə əlavə olunmuş “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının sədri S.V.Kozlov tərəfindən imzalanmış arayışdan görünür ki, “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyası Arbitraj icraatının təyin edilməsi haqqında ## ### 2025-ci il tarixli qərardadın surəti və iddia ərizəsinin surəti xxxx MMC-yə göndərilmiş, sonradan komissiyaya qaytarılmışdır. ## #### 2025-ci il tarixində xxxx MMC arbitraj komissiyasına yuxarıda göstərilən sənədlərin sorğuda göstərilən elektron ünvana göndərilməsi ilə bağlı sorğu təqdim etmişdir. Belə ki, qərardadlar və iddia ərizəsinin surəti ## #### 2025-ci il tarixində xxxx MMC-yə elektron poçt vasitəsilə göndərilib.
4. “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının sədri S.V.Kozlov tərəfindən imzalanmış arayışa əsasən, 2025-ci il ## ####### tarixli, **-**- ***/**** nömrəli qəbul olduğu gün tarixində qanuni qüvvəyə minmiş, cavabdeh tərəfindən qərarın icra olunması barədə məlumat isə Arbitraj komissiyasına daxil olmamışdır.
Tətbiq edilən hüquq:
5. “Xarici Arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il ## #### tarixli Nyu-York Konvensiyasının (Azərbaycan Respublikası Konvensiyaya 1999-cu il # ###### tarixli ***-IQ nömrəli Qanunla qoşulmuşdur; Belarusiya Respublikası isə 1960cı il ## ###### tarixində qoşulmuşdur) müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə III Hər bir X1 arbitraj qərarının məcburi qüvvəsini tanıyır və bundan sonrakı maddələrdə qeyd olunan şərtlərlə və müvafiq ərazinin prosedur qaydalarına uyğun olaraq icra edir. Bu Konvensiyanın tətbiq dairəsi altına düşən arbitraj qərarlarının tanınması və icra olunması üçün, ölkədaxili arbitraj qərarlarının tanınması və icra olunması üçün nəzərdə tutulan şərtlər, rüsumlar və ödənişlərdən daha ağır şərtlər, daha yüksək ödənişlər və ya daha yüksək rüsumlar nəzərdə tutula bilməz.”
“Maddə IV
1. Bundan əvvəlki maddədə qeyd olunan tanıma və icraya nail olmaq üçün tanınma və icra edilmə barədə müraciət edən tərəf belə müraciət zamanı aşağıdakıları təqdim edir: a) Arbitraj qərarının müvafiq qaydada təsdiq (autentifikasiya) edilmiş əslini və yaxud həmin qərarın müvafiq qaydada təsdiq edilmiş surətini; b) II maddədə göstərilən razılaşmanın əslini və ya onun müvafiq qaydada təsdiq edilmiş surətini.
2. Sözügedən arbitraj qərarı və ya razılaşma, qərarın tanınması və icrası tələb olunan ölkənin rəsmi dilində olmadığı halda, qərarın tanınması və icra edilməsi üçün müraciət edən tərəf bu sənədlərin həmin dilə tərcüməsini hazırlayır. Tərcümə, rəsmi və ya andlı tərcüməçi, yaxud diplomatik və ya konsulluq nümayəndəsi tərəfindən təsdiq edilir.
“Maddə V
1. Yalnız əleyhinə qərar çıxarılmış tərəf aşağıdakıları sübut edərsə, arbitraj qərarının tanınmasından və icrasından imtina edilə bilər: (a) Maddə II-də göstərilən sazişin tərəfləri onlara tətbiq olunan qanunvericiliyə görə bu və ya digər dərəcədə fəaliyyət qabiliyyəti olmayan şəxs olmuşsa və ya qeyd olunan saziş tərəflərin ona tətbiq etdikləri qanunvericiliyə görə, bu barədə razılaşma olmadıqda isə, arbitraj qərarının çıxarıldığı ölkənin qanunvericiliyinə görə etibarsızdırsa; (b) əleyhinə arbitraj qərarı çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməmiş və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməmişdir; (c) arbitraj qərarı arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə uyğun gəlməyən mübahisə üzrə çıxarıldıqda, yaxud arbitraj sazişinin hədlərindən kənara çıxan məsələlər üzrə qərarları əhatə etdikdə; lakin arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş ilə əhatə olunmayan məsələlərdən ayrıla bilərsə, onda arbitraj sazişi ilə əhatə olunan məsələlər üzrə qərarlar olan qətnamənin hissəsi tanına və icraya yönəldilə bilər; (d) arbitrajın tərkibi və ya arbitraj prosesi tərəflər arasındakı razılığa uyğun, belə razılıq olmadıqda, arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun deyilsə; (e) qərar tərəflər üçün qüvvəyə minməmişsə və ya arbitraj qərarının verildiyi ölkənin qanunlarıyla qüvvədən düşmüş və ya təxirə salınmışsa.
2. Arbitraj qərarının tanınması və icra olunması tələb olunan ölkənin səlahiyyətli dövlət orqanı aşağıdakıları müəyyən edərsə, tanınmadan və ya icradan imtina edə bilər: (a) həmin ölkənin qanunvericiliyinə görə mübahisə predmeti arbitrajda həll oluna bilməzsə; (b) və ya bu qərarın tanınması və ya icra olunması həmin ölkənin ictimai qaydasına ziddirsə.”
6. “Arbitraj haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq müddəalarında aşağıdakılar nəzərdə tutulur:
“Maddə 55. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icra edilməsi 55.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, xarici arbitraj məhkəməsinin qərarı məcburi hüquqi qüvvəyə malikdir və səlahiyyətli məhkəməyə yazılı ərizə verildikdə bu Qanunun 55-ci və 56-cı maddələrinin müddəaları nəzərə alınmaqla icra edilir. 55.2. Arbitraj qərarına əsaslanan və ya onun icra edilməsinə dair ərizə verən tərəf arbitraj qərarını və ya onun notariat qaydasında təsdiq edilmiş surətini və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsini, həmçinin arbitraj sazişinin əslini və ya onun notariat qaydasında təsdiq edilmiş surətini, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiq edən hər hansı sənədi təqdim etməlidir. Əgər arbitraj qərarı və ya arbitraj sazişi xarici dildədirsə, tərəf bu sənədlərin notariat qaydasında təsdiq edilmiş Azərbaycan dilinə tərcüməsini təqdim etməlidir.”
“Maddə 56. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və ya icrasından imtina edilməsi üçün əsaslar 56.1. Çıxarıldığı ölkədən asılı olmayaraq, arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: 56.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə: 56.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə; 56.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə; 56.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər); 56.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə; 56.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə; 56.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə: 56.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini; 56.1.2.2. arbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya zidd olduğunu. 56.2. Bu Qanunun 56.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın verilməsini tələb edə bilər. 56.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur.”
7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuşdur:
“Maddə 474. Ümumi qaydalar Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası qaydası “Xarici arbitraj qərarlarının tanınması və icrası haqqında” 1958-ci il ## #### tarixli Nyu-York Konvensiyası, “Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanunu və bu fəslin müddəaları ilə tənzimlənir.
Maddə 474-1. Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə baxan məhkəmə Xarici arbitraj məhkəmələrinin qərarlarının tanınması və icrası barədə ərizələrə Azərbaycan Respublikasının Ali Məhkəməsi baxır. Maddə 475. Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icrası barədə ərizə 475.1. Ərizə məhkəməyə yazılı şəkildə verilir. 475.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 475.2.1. ərizənin verildiyi məhkəmənin adı; 475.2.2. arbitraj sazişinin tərəflərinin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı) və yaşadıqları (hüquqi şəxslərin olduqları) yer, olduğu halda – telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı; 475.2.3. qərarı qəbul etmiş xarici arbitraj məhkəməsinin tərkibi; 475.2.4. daimi arbitraj təşkilatının adı və olduğu yer (əgər arbitraj prosesini daimi arbitraj təşkilatı idarə etmişdirsə); 475.2.5. arbitraj məhkəməsi qərarının tarixi və yeri; 475.2.6. arbitraj məhkəməsi qərarının tanınması və icrası tələbi; 475.2.7. əlavə edilən sənədlərin siyahısı. 475.3. Ərizə onu təqdim edən şəxs (şəxslər) və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd əlavə edilməlidir. 475.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir: 475.4.1. ərizənin cavabdeh tərəfindən alındığını təsdiq edən sübutlar; 475.4.2. arbitraj məhkəməsinin qərarı və ya onun notariat qaydasında təsdiq edilmiş surəti və yaxud arbitraj icraatı daimi arbitraj təşkilatı tərəfindən idarə edildikdə, arbitraj qərarının həmin icraatı idarə edən daimi arbitraj təşkilatı tərəfindən təsdiq edilmiş nüsxəsi; 475.4.3. arbitraj sazişi və ya onun notariat qaydasında təsdiq edilmiş surəti, yaxud bu mümkün olmadıqda, arbitraj sazişinin bağlandığını təsdiq edən hər hansı sənəd; 475.4.4. müraciətin əsaslılığını təsdiq edən sənədlər; 475.4.5. dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd; 475.4.6. arbitraj məhkəməsinin qərarı və ya arbitraj sazişi xarici dildədirsə, bu sənədlərin Azərbaycan dilinə notariat qaydasında təsdiq edilmiş tərcüməsi; 475.4.7. ərizənin surəti.
Maddə 476. Xarici arbitraj məhkəməsinin qərarını tanımaqdan və ya icra etməkdən imtina 476.1. Xarici arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınmasından və ya icra edilməsindən yalnız aşağıdakı hallarda imtina edilə bilər: 476.1.1. əleyhinə qərar çıxarılmış tərəf tanınma və ya icra haqqında ərizəyə baxan məhkəməyə aşağıdakı sübutları təqdim etdikdə: 476.1.1.1. arbitraj sazişinin tərəflərindən birinin ona münasibətdə tətbiq edilən qanunvericiliyə uyğun olaraq həmin sazişin bağlandığı vaxtda fəaliyyət qabiliyyəti olmayan şəxs olması və ya arbitraj sazişinin tərəflərin həmin sazişə tətbiq etdikləri qanunvericiliyə və ya sazişdə belə göstəriş olmadıqda arbitraj qərarının çıxarıldığı dövlətin qanunvericiliyinə əsasən etibarsız olması barədə; 476.1.1.2. əleyhinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi və ya arbitraj icraatı haqqında müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən ona öz etiraz və sübutlarını təqdim etmək imkanının yaradılmaması barədə; 476.1.1.3. qərarın tərəflərin arbitraj sazişində nəzərdə tutulmayan və ya onun şərtlərinə aid olmayan mübahisə üzrə çıxarılması və yaxud qərarın arbitraj sazişinin və ya iddia tələbinin hədlərindən kənara çıxan məsələləri əhatə etməsi barədə (arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarlar bu saziş və ya iddia tələbi ilə əhatə olunmayan məsələlər üzrə qərarlardan ayrıla bildikdə, arbitraj sazişi və ya iddia tələbi ilə əhatə olunan məsələlər üzrə qərarları ehtiva edən hissələr tanına və icraya yönəldilə bilər); 476.1.1.4. arbitraj məhkəməsinin tərkibinin və ya arbitraj icraatının tərəflərin razılaşmasına və ya belə razılaşma olmadıqda arbitrajın keçirildiyi yerin qanunvericiliyinə uyğun olmaması barədə; 476.1.1.5. qərarın tərəflər üçün məcburi hüquqi qüvvəyə minməməsi və ya qərarın çıxarıldığı və ya qanunvericiliyinə uyğun olaraq çıxarıldığı dövlətin məhkəməsi tərəfindən ləğv edilməsi və ya icrasının dayandırılması barədə; 476.1.2. məhkəmə aşağıdakı halları müəyyən etdikdə: 476.1.2.1. mübahisənin Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən arbitrajda həll edilə bilməməsini; 476.1.2.2. arbitraj qərarının tanınmasının və icrasının Azərbaycan Respublikasının Konstitusiyasına və ya publik qaydaya, yəni xarakterinə görə imperativ, universal və xüsusi ictimai əhəmiyyətə malik olan, Azərbaycan Respublikasının siyasi, iqtisadi və hüquqi quruluşunun əsasını təşkil edən fundamental hüquqi əsaslara (prinsiplərə) zidd olduğunu. 476.2. Bu Məcəllənin 476.1.1.5-ci maddəsində göstərilən məhkəməyə arbitraj qərarının ləğvi haqqında ərizə verilmişdirsə, arbitraj qərarının tanınması və ya icra edilməsi üçün müraciət edilən məhkəmə zəruri hesab etdiyi təqdirdə öz qərarının çıxarılmasını təxirə sala və arbitraj qərarının tanınması və ya icrası barədə ərizə vermiş tərəfin vəsatəti ilə digər tərəfdən uyğun təminatın təqdim edilməsini tələb edə bilər. Təminat məhkəmənin mülahizəsinə əsasən bank qarantiyası formasında və ya təminat üçün müəyyən edilmiş pul məbləğinin notariusun depozit hesabına qoyulması yolu ilə təqdim edilə bilər. 476.3. Arbitraj qərarının tanınması və ya icrası haqqında ərizəyə baxarkən məhkəmənin arbitraj məhkəməsinin qərarına mahiyyəti üzrə yenidən baxmaq səlahiyyəti yoxdur. 476.4. Xarici arbitraj məhkəməsinin qərarının tanınması və icraya yönəldilməsi haqqında ərizəyə onun məhkəməyə daxil olduğu gündən 3 (üç) ay müddətində baxılır. 476.5. Məhkəmə arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınması və icrası və ya bundan imtina barədə bu Məcəllə ilə müəyyən edilmiş qaydada qərar çıxarır. Arbitraj məhkəməsinin qərarının tam və ya qismən tanınması və icrası haqqında qərar əsasında icra vərəqəsi verilir.”
Ali Məhkəmənin mövqeyi:
8. Məhkəmə kollegiyası təqdim olunmuş sənədləri araşdıraraq hesab edir ki, “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli **-**-***/**** nömrəli qərarının Azərbaycan Respublikasının ərazisində icraya yönəldilməsinə dair vəsatət təmin edilməlidir.
9. Belə ki, “xxxx” MMC ilə Maraqlı şəxs MMC arasında 2024-cü il ## ###### tarixdə **/****-*** nömrəli müqavilə bağlanmış, müqaviləyə əsasən “xxxx” MMC satıcı, Maraqlı şəxs MMC isə alıcı qismində çıxış etmişdir. Müqavilənin 10.1-10.3-cü bəndlərində tərəflər arasında müqavilədən irəli gələn mübahisələrin “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasında, həmin Komissiyanın Reqlamentinə uyğun olaraq həll edilməsi razılaşdırılmışdır. Müqavilədə tətbiq ediləcək hüquq kimi Belarus Respublikasının hüququ, arbitraj icraatının dili kimi isə rus dili müəyyən edilmişdir.
10. “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli, **-**-***/**** nömrəli qərarı ilə Maraqlı şəxs MMC-dən “xxxx” MMC-nin xeyrinə 24.838,36 ABŞ dolları məbləğində dəbbə pulu, arbitraj rüsumunun ödənilməsi xərcləri üzrə 1.493,09 Belarus rublu, qərarın qəbul edildiyi günə Belarus Respublikası Milli Bankının məzənnəsi ilə ekvivalent olaraq 506,72 ABŞ dolları, ümumilikdə 25.345,08 ABŞ dolları məbləğində pul vəsaitinin tutulması qət edilmişdir. Həmin qərar qəbul edildiyi gün, yəni 2025-ci il ## ####### tarixdə qüvvəyə minmiş və könüllü icra üçün 10 gün müddət müəyyən edilmişdir.
11. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəyə əlavə edilmiş sənədlərdən arbitraj icraatı zamanı Maraqlı şəxs MMC-nin proses barədə məlumatlandırılması və ona öz mövqeyini bildirmək imkanının yaradılması müəyyən olunur. Belə ki, “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının sədri S.V.Kozlov tərəfindən verilmiş arayışdan görünür ki, arbitraj icraatının təyin edilməsi haqqında 2025-ci il ## ### tarixli qərardadın, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri 2025-ci il # #### tarixdə Maraqlı şəxs MMC-yə Azərbaycan Respublikası, ünvan 1 ünvanına göndərilmiş, lakin poçt göndərişi “ünvanda yoxdur” qeydi ilə geri qaytarılmışdır.
12. Bundan sonra Maraqlı şəxs MMC 2025-ci il ## #### tarixdə Arbitraj Komissiyasına yazılı sorğu təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətlərinin sorğuda göstərilən elektron poçt ünvanına göndərilməsini xahiş etmişdir. Həmin müraciət əsasında arbitraj icraatının təyin edilməsi haqqında 2025-ci il ## ### tarixli qərardadın, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin surətləri 2025ci il ## #### tarixdə Maraqlı şəxs MMC-yə onun göstərdiyi elektron poçt ünvanı vasitəsilə göndərilmişdir.
13. Iş materiallarından həmçinin görünür ki, Maraqlı şəxs MMC 2025-ci il # ###### tarixdə Arbitraj Komissiyasına vəsatətlə müraciət edərək iş üzrə arbitraj iclasının təxirə salınmasını xahiş etmişdir. Bu hal Maraqlı şəxs MMC-nin arbitraj icraatı barədə məlumatlı olduğunu və arbitraj icraatında öz prosessual hüquqlarından istifadə etdiyini göstərir. Arbitraj Komissiyası tərəfindən 2025-ci il # ###### tarixli təxirəsalma barədə qərardad, 2025-ci il ## ### tarixli qərardad, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər 2025-ci il # ###### tarixdə Maraqlı şəxs MMC-nin elektron poçt ünvanına, 2025-ci il # ###### tarixdə isə poçt vasitəsilə göndərilmişdir. Poçt göndərişi yenidən “ünvanda yoxdur” qeydi ilə geri qaytarılmışdır.
14. Bundan başqa, Maraqlı şəxs MMC 2025-ci il # ####### tarixdə Arbitraj Komissiyasına iddia ərizəsinə dair etiraz təqdim etmiş və həmin etiraz 2025-ci il ## ####### tarixdə 4526 nömrə ilə qeydiyyata alınmışdır. Beləliklə, cavabdeh yalnız arbitraj icraatının mövcudluğu barədə məlumatlı olmamış, həm də iddia tələbinə münasibət bildirmişdir. Arbitraj baxışı günü cavabdeh iclasda iştirak etməmiş, nümayəndəsini göndərməmiş və işə baxılmasının təxirə salınması barədə əlavə vəsatət təqdim etməmişdir.
15. Arbitraj qərarının surəti də Maraqlı şəxs MMC-yə həm poçt, həm də elektron qaydada göndərilmişdir. Iş materiallarında olan arayışdan görünür ki, 2025-ci il ## ####### tarixli qərarın surəti 2025-ci il ## ####### tarixdə Maraqlı şəxs MMC-nin Azərbaycan Respublikasındakı ünvanına göndərilmiş, poçt göndərişi “ünvanda yoxdur” qeydi ilə geri qaytarılmışdır. Daha sonra Maraqlı şəxs MMC 2025-ci il ## ####### tarixdə Arbitraj Komissiyasına müraciət edərək qəbul edilmiş qərarın elektron poçt ünvanına göndərilməsini xahiş etmiş, qərarın surəti 2025-ci il ## ###### tarixdə onun göstərdiyi elektron poçt ünvanına göndərilmişdir.
16. Göstərilənlərdən müəyyən olunur ki, Maraqlı şəxs MMC arbitraj icraatı barədə lazımi qaydada məlumatlandırılmış, ona iddia tələbi və arbitraj baxışı üzrə mövqeyini bildirmək imkanı yaradılmış, o isə həmin imkandan istifadə edərək həm iclasın təxirə salınması barədə vəsatət, həm də iddia ərizəsinə dair etiraz təqdim etmişdir. Bu səbəbdən MPM-in 476.1.1.2-ci maddəsində, “Arbitraj haqqında” Qanunun 56.1.1.2-ci maddəsində və Nyu-York Konvensiyasının V maddəsinin 1-ci hissəsinin “b” yarımbəndində nəzərdə tutulmuş, əleyhinə arbitraj qərarı çıxarılmış tərəfin arbitraj icraatı barədə müvafiq qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməməsi əsası hazırkı iş üzrə mövcud deyildir.
17. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, tərəflər arasında arbitraj sazişinin mövcudluğu **/****-*** nömrəli müqavilənin mübahisələrin həlli ilə bağlı müddəaları ilə təsdiq olunur. Iş materiallarında həmin müqavilə və ona əlavə edilmiş sənədlər, arbitraj qərarının təsdiq edilmiş surəti, qərarın qüvvəyə minməsi və icra edilməməsi barədə arayış, habelə sənədlərin Azərbaycan dilinə tərcümələri mövcuddur. Bu baxımdan ərizəyə əlavə edilmiş sənədlər Nyu-York Konvensiyasının IV maddəsinin, “Arbitraj haqqında” Qanunun 55-ci maddəsinin və MPM-in 475-ci maddəsinin tələblərinə uyğun hesab edilməlidir.
18. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Maraqlı şəxs MMC tərəfindən arbitraj qərarının tanınması və icrasından imtina üçün MPM-in 476.1.1-ci maddəsində, “Arbitraj haqqında” Qanunun 56.1.1-ci maddəsində və Nyu-York Konvensiyasının V maddəsinin 1-ci hissəsində nəzərdə tutulmuş halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir.
19. Eyni zamanda məhkəmə kollegiyası tərəfindən MPM-in 476.1.2-ci maddəsində, “Arbitraj haqqında” Qanunun 56.1.2-ci maddəsində və Nyu-York Konvensiyasının V maddəsinin 2-ci hissəsində məhkəmənin öz təşəbbüsü ilə yoxlamalı olduğu halların mövcudluğu da müəyyən edilmir. Mübahisə tərəflər arasında bağlanmış kommersiya müqaviləsindən irəli gəlmiş, Azərbaycan Respublikasının qanunvericiliyinə görə arbitrajda həll edilə bilməyən mübahisələr kateqoriyasına aid olmamış, arbitraj qərarının tanınması və icrası isə Azərbaycan Respublikasının Konstitusiyasına və publik qaydasına zidd nəticə doğurmur.
20. Göstərilənləri nəzərə alaraq, Ali Məhkəmə hesab edir ki, “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli, **-**-***/**** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və məcburi icraya yönəldilməsindən imtina üçün nə Nyu-York Konvensiyasında, nə “Arbitraj haqqında” Qanunda, nə də MPM-in 476-cı maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Bu səbəbdən “xxxx” MMC-nin ərizəsi təmin edilməli, qeyd olunan arbitraj qərarı Azərbaycan Respublikasının ərazisində tanınmalı və məcburi qaydada icraya yönəldilməlidir.
21. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 462, 464, 465, 467-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
“X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli **-**-***/**** nömrəli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə ərizə təmin edilsin. “X2 Birjası” Açıq Səhmdar Cəmiyyətinin Arbitraj Komissiyasının 2025-ci il ## ####### tarixli **-**-***/**** nömrəli qərarı Azərbaycan Respublikası ərazisində tanınsın və məcburi icraya yönəldilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.