Məhkəmə qərarları › İş №7(3-6)-1002/2026

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №7(3-6)-1002/2026

07.08.2026 · Hökm və ya məhkəmənin digər yekun qərarlarının icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qərar Bakı şəhəri İş № 7(3-6)-1002/2026 07.08.2026 BAKI APELLYASIYA MƏHKƏMƏSI Hakimlər Nuriyev Elnur Aləm oğlunun sədrliyi və məruzəsi ilə, Hüseyn Cavid Vaqif oğlu və Məmmədov Habil Çingiz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X7, Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2, məhkum Məhkum, müdafiəçi De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, ##.##.1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan. Məhkum Məhkum təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə dair məhkumun ərizəsinin təmin olunmasına dair Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarından Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ** saylı Cəzaçəkmə Müəssisəsində cəza çəkən məhkum Məhkum ərizə ilə məhkəməyə müraciət edərək, ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının çəkilməsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı ilə ərizənin təmin edilməsi, ##.##.1986-cı ildə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, Yevlax rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş qalan hissəsini çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilməsi, Məhkum üzərində nəzarətin onun yaşayış yeri üzrə Icra və Probasiya şöbəsinə tapşırılması, Məhkum üzərinə onun davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsinin qoyulması, qərarın dərhal icra edilməsi qərara alınmışdır. Həmin qərardan Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror apellyasiya protesti verərək, Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsi haqqında Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin ## #### 2026-cı il tarixli qərarının ləğv edilərək ərizənin təmin olunmamasını xahiş etmişdir. Apellyasiya protestinin dəlilləri qismində göstərilmişdir ki, məhkəmə qərar qəbul edərkən Məhkum Fəxrəddin oğlunun tərkibində eyni xarakterli cinayət əməlləri olmaqla ümumilikdə 2 dəfə məhkum olunmasını, həmin cəzaları çəkdikdən qısa müddət sonra eyni xarakterli cinayət əməllərini törətməsini, heç bir həvəsləndirilmə tədbirninin olmamasını və zərərçəkənlə tam barışmamasını, əməyə və təhsilə heç bir müsbət münasibətinin olmamasını nəzərə almamışdır. Məhkəmə qərar qəbul edərkən Məhkum barəsində tərtib olunan müsbət mülahizənin olduğu kimi qərarına köçürülməklə kifayətlənmişdir. Məhkəmə məhkum Məhkum konkret olaraq hansı ictimai faydalı əməklə məşğul olmasını, törətdiyi cinayətə münasibətinin təzahür formasını məhz hansı ictimai və mədəni tədbirdə iştirak etməsini araşdırmamış, islah olunmasının nədə təzahür etməsi, hansı nailiyyətlərinə əsasən digər məhkumlardan fərqlənməsi qeyd edilməmiş, yalnız formal xarakter daşıyan mülahizəyə və ümumi əsasları müəyyən edən qanun normasına istinad etməklə kifayətlənmişdir. Məhkəmə qərar qəbul edərkən məhkumun törətdiyi cinayət əməlinin xarekterini ( 2-ci Qarabağ müharibəsinin iştirakçısı veteranı vəsiqəsi düzəldilməsinə pul müqabilində köməklik göstərəcəyini, barəsində həbs qətimkan tədbiri seçilməklə Şəki Ağır Cinayətlər məhkəməsində təqsirləndirilməsinə dair cinayət işi olan şəxsin məhkəmə tərəfindən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verdirməsinə nail olacağını, xəstəliyi ilə əlaqədar təqaüd düzəldilməsinə pul müqabilində köməklik göstərəcəyini), əvvəllərdə dələduzluq cinayət əməli törətməyə görə məhkum olunduğu halda yenidən eyni xarakterli cinayət əməlini törətməsini (Daşkəsən Rayon Məhkəməsinin ##.##.2024-cü il tarixli hökmü ilə AzərbaycanRespublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək, 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir), Zaqatala Rayon Məhkəməsinin ##.##.2025- ci il tarixli, *(***)-**/**** saylı qərarından görünür ki, təqsirləndirilən şəxs Məhkum Fəxrəddin oğlu Azərbaycan Respublikası CM-nin 178.1 –ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı tamamilə ödədiyinə görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinin tələbinə əsasən, onun barəsində olan cinayət təqibinə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilməsini, sözügedən cinayət əməli ilə bağlı zərərçəkənlərlə tam barışığın əldə edilməməsini nəzərə almadan qərar qəbul etmişdir. Məhkəmə sözügedən qərarı çıxararkən şəxsin islah olunub- olunmamasından çox onun çəkilməyən cəzasının 7 ay 22 gün qalmasını əsas götürməsi yarana biləcək təhlükə mənbəyi olan yeni tendensiyanın məhkumlar arasında cəzasızlığın və islah olunmamanın sayının artması ilə nəticələnəckdir. Qeyd olunanlara əsasən Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru X2 apellyasiya protestini müdafiə edərək, onun dəlillərinə uyğun qaydada çıxış edərək, məhkəmə kollegiyasından protestin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən məhkum Məhkum və müdafiəçi Müdafiəçi verilmiş apellyasiya protestinin dəlillərinə etiraz edərək, məhkəmə kollegiyasından protestin təmin edilməməsini, Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026cı il tarixli qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyası təqdim edilmiş materialları və məhkumun şəxsi işini qarşılıqlı şəkildə araşdırıb, apellyasiya protestinin dəlillərini müzakirə edərək, prokurorun həmin protestin təmin edilməsi barədə və müdafiə tərəfinin isə protestin təmin edilməməsi barədə çıxışlarını, dinləyərək, belə hesab edir ki, apellyasiya protesti təmin edilməməli, məhkəmənin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Mülahizə və məhkumun şəxsi işindən görünür ki, məhkum Məhkum ** saylı cəzaçəkmə müəssisəsinə Bakı Istintaq Təcridxanasından ##.##.2025-ci il tarixdə qəbul olunmuşdur. O, müəssisəyə qəbul olunduğu gündən ona hüquq və vəzifələri, daxili intizam qaydaları izah edilmiş, islah prosesi ilə bağlı zəruri tövsiyyələr verilmiş, törətdiyi cinayətin xarakterinə uyğun tərbiyə işi aparılmış, dəstədə yataq yeri ilə təmin olunmuşdur. Məhkumla cəza çəkdiyi müddətdə ardıcıl olaraq fərdi tərbiyəvi, profilaktik və psixoloji söhbətlər aparılmış, müəssisədə və dəstədə keçirilən tədbirlərdə iştirakı təmin edilmişdir. Aparılan tərbiyəvi söhbətlərdən özü üçün müsbət nəticələr çıxarmış, əməyə və təhsilə vicdanlı münasibət bəsləmiş, məhkum kollektivi arasında hərəkət və davranışı ilə nümunə olmuşdur. Asudə vaxtlarını səmərəli keçirir. Xarici görkəminə və yataq yerinin təmizliyinə fikir verir. Xasiyyətcə sakit təbiətlidir. Barəsində cəza çəkdiyi müddətdə həvəsləndirmə və tənbeh tədbiri tətbiq edilməmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoymuşdur. Ailə üzvləri və yaxınları ilə telefon və görüş vasitəsi ilə əlaqə saxlayır. Məhkumla aparılan tərbiyəvi söhbət zamanı o, törətdiyi cinayət əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməsini, himayəsində azyaşlı uşağının olduğunu, özünün vətən müharibəsi veteranı və atasının isə 1-ci Qarabağ müharibəsi şəhidi olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə etdiyini bildirməklə nəzərə alınmasını xahiş edir. Hökm üzrə zərərçəkmiş şəxslərlə barışığı var. Məhkumun şəxsi işi - ## #### 2026-cı il tarixdə müvafiq komissiya tərəfindən öyrənilmiş və ** nömrəli Iclas Protokolu ilə (protokol şəxsi işə əlavə olunmuşdur) onun müsbət xarakterizə olunmasını, törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsini və s. halları nəzərə alaraq məhkəməyə təqdim olunması üçün müsbər rəy verilmişdir. Məhkum Məhkum islah yoluna qədəm qoymuşdur. Onun cəzadan şərti olaraq vaxtından əvvəl azad olunması məqsədə uyğundur. Iş materiallarına əlavə edilmiş ****** nömrəli vəsiqənin sürətindən görünür ki, Məhkum şəhid ailəsi üzvüdür. Iş materiallarına əlavə edilmiş ****** nömrəli vəsiqənin sürətindən görünür ki, Məhkum müharibə veteranıdır. Iş materiallarına əlavə edilmiş İ-**** nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsinin” sürətindən görünür ki, Məhkum Zəngilanın azad olunması medalı ilə təltif olunmuşdur. Iş materiallarına əlavə edilmiş İ-***** nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsinin” sürətindən görünür ki, Məhkum Cəbrayılın azad olunması medalı ilə təltif olunmuşdur. Iş materiallarına əlavə edilmiş İ-***** nömrəli “Azərbaycan Respublikası Medalının Vəsiqəsinin” sürətindən görünür ki, Məhkum Vətən müharibəsi iştirakçısı medalı ilə təltif olunmuşdur. Iş materiallarına əlavə edilmiş ölüm haqqında şəhadətnamənin sürətindən görünür ki, Məhkum atası X4 ##.##.1993-cü il tarixdə Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə həlak olmuşdur. Bundan başqa iş materiallarına əlavə edilmiş AB******* saylı və AZE******** saylı şəxsiyyət vəsiqələrinin sürətlərindən görünür ki, X4 himayəsində ##.##.2020-ci il təvəllüdlü X3 və ##.##.2010-cu il təvəllüdlü X1 adlı övladları var. Məhkəmənin qərarından görünür ki, birinci instansiya məhkəməsi məhkum Məhkum cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinə baxarkən, öz qərarında cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəni məhkumun şəxsi işi ilə birgə araşdırmış və göstərilən halları nəzərə alaraq, əsaslı olaraq onun ərizəsini təmin etmişdir. Belə ki, məhkumun şəxsi işində olan məlumatlar məhkəmə tərəfindən tədqiq edilərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin ** saylı Cəzaçəkmə Müəssisəsinin mülahizəsində göstərilənlərin həmin məlumatlarla təsdiq olunduğu müəyyən olundu, şəxsi işindən də göründüyü kimi məhkumun davranışı cəza çəkdiyi müddət ərzində müsbətə doğru dəyişmişdir. Qanunun mənasına görə isə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə hər iki əsas mövcuddur. Bu hallara törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi daxil deyil, təqsirləndirilən şəxslərin törətdikləri cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi qanuna əsasən onlara cəza təyin edilərkən nəzərə alınır. Qeyd olunanlar müəssisənin məhkumun barəsində verdiyi mülahizənin formal xarakter daşımadığı, reallığı əks etdirdiyi qənaətinə gəlməyə əsas verir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.1-ci maddəsinə əsasən, məhkəmə islah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, azadlığın məhdudlaşdırılması, intizam xarakterli hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxsin islah olunmaq üçün cəzanı tam çəkməsinə lüzum olmadığı qənaətinə gələrsə, onu cəzadan şərti olaraq vaxtından əvvəl azad edə bilər. Bu halda, şəxs tamamilə və ya qismən əlavə cəzadan da azad edilə bilər; 76.3-cü maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, məhkum: 76.3.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı yarısını; 76.3.1-1-ci maddəsinə əsasən ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı üçdə iki hissəsini; 76.3.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayət törətməyə görə təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini, habelə əvvəllər cəzadan şərti olaraq vaxtından əvvəl azad edilmiş şəxs, əgər şərti olaraq vaxtından əvvəl azad etmə bu Məcəllənin 76.6-cı maddəsində nəzərdə tutulmuş əsaslara görə ləğv edilmişdirsə, yaxud əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmiş şəxs cinayətlərin residivinə görə yenidən azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmişdirsə, təyin edilmiş cəza müddətinin ən azı dörddə üç hissəsini həqiqətən çəkdikdən sonra tətbiq edilə bilər. 76.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə cəzasının məhkum tərəfindən həqiqətən çəkilmiş müddəti altı aydan az ola bilməz; Azərbaycan Respublikası Cəzaların Icrası Məcəlləsinin 170.2.-ci maddəsinə əsasən cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və ya cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə zamanı məhkumun cəzaçəkmə müddətində davranışı, əməyə, təhsilə və törətdiyi cinayətə münasibəti barədə cəzanı icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 513.1-ci maddəsinə əsasən, cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə məhkumun ərizəsi, habelə yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın vəsatəti əsasında cinayət qanunun müddəalarına müvafiq olaraq cinayət cəzalarını icra edən müəssisə və ya orqanın mülahizəsi nəzərə alınmaqla cəzanın çəkildiyi yer üzrə birinci instansiya məhkəməsi tərəfindən tətbiq olunur. “Cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə, cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza ilə əvəz etmə, cəzaçəkmə müəssisəsinin növünün dəyişdirilməsi və xəstəliyə görə cəza çəkməkdən azad etmə ilə bağlı məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun ## ####### 2010-cu il tarixli **/**** saylı qərarında qeyd olunur ki, məhkəmələr cəzaçəkmə müəssisəsinin mülahizəsinin mənfi və ya müsbət olmasından asılı olmayaraq mülahizənin əsaslılığını məhkumun şəxsi işi, proses iştirakçılarının izahatları və digər sənədlərlə əlaqəli araşdırmalı və nəticəsindən asılı olaraq müvafiq qərar qəbul edilməlidir. Qərarın 2-ci bəndi ilə isə məhkəmələrə bu xarakterli müraciətlərə baxarkən qanunun tələblərinə ciddi əməl etməklə yanaşı, həm də hər məhkuma onun şəxsiyyəti nəzərə alınmaqla fərdi yanaşılması tövsiyə olunmuşdur. Adıçəkilən qərarda, həmçinin qeyd olunmuşdur ki, cəzadan şərti olaraq vaxtından əvvəl azad etmə və cəzanın çəkilməmiş hissəsini daha yüngül cəza növü ilə əvəz etmə məhkumun islah olunma prosesinin surətləndirilməsinə, onun normal sosial faydalı həyata qaytarılmasına yardım edən institutdur. Məhkumun şəxsi iş materiallarına və cəzaçəkmə müəssisəsi tərəfindən verilmiş mülahizəyə əsasən məhkumun cəza çəkdiyi dövrə nəzər saldıqda görünür ki, Məhkum ona təyin edilmiş cəzanın yarısından çoxunu çəkmişdir. Məhkum barəsində cəza çəkdiyi müddət ərzində tənbeh tədbiri tətbiq olunmamış, daxili rejim qaydalarına düzgün əməl etmişdir. Məhkumun səmimi peşmançılıq hissi keçirməsi, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, özünün ikinci Qarabağ müharibəsi iştirakçısı, medalçısı və veteranı olmasını, atasının birinci Qarabağ müharibəsi şəhidi olmasını, müsbət xarakterizə olunması, himayəsində 1 azyaşlı və 1 yetkinlik yaşına çatmayan uşağının olmasını və bütün sadalanan hallar məhkumun islah olunduğunu və cinayət və cinayət prosessual qanunvericiliyin tələbləri baxımından sonuncunun cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi barədə ərizəsinin təmin edilməsinin mümkün olduğunu göstərir. Digər tərəfdən qanunun tələbinə görə məhkum edilmiş şəxsi cəzadan şərti olaraq vaxtından əvvəl azad etmək üçün iki əsas tələb olunur: müəyyən edilmiş cəzaçəkmə müddətinin bir hissəsinin çəkilməsi və məhkum edilmiş şəxsin islah olunması. Hazırkı iş üzrə təqdim edilmiş mülahizədən, məhkumun şəxsi iş materiallarından hər iki əsasın mövcud olması təsdiq edilmişdir. Apellyasiya protestinin dəlillərindən biri kimi Məhkum barəsində verilmiş müsbət mülahizənin formal xarakterli olmasının şübhə doğurması göstərilsə də, məhkəmə kollegiyası, bununla bağlı vurğulayır ki, Məhkum barəsində təyin edilmiş cəza müddətinin yarısından çoxunu həqiqətən çəkməsi, tənbeh tədbirinin tətbiq edilməməsi, müsbət xarakterizə olunması, mədənikütləvi tədbirlərdə iştirakı, əməyə olan müsbət münasibəti islah olunmuş məhkum kimi xarakterizə olunmasına əsas verir. Bu isə, öz növbəsində sonuncunun ətrafındakılara və özünə müsbət münasibətinə dəlalət edir. Göstərilənləri nəzərə alaraq, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya protesti əsassız olduğundan təmin olunmamalı və Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin *(*-***)-***/**** saylı, ## #### 2026-cı il tarixli qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası, həmçinin, hesab edir ki, məhkumun hüquqlarının məhkəmə iclaslarında müdafiə xərcləri Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2 və 193.3-cü maddələrinə, habelə Azərbaycan Respublikası Nazirlər Kabinetinin ## ###### 2001-ci il tarixli, ** saylı qərarına əsasən (həmin qərara ## ##### 2025-ci il tarixli, *** saylı dəyişikliklər nəzərə alınmaqla) dövlət büdcəsindən ödənilməlidir. Bakı Apellyasiya Məhkəməsinin cinayət kollegiyası şərh olunanları və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1, 397.2, 398.1.1, 514 və 520-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDI: Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protesti təmin olunmasın. Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin məhkum Məhkum vaxtından əvvəl şərti olaraq azad edilməsinə dair ərizəsinin təmin edilməsi barədə *(*-***)-***/**** saylı, ## #### 2026-cı tarixli qərarı Azərbaycan Respublikası Baş Prokurorluğunun Cinayət təqibindən kənar icraatlar idarəsinin prokuroru Prokuror tərəfindən verilmiş apellyasiya protestinə münasibətdə dəyişdirilmədən saxlanılsın. De Fendo Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən məhkum Məhkum hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi hər iş saatına görə 11 (on bir) manat hesab edilməklə, 08 (səkkiz) saat üçün cəmi 88 (səksən səkkiz) manat dövlət büdcəsindən tutularaq “De Fendo” Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu andan qanuni qüvvəyə minir. Qərardan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408-412-ci maddələrinə uyğun olaraq Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin cinayət kollegiyasına kassasiya şikayəti və kassasiya protesti verilə bilər. Sədrlik edən: Elnur Nuriyev Hakimlər: Cavid Hüseyn Habil Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar