Məhkəmə qərarları › İş №7(3-1)-6/2026

Naxçıvan MR Ali Məhkəməsi Qərar — İş №7(3-1)-6/2026

20.07.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 7(3-1)-6/2026 20.07.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Məhkum Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair iş üzrə Məhkum Məhkum müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayəti Açar sözlər: Yol hərəkəti qaydalarının pozulması nəticəsində şəxsin ölümünə səbəb olmasına görə 5 il 1 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, amnistiya aktı tətbiq edilərək cəzası 6 ay azaldılmış, subay, kişi məhkum, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilmə barədə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən ərizəsi təmin edilməmiş, apellyasiya icraatında qərar dəyişdirilmədən saxlanılmış Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), X6 və Əliyev Zamiq Xudaverdi oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin böyük prokuroru Prokuror, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 Müəssisəsinin nümayəndəsi X1, məhkum Məhkum və onun müdafiəçisi Şərur rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, Məhkum məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə dair iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından iş üzrə məhkumun müdafiəçisi Müdafiəçi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları

1. Məhkum Məhkum ## #### 2001-ci il tarixdə Şərur rayon, Dəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunanadək Sədərək rayon, Dəmirçi kəndində qeydiyyatda olmaqla yaşamış, Naxçıvan MR Hərbi Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək, 2 il 6 ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 4 il 8 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmiş, Naxçıvan MR Ali Məhkəməsi Cinayət Kollegiyasının ## #### 2024-cü il tarixli qərarı ilə hökm əsas cəzaya dair hissədə dəyişdirilərək 5 il 1 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmış, Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilərək cəzası 6 ay azaldılmışdır. II. Birinci instansiya məhkəməsində icraat

2. Məhkum Məhkum və onun müdafiəçisi Kəngərli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.

3. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.İbrahimov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi barədə ərizəsi rədd edilmişdir.

4. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək Kəngərli Rayon Məhkəməsinin ##.##.2026-cı il tarixli *(*-**)-**/**** saylı qərarının ləğv edilməsini və ərizənin təmin edilərək məhkum Məhkum ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri

5. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkum Məhkum məhkum olunduğu maddə ilə nəzərdə tutulmuş cinayət hadisəsini qəsdən törətməmiş, o keçmiş hərbi qulluqçu olmaqla vətənin azadlığı uğrunda keçirilmiş anti-terror əməliyyatlarının iştirakçısı olmuş, məhz bu səbəbdən də 2025-ci ilin dekabr ayında qəbul edilmiş aministiya aktı ona da şamil edilmiş və cəzasının çəkilməmiş hissəsi 6 ay azaldılmışdır. Lakin bütün bunlara baxmayaraq o qanunvericiliyin yaratdığı imkanlardan istifadə edə bilmir. Çünki, baş vermiş hadisə ilə əlaqədar zərərçəkmiş tərəfin müxtəlif qurumlara ünvanladığı şikayət ərizələri Məhkum qanunvericilikdə nəzərdə tutulmuş hüquqlardan istifadə etməsinə maneə törəkməkdədir. Hansı ki, hazırkı iş üzrə Kəngərli Rayon Məhkəməsində keçirilən məhkəmə iclası zamanı cəzaçəkmə müəssisəsinin əməkdaşı mülahizəsini bilavasitə zərərçəkmiş şəxsin şikayəti əsasında qurmuş, məhkum Məhkum ərizəsinin təmin və ya rədd edilməli olmasına münasibət bildirməmiş, bu əsasla iş üzrə məhkəmə iclasında iştirak edən prokuror da ərizənin təmin edilməsinə etiraz etmişdir. Halbuki, məhkəmə iclası zamanı məhkum Məhkum barəsində amnistiya aktının tətbiqinə dair cəzaçəkmə müəssisəsinin vermiş olduğu mülahizə ilə hazırkı iş üzrə verilmiş mülahizə müqayisəli şəkildə təhlil edilərkən hər iki mülahizə arasında kəskin ziddiyyətin olduğu müəyyən edilmişdir. Ötən bu 6 ay müddətində isə məhkum Məhkum müəssisədə cəzaçəkmə qaydalarına riayət etmiş, hər hansı tənbeh və cəza almamışdır. Belə olan halda isə Kəngərli Rayon Məhkəməsinin onun barəsində olan ərizənin təmin edilməməsi ilə bağlı mövqeyi onlar tərəfindən qanuni və ədalətli hesab edilmir. Həmçinin, bu hal cəzaçəkmə müəssisəsində cəza çəkən digər məhkumların da islah olunması və cəzadan azad edilməsi ilə bağlı qanunvericiliyin yaratdığı imkanlardan istifadə etmələri barədə düşüncələrində sual yaradır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

7. Məhkum Məhkum müdafiəçisi Müdafiəçi apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək Məhkum cəzaçəkmə müəssisəsində özünü intizamlı apardığını, istehsalata cəlb edildiyini, intizamsız məhkumun istehsalata cəlb edilməsinin ağlabatan olmadığını, çünki intizamsız məhkumun həmin istehsalatda olan əşyalarla cinayət törətmə ehtimalının olduğunu, bununda cəzaçəkmə müəssisəsi tərəfindən nəzərə alındığını, Məhkum istehsalata cəlb edildiyi üçün cəzaçəkmə müəssisəsi tərəfindən ona etimad göstərildiyi qənaətinə gəlindiyini, zərərçəkmiş tərəfin şikayətinin olması səbəbindən ərizənin təmin edilməsindən imtina edilməsinin absurd məsələ olduğunu düşündüklərini, Məhkum zərərçəkmiş tərəflə barışıq əldə edilməsi üçün səy göstərdiyini, zərərçəkmiş tərəfin şikayətinin olmasının Məhkum ömrünün sonuna kimi cəza çəkməli və cəzaçəkmə müəssisəsində cəza çəkməli olduğunun demək olmadığını bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında Məhkum intizamlı məhkum olduğunu, cəza çəkdiyi müddətdə barəsində hər hansı tənbeh tədbirinin tətbiq edilmədiyini, əməyə cəlb olunduğunu, istehsalatda işlədiyini bildirdi.

8. Məhkum Məhkum istehsalat sahəsində mebel düzəltməklə məşğul olduğunu, 1 il yarımdır işlədiyini, onu istehsalatda işləməyə göndərməyini rəisdən xahiş etdiyini bildirərək məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsini xahiş etmişdir. Suallara cavabında 1 il 6 ay ərzində stol, stul, şkaf, yataq kimi əşyalar hazırladığını, materialı alaraq düzəltdiklərini, ya atasının ya da cəzaçəkmə müəssisəsinin nümayəndəsinin satdığını, atası götürüb satırsa, pulu atasının ödədiyini, cəzaçəkmə müəssisəsinin nümayəndəsi satdıqda isə nümayəndənin onların adına olan hesaba ödədiyini, Dəmirçi kəndində yaşadıqlarını, zərərçəkmiş şəxsin hüquqi varisinin də Dəmirçi kəndində yaşadığını və onlarla aralarında təxminən 3 km məsafə olduğunu, vəfat etmiş zərərçəkmiş şəxsin ailəsi ilə barışıq əldə olunmadığını, zərərçəkmiş şəxsin ailəsi ilə hadisədən əvvəl ədavətlərinin olmadığını, hadisədən sonra münasibətlərinin korlandığını bildirdi.

9. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 Müəssisəsinin nümayəndəsi X1 təqdim etdikləri mülahizəyə uyğun çıxış edərək məhkumun məntəqə tipli cəzaçəkmə müəsissəsinə keçirilməsinin məqsədəmüvafiq olmadığı qənaətinə gəldiklərini bildirdi. Suallara cavabında cəzaçəkmə müəssisəsində dövlətdən əmək haqqı alaraq işləyən işçilərin olduğunu, həmin məhkumlara “əməyə cəlb olunub” yazıldığını, lakin istehsalatda işləyən məhkumların isə əməyə cəlb olunmuş hesab olunmadığını, çünki məhkumun özü üçün fərdi olaraq pul qazandığı yer olduğunu, dövlət hesabına işləyənlərin əməyə cəlb olunmuş hesab edildiyini, istehsalatda işləyən məhkumların orada işləməsinin rəsmiləşdirilmədiyini, istehsalat sahəsinə baxan şəxsin qeydiyyat kitabının olduğunu, həmin kitabda məhkumun düzəltdiyi əşyaların, adına nə qədər pulun daxil olması kimi halların qeyd olunduğunu, Məhkum təşəkkür elan edilmədiyini, məhkumlar arasında özünü yaxşı aparan, tədbirlərdə fəal iştirak edən məhkumlara təşəkkür verildiyini, Məhkum heç bir idman yarışında iştirak etmədiyini, onun digər məhkumlara münasibətdə də qapalı olduğunu, barəsində hər hansı tənbeh tədbirinin də tətbiq edilmədiyini, Məhkum əməlindən səmimi peşman olmamasını şəxsi müşahidələri əsasında müəyyən etdiklərini bildirdi.

10. Dövlət ittihamıçısı Prokuror çıxışında Məhkum şəxsi işində göstərilən arqumentlərin fakt kimi qəbul edilərək onun illik əməyə cəlb edilməməsini, özünü məhkum yoldaşları arasında və cəzaçəkmə müəssisəsində qeyri-səmimi aparmasını, xasiyyətcə qapalı olmasının onu mənfi xarakterizə edən hallar qismində nəzərə alınmasını bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəməyə təklif etmişdir.

11. İşə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X5 Müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş ## #### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Məhkum X5 Müəssisəsinə İstintaq Təcridxanasından ## #### 2024-cü il tarixdə qəbul olunmuş və təyin edilmiş cəza müddətinin üçdə bir hissəsindən çoxunu çəkmiş, Məhkum müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş, törətdiyi cinayət əməlinə münasibəti öyrənilərək, həmin cinayətin xarakterinə uyğun tərbiyə işi aparılmış, dəstədə yataq yeri ilə təmin olunmuş, zərərçəkmiş şəxsin hüquqi varisi Quliyev Bədir İsmayıl oğlunun Azərbaycan Respublikası Ali Məhkəməsinə, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə və Azərbaycan Respublikası Prezident X3 üzrə Komissiyanın sədrinə ünvanladığı ərizəsində II Qarabağ Müharibəsinin könüllü iştirakçısı olan oğlu Quliyev Tofiqin qərəzli olaraq ölümünə səbəb olduğunu, törətdiyi əmələ görə peşmançılıq keçirməyən məhkum Məhkum qanun qarşısında cavab verməsini, cəzaçəkmə müəssisəsində və yaxud əfv komissiyası tərəfindən güzəştlərin olunmamasını xahiş etmişdir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi

1. Maddə 70.1. Ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum olunmuş şəxslər istisna olmaqla, davranışından və əməyə münasibətindən asılı olaraq məhkumlar cəzaçəkmə müəssisəsinin bir növündən digərinə keçirilə bilərlər.

2. Maddə 70.2.4. Müsbət xarakterizə edilən məhkumlar cəzanın qalan hissəsini çəkmək üçün cəzaçəkmə müəssisəsinin bir növündən digərinə az ağır və ya böyük ictimai təhlükə törətməyən cinayət törətmiş məhkumlar ümumi rejimli cəzaçəkmə müəssisələrindən - məntəqə tipli cəzaçəkmə müəssisələrinə - cəza müddətinin ən azı üçdə birini çəkdikdə keçirilə bilərlər. b) Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında # ####### 2010-cu il tarixli qərarı

3. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. (1-ci bəndin 2-ci abzası)

4. Bundan başqa, istənilən maddi və prosessual hüquq norması tətbiq olunarkən baxılan hər bir işin xarakteri, mahiyyəti, ictimai və fərdi maraqlara təsiri, qanuniliyi araşdırılmalıdır. (1-ci bəndin 3-cü abzası)

5. Məhkəmələr bu xarakterli işlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş hissəsini çəkib-çəkməməsi ilə yanaşı, cəza çəkdiyi müəssisənin mülahizəsini də nəzərə almaqla, məhkumun cəza çəkdiyi müəssisə tərəfindən müsbət xarakterizə olunubolunmamasına, konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasına, törətdiyi cinayətə münasibətinin təzahür formasına, məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsinə xüsusi diqqət yetirməlidirlər. Bu zaman məhkəmələr mülahizədə irəli sürülmüş dəlillərlə kifayətlənməməli, ümumi və şablon ifadələrə əsaslanmamalı, müraciətin tam, hərtərəfli və obyektiv yoxlanılması üçün bütün qanuni vasitələrdən istifadə etməlidirlər. (1-ci bəndin 4-cü abzası)

6. Məhkəmələr bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşmalıdırlar.... məhkumun vurulmuş ziyanı ödəməkdən qəsdən boyun qaçırması (məsələn, əmlakı gizlətməsi və s.), törətdiyi cinayətə münasibəti işin digər halları ilə birlikdə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməyə və ya cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz edilməsinə, məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsinə maneə ola bilər. (2-ci bənd) V. Məhkəmə kollegiyasının mövqeyi

7. Məhkəmə kollegiyası iş materiallarının, apellyasiya şikayətinin dəlillərinin, məhkumun fərdi işinin və cəzaçəkmə müəssisəsinin mülahizəsinin məcmusunu birinci instansiya məhkəməsinin hüquqi nəticələri prizmasından, eləcə də tətbiq edilən maddi və prosessual hüquq normaları çərçivəsində təhlil edərək aşağıdakı qənaətə gəlir.

8. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 70.2.4-cü maddəsində az ağır cinayət törətmiş məhkumların ümumi rejimli cəzaçəkmə müəssisəsindən məntəqə tipli cəzaçəkmə müəssisəsinə keçirilməsi üçün cəzanın azı üçdə bir hissəsini çəkməsi nəzərdə tutulsa da, həmin norma məhkumun qeyd şərtsiz başqa rejimli müəssisəyə keçirilməsini deyil, bunun üçün qanunla müəyyən edilmiş digər şərtlərin, xüsusilə də məhkumun davranışı, törətdiyi cinayətə və əməyə münasibəti, müsbət və ya mənfi xarakterizə olunması və islah yoluna qədəm qoyub-qoymaması və.s kimi şərtlərin yoxlanılmasını da tələb edir.

9. İş materiallarından görünür ki, məhkum Məhkum cəzasının qanunla nəzərdə tutulmuş hissəsini çəksə də, onun şəxsi işində və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizələrdə məhkumun islah olunmasını təsdiq edən kifayət qədər məlumatlar əks olunmamışdır. Məhkumun şəxsi işində onun əməyə münasibətinin orta olduğu, məhkumlar arasında özünü qeyri-səmimi apardığı, xasiyyətcə qapalı olduğu, nəticə etibarilə isə islah yoluna qədəm qoymadığı göstərilmiş, həmçinin cəza çəkdiyi bütün müddət ərzində onun barəsində hər hansı həvəsləndirmə tədbiri tətbiq edilməmişdir.

10. Kollegiya həmçinin nəzərə alır ki, məhkumun cəza çəkdiyi müddətdə intizam tənbehi almaması və müəssisədaxili qaydalara riayət etməsi hər bir məhkumun qanunla müəyyən edilmiş vəzifəsidir və bu hallar özlüyündə onun islah olunmasını və ya müsbət xarakterizə edilməsini təsdiq etmir.

11. Apellyasiya şikayətində zərərçəkmiş şəxsin hüquqi varisinin müxtəlif dövlət orqanlarına etdiyi şikayətlərin məhkəmənin mövqeyinə təsir göstərdiyi göstərilsədə, məhkəmə kollegiyası həmin dəlili əsaslı hesab etmir. Belə ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə yalnız zərərçəkmiş şəxsin müraciətlərinə deyil, məhkumun şəxsi işində olan məlumatlara, cəzaçəkmə müəssisəsinin mülahizəsinə və iş üzrə toplanmış digər materiallara əsaslanmışdır. Bununla yanaşı, iş materiallarından görünür ki, məhkum zərərçəkmiş şəxslə barışığa nail olmamış, zərərçəkmiş tərəf isə onun barəsində hər hansı güzəşt tətbiq edilməsinə etiraz edən mövqeyini davam etdirmişdir. Bu hal ayrıca götürüldükdə həlledici əsas olmasa da, məhkumun şəxsiyyətini, törətdiyi cinayətə münasibətini və islah olunma səviyyəsini qiymətləndirən digər hallarla birlikdə nəzərə alınmışdır.

12. Məhkəmə kollegiyası qeyd edir ki, məhkum barəsində amnistiya aktının tətbiq edilmiş olması da onun cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi üçün müstəqil hüquqi əsas yaratmır. Çünki amnistiya aktının tətbiqi qanunvericilikdə nəzərdə tutulmuş ayrıca hüquqi institut olmaqla, Cəzaların İcrası Məcəlləsinin 70-ci maddəsində müəyyən edilmiş meyarların mövcudluğunu əvəz etmir.

13. Beləliklə, iş üzrə müəyyən edilmiş hallar məhkumun hazırkı mərhələdə müsbət xarakterizə olunan və islah olunmuş məhkum kimi qiymətləndirilməsinə əsas vermir. Buna görə də birinci instansiya məhkəməsi ərizənin təmin edilməsindən imtina edərkən işin faktiki hallarını düzgün müəyyən etmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Apellyasiya şikayətinin dəlilləri həmin nəticəni təkzib edən yeni halları ortaya qoymadığından, şikayətin təmin edilməsi üçün əsaslar mövcud deyildir.

14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.

Sədrlik edən: Mehdi Əliyev Hakimlər: Səxavət Bəylərli, Zamiq Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar