Məhkəmə qərarları › İş №7(1-8)-141/2026

Ali Məhkəmə Qərar — İş №7(1-8)-141/2026

20.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(1-8)-141/2026 20.08.2026 ALI MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyası, hakimlər Cəfərov Vidadi Cəfər oğlu (sədrlik edən və məruzəçi), Rəcəbov Ilkin Əbülfəz oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Allahverdili Nuranə Həmzə qızının iştirakı ilə, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə mahiyyəti üzrə baxaraq, aşağıdakı qərarı qəbul etdi. I. Işin halları:

1. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (sədrlik edən hakim: Xəzri Ramilə Həşim qızı) ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarı ilə məhkum Məhkum ona təyin edilmiş cəzasının çəkilməmiş qalan hissəsindən cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasına dair ərizəsinin təmin edilməməsi qərara alınmışdır.

3. Qərardan məhkum Məhkum apelyasiya şikayəti verərək, ərizəsinin təmin edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının (hakimlər: Hüseynov Telman Qulaməli oğlunun sədrliyi və məruzəsi ilə, Hüseynov Elməddin Mirpaşa oğlu və Nuriyev Elnur Aləm oğlundan ibarət məhkəmə tərkibində) ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı ilə apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.

5. Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)- ***/**** nömrəli qərarından məhkum Məhkum tərəfindən kassasiya şikayəti verilmişdir.

II. Kassasiya şikayətinin dəlilləri və etirazlar:

6. Kassasiya şikayətinin dəlilləri qismində hərbi xidmətdə olduğu müddətdə yaralanaraq sağlamlığının 3/1 hissəsini, həmçinin görmə qabiliyyətini itirməsi, açıq ürək əməliyyatına məruz qalqalmasına baxmayaraq məhkəmələr tərəfindən nəzərə alınmaması qeyd edilərək, apellyasiya instansiya məhkəməsinin barəsində olan qərarının ləğv edilməsini və cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

7. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

8. Qərardan kassasiya protesti verilməmişdir.

III.Hüquqi məsələlər:

9. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya instansiyası məhkəməsinin kassasiya müraciətlərinə baxılması üzrə səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – “Azərbaycan Respublikası CPM”) 419cu maddəsi müəyyən edir. Kassasiya instansiyası məhkəməsində məhkəmə baxışının predmetini qanuni qüvvəyə minmiş məhkəmə aktları təşkil etdiyindən, bu instansiyada işin halları araşdırılmır, yeni sübutlar təqdim edilmir və mövcud sübutlara hüquqi qiymət verilmir. Kassasiya qaydasında hökm və ya qərarın qanuniliyi, başqa sözlə birinci və ya apellyasiya instansiyası məhkəmələrində işə baxılarkən və mübahisə edilən hökm və ya qərar qəbul edilərkən maddi və ya prosessual normalara, yəni Cinayət və Cinayət- Prosessual Məcəllələrinin normalarının tələblərinə əməl edilib-edilməməsi yoxlanılır. 10.

11. Belə yoxlamanın nəticəsində apellyasiya instansiyası məhkəməsinin qərarlarının ləğv edilməsi və dəyişdirilməsi üzrə kassasiya məhkəməsinin səlahiyyətlərinin hüdudlarını Azərbaycan Respublikası CPM-in 416-cı maddəsi müəyyən edir. Məhz həmin maddədə təsbit edilən əsaslar (ən azından həmin əsaslardan biri) olduqda, apellyasiya instansiyası məhkəməsinin qərarı kassasiya qaydasında ləğv və yaxud dəyişdirilə bilər.

12. Məhkum Məhkum kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qərarının kassasiya qaydasında ləğv edilməsini (dəyişdirilməsini) şərtləndirən Azərbaycan Respublikası CPM-in 416-cı maddəsinə istinad etməyib, bu maddənin təsbit etdiyi əsaslardan hər hansı birini konkretliklə göstərmədən ona təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsinə münasibətdə şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair məsələləri tənzimləyən hüquqi normaların tətbiqi üzrə məhkəmələrin mövqeyini mübahisələndirmiş, apellyasiya instansiyası məhkəməsinin qərarının ləğv edilməsi və ərizəsinin təmin edilməsi barədə tələb irəli sürmüşdür.

13. Məhkəmə kollegiyası məhkum Məhkum apellyasiya instansiyası məhkəməsinin qərarını kassasiya instansiyası məhkəməsində mübahisələndirərkən bu cür qərarların kassasiya qaydasında ləğv edilməsi (dəyişdirilməsi) əsaslarına konkretliklə müraciət etməməsini onun mövqeyinin kifayət qədər əsaslandırılmadığını göstərən hal kimi qiymətləndirərək, həmin şikayətlə əlaqədar həmçinin aşağıdakıları qeyd edir.

14. Iş materiallarından müəyyən edilir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin ##.##.2021-ci il tarixli hökmü ilə Məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 150.2.5 və 150.2.3-cü maddələri ilə təqsirli bilinərək 6 il müddətə zadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ##.##.2020-ci il tarixdən ##.##.2021-ci il tarixədək həbsdə olduğu 7 ay müddət ona təyin edilmiş cəza müddətindən çıxılaraq qəti olaraq 5 il 5 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.

15. Məhkum Məhkum cəzasının əvvəli ##.#.2021-ci il tarixi, cəzasının sonu isə ##.##.2027-ci il tarixində bitir.

16. Azərbaycan Respublikasə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı cəzaçəkmə müəssisəsinin məhkumun barəsində məhkəməyə təqdim etdiyi mülahizədən göründüyü kimi, məhkum Məhkum * saylı cəzaçəkmə müəssisəsinə Penitensiar xidmətin Bakı Istintaq Təcridxanasından ##.##.2021-ci il tarixdə qəbul edilmişdir. Müəssisəyə gələn gündən ona hüquq və vəzifələri izah edilmiş, rejim qaydaları barədə ətraflı məlumatlar verilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyələr çatdırılmışdır. Aparılan fərdi tərbiyəvi söhbətlərdən düzgün nəticə çıxarır. Törətdiyi cinayəti etiraf edir, əməyə və təhsilə münasibəti qənaətbəxşdir. Dəstədə keçirilən mədəni-kütləvi tədbirlərdə iştirak edir. Məhkum yoldaşları ilə səmimi münasibət qura bilmiş, xasiyyətcə sakitdir, asudə vaxtını səmərəli təşkil etməyi bacarır. Ailəsi, yaxın qohumları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır, cəza çəkdiyi müddət ərzində barəsində həvəsləndirmə tədbiri tətbiq edilməmişdir. Ədliyyə Nazirliyinin Xüsusi Komissiyası tərəfindən məhkum Məhkum şəxsi işi öyrənilmiş və barəsində mənfi rəy verilməsi məqsədəmüvafiq hesab edilmişdir.

17. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası CM-in 76.1-ci maddəsinə görə məhkəmənin bu normada göstərilən, o cümlədən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmaması barədə qənaətə gəlməsi sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini mümkün edən əsas kimi çıxış etməlidir.

18. Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Mülahizə ilə birlikdə məhkəməyə məhkumun şəxsi işi də göndərilir.

19. Qeyd edilən normanın tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu da “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” ## ####### 2010-cu il tarixli Qərarında məhkəmələrə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmə barədə müraciətlərə baxarkən şəxs tərəfindən cəzanın tam olaraq çəkilməsinə zərurətin olub-olmaması məsələsi üzrə qənaətlərini yalnız cəzanı icra edən müəssisənin və ya orqanın mülahizəsi əsasında deyil, məhkumun cəzaçəkmə müddətində göstərdiyi davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti haqqında məlumatları əks etdirən digər materiallar, o cümlədən şəxsi işdə olan sənədlər əsasında formalaşdırmağı tövsiyə etmişdir.

20. Hazırki kassasiya şikayəti ilə mübahisələndirilən apellyasiya instansiyası məhkəməsinin qərarından görünür ki, məhkəmə istinad edilən qanunvericilik normalarını və məhkəmə təcrübəsinin təkmilləşməsinə yönəlmiş tövsiyələri rəhbər tutmaqla, məhkumun törətdiyi cinayətə münasibətini, həmin cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də məhkumun islah olunması və azad cəmiyyətdə yaşamağa hazır olması qənaətinə gəlməyə əminlik olmadığını nəzərə alaraq hesab etmişdir ki, məhkumun yalnız ona təyin edilən cəzanın qanunla müəyyən edilən hissəsini çəkməsi ona cəzanın çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiq edilməsi üçün əsas ola bilməz. Əks təqdirdə bu şərt ödənildiyi halda, yəni ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsinin çəkilməsi cəzadan vaxtından əvvəl azad olunması üçün yetərli hesab olunmaqla, qanunverici tərəfindən bir qayda olaraq məhkəmələrin üzərinə vəzifə kimi qoyulardı.

21. Bundan başqa apellyasiya məhkəmə kollegiyası qeyd etmişdir ki, məhkumun ictimai və mədəni tədbirlərdə iştirak etməsi, əmək fəaliyyəti ilə məşğul olması qeyd edilsə də, hansı ictimai və mədəni tədbirlərdə iştirak etməsi və əmək fəaliyyətinin nədən ibarət olması göstərilməmiş, hətta cəzaçəkmə müəssisəsinin özü belə məhkumun cəzadan vaxtından əvvəl şərti olaraq azad edilməsini məqsədəmüvafiq hesab etməmişdir.

22. Qanunvericiliyin tələblərinə əsasən məhkumun şərti olaraq cəzadan vaxtından əvvəl azad edilməsi onun islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı halda mümkündür ki, hazırkı halda məhkumun şəxsi iş materiallarından, həmçinin iş üzrə digər sənədlərdən onun islah olunması və cəzanı çəkməsinə lüzum olmaması qənaətinə gəlmək mümkün deyil. Məhkəmə kollegiyası hesab etmişdir ki, Məhkum qanuna itaət, insana, cəmiyyətə, əməyə, birgəyaşayış qaydalarına hörmət və ehtiram hissi tam şəkildə formalaşmamış və belə olan halda cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi, ona cəmiyyətlə, müxtəlif insanlarla daha sıx və sərbəst təmasda olması üçün şərait yaradılması mümkünsüzdür.

23. Təsvir edilənlərə əsaslanaraq apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzaçəkmə müddəti ərzində davranışının ümumilikdə götürülməklə onun cəzanın qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmasını əsaslı olaraq mümkün hesab etməmişdir.

24. Kassasiya məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi məhkum Məhkum barəsində şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin ## ### 2026-cı il tarixli, *(*-**)-***/**** nömrəli qərarının dəyişdirilmədən qüvvəsində saxlanılmasına dair düzgün hüquqi nəticəyə gəlmişdir.

25. Məhkum tərəfindən kassasiya şikayətinin dəlilləri qismində sadalanan nəzərə alınması xahiş edilən hallara münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməməsinə dair birinci instansiya və apellyasiya instansiya məhkəmələrinin qərarı ilə ərizəsi rədd edilərkən qeyd edilən hallar nəzərə alınmışdır.

26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən materiala məhkəmə baxışı mərhələsində cinayət və cinayət-prosessual qanunvericiliyin, məhkum Məhkum müdafiə və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulması halları müəyyən edilməmişdir. Apellyasiya məhkəməsi cəzanın ədalətliliyi prinsipini və cəzanın məqsədlərini əsas götürərək hesab etmişdir ki, məhkum Məhkum barəsində təyin edilmiş cəzanın çəkilməmiş qalan hissəsindən onun şərti olaraq vaxtından əvvəl azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni və əsaslı hesab edilməlidir.

27. Göstərilənlərə əsasən kassasiya şikayətinin dəlilləri əsassız olduğundan və Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün Azərbaycan Respublikası CPMin 416-cı maddəsində nəzərdə tutulmuş əsaslara uyğun hallar müəyyən edilmədiyindən kassasiya şikayəti təmin edilmədən, qərar dəyişdirilmədən saxlanmalıdır.

28. Yuxarıda qeyd edilənlərə əsaslanaraq və Azərbaycan Respublikası CPM-nin 419.10.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDI: Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin rədd edilməsinə dair material üzrə Bakı Apellyasiya Məhkəməsinin Cinayət kollegiyasının ## #### 2026-cı il tarixli, *(*-*)-***/**** nömrəli qərarı məhkum Məhkum tərəfindən verilmiş kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Kassasiya şikayəti təmin edilməsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar