Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(1-8)-123/2026 14.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARI Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası – hakimlər Abdullayev Ilkin Qismət oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Qarayev Sənan Məmməd oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Hacıyeva Nuran Fəzli qızının iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq MÜƏYYƏN ETDI: Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı ilə (sədrlik edən hakim R.B.Alıyev) 26 avuqst 1982-ci il tarixdə Füzuli rayonu Əhmədbəyli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Füzuli rayonunun Əhmədbəyli kəndində qeydiyyatda olan, Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcələsi) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələri ilə ətqsirli bilinərək həmiin Məcəllənin 66.2-ci maddəsi tətbiq olunmaqla 4 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə hazırkı hökmilə Füzuli Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə təyin edilmiş cəza toplanılmaqla qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Salyan Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli qərarı ilə Abşeron Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə həmin Məcəllənin 177.2.2, 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən təyin olunmuş cəzası "Konstitusiya və Suverenlik ili" münasibəti ilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarının 3.1-ci bəndi tətbiq edilməklə 6 (altı) ay müddətinə azaldılmış Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarı ilə (hakimlər: P.V.Hacıyev (sədrlik edən), P.T.Əhmədov və C.R.Sultanovdan ibarət tərkibdə) məhkum Məhkum tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmiş, Salyan Rayon Məhkəməsinin ## ##### 2026-cı il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti vermişdir. KASSASIYA ŞIKAYƏTININ DƏLILLƏRI: Məhkum Məhkum kassasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr onun törətdiyi cinayətdə səmimi peşimançılığını və cəza çəkdiyi dövrdə yaxınlarının vəfat eməsini nəzərə almamış, əsassız olaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə əzirəsini təmin etməkdən imtina etmişlər. Məhkum Məhkum kassasiya şikayətində göstərilənlərə əsasən Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarının ləğv edilməsini, onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair ərizəsinin təmin edilməsini xahiş edir. HÜQUQI MƏSƏLƏLƏR: Kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxarkən həyata keçirdiyi hüquqi yoxlamanın hüdudlarını təsbit edən Cinayət-Prosessual Məcəlləsinin 419.1-ci maddəsinə əsasən “Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinə və ya kassasiya protestinə mahiyyəti üzrə baxaraq müraciətin dəlillərindən asılı olmayaraq yalnız hüquq məsələləri üzrə cinayət qanununun və bu Məcəllənin normalarının tətbiqinin düzgünlüyünü yoxlayır”. Kassasiya instansiyası məhkəməsinin həyata keçirdiyi hüquqi yoxlamanın nəticələri üzrə səlahiyyətləri Cinayət-Prosessual Məcəlləsinin 416-cı maddəsi ilə müəyyən edilir. Həmin maddədə nəzərdə tutulmuş əsaslardan ən azı biri müəyyən edildikdə kassasiya instansiyası məhkəməsi məhkəmə aktını kassasiya qaydasında ləğv etmək və ya dəyişdirmək səlahiyyətinə malikdir. Məhkum Məhkum kassasiya şikayətində cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən əsassız olaraq təmin edilmədiyini iddia etməklə faktiki olaraq məhkəmələrin həmin instituta dair hüquqi normaların tətbiqi üzrə mövqeyini mübahisələndirmişdir. Odur ki, məhkəmə kollegiyası məhkumun kassasiya şikayəti ilə əlaqədar Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarının qanuniliyini və əsaslılığını yoxlayıb, araşdırmanın nəticələri olaraq aşağıdakıları qeyd edir. Məhkumun kassasiya şikayətinin dəlilinə hüquqi qiymət verilməsi üçün, ilk növbədə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun hüquqi mahiyyətinin, onun tətbiqinin zəruri şərtlərinin və bu məsələ üzrə məhkəmənin qiymətləndirməli olduğu əsas meyarların müəyyən edilməsi tələb olunur. Belə ki, yalnız həmin meyarlar müəyyənləşdirildikdən sonra onların hazırkı işin halları ilə əlaqələndirilməsi yolu ilə apellyasiya instansiyası məhkəməsinin məhkumun cəzanın qalan hissəsini çəkməsinə lüzumun olması barədə nəticəsinin qanuni və əsaslı olub-olmaması müəyyən edilə bilər. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə cinayət törətmiş şəxsin cəzadan güzəşt qaydasında azad edilməsini nəzərdə tutan institut olmayıb, cəzanın məqsədlərinin onun icrası prosesində hansı səviyyədə həyata keçirildiyinin qiymətləndirilməsinə, cəzaların icrasının fərdiləşdirilməsi və humanizm prinsiplərinin təmin edilməsinə xidmət edən cinayət-hüquqi mexanizmdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi, habelə həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilir. Bu məqsədlərin həyata keçirilməsi cəzanın təyin edilməsi və icrası mərhələlərində fərqli məzmun daşıyır. Sosial ədalətin bərpası əsasən törədilmiş cinayətə uyğun ədalətli və proporsional cəzanın təyin edilməsi ilə, məhkumun islah edilməsi və yeni cinayətlərin qarşısının alınması isə bilavasitə cəzanın icrası prosesində əldə edilməyə çalışılır. Konstitusiya Məhkəməsi Plenumunun ## #### 2025-ci il tarixli qərarında da bu məsələyə dair müvafiq hüquqi mövqe ifadə edilmişdir. Bu baxımdan cəzanın icrası məhkəmə hökmü ilə müəyyən edilmiş müddətin mexaniki olaraq başa çatdırılmasından ibarət olmayıb, məhkumun şəxsiyyətinə və davranışına islahedici təsirin göstərilməsi və onun qanuna itaət edən davranış modelinin formalaşdırılması prosesidir. Buna görə də cəzanın icrası müddətində məhkumun davranışında baş verən dəyişikliklər onun islah olunma səviyyəsinin müəyyən edilməsində hüquqi əhəmiyyət kəsb edir. Məhkumun cəzaçəkmə rejiminə, əməyə və təhsilə, törətdiyi cinayətə münasibəti, intizam vəziyyəti və digər davranış göstəriciləri yalnız ayrı-ayrılıqda deyil, cəzaçəkmə müddəti ərzindəki ümumi davranış dinamikası və bu davranışda baş vermiş dəyişikliklərin davamlılığı baxımından qiymətləndirilməlidir. Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxs islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlindikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilə bilər. Həmin Məcəllənin 76.3cü maddəsində nəzərdə tutulmuş cəzanın qanunda müəyyən edilmiş hissəsinin faktiki çəkilməsi isə bu məsələyə baxılması üçün zəruri ilkin qanuni şərtdir. Lakin həmin müddətin çəkilməsi özlüyündə məhkumun islah olunduğunu və cəzanın qalan hissəsini çəkməsinə lüzum qalmadığını göstərmir. Beləliklə, cəzanın qanunda müəyyən edilmiş hissəsinin çəkilməsi ilə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinin maddi-hüquqi əsası eyniləşdirilə bilməz. Məhkəmə tərəfindən prinsipial olaraq iki məsələ müəyyən edilməlidir: məhkum cəzanın qanunda müəyyən edilmiş hissəsini çəkmişdirmi və məhkumun islah olunması üçün cəzanı tam çəkməsinə artıq lüzum varmı? Birinci məsələ institutun tətbiqinə baxılması üçün ilkin hüquqi şərtlə, ikinci məsələ isə onun tətbiq edilməli olub-olmadığını müəyyən edən əsas maddi-hüquqi meyarla bağlıdır. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin mühüm əsaslarından biri də cəzaların icrasının fərdiləşdirilməsi prinsipidir. Məhkumların cəzanın icrası prosesində davranışları və cəzanın islahedici təsirinə münasibəti eyni olmaya bilər. Buna görə də eyni müddətə azadlıqdan məhrum edilmiş şəxslərin cəzanın icrası nəticəsində eyni səviyyədə islah olunmaları əvvəlcədən qəbul edilə bilməz. Hər bir məhkumun cəzanın icrası prosesində şəxsiyyətində və davranışında baş vermiş dəyişikliklər, cəzanın islahedici təsirinin nəticələri və qanuna itaət edən davranış modelinin formalaşıb-formalaşmaması fərdi qaydada müəyyən edilməlidir. Bu baxımdan Cəzaların Icrası Məcəlləsinin 7-ci maddəsində təsbit edilmiş cəzaların icrasının fərdiləşdirilməsi prinsipi də nəzərə alınmaqla, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə hökm çıxarılarkən müəyyən edilmiş cəzanın icrası prosesində məhkumun fərdi xüsusiyyətlərinin və cəzanın islahedici təsirinin nəticələrinin nəzərə alınmasına imkan verən hüquqi mexanizm kimi çıxış edir. Institutun tətbiqi məhkumun “yaxşı davranışa görə mükafatlandırılması” kimi başa düşülməməli, onun müsbət davranışı cəzanın islahedici təsirinin nəticələrinin müəyyən edilməsinə xidmət edən faktiki göstərici kimi qiymətləndirilməlidir. Eyni zamanda, Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsində nəzərdə tutulan cəzaçəkmə müəssisəsinin mülahizəsi məhkəmə üçün hazır hüquqi nəticə yaratmır. Mülahizə məhkumun cəzaçəkmə müddətindəki davranışı barədə məlumatları əks etdirən sübutedici materiallardan biri olmaqla, məhkəmə onun məzmununda göstərilən halları məhkumun şəxsi işi və digər materiallarla birlikdə araşdırmalı və müstəqil hüquqi nəticəyə gəlməlidir. Buna görə mülahizənin müsbət olması məhkumun avtomatik olaraq islah olunduğu, mənfi olması isə avtomatik olaraq islah olunmadığı nəticəsini yaratmır. Beləliklə, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsində məhkəmənin araşdırmasının predmeti yalnız məhkumun cəzanın tələb olunan hissəsini çəkib-çəkməməsi ilə məhdudlaşmır. Məhkəmə cəzanın icrası prosesində məhkumun şəxsiyyətində və davranışında real, davamlı və sabit dəyişikliklərin formalaşıb-formalaşmadığını, həmin dəyişikliklərin onun islah olunmasını göstərib-göstərmədiyini müəyyən etməli və əldə olunan nəticəni cəzanın qalan hissəsinin çəkilməsinin zəruriliyi ilə əlaqələndirməlidir. Bu baxımdan cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun mahiyyəti məhkumun cəzadan erkən çıxarılmasında deyil, cəzanın məqsədləri ilə onun müddəti arasında hüquqi əlaqənin qorunmasında ifadə olunur. Cəzanın müddəti hökm çıxarılarkən müəyyən edilsə də, onun islahedici məqsədinə nail olunmasının yalnız həmin müddətin sonuna təsadüf edəcəyi əvvəlcədən müəyyən edilə bilməz. Bu məqsədə cəzanın icrası prosesində daha əvvəl də nail olunması mümkündür. Qanunvericilik də müəyyən şərtlər daxilində məhkəməyə cəzanın qalan hissəsinin məhkumun islah olunması üçün zəruri olub-olmadığını yenidən qiymətləndirmək imkanı verir. Göstərilən hüquqi mövqedən çıxış etməklə hazırkı iş üzrə müəyyən edilməli əsas məsələ Məhkum cəzanın qanunda nəzərdə tutulmuş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəzanın icrası müddətində onun şəxsiyyətində və davranışında baş vermiş dəyişikliklərin məhkumun islah olunduğu və islah olunması üçün cəzanı tam çəkməsinə artıq lüzum olmadığı qənaətinə gəlməyə əsas verib-verməməsindən ibarətdir. Bu məsələnin qiymətləndirilməsi zamanı məhkumun cəzaçəkmə müəssisəsindəki davranışı ayrı-ayrı faktlardan təcrid olunmuş şəkildə deyil, cəzaçəkmə müddəti ərzində formalaşmış ümumi davranış dinamikası, törətdiyi cinayətə, əməyə və cəzaçəkmə rejiminə münasibəti, intizam vəziyyəti və digər fərdi göstəriciləri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirilməlidir. Iş materiallarından görünür ki, Məhkum ## ###### 2022-ci il tarixdən cəza çəkir və cəzanın qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə imkan verən, qanunda nəzərdə tutulmuş müddəti faktiki çəkmişdir. Bununla belə, qeyd olunan hal yalnız cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsinə baxılması üçün qanuni şərtin mövcudluğunu göstərir. Buna görə də məhkəmə tərəfindən onun cəzaçəkmə müddətindəki davranışının xarakteri və cəzanın islahedici təsirinin nəticələri ayrıca araşdırılmalıdır. Bu baxımdan iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin * saylı cəzaçəkmə müəssisəsinin mülahizələrində əks olunmuş məlumatlar əhəmiyyətlidir. Həmin məlumatlara görə, məhkumun hüquq və vəzifələrinin, cəzaçəkmə qaydalarının izah edilməsi, hüquqi biliklərinin artırılması və tərbiyəvi təsir göstərilməsi istiqamətində müvafiq iş aparılmışdır. Buna baxmayaraq, ## ### 2025-ci il tarixdə məhkum yoldaşları ilə maddi marağa qumar oynadığına görə barəsində intizam tənbehi tətbiq edilmiş və 12 gün müddətinə cərimə təcridxanasına keçirilmişdir. Həmin intizam tənbehinin ## ###### 2026-cı il tarixdə vaxtından əvvəl götürülməsi məhkumun sonrakı davranışının qiymətləndirilməsi baxımından nəzərə alınmalı olsa da, tənbehin tətbiqi faktını aradan qaldırmır və bu hal cəzaçəkmə müddətində onun davranışının ümumi dinamikasının müəyyən edilməsində digər məlumatlarla birlikdə qiymətləndirilməlidir. Mülahizədə, həmçinin məhkumun əməyə münasibətinin mənfi xarakterizə olunduğu, təsərrüfat və məişət xidmətinə cəlb edilməsinə baxmayaraq, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi istiqamətində müsbət irəliləyişin olmadığı, əmək fəaliyyəti ilə məşğul olmaq istəyinin müşahidə edilmədiyi, müəssisə ərazisində aparılan abadlıq və quruculuq işlərində iştirak etmədiyi, özünü inkişaf etdirmək istiqamətində təşəbbüs göstərmədiyi qeyd edilmişdir. Məhkumun törətdiyi cinayətin xarakteri və nəticələri də onun həmin əməllərə və onların nəticələrinə cəzaçəkmə müddətində münasibətinin qiymətləndirilməsi baxımından nəzərə alına bilər. Bu halda cinayətin xarakteri və vurulmuş ziyanın məbləği cəzanın ağırlığını yenidən müəyyən edən meyar kimi deyil, məhkumun törətdiyi əməlin nəticələrinə münasibətinin, o cümlədən vurulmuş ziyanın aradan qaldırılması istiqamətində davranışının qiymətləndirilməsi kontekstində əhəmiyyət kəsb edir. Iş materiallarında zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi istiqamətində cəzaçəkmə müddətində hər hansı real irəliləyişin olmadığı göstərilmişdir. Məhkumun törətdiyi əməllərin əmlak xarakterli olması və bir neçə şəxsin əmlak mənafelərinə zərər vurması nəzərə alındıqda, bu hal onun törətdiyi cinayətlərin nəticələrinə münasibətini xarakterizə edən göstəricilərdən biri kimi qiymətləndirilə bilər. Məhkumun törətdiyi cinayətə görə peşman olduğunu bildirməsi onun xeyrinə olan hal kimi nəzərə alınsa da, bu halın real məzmunu onun cəzaçəkmə müddətindəki faktiki davranışı, törətdiyi əməllərin nəticələrinin aradan qaldırılması istiqamətində göstərdiyi səylər və sonrakı davranışında müşahidə olunan dəyişikliklərlə birlikdə qiymətləndirilməlidir. Məhkumun ailə vəziyyəti, himayəsində üç azyaşlı övladının olması, onlardan ikisinin əlilliyi ilə bağlı məlumatlar da kollegiya tərəfindən nəzərə alınmalıdır. Lakin həmin hallar humanizm və cəzanın icrasının fərdiləşdirmə prinsipləri baxımından qiymətləndirilməli olsa da, öz-özlüyündə məhkumun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmadığını göstərən hallar hesab edilə bilməz. Çünki cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunun tətbiqi zamanı məhkəmənin araşdırmasının əsas predmeti məhkumun ailə vəziyyətinin ağırlığı deyil, cəzanın icrası nəticəsində onun şəxsiyyətində və davranışında islah olunmasını göstərən real və davamlı dəyişikliklərin formalaşıb-formalaşmamasıdır. Bununla yanaşı, cəzaçəkmə müəssisəsinin 2025-ci il üzrə illik xasiyyətnaməsində məhkumun mənfi xarakterizə edilməsi, habelə Ədliyyə Nazirliyinin Komissiyasının onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi məsələsinə dair 11 və ** saylı protokollarında mənfi rəy verilməsi də iş materiallarında əks olunan məlumatlardandır. Komissiyanın rəyi məhkəmə üçün məcburi hüquqi nəticə yaratmasa da, onun əsasını təşkil edən faktiki halların məhkumun şəxsi işi və digər materiallarla müqayisəli şəkildə qiymətləndirilməsi zəruridir. Bu baxımdan həlledici əhəmiyyət Komissiyanın və ya cəzaçəkmə müəssisəsinin mövqeyinə deyil, həmin mövqelərin əsasını təşkil edən faktların məcmusuna verilməlidir. Həmin hallar birlikdə qiymətləndirildikdə, Məhkum cəzaçəkmə müddətində şəxsiyyətində və davranışında cəzanın islahedici təsirinin nəticəsi kimi qiymətləndirilə biləcək, davamlı və sabit xarakter daşıyan, habelə onun qanuna itaət edən davranış modelinin formalaşdığını göstərən kifayət qədər müsbət dəyişikliklərin olmadığı müəyyən edilir. Beləliklə, iş materiallarının məcmu qiymətləndirilməsi məhkumun cəzanın qalan hissəsini çəkməsinin onun islah olunması baxımından artıq zəruri olmadığı qənaətinə gəlməyə əsas vermir. Məhkumun cəzanın qanunda nəzərdə tutulmuş hissəsini faktiki olaraq çəkməsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə məsələsinə baxılması üçün zəruri şərti təmin etsə də, Cinayət Məcəlləsinin 76.1-ci maddəsində nəzərdə tutulan əsas maddi-hüquqi meyarın — onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum qalmamasının — mövcudluğunu təsdiq etmir. Bu səbəbdən birinci instansiya məhkəməsinin Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə müraciətini təmin etməməsi barədə gəldiyi nəticə Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin tələblərinə uyğundur. Apellyasiya instansiyası məhkəməsi də birinci instansiya məhkəməsinin müəyyən etdiyi halları və həmin hallara verdiyi hüquqi qiyməti araşdıraraq onun gəldiyi nəticə ilə razılaşmış və qərarı dəyişdirmədən qüvvədə saxlamışdır. Kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsinə əsas verə biləcək hər hansı yeni hüquqi və ya faktiki dəlil də irəli sürülməmişdir. Buna görə də məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin qərarının qanuniliyini və əsaslılığını şübhə altına almaq üçün əsas görmür. Şərh olunan hüquqi mövqelər, cinayət işinin materialları və kassasiya baxışının hüdudları nəzərə alındıqda məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni, əsaslı və işin hallarına uyğundur. Həmin qərar qəbul edilərkən Cinayət-Prosessual Məcəlləsinin 416.1-ci maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcudluğu müəyyən edilmədiyindən, onun kassasiya qaydasında ləğv və ya dəyişdirilməsi üçün hüquqi əsas yoxdur. Odur ki, məhkəmə kollegiyası şərh olunan əsaslara görə məhkumun kassasiya şikayətinin təmin edilməməsi, onun barəsində Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## ### 2026-cı il tarixli qərarının isə dəyişdirilmədən saxlanılması qənaətinə gəlir. Yuxarıda göstərilənləri rəhbər tutaraq və Cinayət-Prosessual Məcəlləsinin 419.10.1-ci maddəsinə əsasən məhkəmə kollegiyası QƏRARA ALDI: Məhkum Məhkum kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının Məhkum barəsində olan ## ### 2026-cı il tarixli qərarı kassasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №7(1-8)-123/2026
Ali Məhkəmə Qərar — İş №7(1-8)-123/2026
14.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver