Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(1-8)-105/2026 02.07.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Rəcəbov Ilkin Əbülfəz oğlu (sədrlik edən və məruzəçi), Qılıcov Ilqar Səyyad oğlu və Hüseynov Zaur Nazim oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əlisoy Nuray Kəramət qızının iştirakı ilə, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7(3-6)-542/2026 nömrəli, 18 may 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları
1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Təqdimat verən orqan (Kompleksində) cəza çəkən məhkum Məhkum ərizə ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CM”) 32.4, 312.2-ci maddələri ilə tövsif edilmiş əməlinin ittihamdan xaric edilməsini və barəsində “Konstitusiya və Suverenlik ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025 ci il tarixli Qərarının tətbiq edilməsini xahiş etmişdir.
2. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(5-96)-1318/2026 nömrəli, 13 aprel 2026-cı il tarixli qərarı ilə Məhkum ərizəsi təmin edilməmişdir.
3. Birinci instansiya məhkəməsinin qeyd edilən qərarından məhkum Məhkum apellyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və ərizənin təmin olunmasını xahiş etmişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7(3-6)-542/2026 nömrəli, 18 may 2026-cı il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 7(5-96)-1318/2026 nömrəli, 13 aprel 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.
5. Apellyasiya instansiyası məhkəməsinin həmin qərarından məhkum Məhkum kassasiya şikayəti vermişdir.
II. Kassasiya müraciətinin dəlilləri, etirazlar 6.Kassasiya şikayətində qeyd edilmişdir ki, məhkəmələr ərizəni rədd edərkən işin hallarını hərtərəfli, tam və obyektiv araşdırmamış, prosessual pozuntulara yol verməklə qanunsuz və əsassız qərarlar qəbul etmişlər. Göstərilənlərə əsasən, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2026-cı il tarixli, 7(3-6)-542/2026 nömrəli qərarının ləğv edilməsi və məhkumun onun barəsində amnistiyanın tətbiq edilməsinə dair ərizəsinin təmin olunması xahiş edilir.
7. Kassasiya şikayətinə dair etiraz daxil olmamışdır.
III. Hüquqi məsələlər 8.Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya müraciətlərinə baxılması üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419-cu maddəsi müəyyən edir. 9.Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 10.Qanunvericiliyin bu tələbindən göründüyü kimi, kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələrindən fərqli olaraq hər hansı bir faktın baş verib-verməməsini araşdırmır və yalnız həmin məhkəmələr tərəfindən müəyyən edilmiş hallara əsasən maddi və prosessual cinayət-hüquqi normaların düzgün tətbiq edilib-edilməməsi məsələlərinə öz münasibətini bildirir. 11.Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya instansiyası məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-nin 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər. 12.Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin yekun qərar qəbul edərkən iş üzrə sübutları Azərbaycan Respublikası CPM-nin 143–146-cı maddələrinin tələblərinə uyğun qiymətləndirmədiyi iddia edilməklə, kassasiya xahişi faktiki olaraq Azərbaycan Respublikası CPM-nin 416.1.2-ci maddəsində məhkəmə aktının kassasiya qaydasında ləğv edilməsini və yaxud dəyişdirilməsini şərtləndirən əsas kimi nəzərdə tutulmuş halla əlaqələndirilmişdir. 13.Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayətini Azərbaycan Respublikası CPM-nin 419-cu maddəsinin tələbləri baxımından səlahiyyətlərinə aid olan kassasiya müraciəti kimi görür və bu müraciətlə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 18 may 2026-cı il tarixli, 7(3-6)-542/2026 nömrəli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. 14.Aşağı instansiya məhkəmələri tərəfindən araşdırılmış cinayət işinin və məhkumun şəxsi işinin materiallarından müəyyən edilir ki, Məhkum barəsində aşağıdakı məhkəmə aktları qəbul edilmişdir: - Tərtər Hərbi Məhkəməsinin 1(098)-77/2022 nömrəli, 26 may 2022-ci il tarixli hökmünə əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3-cü maddələri ilə təqsirli bilinib, 6000 (altı min) manat miqdarında cərimə cəzasına, Azərbaycan Respublikası CM-nin 32.4, 312.2-ci maddəsi ilə təqsirli bilinib, 9000 (doqquz min) manat miqdarında cərimə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cərimə cəzaları qismən toplanılmaqla qəti olaraq 10000 (on min) manat miqdarında cərimə cəzasının təyin edilməsi, Azərbaycan Respublikasının 69.4-cü maddəsinə əsasən 1 gün tutulduğu və 6 ay 28 gün həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla 10000 (on min) cərimə cəzası yüngülləşdirilərək qəti olaraq 1000 (bir min) manat cərimə cəzasının saxlanılması hökm edilmişdir. - Gəncə Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1-1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli hökümə əsasən, Tərtər Hərbi Məhkəməsinin 1(098)-77/2022 nömrəli, 26 may 2022-ci il tarixli ləğv edilmiş, Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.2, 178.2.3, 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə təqsirli bilinib, qəti olaraq təyin edilmiş 4 (dörd) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası CM-in 70-ci maddəsinə əsasən 01 (bir) il sınaq müddəti müəyyən edilməklə şərti tətbiq edilmişdir. - Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-423/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli hökmünə əsasən, Azərbaycan Respublikası CM-nin 71.5-ci maddəsinə əsasən Məhkum Azərbaycan Respublikasının CM-nin 178.2.2, 178.2.3. 32.4, 312.2 və 333.4-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi və Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilməklə 01 (bir) il sınaq müddəti təyin edilməsi barədə Gəncə Apellyasiya Məhkəməsinin 1-1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə müəyyən olunmuş şərti məhkum etmə ləğv edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Gəncə Apellyasiya Məhkəməsinin 1- 1(104)-3/2023 nömrəli, 19 yanvar 2023-cü il tarixli qərarı ilə təyin edilmiş 04 (dörd) il 06 (altı) ay azadlıqdan məhrumetmə cəzası yeni hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə üzərində 04 (dörd) il 07 (yeddi) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli, 22 fevral 2024cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzası azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, Azərbaycan Republikasının CM-nin 69.3-cü maddəsinə əsasən, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-53/2024 nömrəli cinayət işi üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlıqdan məhrum etmə cəzasının 02 (iki) gününə bərabər tutulmaqla, onun cəzasından 02 (iki) gün çıxılaraq üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. - Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 1(103)-375/2025 nömrəli, 21 yanvar 2025-ci il tarixli qərarına əsasən Məhkum Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 28 oktyabr 2024-cü il tarixli, 1(008)- ***/**** saylı hökmü məhkum tərəfindən verilmiş apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.
15. Məhkəmə kollegiyası ilk növbədə məhkumun Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddələri ilə tövsif edilmiş əmələ yenidən hüquqi qiymət verilməsi və həmin maddələrin onun barəsində tətbiqinin aradan qaldırılması barədə dəlillərinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə haqlı olaraq razılaşmışdır. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq göstərmişdir ki, Məhkum barəsində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 1(008)-423/2024 nömrəli, 28 oktyabr 2024-cü il tarixli hökmü apellyasiya qaydasında ləğv edilməmiş və ya dəyişdirilməmiş, qanuni qüvvəyə minmişdir. Bu səbəbdən həmin hökmlə müəyyən edilmiş hallar, o cümlədən Məhkum Azərbaycan Respublikası CM-nin 32.4,312.2-ci maddəsi ilə təqsirli bilinməsi və həmin əmələ verilmiş hüquqi qiymət hazırkı icraat üzrə preyudisial əhəmiyyət kəsb edir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 142.1-ci maddəsinə əsasən, cinayət təqibi üzrə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü cinayət təqibi üzrə icraatda həm müəyyən olunmuş hallara, həm də onların hüquqi qiymətinə görə məhkəmə üçün məcburidir. Buna görə də məhkumun təqsirliliyi və əməlin hüquqi tövsifi həmin hökm ləğv edilmədiyi və ya dəyişdirilmədiyi halda hazırkı icraat çərçivəsində yenidən mübahisələndirilə bilməz.
16. Bundan sonra məhkəmə kollegiyası məhkumun barəsində “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq edilməsi barədə tələbinə münasibətdə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi bu hissədə də haqlı olaraq birinci instansiya məhkəməsinin gəldiyi nəticənin iş materiallarına və qanunun tələblərinə uyğun olduğu qənaətinə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi düzgün olaraq nəzərə almışdır ki, Məhkum üzərində qəti olaraq 4 il 7 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzasının əvvəli 03 fevral 2024-cü il tarixdən hesablanmış, cəzasının sonu isə 01 oktyabr 2028-ci il tarixə müəyyən edilmişdir. “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın qüvvəyə mindiyi günə məhkumun çəkilməmiş cəzası isə 6 aydan artıq olmuşdur. Eyni zamanda, apellyasiya instansiyası məhkəməsi Qərarın 14-cü və 15-ci hissələrinin tələblərini də düzgün tətbiq etmişdir. Həmin müddəalara görə, cinayətlərin və ya hökmlərin məcmusu üzrə qəti cəzanın çəkilməmiş hissəsi nəzərə alınmalı, habelə məhkum edildiyi cinayətlərdən hər hansı biri üzrə amnistiyanın tətbiqi Qərarın müddəaları ilə məhdudlaşdırıldıqda, şəxsə amnistiya tətbiq edilməməlidir. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkumun barəsində amnistiya qərarının tətbiq edilməsi barədə dəlillərinə də düzgün hüquqi qiymət vermişdir. Iş materialları ilə müəyyən edilmiş hallar, o cümlədən məhkumun çəkilməmiş cəza müddətinin 6 aydan artıq olması “Konstitusiya və Suverenlik Ili” münasibətilə amnistiya elan edilməsi haqqında Qərarın ona tətbiq edilməsini istisna etmişdir.
17. Beləliklə, apellyasiya instansiyası məhkəməsinin yuxarıda təsviri verilən məsələlər üzrə gəldiyi nəticə şikayət müəllifinin dəlillərinin obyektiv araşdırmasına, müvafiq maddi və prosessual cinayət-hüquqi normaların düzgün təfsirinə əsaslandığından, kassasiya şikayətində göstərilənlər isə apellyasiya instansiyası məhkəməsinin nəticəsini təkzib etmədiyindən, eyni zamanda mübahisələndirilən qərarda onun ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMnin 416-cı maddəsində sadalanan əsaslardan hər hansı biri müəyyən edilmədiyindən, məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin yekun qənaətini şübhə altına almaq üçün əsas görmür.
18. Bu səbəbdən məhkəmə kollegiyası hesab edir ki, mübahisəsi edilən apellyasiya instansiyası məhkəməsinin qəbul etdiyi qərara münasibətdə kassasiya şikayətində irəli sürülən mahiyyətcə eyni dəlillər üzrə təkrar araşdırma aparılmadan həmin qərarın qanuni və əsaslı nəticələri ilə razılaşmaq və onların təsdiqi ilə kifayətlənmək mümkündür.
19. Odur ki, məhkəmə kollegiyası təsvir edilən əsaslara görə hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7(3-6)-542/2026 nömrəli, 18 may 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda şərh edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının 7(3-6)-542/2026 nömrəli, 18 may 2026-cı il tarixli qərarı kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın.