Azərbaycan Respublikası adından Qərar Naxçıvan şəhəri İş № 7(3-1)-8/2026 04.08.2026 NAXÇIVAN MR ALI MƏHKƏMƏSI Məhkum Abdullayev İbrahim İbadulla oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair iş üzrə Məhkum Abdullayev İbrahim İbadulla oğlu tərəfindən verilmiş apellyasiya şikayəti Açar sözlər: CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzadan şərti olaraq azad etmə barədə ərizəsi birinci instansiya məhkəməsində rədd edilmiş, apellyasiya icraatında şikayət təmin edilməmiş Hakimlər Əliyev Mehdi Ədalət oğlu (sədrliyi və məruzəsi ilə), Mirzəyev İlqar Məhərrəm oğlu və Qurbanov Yusifəli Süleyman oğlundan ibarət tərkibdə, Seyidova Mehriban Mehdi qızının katibliyi, prokuror - Naxçıvan Muxtar Respublikası Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar şöbəsinin rəisi Qasımov İsfəndiyar Abutalıb oğlunun, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 Müəssisəsinin nümayəndəsi nümayəndə1, məhkum Abdullayev İbrahim İbadulla oğlu və onun müdafiəçisi Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 iştirakı ilə, Abdullayev İbrahim İbadulla oğlunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair iş üzrə Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarından iş üzrə məhkum Abdullayev İbrahim İbadulla oğlu tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ. İşin halları
1. Məhkum Abdullayev İbrahim İbadulla oğlu ## ###### 1988-ci ildə Babək rayon Nehrəm kəndində anadan olmuş, orta təhsilli, evli, Babək rayon Nehrəm qəsəbəsində qeydiyyatda olan Bakı Şəhər Sabunçu Rayon Məhkəməsinin ## ##### 2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 11 ay 26 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli ## ##### 2024-cü il tarixdən hesablanmış, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyənləşdirilmiş, Kəngərli Rayon Məhkəməsinin ## ###### 2026-cı il tarixli qərarı ilə barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin ##.##.2025-ci il tarixli Qərarı tətbiq edilərək cəzası 6 ay azaldılmışdır. II. Birinci instansiya məhkəməsində icraat
2. Məhkum Abdullayev İbrahim İbadulla oğlu Kəngərli Rayon Məhkəməsinə ərizə ilə müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad olunmasını xahiş etmişdir.
3. Kəngərli Rayon Məhkəməsinin (hakim İ.İbrahimov) ## #### 2026-cı il tarixli *(*-**)- **/**** nömrəli qərarı ilə məhkum Abdullayev İbrahim İbadulla oğlunun azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsi rədd edilmişdir.
4. Məhkum Abdullayev İbrahim İbadulla oğlu apellyasiya şikayəti ilə Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasına müraciət edərək cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. III. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, tərəflərin izahatları a) Apellyasiya şikayətinin dəlilləri
5. Məhkum Abdullayev İbrahim İbadulla oğlu apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cəzasının əksər hissəsini çəkmiş, artıq islah olunmuş, birinci qrup əlildir, əllərində yanıq xəsarətləri var, anası yaşlı və xəstədir, birinci instansiya məhkəməsinin qərarı şablon xarakter daşımış, qərarda göstərilmiş təzadlı fikirlərin onun cəzadan şərti azad olunması ilə əlaqəsi olmamışdır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
6. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
7. Məhkəmə iclasında məhkum Abdullayev İbrahim İbadulla oğlu apellyasiya şikayətinin məzmununa uyğun çıxış edərək ona cəza təyin edilən zaman da əlil olduğunu, lakin bu cinayəti əlil olmadan əvvəl törətdiyini, cəzaçəkmə müəssisəsində əziyyət çəkdiyini, yemək yeyə, paltarını geyinə bilmədiyini, məhkum yoldaşlarının kömək etdiklərini bildirərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında məhkum olunduğu cinayət işi üzrə üç nəfər zərərçəkmiş şəxsin olduğunu, onlara vurulmuş ziyanın ödənildiyini, heç bir şikayətlərinin olmadığını, zərərçəkmiş şəxsə televizor alıb verdiyini, 6000 manatın da digər təqsirləndirilən şəxsin ödədiyini, aliment borcuna görə əsəbiləşib özünü yandırdığı üçün əlil olduğunu, hökm çıxarkən eyni cinayət üzrə ödənilməmiş məhkumluğu olduğu üçün ona azadlıqdan məhrum etmə cəzasının təyin edildiyini, əməyə cəlb olunmadığını, əlinin birinin açılmadığını, birinin də bükülmədiyini, cəzaçəkmə müəssisəsində keçirilmiş bütün tədbirlərdə iştirak etdiyini bildirdi.
8. Məhkumun müdafiəçisi müdafiəçi1 Abdullayev İbrahim İbadulla oğlunun cəza çəkdiyi müddətdə heç bir pozuntuya yol vermədiyini, özünə çay süzmək istədiyi vaxt töküb özününü yandırdığını, məhkum yoldaşları ilə normal yola getdiyini, əməlindən peşmanlıq hissi keçirdiyini, eyni zamanda müəssisədaxili bütün tədbirlərdə iştirak etdiyini, İ.Abdullayev əlil olduğu üçün məhkum yoldaşlarının müəyyən işləri görməsi üçün ona köməklik etdiklərini, cəzaçəkmə müəssisəsinin də İ.Abdullayevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun hesab etdiyini bildirərək İ.Abdullayevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Suallara cavabında bildirdi.
9. Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 müəssisəsinin nümayəndəsi nümayəndə1 Abdullayev İbrahim İbadulla oğlunun cəzaçəkmə müəssisəsinə gəldiyi gündən bütün qayda-qanunlara düzgün riayət etdiyini, problem çıxaran məhkumlara düzgün yol göstərdiyini, bacardığı qədər məhkumlarla səmimi olduğunu, bütün tərbiyəvi tədbirlərdə fəal iştirak etdiyini, İ.Abdullayevin birinci qrup əlil olduğu üçün məhkumlar tərəfindən köməklik edildiyini, aparılan söhbətlər zamanı onun əməlindən səmimi peşmançılıq hissi keçirdiyi nəzərə alınaraq İ.Abdullayevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun hesab etdiklərini bildirərək İ.Abdullayevin ərizəsinin təmin edilməsini xahiş etmişdir. Suallara cavabında İ.Abdullayevə həvəsləndirici tədbirlər tətbiq edilmədiyini, mükafat verilmədiyini bildirdi.
10. Prokuror Qasımov İsfəndiyar Abutalıb oğlu çıxışında törədilmiş əməl nəticəsində beş nəfərə ümumilikdə 13944 manat maddi ziyanın vurulduğu, mövcud sənədlərdə ziyanın bir qisminin ödənildiyi qeyd olunsa da, hansı zərərçəkmişlərə, hansı məbləğdə ödənildiyini müəyyən etməyin mümkün olmadığını, həmçinin birinci instansiya məhkəməsində müəssisənin məhkum barəsində verdiyi mülahizədə onun müsbət xarakterizə olunmasına dair hər hansı nəticəyə gəlinmədiyini, həm birinci instansiya məhkəməsində, həm də hazırkı baxılan məhkəmədə onun islah olunmasına dair əsaslı sübutların təqdim edilmədiyini, eyni zamanda cəza çəkdiyi müddətdə məhkum barəsində hər hansı həvəsləndirmə tədbirinin də tətbiq edilmədiyini, şəxsin bir neçə cinayət əməlini törətməsində və ya eyni əməli bir neçə dəfə törətməsində təqsirləndirilməsinin artıq həmin şəxsin şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyini bildirərək apellyasiya şikayətinin təmin edilməməsini təklif etmişdir.
11. İşə əlavə edilmiş Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin X1 Müəssisəsinin rəhbərliyi tərəfindən verilmiş ## ###### 2026-cı il tarixli mülahizədən görünür ki, məhkum Abdullayev İbrahim İbadulla oğlunun şəxsi işindən göründüyü kimi, o, X1 Müəssisəsinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar xidmətin * saylı Cəzaçəkmə Müəssisəsindən ## #### 2025-ci il tarixdə qəbul olunmuş, təyin edilmiş cəza müddətinin dörddə üç hissəsindən çoxunu çəkmiş, məhkum Abdullayev İbrahim İbadulla oğlu müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, müəssisənin daxili intizam qaydaları izah edilmiş törətdiyi cinayət əməlinə münasibəti öyrənilərək həmin cinayətin xarakterinə uyğun tərbiyə işi aparılmış, dəstədə yataq yeri ilə təmin olunmuş, məhkum müəssisədə cəza çəkdiyi müddət ərzində onunla tərbiyəvi və profilaktik söhbətlər aparılmış, özünü məhkumlar arasında yaxşı aparır. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə mütəmadi olaraq əlaqə saxlayır. Məhkum ilə aparılan tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlindən peşmançılıq hissi keçirdiyini, 3 azyaşlı övladının olmasını, iş qabiliyyətini itirməsini, İ qrup əlil olmasının nəzərə alınmasını xahiş edir. Müəssisə nəticədə məhkum İ.Abdullayevin İ qrup əlil olduğu üçün məhkumlar tərəfindən köməklik edildiyini, islah olunduğunu və səmimi peşmançılıq hissi keçirdiyini nəzərə alaraq onun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədə uyğun hesab edir. IV. Tətbiq edilən hüquq normaları və istinad edilən plenum qərarları a) Azərbaycan Respublikasının Cinayət Məcəlləsi
1. Maddə 76.1. Məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər.
2. Maddə 76.3.1. Məhkum böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını çəkdikdən sonra cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə tətbiq edilə bilər. b) Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi
3. Maddə 170.2. Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. c) Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyi
4. Bu xarakterli müraciətlərə baxarkən məhkumun cəzasının qanunla müəyyən edilmiş müddətini çəkməməsinin müəyyən olunması həmin müraciətin rədd olunmasına şərtsiz əsasdır. Cəzaçəkmə müəssisəsinin mənfi mülahizəsi isə özlüyündə müraciətin rədd olunması üçün şərtsiz əsas deyil. Məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul etməlidirlər. Bununla yanaşı məhkəmələr nəzərə almalıdırlar ki, bu sahədə olan qanun normalarının mənasına görə məhkumun cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, cəzanın çəkilməmiş hissəsinin daha yüngül cəza növü ilə əvəz olunması və cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi imperativ norma deyildir. Qanunverici həmin normaların tətbiq olunmasını məhkəmənin cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlməsi, habelə azadlıqdan məhrumetmə növündə cəza çəkən şəxsin cəzaçəkmə müddətində davranışı, əməyə münasibəti, bir sözlə cəza çəkdiyi müddətdə şəxsiyyətini səciyyələndirən hallarla şərtləndirmişdir. Ona görə də məhkəmələr qeyd edilən normaları tətbiq edərkən qanunun göstərilən tələbləri baxımından gəldiyi nəticəni əsaslandırmalı, məhkumun müraciətdən asılı olaraq cəzasının qalan hissəsini çəkməsinə, yaxud azadlıqdan məhrumetmə növündə cəza çəkməsinə, yaxud da faktiki olaraq cəza çəkdiyi cəzaçəkmə müəssisəsində cəza çəkməsinə zərurət olub-olmamasını araşdırmalıdır. (“Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2010-cu il ## ####### tarixli, * nömrəli Qərarı”) V. Məhkəmə kollegiyasının mövqeyi
5. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini, iş materiallarını, birinci instansiya məhkəməsinin qərarını, cəzaçəkmə müəssisəsinin mülahizələrini, məhkumun şəxsi işini və tərəflərin çıxışlarını tam və hərtərəfli araşdıraraq aşağıdakı nəticəyə gəlir:
6. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinin mənasına görə cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə institutunu məhkəmə yalnız məhkumun islah olunması üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəldiyi halda tətbiq edilə bilər. Həmin maddənin tətbiqi üçün qanunda nəzərdə tutulmuş cəza müddətinin müəyyən hissəsinin çəkilməsi zəruri olsa da, bu hal öz-özlüyündə məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini şərtləndirmir. Əsas şərt məhkumun davranışı, şəxsiyyəti və cəzaçəkmə dövründə nümayiş etdirdiyi əməyə münasibət əsasında onun islah olunmasının müəyyən edilməsidir.
7. Bu hüquqi mövqe Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəzanı çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında" ## ####### 2010-cu il tarixli qərarının 1 və 2-ci bəndlərində də öz əksini tapmışdır. Plenum qərarında göstərilmişdir ki, məhkəmə cəzaçəkmə müəssisəsinin mülahizəsi ilə bağlı olmamalı, həmin mülahizənin əsaslılığını məhkumun şəxsi işi, onun davranışı və digər sübutlarla birlikdə qiymətləndirməli, həmçinin cəzadan şərti olaraq vaxtından əvvəl azad etmənin tətbiqi üçün məhkumun islah olunması barədə daxili inam formalaşdırmalıdır.
8. Apellyasiya baxışı zamanı təqdim edilmiş ## ###### 2026-cı il tarixli mülahizədə cəzaçəkmə müəssisəsi məhkumun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini məqsədəuyğun hesab etsə də, kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 170.2-ci maddəsinə və Ali Məhkəmə Plenumunun qeyd olunan qərarına əsasən həmin mülahizə məhkəmə üçün məcburi xarakter daşımır və digər sübutlarla birlikdə qiymətləndirilməlidir. Məhkəmə yalnız cəzaçəkmə müəssisəsinin müsbət mülahizəsinə əsaslanaraq deyil, iş üzrə bütün sübutların məcmusundan çıxış etməklə qərar qəbul etməlidir.
9. Apellyasiya şikayətində və çıxışında məhkum birinci qrup əlil olmasını, cəzaçəkmə müəssisəsində fiziki vəziyyətinə görə əməyə cəlb olunmamasını, ailə vəziyyətini, zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsini və törətdiyi əmələ görə peşman olmasını göstərmişdir. Məhkəmə kollegiyası hesab edir ki, göstərilən hallar şikayətin təmin olunması üçün əsas vermir. Belə ki, məhkumun sağlamlıq vəziyyəti, azyaşlı uşaqlarının olması və digər şəxsiyyətini səciyyələndirən hallar ona cəza təyin edilərkən artıq məhkəmə tərəfindən nəzərə alınmış, nəticədə ona törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla aşağı həddə cəza təyin edilmişdir.
10. Həmçinin məhkumun cəza çəkdiyi müddətdə müəssisədaxili intizam qaydalarını pozmaması, məhkum yoldaşları ilə normal münasibətlər saxlaması, tərbiyəvi tədbirlərdə iştirak etməsi və törətdiyi cinayət əməlindən peşman olduğunu bildirməsi məhkum üçün müsbət xarakterizəedici hallar hesab olunsa da, həmin hallar onun tam islah olunması və cəzanın qalan hissəsini çəkməsinə lüzum qalmaması barədə qəti nəticəyə gəlmək üçün kifayət etmir.
11. İş materiallarından görünür ki, məhkumun cəza çəkdiyi bütün müddət ərzində barəsində Cəzaların İcrası Məcəlləsinin tələblərinə uyğun olaraq hər hansı həvəsləndirmə tədbiri tətbiq edilməmiş, mükafatlandırılmamışdır. Həvəsləndirmə tədbirlərinin olmaması məhkumun islah olunmasını tam təsdiq edən obyektiv göstəricilərin kifayət qədər formalaşmadığını göstərən amillərdən biri kimi qiymətləndirilir.
12. Kollegiya həmçinin nəzərə alır ki, məhkum Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinmiş, cinayətlərin məcmusuna görə məhkum olunmuş, çoxsaylı epizodlar üzrə həmin cinayətləri eyni cinayət əməli üzrə əvvəlki məhkumluğunun ödənilmədiyi dövrdə törətmişdir. Bu hallar da onun şəxsiyyətinin qiymətləndirilməsi zamanı nəzərə alınmalı və cəzanın məqsədlərinə nail olunubolunmaması məsələsinin həlli zamanı əhəmiyyət kəsb edir. Məhkəmə kollegiyası işin bütün hallarına məcmu halında qiymət verərək hesab edir ki, məhkumun cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gəlmək üçün kifayət qədər əsaslar hazırkı iş üzrə mövcud deyildir.
13. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin təmin edilməsi, Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmədiyindən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
14. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1 və 520-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Kəngərli Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli *(*-**)-**/**** nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Naxçıvan Şəhər Vəkil Bürosunun vəkili müdafiəçi1 tərəfindən Abdullayev İbrahim İbadulla oğlunun hüquqlarının dövlət hesabına məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesablanmaqla, 10 (on) saat üçün cəmi 110 (yüz on) manat pul dövlət büdcəsindən tutularaq Naxçıvan Şəhər Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan edildiyi andan dərhal sonra qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası CPM-nin 410-cu maddəsində nəzərdə tutulmuş müddətdə apellyasiya instansiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət kollegiyasına kassasiya şikayəti və ya kassasiya protesti verilə bilər.
Sədrlik edən: Mehdi Əliyev Hakimlər: İlqar Mirzəyev, Yusifəli Qurbanov